Fatma Şəbsəfa Sultan

Fatma Şəbsəfa Sultan (ərəb. فاطمہ شب صفا قادین) (d. 1766 - ö. 1805) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımlarından.[1]

Fatma Şəbsəfa Sultan
فاطمہ شب صفا قادین
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Dəfn yeri Şəbsəfa Qadın məscidi
Həyat yoldaşı I Əbdülhəmid
Uşaqları Şahzadə Mehmed Nüsrət
Aləmşah Sultan
Əminə Sultan
Hibətullah Sultan
Dini Sünni, İslam

Həyatı

Doğum tarixi tam olaraq bilinməsə də, təxminən 1766-cı il olaraq qəbul edilir. Əsli və saray hərəminə necə alınması barədə yetərli məlumat yoxdur. 20 sentyabr 1782-ci ildə ilk övladı Şahzadə Mehmed Nüsrəti, daha sonra 11 oktyabr 1784-cü ildə Aləmşah Sultanı, 4 fevral 1788-ci ildə Əminə Sultanı, 16 mart 1789-cu ildə isə sonuncu övladı Hibətullah Sultanı dünyaya gətirdi.

Ancaq yeganə oğlu Mehmed Nüsrəti və ilk qızı Aləmşah Sultanı hələ Sultan Əbdülhəmidin səltənəti davam edərkən uşaq yaşlarında itirdi. Sonuncu övladı Hibətullah Sultanın doğumundan 20 gün sonra isə əri Sultan Əbdülhəmid keçirdiyi ani iflicin ardından vəfat etdi. Saray ənənələrinə uyğun olaraq, mərhum sultanın bütün hərəmi kimi Şəbsəfa Sultan da 2 qızıyla birlikdə Köhnə saraya göndərildi. Bundan sonrakı həyatı ilə bağlı məlumat olduqca azdır. Köhnə sarayda ikən 1791-ci ildə böyük qızı Əminə Sultanı da itirən Şəbsəfa Sultan ömrünü geridə qalan yeganə övladı Hibətullah Sultanın yetişdirilməsinə sərf etdi.

Saray xəzinəsindən aldığı dul təqaüdüylə yanaşı, Saloniki yaxınlığında geniş torpaq mülkləri də olan Şəbsəfa Sultan 1798-ci ildə Aydındakı Cahanzadə Hüseyn bəyin təsərrüfatını satın aldı və beləcə, şəxsi gəlirlərini artırdı. Yeganə qızı Hibətullah Sultanı hələ 15 yaşında ikən 3 fevral 1804-cü ildə Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndirdi.

Şəbsəfa Sultan hələ əri Sultan Əbdülhəmid səltənəti davam edərkən 1787-ci ildə öz adını daşıyan və vəfat edən oğlu Mehmed Nüsrətin şərəfinə bir külliyə inşa etdirdi. Məscid, sübyan məktəbi (yetimlər məktəbi), 2 çeşmə və dükanlardan ibarət olan külliyənin 1805 tarixli bir sənədində, sübyan məktəbində qız uşaqlarına da təhsil verdiyi qeyd olunmuş, bu isə Osmanlıda qadınların təhsil alma hüququ baxımından mühüm bir addım olaraq qəbul edilmişdir.

Qızını evləndirdikdən bir il sonra - 1805-ci ildə Şəbsəfa Sultan vəfat etdi və cənazəsi öz adına inşa etdirdiyi məscidin həyətinə dəfn olundu. Ölümünün ardından bütün mal-mülkü və şəxsi xəzinəsi qızı Hibətullah Sultana qaldı.

Övladları

Mənbə

  • Bosworth, Clifford Edmund (1997). The Encyclopaedia of Islam, Volume 9. Brill. p. 412. ISBN 978-9-004-10422-8
  • Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
  • Sarıcaoğlu, Fikret (1997). Hatt-ı Humayunlarına göre Bir Padişah'ın Portresi: Sultan I. Abdülhamid (1774-1789)
  • Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5

İstinadlar

  1. Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. 198 Madison Avenue, New York, New York 10016-4314: Oxford University Press. p. 312.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.