Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[1][2][…], Genuya[3][2] – 12 sentyabr 1981[4][5][…], Milan[2])) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator.
Eucenio Montale | |
---|---|
it. Eugenio Montale | |
Doğum tarixi | 12 oktyabr 1896[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1981[4][5][…] (84 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | şair, jurnalist, tərcüməçi, siyasətçi, kitabxanaçı, nasir, redaktor[d], musiqi tənqidçisi[d], ədəbiyyat tənqidçisi |
Əsərlərinin dili | italyan dili |
Mükafatları |
|
Eucenio Montale Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə rəğmən ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi.
Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu. Dövrün tanınmış italyan nasiri İtalo Zevavo haqqında yazısı Zevavonun özünün diqqətini çəkmişdi. Aralarında intensiv yazışma başlanmışdı. Montalenin ədəbi zövq və istiqamətinin formalaşmasında bu münasibətlərin ciddi rolu olmuşdu.
Montalenin poetik yaradıcılığa başladığı dövrdə italyan şerinə Qabrielo d`Annunsionun bəlağətli üslubu hakim idi. Gənc şair isə 1925-ci ildə çıxan ilk kitabında ritorikadan, bəlağət və ibarəpərdazlıqdan mümkün qədər uzaq olmağa çalışmışdı. Onun şeirləri sadəliyi və aydınlığı ilə fərqlənirdi. Burada hamını düşündürə və maraqlandıra biləcək mövzulara diqqət yetirilirdi.
1927-ci ildə İtaliyanın mədəni mərkəzlərindən birinə – Florensiyaya köçən şair özünün də yazdığı kimi, bu əzəmətli İntibah şəhərində "ideyalar, ənənələr, sivilizasiya və humanizm" tapmışdı. Məşhur Qabinette Vyese kitabxanasının direktoru təyin edilməsi isə ədəbiyyata və sənətə bağlılığını daha da artırmışdı. On il çalışdığı bu kitabxanada mütəvazi bir maaş alsa da, Montale vaxtını daim kitablar arasında keçirir, elm adamları, şair və yazıçılarla mütəmadi əlaqə saxlayır, əsərlərini dövrü mətbuatda çap etdirirdi.
Mussolininin faşist partiyasına üzv yazılmaq istəmədiyindən Montale 1938-ci ildə kitabxana direktorluğundan getməli olmuşdu. Bir il sonra çap etdirdiyi "Şərait" kitabındakı şeirlərində onun faşizmə mənfi münasibəti öz əksini tapmışdı. Avropa tarixinin yeni, məhrumiyyətlərlə dolu dövrünün başlanğıcında Montalenin məhəbbət lirikası arxa plana keçmiş, ictimai mündəricəli mövzulara maraq isə qabarıq şəkildə üzə çıxmağa başlamışdı. Mussolininin hakimiyyəti möhkəmləndikcə Montalenin poeziyanın dili ilə ifadə etdiyi etirazlar da ardıcıl xarakter almışdı.
Eucenio Montale müharibədən sonra Milanda yaşamış, əsasən jurnalistika ilə məşğul olmuşdu. Onu məhsuldar şair adlandırmaq çətindir. Çünki 30 illik yaradıcılıq axtarışlarının yekunu olan üçüncü poetik məcmuəsini — "Tufan və başqa şeirlər"i yalnız 1956-cı ildə çap etdirmişdi. Doğrudur, bundan sonra müəllifin kitablarının çapı bir qədər intensiv xarakter almışdı və Nobel nominantı olana qədər onun daha iki poetik məcmuəsi işıq üzü görmüşdü.
Montalenin nisbətən az yazmasının səbəblərindən biri əsərlərinin dili, üslubu, texnikası üzərində böyük tələbkarlıq və həssaslıqla işləməsi idi. İtalyan tənqidçiləri onu Cüzeppe Unqaretti və Salvatore Kvazimodo ilə birlikdə hermetizm ədəbi cərəyanının üç görkəmli nümayəndəsi sırasına daxil edirlər. İngilis tədqiqatçıları isə Montale yaradıcılığında Tomas Eliotun poeziyası ilə səslənən məqamlar aşkara çıxarmışlar. Bir sözlə, poetik axtarışlarının istiqaməti və ifadə vasitələrinin rəngarəngliyi baxımından Montale "asan şairlərdən" sayılmamışdı.
Bütün yaradıcılığı böyük italyan müəllifinin əsas prinsiplərindən biri şerin mümkün qədər aydın, dəqiq və orijinal şəkildə şairin daxili aləmi ilə həmahəngliyinin təmin edilməsi olmuşdu. Qələmindən çıxan poetik nümunələrin həyatiliyinə mühüm önəm verən Montale sadəcə "gözəl poeziya" yaratmaqdan qaçmağa çalışmışdı. Mütəxəssislərin yekdil rəyinə görə, onun şeirlərinin dili müasir italyan danışıq dilinin əsas ifadə özəlliklərini əks etdirirdi. "Mən poeziya axtarmıram. Poeziyanın gəlib məni tapmasını gözləyirəm" — deyən şairin bu lakonik ədəbi kredosu onun yaradıcılıq axtarışlarının xarakter və istiqaməti haqqında təsəvvür yaradır.
Şairin "Kseniya" (1966), "Satura" (1971), "71 və 72-ci illərin gündəliyi" (1973) kimi son kitablarında toplanan şeirlər isə əvvəlki dövr poeziyası ilə müqayisədə daha quru və ironikdir. Böyük həyat yolu keçmiş müəllif hadisələrə daha romantik coşqunluqla deyil, şübhə və deyingənliklə yanaşır.
1975-ci ildə Eucenio Montale "son dərəcə səmimiliyi, həyata illüziyalardan uzaq baxışlarının dərin ifadəsi ilə seçilən poeziyasının ciddi uğurlarına görə" Nobel mükafatı almışdı. Şairin İsveç Akademiyasının üzvləri qarşısındakı Nobel mühazirəsi "Poeziya bundan sonra yaşayacaqmı?" adlanırdı. Bütün həyatı və yaradıcılığı üçün səciyyəvi olan pessimizmə baxmayaraq, Montale 1972-ci ilin dekabrında Stokholmda bu suala müsbət cavab vermişdi.
Eucenio Montale İtalyanın bir sıra ədəbi mükafatlarına layiq görülmüşdü. 1967-ci ildə o, ölkə Senatının ömürlük üzvü seçilmişdi. Həyatının son illərində daha çox İtaliyanın aparıcı mətbuat orqanlarından olan "Korrere della sero" qəzetində ədəbiyyat, teatr və musiqiyə dair icmallarla çıxış edirdi. Şairin 1996-cı ildə çap olunan "Ölümündən sonrakı gündəliklərim" kitabını bir çox ədəbiyyat mütəxəssisləri "ədəbi bomba" kimi dəyərləndirmişdilər.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Archivio Storico Ricordi. 1808.
- Монтале Эудженио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Eugenio Montale // Encyclopædia Britannica (ing.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.