Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1982 |
Mövzu | Tarix |
Yerləşir | Horadiz, Azərbaycan |
Kolleksiyası | 6000 eksponat |
Muzeyin tarixi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır.[1]
Muzeyin eksponatları
Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi. Muzey əşyalarının hər biri Füzuli rayonunun tarixini əks etdirir, tariximizin bütün dönəmlərindəki maraqlı məqamları, bölgənin qədim və zəngin mədəniyyətini özündə yaşadır. Hazırda muzeydə xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət ənənəsini əks etdirən 5197 eksponat nümayiş etdirilir. İbtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələrdə yerləşdirilən eksponatların 114-ü arxeologiya, 36-sı məişət əşyaları, 28-i etnoqrafiya, 43-ü numizmatika, 22-si hərbi geyim, əşya və silah, 12-si əmək alətləri, 1447-si sənədli materiallar, 785-i fotoqrafiya, 334-ü qəzet və jurnallar, 33-ü şəxsi əşyalar və sairdən ibarətdir. Muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var.
Muzeyin yeni binası
Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb. Muzeyin Horadiz şəhərində inşa edilən yeni binası 2014-cü il avqustun 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.2006-cı ildə Elçin Əsədovun şəxsi kolleksiyası əsasında Bala Bəhmənli kənd filialı yaradılmışdır. 2014-cü ildə Füzuli rayonunun Horadiz şəhərində yeni muzey binasının tikintisi ilə əlaqədar Füzuli Tarix-Diyarşünaslıq muzeyi Bakı şəhərindən Horadiz şəhərinə köçürülmüşdür. Müasir formada tikilmiş muzeyin 300 km ekspozisiya zalı var. Burada hər il çoxsaylı tədbirlər keçirilir.Muzeyin Azərbaycan və Fransız dillərində bukletləri hazırlanmışdır.[2]
Arxeoloji qazıntılar eksponatı
Muzeydə yaradılan Azıx mağarasının maketi, həmçinin ibtidai dövrdə istifadə olunan məişət əşyaları və əmək alətləri ziyarətçilərin marağına səbəb olur. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrindəki eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini, məşğuliyyətini və məişətini əks etdirən eksponatlar, qədim xalçalar, pullar və sikkələr, dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri də sərgilənir. 2016-cı ildə Mahmudlu kəndi ərazisində tapılan kaynozoy erasına aid fil sümüyü və bir neçə ay əvvəl Quruçayda aşkar edilən oval və silindir formalı daşlar böyük maraq doğurur. Belə ki, tapılan sümüyün kaynozoy erasına aid cənub filinə məxsus olduğu ehtimal edilir. Azərbaycanda 10 milyon il əvvəl məskunlaşan cənub filləri 0,6–1,8 milyon il əvvəl Qafqazda geniş yayılmışdı və onların kökü 600 min il əvvəl kəsilib. Oval və silindir formalı daşlar isə qədim insanların dini təsəvvürlərini əks etdirir.[3] Rayon ərazisindən tapılmış arxeoloji tapıntılara Sak-Massagetlərə aid möhür və ox ucluqları, Sasanilərə aid gümüş dirhəmlər,daş əmək alətləri, səkkizguşəli möhürlü qılınc,ərəb qrafikalı pul dəfinəsi,əqiq muncuqlar,yaşı 1,8 milyon il olan cənub filinin bud sümüyü və s.misal göstərmək olar.
Qələbə qığılcımı bölməsi
Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə "Qələbə qığılcımı" başlığı altında xüsusi bölmə də yaradılıb. "Erməni vandalizmi" sərgisində isə ermənilərin törətdikləri vəhşiliklər, o cümlədən 2017-ci il iyulun 4-də Alıxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olması barədə məlumat və fotolar nümayiş olunur.[4]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
- "Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışı". 2014-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
- "Qarabağ muzeyləri". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
- "Füzulidəki tarix-diyarşünaslıq muzeyi". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.