Fəxrəddin Abdullayev
Fəxrəddin Abdullayev (Abdullayev Fəxrəddin Gülməmməd oğlu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Mersin Universitetinin riyaziyyat departamentinin müdiri.
Fəxrəddin Abdullayev | |
---|---|
Abdullayev Fəxrəddin Gülməmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Sündü, Şamaxı rayonu |
Fəaliyyəti | alim |
Həyatı
Abdullayev Fəxrəddin Gülməmməd oğlu 1957-ci il mayın 15-də Azərbaycan Respublikasının Şamaxı rayonunun Sündü kəndində anadan olub.[1]
1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və təyinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. 1980-ci ilin noyabr ayından Ukrayna EA Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun (TRMİ, Donetsk) funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (elmi rəhbər — fizika-riyaziyyat elmləri doktoru, professor V.İ.Belıy). 1984-cü ilin yanvarında Ukrayna EA TRMİ-nin "riyazi analiz" ixtisası üzrə aspiranturasına daxil olub. 1986-cı ilin iyununda Ukrayna EA TRMİdə "Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1986–1994-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 1994-cü ilin mart ayından Türkiyə universitetlərində (Trabzon, Mersin) çalışmağa başlayıb. 2003-cü ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda "Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
F.Abdullayevin tədqiqatlarının əsas istiqamətləri: Biberbax polinomlarının, onların bəzi ümumiləşmələrinin və Furye sıralarının sahəcə ortoqonal polinomlar üzrə aproksimasiya xassələrinin öyrənilməsi; sahəcə ortoqonal polinomların və ixtiyarı cəbri polinomların kompleks müstəvinin müxtəlif oblastlarında davranışı. F.Abdullayevin rəhbərliyi ilə 10 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilib. Onun 150-dən çox elmi işi dünyanın bir sıra ölkələrinin elmi jurnallarında dərc olunub.
F.Abdullayev Mersin Universiteti ilə Kanada, Fransa, Ukrayna, Almaniya, Polşa və başqa ölkələrin ali məktəbləri arasında elmi əlaqələr yaradıb. O, Türkiyə, Ukrayna, Bolqarıstan, Polşa, İsrail, Kipr və başqa ölkələrin elmi təşkilatları və universitetləri ilə birgə keçirilən çoxsaylı beynəlxalq riyazi konfransların təşəbbüskarı və təşkilatçısıdır.
Ukrayna EA Riyaziyyat İnstitutu ilə elmi əlaqələrə verdiyi töhfəyə və elm sahəsində qazandığı yüksək nailiyyətlərə görə F.Abdullayev 2002-ci ildə Ukrayna EAnın M.V.Ostroqradski adına qızıl medalı ilə təltif edilib. 2007-ci ildə o, yaxınlaşma və interpolyasiya nəzəriyyəsində müasir metodlar sahəsində silsilə işlərinə görə Ukrayna EA-nın N.M.Krılov adına mükafatına layiq görülüb. 2009-cu ildə II Ukrayna Beynəlxalq Riyaziyyat Konqresində Ukrayna EA-nın N.N.Boqolyubov adına qızıl medalı ilə təltif edilib.
F.Abdullayev özünü həm də rəhbər işçi kimi yaxşı tanıdıb. 2006–2010-cu illərdə Mersin Universiteti nəzdində Mersin Texniki Məktəbinin direktoru, 2008–2011-ci illərdə Mersin Universitetinin təbiətşünaslıq və ədəbiyyat fakültəsinin dekanı olub, hazırda Riyaziyyat Departamentinin müdiridir. 2010-cu ildə F.Abdullayev Mersin Universitetinin rektoru vəzifəsinə irəli çəkilib.
İstinadlar
- Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.