Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim.
Fətullah Şirvani | |
---|---|
Fətullah ibn Əbu Yezid ibn Əbdüləziz ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Təhsili | Səmərqənd rəsədxanası (1435-1440) |
Fəaliyyəti | riyaziyyatçı |
Həyatı
1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah[1]) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi.[2] Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir.
Fəaliyyəti
1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir. O dövrdəki ən məşhur tələbələri Məhyəddin Məhəmməd əl-Niksari və Kamaləddin Şirvani olmuşdur.[3] 1453-cü ildə Bursaya gedən və Çandarlı Xəlil paşaya Quran təfsiri ithaf edən Şirvani elə eyni il II Mehmedə "Məcəllə fil-musiqa" (Musiqi məcəlləsi) əsərini ithaf etmişdir. Daha sonra Kastamonuya qayıdıb yeni yazdığı Qadızadənin "Şərh əl-Müləxxəs" əsərinə şərh yazmış və sultana təqdim etmiş, lakin dəyərləndirilməmişdi.
Şirvana geri dönüş
1465-ci ildə həcc ziyarətinə yola düşmüş, yol üstündə İraq mədrəsələrində dərs demişdir. 1467-ci ildə həccdə olmuş, bir müddət Məkkədə dərs verən Şirvani Qahirə üzərindən İstanbula qayıtmış, ona dəyər verilmədiyini görərək 1468-ci ildə Şamaxıya qayıtmışdı. 1486-cı ildə elə orada vəfat etmişdir.
Əsərləri
Əsasən ədəbiyyat, dilçilik, astronomiya, musiqi, şəriət, optika və məntiq haqqında yazmışdır.
Şəriət
Səmərqənddə olarkən (1435-1440) Cəmaləddin Ərdəbilinin şafii məzhəbi haqqındakı "əl-Ənvar li-əməlil-əbrar" əsərini farsca şərh etmiş və Uluq bəyə təqdim etmişdir.
Həndəsə
Qadızadə Ruminin Şəmsəddin Səmərqəndinin "Əşkəl əl-Təsis" adlı kitabına yazdığı rəyə haşiyə yazmışdır. Bu əsər günümüzə gəlib çıxmamışdır.
Astronomiya
Yenə müəllimi Qadızadə Ruminin Mahmud əl-Cəğmininin "əl-Müləxxəs fi-elm əl-həya əl-bəsitə" kitabına yazdığı şərhə haşiyə yazmışdır. Bu əsərin adı "Əl-fəraid vəl-fəvaid fi tovdi şərh əl-Müləxxəs" olub əsərdə mədrəsədə aldığı dərslərin qeydlərindən istifadə etmişdir. Bu kitab II Mehmedə həsr olunmuşdur. Şirvaninin astronomiya haqqındakı ən önəmli əsəri 11 yanvar 1475-ci ildə Nəsrəddin Tusinin "Təhkirə"sinə də şərh olaraq yazdığı kitabdır. Əsərdə müxtəlif təqvim sistemlərindən bəhs olunur, Evklidin "Elementlər"i haqqında Uluq bəy və Qadızadə ilə apardığı söhbətlər də öz əksini tapıb. Bu əsərdə Tusinin kosmoloji düşüncələrinə şərh verir, İbn əl-Haytəm ilə razılaşır, Əli Quşçunu isə tənqid edirdi.
Musiqi
- Fətullah Şirvaninin "Məcəllə fil-musiqa" ("Musiqi məcəlləsi") əsəri onun musiqi sahəsində məlum olan yeganə əsəridir.
Digərləri
- Haşiyə əla Şərhül Məvaqif — 4 əlyazması günümüzə gəlib çatmışdır. II Bəyazidə ithaf edilmişdir.[4]
- Şərhi Təhzibül məntiq vəl Kəlam — Sədəddin əl-Təftəzaninin əsərinin şərhidir, bir əlyazması günümüzə çatıb.[4]
- Şərhül əl-Ənvar li-əməlil-əbrar — 1478-ci ildə yazılmış, Şirvanşah Fərrux Yasara həsr olunmuşdur, iki nüsxəsi var.[4]
- Şərhül Mərah — Əhməd ibn Əli ibn Məsudun "Mərahul-ərvah" əsərinə yazdığı şərhdir.
- Şərhül İrşad fin-nəhv — Sədəddin əl-Təftəzaninin əsərinin şərhidir.
İstinadlar
- Xoca Sədəddin, Tacüt Təvarix, V, 95
- Daşkörpüzadə Əhməd Əfəndi, Miftahüs-səadə, I, 206-208
- Daşkörpüzadə Əhməd Əfəndi, Kəşfüz-zünun, I, 39
- İslam Ensiklopediyası, XII, səh. 466