Ermənistan tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər.
Xüsusiyyətlər
Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur.
N.Y.Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır.
Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var. Bu mənbə bizə siyasi tarix haqqında albanların Sisak nəslindən olan ilk hökmdaı Arran haqqında, Qafqaz Albaniyasının Paytakaran vilayətinin hökmdarı Sanatrukun Ermənistana basqını,alban Arşaki hökmdarı Urnayrın 371-ci ildə Dzirav döyüşündə iştirakı haqqında; eləcə də Qafqaz Albaniyasında xristianlıq, bununla əlaqədar olaraq Maarifçi Qriqorinin nəvəsi alban katolikosu Qriqorisin Albaniyada fəaliyyəti barədə məlumatlar vardır.Əsərdə türk xalqları — bulqarlar, barsillər, xəzərlər və hunlar haqqında olan məlumatlar da maraqlıdır.