Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri.
Eyndhoven Texnologiya Universiteti | |
---|---|
51°26′53″ şm. e. 5°29′23″ ş. u. | |
Əsası qoyulub | 1956 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 11.000 |
Ölkə | |
Ünvan | Niderland, Eyndhoven şəhəri |
Sayt | tue.nl |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və fəaliyyəti
Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib.
Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur.
Təhsil strukturu
Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır.
Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Bakalavr proqramları əsasında biotibb texnikası, tibbi texnika, arxitektura, tikinti və planlaşdırma, kommunal xidmətlər, elektrotexnika, sənaye planlaşdırması, kimya maşınqayırması, əməliyyatları idarə etmə, innovasiyaları idarə etmə, kompüter elmləri və mühəndislik, ticarət informasiya sistemləri, tətbiqi fizika, sənaye və tətbiqi riyaziyyat, maşınqayırma istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Magistratura elmi pilləsi üzrə nanomühəndislik, sistemlər və kontrol, enerji texnologiyası, tikintini idarə etmə və inşaat sənayesi, genişzolaqlı telekommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi texnologiyası, polimerlər və kompozisiya materialları, mayelərin və bərk materialların mexanikası ixtisas istiqamətləri tədris olunur.
Universitetdə həmçinin müəllimlər üçün informatika, riyaziyyat, kimya və fizika elmləri üzrə bir illik ixtisasartırma kursları təşkil olunub.
Elmi-tədqiqat işləri
Bu gün ali məktəbdə nanotexnologiyalar, mikrosistemlər, biometriya, telekommunikasiya, maşınqayırma, fizika, kimya və biznes sahələri üzrə 7 elmi-tədqiqat mərkəzi mövcuddur. Təsadüfi deyil ki, universitet bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlıq edərək sözügedən sahələr üzrə sifarişləri yerinə yetirir. Eyndhoven Texnologiya Universiteti etibarlı partnyor olaraq tanınır.
Universitetdə elmi tədqiqatlar tədris prosesinin tərkib hissəsidir və bütün tədris proqramları çərçivəsində həyata keçirilir. Ali məktəbdə fundamental və tətbiqi təqdiqatların əsas strateji hədəfi texniki problemlərin həllərinin tapılmasından ibarətdir. Mühəndislik, informasiya texnologiyaları, kimya, biotibb, elektrotexnika arxitektura, mühəndis iqtisadiyyatı ali təhsil müəssisəsində yerinə yetirilən elmi-tədqiqat fəaliyyətinin prioritet istiqamətləridir.
Kitabxana sistemi
Eyndhoven Texnologiya Universitetinin kitabxanası Niderlandın ən zəngin kitabxanalarından hesab olunur. Universitetdə əsas və köməkçi kitabxanalar mövcuddur. Hər bir kitabxana universitet şəhərciyindəki mərkəzi kitabxana ilə kompüter şəbəkəsi ilə birləşdirilib. Həmçinin burada Wi-Fi sistemi vasitəsilə internetə qoşulmaq mümkündür.
Universitetdə elektron kataloq, elektron metodiki tədris kompleksi və digər elektron sənədləri əhatə edən elektron kitabxana resursu mövcuddur. Elektron kataloq bölməsi kitabxana fondundan sənədlərin elektron nüsxələrinin sifarişinə imkan verir. Tələbələr kitabxanada müxtəlif kütləvi informasiya vasitələrindən istifadə edə, audiokassetlər daxil olmaqla, video kasetlər, kompakt-disklər, DVD, LD və bir digər vasitələrdən faydalana bilərlər. Kitabxanada hal-hazırda 200 mindən çox kitab, 3200 jurnal və 32,000 multimedia resursu mövcuddur. Bir sözlə, burada tələbələrin imtahanlara yüksək səviyyədə hazırlaşmaları üçün lazımi şərait yaradılıb.
Tələbə həyatı
Eyndhoven Texnologiya Universiteti tələbələri ali məktəbin və ölkənin ictimai və mədəni həyatında yaxından iştirak etməyə həvəsləndirir. Təsadüfi deyil ki, hazırda ali məktəbdə tələbələr tərəfindən təşkil olunan çox sayda mədəniyyət klubları və dərnəkləri fəaliyyət göstərir. Klubların kollektivləri öz orijinal proqramları ilə Niderlandda və beynəlxalq müsabiqələrdə və festivallarda uğurla iştirak edirlər.
Universitet həmçinin tələbələrin fiziki baxımından sağlam olmasına, idmanla məşğul olmasına xüsusi önəm verir. Bu məqsədlə idman zalı, hovuz, tennis kortları, idman-istirahət bazası yaradılıb. Tələbələr burada aerobika, gimnastika, badminton, basketbol, boks, futbol, stolüstü tennis, həndbol, üzgüçülük, xizək idmanı, ağır atletika, şahmat, mini futbol, tennis, yüngül atletika və voleybol idman növləri ilə məşğul ola bilərlər.
Xarici əlaqələri
Eyndhoven Texnologiya Universiteti geniş beynəlxalq əlaqələrə malikdir, dünyanın bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq edir, bu amil də ali təhsil ocağının tələbələrinə təhsillərini dünyanın müxtəlif nüfuzlu universitetlərində davam etdirmək imkanı verir. Ali məktəb xüsusilə Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya universitetləri və kollecləri ilə sıx əlaqələr qurub.
Ali məktəb eyni zamanda bir çox xarici ölkələr üçün ixtisaslaşdırılmış kadrların hazırlıq mərkəzi rolunu oynayır. Universitetin minlərlə məzunu arasında məşhur alimlər və ictimai xadimlər, Avropanın, Asiyanın, Afrikanın və Latın Amerikasının bir çox ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrində çalışan peşəkar mütəxəssislər yer alır.
Beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini yüksək və ali məktəbdən sonrakı təhsil proqramları üzrə xarici vətəndaşların ixtisasın artırılması, birgə maarifləndirici proqramların reallaşdırması, tələbələrin və müəllimlərin mübadiləsi, aparıcı texniki ali məktəblərdə mütəxəssislərin təcrübə keçməsi, dünyanın aparıcı telekommunikasiya şirkətləri ilə birgə tədris mərkəzlərinin yaradılması, birgə elmi-tədqiqat işləri, xarici şirkətlərlə və ali məktəblərlə elmi informasiya mübadiləsi, birgə konfransların simpoziumların, seminarlar keçirilməsi, təhsil və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı beynəlxalq təşkilatlar və fondlar tərəfindən keçirilən layihələrdə və proqramlarda iştirak təşkil edir.
Həmçinin bax
Mənbə
- Cahangir Atakişiyev. Rabitə dünyası (qəzet)|"Rabitə dünyası" qəzeti. № 10 (757), 15 mart 2013, səh. 33. (az.)
İstinadlar
- Lamiyə Əliyeva. Delft Texnologiya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine. muallim.edu.az, 23.06.2011, № 24. (az.)
Xarici keçidlər
- tue.nl — Eyndhoven Texnologiya Universitetinin rəsmi saytı