Fərman Hüseynov
Fərman Hüseynov (16 yanvar 1962, Həsənabad, Neftçala rayonu) — azərbaycanlı siyasi-ictimai xadim.
Fərman Hüseynov | |
---|---|
3 iyul 1992[1] – 1993 | |
Əvvəlki | Şamil Hüseynov |
Sonrakı | Seyfəddin Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1962 (62 yaş) |
Doğum yeri | |
Partiya |
|
Həyatı
Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino" fakültəsini bitirib 1983–1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib. 1983–1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub.
1985–1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib. 1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun "Dövlətçilik" fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi səbəbindən təhsili yarımçıq qalıb.
1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri cinayət nəticəsində ağır güllə yarası aldığı üçün III qrup əlildir.
Siyasi fəaliyəti
Fərman Hüseynov 1990-cı illərin əvvəlində Neftçalada milli hərəkatın lideri olmuş, Azərbaycan Xalq Cəbhəsinin Neftçala Rayon Şöbəsinin ilk sədri seçilmişdir. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan "Əqidə" qəzetini təsis edib.
1992–1993-cü illərdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı işləyib.[2]
"20 yanvar" İctimai Birliyi Neftçala rayon şöbəsinin sədridir. 1989-1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü, 1989-1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Neftçala Rayon Şöbəsinin, 1995-2007-ci illərdə isə Azərbaycan Xalq Cəbhəsi Partiyası Neftçala Rayon Şöbəsinin sədri olmuşdur. 2007-ci ildə Fərman Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa verərək Vətəndaş Həmrəyliyi Partiyasına üzv olmuşdur.
Seçkilərdə
Fərman Hüseynov 1999-cu il bələdiyyə seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq Neftçala Şəhər Bələdiyyəsinin üzvü seçilmişdir.
Fərman Hüseynovun 2000-ci ildə AXCP tərəfindən, 2005-ci ildə isə Azadlıq Blokunun vahid namizədi olaraq Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüşdür.
Müəyyən dövrlərdə Neftçala Bələdiyyəsində hüquq şöbəsinin müdiri, Rayon Təhsil Şöbəsində filmotekanın metodisti və Mədəniyyət şöbəsində müxtəlif məsul vəzifələrdə işləmişdir.
2020-ci ildən VHP-nin Neftçala rayon təşkilatının sədr əvəzi[3] və 61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlının deputat köməkçisidir.
Mükafatları
1993-cü ildə ölkə prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uyğunda xidmətlərimə görə "Azadlıq Uğrunda Mübariz" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
İstinadlar
- F. K. Hüseynovun Neftçala rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Ş. B. Hüseynovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 3 iyul 1992-ci il.
- "Arxivlənmiş surət". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
- "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.