Fərid Qayıbov

Fərid Fazil oğlu Qayıbov (24 aprel 1979, Bakı) — Azərbaycan Respublikasının gənclər və idman naziri (2021-ci ildən), Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti (2021-ci ildən), Avropa Gimnastikasının prezidenti (2017-ci ildən), Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü (2017-ci ildən), UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri (2022-ci ildən).

Fərid Qayıbov
Vəzifədədir
7 sentyabr 2021-ciildən
(i.e. 14–16 fevral 2024)
ƏvvəlkiAzad Rəhimov
Avropa Gimnastikasının (EG) prezidenti
Vəzifədədir
2 dekabr 2017-ciildən
Şəxsi məlumatlar
Doğum tarixi 24 aprel 1979(1979-04-24) (44 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ictimai xadim[d]
Uşağı 3

Təltifləri Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına[1] əsasən yenidən gənclər və idman naziri təyin edilmişdir.

Həyatı

Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə etmişdir.[2]

2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə etmişdir.

Evlidir, iki oğlu, bir qızı var.

Fəaliyyəti

Neft sahəsində fəaliyyəti

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin anbarında işləmişdir. 2001–2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır.

İdman sahəsində fəaliyyəti

Fərid Qayıbov 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak etmişdir.

2005-ci ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışmışdır. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilmişdir.[3] 2006–2007, 2008–2009 və 2013–2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşımışdır. 2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17–19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilmişdir (2008–2012-ci Olimpiya dövrü üzrə).[4]

25 dekabr 2010-cu il tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir. 2012-ci ildə FIG-nin 79-cu Konqresində (25–27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilmişdir.[5] 6–7 dekabr 2013-cü il tarixlərində Sloveniyanın Portoroj şəhərində keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina etmişdir.[6] 2013–2021-ci illərdə Milli Olimpiya Komitəsinin (MOK) üzvü olmuşdur.

2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur. 2014–2015-ci illərdə Birinci Avropa Oyunlarında (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində icraçı direktor vəzifəsini daşımışdır.[7] 2014–2015-ci illərdə I Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərmişdir.

Fərid Qayıbov ölkə başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilərkən

2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında yenidən Baş katib vəzifəsinə seçilmişdir. 2015–2016-cı illərdə Bakıda, 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə "Challenge" seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır. 2016–2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kurslarının, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kurslarının (2017), FIG Şurasının (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli təşkilat komitələrində icraçı direktor vəzifəsini daşımışdır.

Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı, Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinata əsasən).

2017-ci il 1–2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində Fərid Qayıbov bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də (2020-ci ilin 1 aprel tarixindən Avropa Gimnastikası adlanır) prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür. Avropa Gimnastikasının Prezidenti kimi həmin qurumun Prezident Şurası, İcra Komitəsi və Ümumi Yığıncağına sədrlik edir, Avropa Gimnastikasını Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsində təmsil edir. Beynəlxalq Gimnastika Federasiyası İcra Komitəsinin üzvü kimi Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Fərid Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin olunmuşdur.[8] Elə həmin ildə də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin VIII hesabat-seçki Baş Məclisində həmin quruma Vitse-prezident seçilmişdir.[9]

2022-ci ilin 24 May tarixində UNESCO baş qərargahında keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) növbədənkənar sessiyası zamanı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov üzv ölkələrin yekdil qərarı ilə CİGEPS-in sədri seçilmişdir. F. Qayıbovun sədrlik müddəti 2023-cü ilin 21 noyabr tarixində başa çatmışdır.[10]

Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda (5 və 6 mart 2022-ci il) "Ənənəvi idman növlərinin dirçəlişi" şüarı altında keçirilən 5-ci Etnoidman Forumunda iştirak edib.

2022-ci ilin 23 iyun tarixində o, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü sessiyasına sədrlik edib.

Fərid Qayıbov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən (25–29 iyul 2022-ci il) Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edib.

Fərid Qayıbov 2022-ci il dekabrın 2-si və 3-də Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində yüz faiz səs çoxluğu ilə yenidən Avropa Gimnastikasının prezidenti seçilib.[11]

Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidentinin 2023-cü ilin 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin həmin ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü seçilmişdir.[12]

Ölkə başçısının 11 mart 2023-cü il tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri təyin edilmişdir.[13] 2023-cü ilin 26–29 iyun tarixlərində Bakıda keçirilən 7-ci Bədən Tərbiyəsi və İdman üzrə məsul Nazirlər və Yüksək Vəzifəli şəxslərin Beynəlxalq Konfransına (MİNEPS VII) nazir F. Qayıbov sədrlik edib.

2023-cü ilin 25–26 oktyabr tarixlərində UNESCO-nun mənzil-qərargahında keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı zamanı, Konvensiyaya Tərəf Ölkələrin yekdilliklə qəbul etdiyi qərara əsasən, nazir Fərid Qayıbov Büronun sədr müavini seçilmişdir. F. Qayıbov növbəti iki il müddətinə bu vəzifəni icra edəcəkdir.[14]

2023-cü ilin 8–9 noyabr tarixlərində İsmayıllı rayonun Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman sahələrinə məsul nazirlərinin yeddinci iclasında nazir Fərid Qayıbov həmsədr olub.[15]

2024-cü ilin 3-7 aprel tarixlərində Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Avropa çempionatında Fərid Qayıbov Portuqaliya Gimnastika Federasiyasının medalı ilə təltif olunub. Bu mükafat Avropa Gimnastikasının prezidenti kimi F.Qayıbova son illərdə Avropa gimnastikasındakı xidmətlərinə görə verilib.[16]

Mühazirəçi fəaliyyəti

2019-cu ilin mart–may aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdmanın Beynəlxalq İdarəetmə Sistemi və Olimpiya Hərəkatı" fənni üzrə mühazirə deyib. 2020-ci ilin sentyabr–oktyabr aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman Menecmenti fakültəsinin magistr dərəcəsi üzrə tələbələrinə tədqiqat, kommunikasiya və innovasiya üzrə təcrübə modulunu tədris edib.

Təltif və mükafatları

  • 2016-cı ildə FIG-nin 81-ci Konqresində (Tokio, Yaponiya) həmin qurumun şurasına iki dəfə (2008 və 2012) üzv seçildiyi üçün FIG-nin bürünc medalına layiq görülmüşdür.
  • 2017-ci ildə Bakıda keçirilmiş FIG-nin 17-ci Şura iclasında həmin qurum tərəfindən "Fəaliyyətin qiymətləndirilməsi" medalı ilə təltif olunmuşdur.
  • 2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.[17]
  • 2018-ci və 2022-ci illərdə İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri" layihəsi üzrə "İlin idman xadimi" seçilmişdir.
  • 2023-cü ildə Litva Olimpiya Komitəsinin xüsusi medalı ilə təltif edilmişdir.

İstinadlar

  1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16.02.2024)".
  2. "Fərid Fazil oğlu Qayıbov – Gənclər və İdman Nazirliyi". www.mys.gov.az (az.). 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
  3. "Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının prezidenti seçilib" (az.). AzərTAc. 2017-12-02. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
  4. "AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ BAŞ KATİBİ BEYNƏLXALQ FEDERASİYA ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR" (az.). AzərTAc. 2008-10-20. 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  5. "Azərbaycan Gimnastika Federasiyasının baş katibi Beynəlxalq Gimnastika Federasiyasının Şurasına yenidən üzv seçilmişdir" (az.). AzərTAc. 2012-10-29. 2018-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
  6. "Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib" (az.). Trend İnformasiya Agentliyi. 2013-12-07. 2018-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
  7. Rövşən Əhlimanoğlu. "Fərid Qayıbov: "I Avropa Oyunlarını ölkəmizin idman tarixi üçün böyük nailiyyət və uğur hesab etmək olar"" (az.). Report İnformasiya Agentliyi. 2015-04-06. 2018-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
  8. "Fərid Qayıbov gənclər və idman naziri təyin edilib". Report İnformasiya Agentliyi (az.). 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2021.
  9. "Fərid Qayıbov MOK-un vitse-prezidenti, Azər Əliyev isə baş katibi oldu". Qafqazinfo (az.). 2021-12-16. 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
  10. "Fərid Qayıbov UNESCO-da komitə sədri seçilib". Report İnformasiya Agentliyi (az.). 2022-05-24. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
  11. "Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi". Trend.Az (az.). 2022-12-03. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
  12. "74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
  13. "Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
  14. "Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiya Bürosunun sədr müavini seçilib". 2023-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  15. "Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclası Basqalda keçirilib". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  16. "Fərid Qayıbova Portuqaliyada medal təqdim olunub". 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  17. "Azərbaycan Prezidenti: Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi tarixi nəticədir" (az.). Trend İnformasiya Agentliyi. 2017-12-18. 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.