Fərəh Pəhləvi

Fərəh Təbatəbai Pəhləvi (Fərəh Diba, fars. فرح پهلوی‎; 14 oktyabr 1938, Tehran) — sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, şahbanu.

Fərəh Pəhləvi
فرح پهلوی
Fərəh Diba (1972)
Fərəh Diba (1972)
bayraq
İran şahbanusu
bayraq2
21 dekabr 1959 11 fevral 1979
Şəxsi məlumatlar
Doğum adı Fərəh Diba
Doğum tarixi
Doğum yeri Tehran, İran
Fəaliyyəti yazıçı, tərcüməçi, memar, siyasətçi
Atası Söhrab Diba
Anası Fəridə Qütbi
Həyat yoldaşı Məhəmməd Rza Pəhləvi
Uşaqları Rza Pəhləvi
Fərəhnaz Pəhləvi
Əli Rza Pəhləvi
Leyla Pəhləvi
Ailəsi Pəhləvilər
Dini İslam

İmzanın şəkli
farahpahlavi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tacqoyma mərasimindən sonra Pəhləvilər ailəsinin şəkli

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur. Amma onların tanışlığının başqa bir versiyası da mövcuddur — Tehranda iki dəfə yüzlərlə gənc xanımın iştirak etdiyi xüsusi idman paradı təşkil olunmuşdu. Birinci parad zamanı Məhəmməd şah seçim edə bilməmiş və parad yenidən keçirilmişdi. Şah Fərəhə işarə etmişdi. 21 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.

Ailəsi

Fərəh Pəhləvi Tehrandakı ofisdə işləyərkən, 1970-ci il
İran şahbanusu Fərəh Pəhləvi

Bu, şahın üçüncü evliliyi idi. Birinci xanımı Misir şahzadəsi, ikinci isə bir tərəfi alman əsilli olan o dövrün məşhur xanımlarından idi. Hər iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirdi. Onların ümumilikdə dörd övladları oldu: Rza Pəhləvi (1960), Fərəhnaz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966-2011) və Leyla Pəhləvi (1970-2001).

Tacqoyma mərasimi və sonrakı fəaliyyəti

1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirildi. Ona şahbanu titulu verildi. O dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi və bu hadisə böyük əks-səda doğurdu. Əvvəllər Fərəh hökumət işlərinə maraq göstərmirdi, onun fəallığının pik vaxtı 1970-ci illər oldu. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar. Fərəh İranda dəb qaydalarını yaratdı, onun zamanında qızları baletə qoymaq və Qərbdə oxutmaq populyarlaşdı. İranlılar bir neçə dil öyrənməyə başladılar. Şahbanu mütəmadi olaraq İran əyalətlərini gəzərək xalqla ünsiyyətdə olur, tibbin və təhsil ocaqlarının vəziyyətini yaxşılaşdırırdı. Ən böyük uğurlarını incəsənət sahəsində qazanmışdı. Onun təşəbbüsü ilə İrana bir çox tarixi sərvətlər qaytarılmış, həmçinin Asiya ərazisində ən böyük muzey yaradılmışdı. Fərəh qadınların hüquqları uğrunda uğurlu mübarizə aparırdı. Öz fəaliyyəti nəticəsində şahbanu xalq arasında böyük populyarlıq qazanmışdı. Həmçinin o, Qərbdə də çox məşhur idi. Şah və şahbanu Şərqin ən gözəl cütlüklərindən hesab olunurdular.

Şahbanu Azərbaycanda

Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvi ABŞ-dən ayrılarkən

1972-ci ildə şahbanu Fərəh Azərbaycan SSR-ə dəvət olundu. Bakıda onun üçün dəbdəbəli qonaqlıq təşkil olunmuşdu. Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri — Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış etmişdilər.

Qürbətdəki həyat

Məhəmməd Rza və ailəsi İranı 1979-cu il yanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi. "O günün ən ağır və güclü xatirəsi – son dəqiqələrdə Tehran hava limanında dayanan yoldaşımın gözlərindəki yaşlar idi. Yadımdadır, zabitlərdən biri diziüstə şaha getməməsi üçün yalvarırdı. Bu, həyatımın ən ağır anı idi" — Fərəh Pəhləvi xatırlayır.

Fərəh Pəhləvi 1972-ci ildə

Məhəmməd Rza əvvəlcə Misirə yollanmış, sonra Mərakeş, Baham adalarıMeksikada sürgündə yaşamışdır. Şah limfa xərçəngindən əziyyət çəkirdi. O, 1980-ci il iyulun 27-də Qahirədə vəfat etdi və ər-Rifahi məscidində dəfn olundu. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərək Reyqanın dəvəti ilə ABŞ-yə yollandı.

Ailəsi ilə birlikdə ABŞ-də məskunlaşan Fərəh bütün həyatını "Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti" adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilən bu kitab bir çox dillərdə nəşr olunub.[1]

2001-ci ildə Fərəh daha bir bədbəxt hadisə ilə üzləşdi. Belə ki, onun kiçik qızı şahzadə Leyla vəfat etdi. 31 yaşlı Leyla gözəlliyi sayəsində məşhur italyan dizayneri Valentinonun ən yaxşı modellərindən idi. Onun model biznesindəki fəaliyyəti anoreksiyaya (həddindən artıq arıqlama) və depressiyaya gətirib çıxarmışdı. Leyla ABŞ və Böyük Britaniyanın bir çox klinikalarında müalicə qəbul edirdi. Səfərlərin birində o, həddindən artıq dərman qəbulundan London otellərinin birində dünyasını dəyişmişdi. Fərəh qızı Leylanı Parisin Passi qəbiristanlığında anasının yanında dəfn elədi.

2011-ci il yanvarın 4-də Fərəhin ikinci oğlu Əli Rza Pəhləvi evində ölü tapılmışdır. Onun ölüm səbəbi kimi bacısının intiharından indiyə kimi özünə gələ bilməməsi və intihar etməsi göstərilir. Həmin vaxt o Bostonda yaşayırdı.

Hazırkı həyatı

Hazırda Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran emiqrantlarının bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra varis kimi o bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur. Fərəh Pəhləvi İranın birinci və yeganə imperatriçəsidir.

Ailəsi

İstinadlar

Həmçinin bax

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.