Etibar Əhmədov (dirijor)

Etibar Əhmədov (azərb. Əhmədov Etibar Əhmədağa oğlu, rus. Ахмедов Этибар Ахмедага оглы; d. 6 iyun, 1959. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyasının əməkdar artisti. Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru.[1]

Etibar Əhmədov
Etibar Əhmədağa oğlu Əhmədov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru

Həyatı

Əhmədov Etibar Əhmədağa oğlu 1959-cu il iyunun 6-da Bakıda anadan olub. 1974-cü ildə Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin xor dirijorluğu şöbəsinə pedaqoq Q.Gimpileviçin sinfinə qəbul edilib və 1978-ci ildə oranı bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri N.Məlikovun rəhbərlik etdiyi dövlət imtahan komissiyasının tövsiyəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsinə - kafedranın dosenti L.Atakişiyevanın sinfinə daxil olub. Təhsil illərində E.Əhmədov kamera xorunda xor artisti kimi çalışıb, Sovet İttifaqının şəhərlərində (Sevastopol, Simferopol, Tbilisi, İrəvan, Kişinyov) qastrol səfərlərində olub. 1983-cü ilin fevralında konservatoriyanı bitirən E.Əhmədov Ş.Qurbanov adına Bakı Musiqili Komediya Teatrına dirijor vəzifəsinə dəvət edilib. Onun Bakı Musiqili Komediya Teatrında dirijorluq etdiyi ilk tamaşa İ.Kalmanın “Hollandiyalı qadın” operettası olub.

1990-cı ildə E.Əhmədova Novosibirsk Musiqili Komediya Teatrında baş dirijor vəzifəsi təklif olunub. Novosibirskdə onun yaradıcılıq bioqrafiyasının yeni mərhələsi başlanıb. 1994-1996-cı illərdə E.Əhmədov M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyasında SSRİ xalq artisti, professor А.Каtsın sinfində təcrübə keçib. 2000-ci ildə M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrında E.Əhmədov “Sehrli fleyta” (V.A.Motsart), “Yevgeni Onegin” (P.İ.Çaykovski), “Traviata” (C.Verdi) kimi tamaşalara dirijorluq edib. 2002-2008-ci illərdə Başqırdıstan Opera Teatrının dirijoru olub, Yekaterinburq Opera Teatrının Barnaul və Tomsk simfonik orkestrləri ilə əməkdaşlıq edib, orada ikinci dirijor kimi C.Verdinin “Traviata” əsərini (quruluşçu rejissor A.Stepanyuk) tamaşaya qoyub. E.Əhmədov 2007-ci ildə bu teatrla Portuqaliyaya qastrol səfərinə çıxıb. E.Əhmədov 50-dən çox tamaşanın quruluşçu dirijoru olub. Buraya İ.Ştrausun “Yarasa” (Novosibirsk teatrında onun səhnəyə qoyduğu ilk tamaşa), “Vals kralı” İ.Kalmanın “Skripkaçılar kralı”, “Cənab İks”, “Silva”, “Hollandiyalı qadın”, “Bayadera”, F.Leqarın “Qraf Lüksemburq”, “Şən dul qadın” operettaları, K.Porterin “Kankan”, F.Lounun “Mənim gözəl xanımım”, A.Jurbinin “Arabaçı və kral” müziklləri, O.Feltsmanın “Çarleya xala”, L.Solinin “Xanımlar və qusar” musiqili komediyaları, V.Domoratskinin “Aylı gün” müzikli, bəstəkar C.Rossininin “Sevilya bərbəri” operasının motivləri əsasında “Fiqaro burada!” musiqili komediyası, V.Pleşakın “Peterburqlu inkoqnito”, M.Samoylovun “Don Juan. İlk məhəbbət” müziklləri, V.Baskinin “İsveç kibriti”, G,Kançelinin “Xanuma”, A.Kolkerin “Gürzə” musiqili komediyaları, “Məhəbbət şeypurları”, “Mavi işıq” konsert proqramları və s. daxildir. Hazırda E.Əhmədov Novosibirsk Musiqili Komediya Teatrında quruluşçu dirijor işləyir.[1]

Təltif və mükafatları

2005-ci ildə E.Əhmədova incəsənət sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının əməkdar artisti fəxri adı verilib. 2001-ci ildə F.Leqarın “Qraf Lüksemburq” tamaşası ilə, 2008-ci ildə İ.Kalmanın “Silva” operettasına, 2009-cu ildə isə A.Kolkerin “Gürzə” müziklinə görə “Ən yaxşı musiqili teatr dirijoru” nominasiyasında “Qızıl maska” Rusiya milli teatr mükafatına namizəd olub. Sonuncu tamaşa ona layiqli mükafatı qazandırıb.[1]

Həmçinin bax

Konstantin Krimets

İstinadlar

  1. Əhmədov, Etibar. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.