Faiq Cəfərov (fizioloq)
Faiq İlahi oğlu Cəfərov (10 yanvar 1940, Nüvədi, Meğri rayonu – 30 yanvar 2008, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), 91-lərdən.
Faiq Cəfərov | |
---|---|
Faiq İlahi oğlu Cəfərov | |
Doğum tarixi | 10 yanvar 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 2008 (68 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili |
Həyatı
Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.[1]
1972-1978-ci illərdə F.Cəfərov müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür.
1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı universitetin I müalcə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi.
F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır. O, 1 monoqrafiyanın, 2 dərsliyin, 4 dərs vəsaitinin, 10-dan artıq metodik göstərişin, 4 səmərələşdirici təklifin müəllifidir.
İstedadlı alim 1991-ci ildən AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun ixtisaslaşdırılmış müdafiə şürasının sədr müavini, Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının və nəzəri fənlər üzrə problem komissiyasının və metod birləşməsinin üzvü, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti olmuşdur.
O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
Faiq Cəfərov 2008-ci il yanvarın 30-da Bakıda vəfat etmişdir.[2]
İstinadlar
- “Azərbaycan tibb elminə ağır itki üz vermişdir”, "Xalq qəzeti", 31 yanvar 2008-ci il.
- "Cəfərov Faiq İlahi oğlu". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.