Ermənistan Hərbi Hava Qüvvələri
Ermənistan HHQ-nin (ermənicə Հայաստանի Ռազմաօդային Ուժեր) inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İlyushin İL-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil.
Ermənistan Respublikasının Hərbi Hava Qüvvələri | |
---|---|
Հայաստանի Ռազմաօդային Ուժեր | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 1992-ci ilin avqust ayından hal-hazırkı dövrə kimi |
Ölkə | Ermənistan |
Tabedir | Ermənistan Silahlı Qüvvələri |
Vəzifəsi | Ermənistan Respublikasının ərazi bütövlüyünü havadan müdafiə etmək |
Sayı | 3500 |
Qərargah | |
Himayədarı | Ermənistan Respublikasının Müdafiə Sənayesi Nazirliyi |
Rəngləri | göy, qırmızı, narıncı |
Tilsimi | |
Müharibələr | Qarabağ Müharibəsi |
Döyüşlər | Aprel döyüşləri |
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni Hava Limanındakı 3624 saylı aviabazada saxlanılır.
Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb. Bunların sırasında Osa M79-u, Kruq, S-125 və 102-ci bazada yerləşdirilmiş səkkiz buraxılış qurğusunda olmaqla 24 ədəd S-300 zenit raketi daxildir. Hazırda HHMQ-də 3 min nəfər xidmət edir. Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları ən azı 3 divizion S-300PT-1 malikdir ki, onlarında hər biri 12 buraxma qurğusundan ibarətdir. Başqa bir məlumatda görə 1 divizion da S-300PТ-1 işğal olunmuş Dağlıq Qarabağda yerləşdirilib.[1]
Ermənistan HHQ-yə aşağıdakı zenit-raket kompleksləri daxildir: S-300 raketləri, «Scud B» ballastik raketləri, «Krug 2K11» yer-hava raketləri, 9K33 Osa qısa məsafəli taktiki yer-hava raket sistemi, «Strela 9K35», S-125 Neva/Pechora yer-hava raketləri, «Strela 9K32» yer-hava raket sistemi, ZSU-23, ZU-23, ZU-23M özüyeriyən zenit sistemi, P-40, P-15 və P-12 radarları.[2]
Tarixi
1980-cı illərin sonlarından etibarən SSRİ- də tədricən dağılma prosesi güclənir, respublikalar daxilində ayrı-ayrı hərbi qruplaşmalar formalaşmağa başlayırdı. Sistem daxilində parçalanmadan istifadə edən ermənilər artıq, 1989-cu ildən etibarən hərbi qruplaşmalar yaratmağa çalışırdı. Ermənistan rəhbərliyi tərəfindən yaradılan bu qruplaşmalar, yerli azərbaycanlılara qarşı qırğınlarda və deportasiya proseslərində birbaşa iştirak edirdi. SSRİ-dən ayrılmaq istəyi ilə yanaşı Ermənistan rəhbərliyi daha da irəli gedərək ordu quruculuğu fonunda hərbi hava qüvvələrinin yaradılması prosesini (halbuki hələ SSRİ dağılmamışdı) tezləşdirmək istəyirdi.
SSRİ-nin dağıldığı zaman, Ermənistanda reaktiv döyüş aviasiyası olmayıb. Döyüş aviasiyasının olmaması Ermənistan hərbi hava qüvvələrinin formalaşmasını 1992-ci ilin avqustuna qədər təxirə saldı. 1990-ci il dekabrın 19-da “Avropada Adi Silahlar üzrə” müqaviləyə əsasən Ermənistana havadan müdafiə sistemi ilə yanaşı üç əməliyyat təyyarəsi (1992-ci ilin yayında Rusiya rəsmi olaraq Ermənistana ilk iki SU- 25 və SU- 25 UB döyüş təyyarələrini verib) və on üç silahlı helikopter qaldı. Döyüş helikopterləri qrupu 1991-ci ildə keçmiş 7- №-li Qvardiya helikopter alayının 382 saylı əlahiddə helikopter eskadrilyasının (İrəvan yaxınlığında keçmiş 32823 saylı hərbi hissə) əsasında formalaşdırıldı.
Bununla yanaşı, bölgüyə əsasən Ermənistan üçün Mİ-8 və Mİ-24 hərbi helikopterləri verilir. Ermənistan 1991-ci ildə altı An-2, bir An-24 və bir An-32B nəqliyyat təyyarələrini, həmçinin 10 Yak-52 təlim təyyarəsini qəbul edir. Noyabr ayında isə Rusiya Ermənistana daha 4 ədəd SU-25 təyyarələrini göndərir. Belə ki, SU-25-lərin göndərilməsi ermənilərə ilk həmlə eskadrilyasını təşkil etməyə imkan versə də, təyyarələr döyüş əməliyyatlarında istifadə edilməyib.
Qarabağ müharibəsi Ermənistanı 1992-1994-cü illər üçün hərbi hava və hava hücumundan müdafiə sahəsində tədbirlər görməyə vadar etdi. Ümumiyyətlə Ermənistan aviasiya ilə bağlı sərmayeni daha çox hava hücumundan müdafiə sahəsinə yönləndirib. Rusiya tərəfdən texniki yardım, havadan müdafiə silah-sursat və avadanlıqlarının göndərilməsi nəticəsində Ermənistan bir il ərzində hərbi hava qüvvələri sahəsində irəliləməyi bacardı. Nəticə etibarı ilə 1992-ci ildən başlayaraq formalaşdırılan havadan müdafiə sistemi öz rəsmi fəaliyyətini 1994-cü ilin aprelində elan etdi. Lakin Ermənistanın hərbi rəhbərliyi bunu qənaətbəxş hesab etmədi. Bu səbəblə 1994-cü ilin sonuna qədər Ermənistan hərbi hava qüvvələri təxminən beş-altı Su-25, iki L-39 və on Yak-52 təlim təyyarəsi, altı An-2, iki An-72, bir Tu-134 nəqliyyat təyyarəsi və iki Mİ-2, yeddi Mİ-8/Mİ-17, on beş ədəd Mİ-24 helikopterləri aldı. Azərbaycan və Türkiyəyə nisbətən çox zəif inkişaf etmiş erməni ordusunu gücləndirmək üçün Rusiya onunla 16 mart 1995-ci ildə 25 illik müqavilə bağladı. Bundan sonra, 27 sentyabr 1996-cı ildə Gümrü və İrəvanda Rusiya hərbi bazalarının yaradılması barədə müqavilə imzalandı. Rusiyaya məxsus aviasiya qüvvələri Ermənistanda yerləşən 426- №li qırıcı eskadronda, 700- №li Hava Nəqliyyatına Nəzarət mərkəzində və İrəvandan kənarda yerləşən 3624- №li Yerebuni hava limanında yerləşdirilib. Araşdırmalara görə, məhz 426- №li qırıcı eskadrona Rusiya tərəfindən 18 MİQ-29 təyyarəsi (məlumatlara görə hal-hazırda Yerebuni aeroportundakı 3624 saylı aviabazada saxlanılır ) göndərilib.
Rusiyanın MİQ-29 təyyarələrinin Ermənistana gətirilməsi dörd mərhələ ilə həyata keçirilib;
- 1) 16 dekabr 1998-ci ildə beş ;
- 2) 26 fevral 1999-cu ildə beş;
- 3) 18 iyunda daha dörd;
- 4) son olaraq 1999-cu il 22 oktyabrda dörd təyyarə.
Ermənilər Rusların bu təyyarələrini yerləşdirmək üçün ilkin olaraq bunu Ermənistan hərbi hava qüvvələrinə çatdırılma kimi təhrif etdi. Rusiya MİQ-29 təyyarələrini əvvəl yerləşdirdiyi MİQ-23 döyüş təyyarələri ilə əvəz edilə bilərdi. MİQ-23 və MİQ-29-ların birgə sayı isə İrəvanda bəlkə də otuzdan çoxdur. Ermənistana MİQ-23 təyyarələrinin yenidən göndərilməsi haqqında da iddialar var. 2004-2005-ci ildən etibarən Ermənistan hava qüvvələrinin genişləndirilməsinə başlandı. 2004-cü ildə 1 milyon $ qiymətində Slovakiyadan on Su-25 alındı. Təyyarələrin çatdırılması 2005-ci ilin sentyabrında başa çatdı. Bununla yanaşı 2004-cü ilin mayında Rusiya və Ukraynadan bir cüt L-39C təlim təyyarələri, həmçinin həmin ayda Rusiyadan iki İL-76 nəqliyyat təyyarəsi alındı.
2006-cı ildə hələ də öz təsdiqini tapmayan məlumatlar yayıldı. Guya Ermənistan Rusiyadan on Su-27 təyyarəsi alıb. Bundan bir il öncə, 2005-ci ilin oktyabrında isə Azərbaycanda, Ermənistanın “on döyüş” təyyarəsi alması haqqında məlumatlar verilirdi. Lakin onların hansı təyyarələr olması bildirilmirdi. Azərbaycan hərbi mənbələrinə görə, təyyarələrin yalnız iki-üçü Su-27, qalanı isə Su-25 təyyarəsi və Mİ-24 vertolyotlarından ibarət idi. Araşdırmalara görə, alınan təyyarə və vertolyotlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müddəaları əsasında güzəştli şərtlərlə satın alınıb. Lakin bu günə qədər də Su-27 təyyarələrin alınması təsdiq edilməyib. Birinci Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil, ikincisi isə on Su-27 təyyarəsinin Rusiyadan satın alınması maliyyə baxımından Ermənistan üçün əlçatmazdır. Hərbi ekspertlərə görə, bu təyyarələr əgər Ermənistanda mövcuddursa o yalnız Rusiyaya məxsus hərbi qüvvələrə məxsus ola bilər. Məhz bu səbəbdən Rusiya Ermənistanda olan Su-27 təyyarələrini İrəvandakı öz şəxsi aviabazasında yerləşdirə bilərdi. Qeyd etmək lazımdır ki, SSRİ dövründə belə, havaya qalxma və manevrlər üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlanılmayıb.
Qarabağ müharibəsində iştirakı
Ermənistan, SSRİ- nin süqutundan sonra yaranmaqda olan hərbi hava qüvvələrinin döyüş əməliyyatlarında iştirakını 1992-ci ilin oktyabrına qədər təxirə saldığını bildirir. Lakin tədqiqatçı Məmməd Vəliməmmədovun verdiyi məlumatlara görə, 13 iyun 1992-ci ildə Ağdərədə gedən döyüşlər zamanı pilotları polkovnik V. Qulayev və baş leytenant V. Tereşenko olan Mİ-24, Sırxavənd üzərində vurulub. Müharibə dövründə Ermənistan havadan dəstək üçün MDB-nin Birləşmiş Silahlı Qüvvələrinə daxil olan 382 saylı helikopter eskadrilyasından asılı idi. Daha sonra iyunun sonunda 382-ci helikopter eskadrilyası Ermənistan Silahlı Qüvvələrinə verildi. İlk erməni pilotları A. Abramyan, B. Babayan, S. Xanaqyan, Q. Baginyan, B. Xaçaturov, Q. Naxapetyan, Q. Kilofyan və b. oldular. Onları rusiyalı hərbi instruktorlar Vladimir Kolyanov və Leonid Didenko hazırlayıb. 1992-ci ilin iyunun 23-ü iki erməni Mi-24 helikopteri Qarabağa Mi-8 helikopteri ilə gələn general Andeasyanı müşayiət edərkən, Qubadlı batalyonunun döyüşçüləri tərəfindən vurulur. Mi-24-dən biri məhv edilir, digərini isə qəzalı vəziyyətdə yerə oturtmaq mümkün olur. Döyüşçülərimizin əraziyə çatmasına qədər Mi-8 helikopteri yerə qona bilən Mi-24-ün ekipajını öz bortuna alıb, uzaqlaşa bilir. Yerdə qalan erməni Mi-24-ü isə təmir edilərək ordu ilə döyüşlərdə iştirak edir.
Göstərilən məlumatlar hələ Ermənistan hərbi hava qüvvələrinin rəsmi şəkildə yaranmadığı, yəni avqust ayına qədər olan bir dövrünü əhatə edir. Araşdırmalara görə, artıq avqustda öz hərbi hava qüvvələrini yaradan ermənilər elə həmin aydan başlayaraq ilk dəfə müxtəlif Mİ-24-lərdən istifadə etməyə başlayıb. Məlumata görə, Qarabağ səmasında Ermənistan ilk itkisini 1992-ci ilin sentyabrında Mİ-24 helikopterinin məhv edilməsi ilə yaşayıb. 1992-ci ilin oktyabr ayında ermənilər Qarabağ müharibəsində ilk və yeganə hərbi təyyarələrdən, Laçın (Hoçaz-Mişni-Pircahan) istiqamətində istifadə edib. Belə ki, Hocaz yüksəkliyi Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra, oktyabrda gedən döyüşlər zamanı ermənilər 2 ədəd Su-25 təyyarəsinin iştirakı ilə (həmçinin 11 ədəd Mİ-24) Azərbaycan ordusunun mövqelərinə hücum etdi. Hocaz əməliyyatına rəhbərlik etmiş polkovnik-leytenant Çingiz Əliyevin sözlərinə görə, hücum uğursuz alınıb və bundan sonra ermənilər tərəfindən döyüş təyyarəsi tətbiq edilməyib.
Qarabağ müharibəsi zamanı ermənilərin ikinci itkisi noyabrın 12-də Xocavəndə hücum zamanı baş verib. Bununla yanaşı, noyabrın 23-də iki Mİ-8, dekabrın 30-da isə başqa bir Mİ-8 helikopteri məhv edilir. Ümumiyyətlə müharibə ərzində MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin göstərdiyi dəstəklərə baxmayaraq, 1993-cü ilin yanvarın əvvəllərində də Ermənistanın bir Mİ-8, Mİ-24 və Su-25 (müxtəlif məlumatlara görə, ermənilər tərəfindən səhvən vurulub) məhv edilir. Ermənilərin daha bir Mi-24-ü isə 1993-ü ilin fevralın 26-ı uçuş zamanı aerodromda qəzaya uğrayaraq, 3 nəfər ekipajı ilə məhv olur. Əldə edilən uğurlara baxmayaraq qeyd etmək lazımdır ki, əməliyyatlar zamanı ordumuza məxsus üç helikopter və bir MİQ-21 (15 yanvarda) qaçırdılıb. Xatırladaq ki, bundan öncə 1992-ci ilin sentyabrında ermənilər Gürcüstandan bir SU-25-i də qaçırmağı bacarıblar. 1993-cü ilin martından etibarən ermənilər müharibəni anklavdan xaricə çıxararaq, Ermənistanla birbaşa yeni bir yol açmaq üçün Kəlbəcər istiqamətində işğalçı əməliyyatlara başladılar. Kəlbəcərə hücumda iştirak edən erməni Mİ-8 helikopteri isə gec də olsa apreli 16-da məhv edildi. Məhv edilən erməni helikopterindən sonra erməni qüvvələri 1993-cü ilin yay hücumu və 1994-cü ilin mayın əvvəli üçün heç bir təyyarə itkisi yaşamayıb.[3]
Bazaları
Ermənistan hərbi hava qüvvələri hava hücumu və hava hücumundan müdafiə sahəsində birgə fəaliyyət içərisindədir. Ermənistan hərbi hava qüvvələri dörd aviabaza, təhsil üzrə aviasiya eskadronu, aviasiya təhlükəsizlik qərargahı, aviasiya texniki xidmətlər batalyonlarından və aviasiya təmir hissələrindən ibarətdir:
1) Gümrüdə yerləşən 121-№li əsas Hücum Aviasiyası Eskadronu.
2) Gümrüdə yerləşən 15-№li Qarışıq Aviasiya alayı (Şirak bazası).
- Hücüm Aviasiyası dəstələri. On beş Su-25
- Aerodrom texniki xidmətlər batalyonu.
- Kommunikasiya-Radar bölmələri
3) İrəvan yaxınlığında yerləşən 3624- №li Erebuni mürəkkəb helikopter eskadronu. Güman edilir ki, VİP nəqliyyat birliyi məhz bu bazada yerləşir.
- Müstəqil helikopter aviasiya bölüyü. Mİ-8 helikopterləri
- Müstəqil helikopter aviasiya bölüyü. Mİ-24 helikopterləri
- Müstəqil aviasiya dəstəsi. Nəqliyyat təyyarəsi
- Aerodrom texniki xidmətlər batalyonu.
- Rabitə eskadronu
- Özəl aerodrom infrastrukturu
4) İrəvan Yeğvard aeroportu yaxınlığında Arznidə yerləşən 60-№li Aviasiya Təlim eskadronu.
5) Müstəqil Aviasiya Məktəbi eskadronu. Gümrü (L-39), Arzni (Mİ-2)
6) N-li əlahiddə batalyon aerodrom-texniki xidməti.
7) NN-li əlahiddə batalyonların aerodrom-texniki xidməti.
Gümrüdə yerləşən təyyarə təmiri zavodunda təyyarələrin təmiri və modernləşməsi kimi işlər aparılır.
Uçuş-enmə zolaqları
1) Şərqdən Türkiyə, şimaldan Gürcüstanla həmsərhəd olan Şirak mərzində yerləşən “Gümrü Şirak Aeroportu”nun enmə-uçuş zolağı
2) Türkiyə ilə həmsərhəd olan Armavir mərzində yerləşən “Hoktember Aeroportu”nun enmə-uçuş zolağı
3) Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu ilə həmsərhəd olan Vayoc dzor mərzində yerləşən “Cermuk Aeroportunun” enmə-uçuş zolağı
4) Cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər,Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəd olan Sünik mərzində yerləşən enmə-uçuş zolaqları
- Sisyanda yerləşən enmə-uçuş zolağı
- Gorus-Şinuyar Aeroportunun enmə-uçuş zolağı
- Qafan Aeroportunun enmə-uçuş zolağı
- Mehridə yerləşən enmə-uçuş zolağı
5) Şərqdən Azərbaycanla həmsərhəd olan Geğarkunik mərzində yerləşən Böyük Məzrə kəndində enmə-uçuş zolağı. Hal-hazırda yararsız vəziyyətdədir
6) Şimal-şərqdə Azərbaycan və Gürcüstanla həmsərhəd olan Tavuş mərzində Berd Aeroportunun enmə-uçuş zolağı
7) Şimaldan Gürcüstanla həmsərhəd olan Loru mərzində yerləşən enmə-uçuş zolaqları
- Stepanavan Aeroportunun enmə-uçuş zolağı
- Kalinino Aeroportunun enmə-uçuş zolağı
İşğal edilmiş Qarabağda uçuş-enmə zolaqları
- Xocalı aeroportunun enmə-uçuş zolağı
- Fizulidə yerləşən enmə-uçuş zolağı. Hal-hazırda uçuşa yararlı deyil.
Şəxsi heyət
1993-cü ilin yayından erməni hərbi hava qüvvələrinin heyəti 2000 nəfər, 2004-cü ildə isə 3000 nəfər olaraq göstərilir. Qarabağ müharibəsi zamanı ermənilərdə təcrübəli pilotların azlığı səbəbilə onlar daha çox xarici muzdlu pilotlardan istifadə edirdilər. 1993-1994-cü ildən etibarən İrəvan Aviasiya İnstitutu daxilində pilotlar yetişdirilməyə başlanıldı. Pilotlar aviasiya üzrə ali məktəbi bitirmiş şəxslərdən 3-15 illik müqavilə əsasında komplektləşdirilir. Pilotlar və texniki personal İrəvanda Hərbi Aviasiya İnstitutunda kurslar keçir və namizədlər Yak 52-də (2005-ci ildə paraşutçuların təlimi üçün bir Yak-18 fəaliyyət göstərir) 80 saat təlim uçuşları, L-39-da isə 60 saat uçuş keçirdikdən sonra orduda onlara təyyarə həvalə olunur. Vertolyot pilotları isə 6 ədəd Mi-2 vasitəsi ilə öyrədilir. Təlim İrəvandan 30 km (19 mil) şimalda yerləşən Arzni bazasında keçirilir.
İnventarı
2019-cu ilin fevral ayında Ermənistan, 4 ədəd Su-30SM qırıcılarını 100 milyon dollara almaq üçün müqavilə bağladı. Təyyarələr İrkutsk Aviasiya Zavodu tərəfindən istehsal olunacaq və 2020-ci ilədək çatdırılacaq.[4][5] Bununla ilk dəfə olaraq Ermənistan HHQ köhnə və istifadə olunmuş deyil, tamamilə yeni texnika əldə edib. 2020-ci il avqustun 23-də Ermənistanın Müdafiə Nazirliyi ilə Birləşmiş Aviasiya Korporasiyası arasında imzalanan müqaviləyə əsasən Rusiya Ermənistanda Su-25 qırıcılarını SM-3 səviyyəsinə qədər modernləşdirəcək. Modernləşdirmə nəticəsində qırıcılar daha müdafiə olunmuş olur, yeni əhəmiyyət naviqasiya sisteminə malik olur, bu da öz növbəsində çətin hava şəraitində, eləcə də gecə saatlarında hərəkət etməyə imkan verir. Nəticədə təyyarə 55 mm qalınlıqda zirehli ön şüşəyə, 24 mm qalınlığında yan və üst şüşəyə, aşağıdan və arxadan isə 10 mm qalınlığında polad zirehə malik olacaq.[6]
2019-cu il üçün Ermənistan Hərbi Hava Qüvvələrinin mövcud inventarı.
Təyyarə | İstehsalçı | Növü | Versiya | Sayı | Şəkil | Qeydlər |
---|---|---|---|---|---|---|
Hücum təyyarəsi | ||||||
Suxoy Su-30SM | Rusiya | hücum | 4 | 4 ədəd 2019-cü ildə Rusiyadan alınıb[7] 8 ədəd əlavə alınması planlaşdırılır | ||
Suxoy Su-25 | SSRİ | hücum | 9[8] | 10 ədəd 2004-cü ildə Slovakiyadan alınıb[9] 2018-ci ildə onlardan biri qəzaya uğrayıb. | ||
Hərbi nəqliyyat təyyarəsi | ||||||
Airbus A319 | Fransa | Dövlət başçısı təyyarəsi | Airbus A319CJ | 1[10] | ||
İlyuşin İl-76 | SSRİ | ağır daşıma | 3[8] | |||
Helikopterlər | ||||||
Mil Mi-8 | SSRİ | ümumi məqsədli | Mi-8/17/171 | 11[8] | ||
Mil Mi-24 | SSRİ | hücum | Mi-24/35 | 15[8] | ||
Təlim Təyyarəsi | ||||||
Aero L-39 | Çexiya | qırıcı təlim | 6[8] | |||
Mil Mi-2 | Polşa | təlim / ümumi | 6[8] |
2009-cu ildə olan inventar.
Təyyarə | İstehsalçı | Növü | Sayı | Xidmətdə | |
---|---|---|---|---|---|
Hücum təyyarəsi | |||||
Suxoy Su-25 | Rusiya | hücum | 5 | 5 | |
Suxoy Su-25K | Rusiya | hücum | 9 | 9 | |
Suxoy Su-25UBK | Rusiya | hücum | 1 | 1 | |
MiQ-25PD | Rusiya | hücum | 1 | 1 | |
Hərbi nəqliyyat təyyarəsi | |||||
Airbus A319 | Fransa | Dövlət başçısı təyyarəsi | 1[10] | ||
İlyuşin İl-76 | Rusiya | ağır daşıma | 2 | 2 | |
Helikopterlər | |||||
Mil Mi-8 | Rusiya | ümumi məqsədli | 18 | 11 | |
Mil Mi-24 | Rusiya | hücum | 16 | 14 | |
Təlim Təyyarəsi | |||||
Aero L-39 | Çexiya | qırıcı təlim | 6 | 4 | |
YaK-52 | SSRİ | yüngül təlim | 16 | 16 | |
Mil Mi-2 | Polşa | təlim / ümumi | 2 | 2[2] |
Pilotsuz Uçuş Aparatları
- Ermənistan istehsalı olan on beş ədəd Krunk 25-1 .
- Ermənistan istehsalı olan Krunk 25-2 ( Ermənistanın Qarabağda qanunsuz olaraq keçirdiyi “hərbi parad” zamanı nümayiş etdirilib.)
- Ermənistan istehsalı olan Baze.
- Rusiya istehsalı olan beş ədəd Ptero-E5 üzərində ermənilər bir sıra dəyişikliklər apararaq onu ictimaiyyətə X-55 olaraq təqdim edirlər. Belə ki, bu il Ermənistan Müdafiə Nazirliyi tərəfindən təşkil edilən təqdimatda uzun müddət gizli olaraq istehsal olunan və mətbuata açıqlanmayan X-55-in iki nümunəsi təqdim edilib. Hazırda bu model Ermənistan xüsusi qüvvələri və fövqəladə hallar nazirliyi tərəfindən istifadə edilir.
- Armdrone. 2014-cü ilin əvvəllərində yayılan fotolara əsasən üzə çıxan bu aparat öz dizaynına görə, Krunk və Baze modellərindən fərqlənir.
- Azniv. Müxtəlif məlumatlara əsasən Ermənistan hərbi hava qüvvələri Azniv adlı pilotsuz uçuş aparatları istehsal edir.
- Rusiya istehsalı olan ZALA 421-08 Mİ (Qranat). Hal-hazırda ZALA 421-08 Mİ erməni xüsusi təyinatlıları tərəfindən kəşfiyyat aparatı kimi istifadə olunur.
- Danimarka şirkətlərindən birindən alınan detallar hesabına Ermənistan kiçik ölçülü multikopterlər istehsal edir. Kamikadze (kamera çıxarılıraq əvəzinə trotil yerləşdirilir və uzaqdan idarə edilərək partladılır ) və kəşfiyyat məqsədli olan bu uşuş aparatları xüsusi təyinatlı qüvvələr tərkibində istifadə edilir. Məlumatlara görə, bu aparatlar əlavə dəyişikliklər edilmədən Danimarka fermer təsərüfatlarına olduğu kimi satılıb.
Qeyd: Ermənistan mətbuatının bildirdiyinə görə, hazırda X-55 pilotsuz uçuş aparatları ilə yanaşı, bir neçə pilotsuz uçuş aparatının modeli modifikasiya edilir. Göstərilən aparatlarla yanaşı, Ermənistanda Rusiyaya aid sayını və modelini bilmədiyimiz pilotsuz uçuş aparatları da mövcuddur.
Qarabağdakı inventar
- Blandy, C. W. “Azerbaijan: Is War Over Nagorno Karabakh a Realistic Option?” adlı hesabatında işğal edilmiş Qarabağda Rusiya istehsalı olan iki ədəd Su-25 təyyarəsinin olduğunu bildirir. Lakin araşdırmalara görə, Qarabağda ermənilərə məxsus nə döyüş təyyarələri, nə də mülki təyyarələr var. Turistləri gəzdirmək üçün yalnız Xocalı aeroportunda təkmotorlu təyyarə mövcuddur ki, bu da demək olar ki, artıq təyyarə sinifinə aid edilmir.
- SSRİ istehsalı olan beş ədəd Mİ-24 helikopteri. Bu helikopterlər Ermənistanın 9 may 2007-ci ildə və 2012-ci ildə Qarabağda qanunsuz olaraq keçirdiyi “hərbi parad” zamanı nümayiş etdirilib. Helikopterlərdən biri 12 noyabr 2014-cü ildə Ağdam üzərində məhv edildi.
- SSRİ istehsalı olan beş ədəd Mİ-8 helikopteri. Böyük Britaniyanın Araşdırma və Qiymətləndirmə qrupu Qarabağda beş Mİ-8 helikopterinin olmasını bildirirdi. Həqiqətən də, Ermənistanın 2012 ci ildə Qarabağda qanunsuz olaraq keçirdiyi “hərbi parad” zamanı bu beş helikopter nümayiş etdirilib.
- Ermənistan istehsalı olan Krunk pilotsuz uçuş aparatı. 2012-ci ildə Qarabağda qanunsuz olaraq keçirilən “hərbi parad” zamanı göstərilib ki, onun da ən azı ikisi təkminləşdirilib. Ermənistana məxsus pilotsuz uçuş aparatının biri bu ilin 29 yanvar tarixində Ağdam rayonu, digər ikisi isə 4 iyul tarixində Tərtər rayonu istiqamətində məhv edilib.
HHM Sistemləri
SSRİ-nin dağılmasından sonra Zaqafqaziya Hərbi Dairəsinin 7-ci Ordusunun və Ermənistanda yerləşən 19-cu Hava Hücumundan Müdafiə Ordusunun 96-cı Zenit-Raket Briqadasının əmlakı, hərbi texnikası və silahları Ermənistana təhvil verildi. 1994-cü ilin ortalarına qədər Rusiya Ermənistan silahlı qüvvələrinə yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemləri “Kruq-M1” və “Kub”, qısa mənzilli mobil sistemləri olan “Strela-1”, “Strela-2M”, “Strela-10”, “Osa-AKM”, “İqla-1”, həmçinin ZSU-23-4 “Şilka” ZU-23-2 və S-60 zenit silahlarını təhvil verdi. Obyektlərin havadan müdafiəsi S-125M və S-75M3 bir neçə zenit raket divizionları tərəfindən gücləndirildi. Ermənistanın hava məkanına nəzarət P-12M, P-14, P-15, P-18, P-19, P-35, P-37, P-40 hədəf kəşfiyyat stansiyaları və PRV-9, PRV-11, PRV-13, PRV-16. markalı hərəkətedən radiohündürlük ölçənlər vasitəsi ilə həyata keçirildi.
Yüksək çinli erməni hərbçilərinin açıqlamalarına görə, ölkənin düzənliklərində yerləşən radiolokasiya stansiyalarından alınan məlumatlar real vaxt rejimində avtomatlaşdırılmış hava hücumundan müdafiə sistemlərinə ötürülür. Dublikat rabitə kanalları olaraq Qısa və Ultraqısa radio şəbəkələri, həmçinin radiorele xətləri istifadə olunur. Qərb məlumatlarına görə, Ermənistanın Hava Hücumundan Müdafiə Sisteminin mərkəzi komanda məntəqəsi Ovtaşat kəndinin yaxınlığında və İrəvandan 17 km qərbdə yerləşir.[11]
2013-cü il məlumatlarına görə Ermənistan Hava Hücumundan Müdafiə üzrə aşağıdakı silah sistemlərinə malik idi.
- S-300 uzun məsafəli HHM sistemi. S-300PT hava hücumundan müdafiə raket sisteminin mövqeyi İrəvanın cənubundadır. S-300PT hava hücumundan müdafiə sisteminin dörd zenit-raket divizionu İrəvanı qoruyur. Yedəklə çəkilən atıcı qurğu ”S-300”ün bu ilk seriya modifikasiyası 1978-ci ildə silahlanmaya qəbul edilib. Əvvəlcə sistem sursatlarına yalnız uzaq məhvetmə zonası 47 km-ə qədər olan 5V55K radiokomanda raketlər daxil edilib. Yəni, S-300PT-nin ilk versiyası, uzaq məhvetmə zonasının hüdudlarına görə, hətta S-75M3/M4 hava hücumundan müdafiə sistemindən də aşağı idi. S-300PT-1 modernləşdirilmiş sistemi 75 km məsafədəki hədəfləri vura bilən yarımaktiv özüyönələn başlıq ilə - 5V55R raketi ilə təhciz edildi. Sonralar bu zenit raket sistemləri üçün uzaq məhv etmə zonası 90 km-ə qədər artırılan 5V55RM raketlərinin tədarükü başladı. Bu raketlər S-300PT/PS hava hücumundan müdafiə sisteminin hər birində istifadə edilə bilər. Öz döyüş xüsusiyyətlərinə görə, S-300PS modernləşdirilmiş S-300PT sisteminə bənzəyir, lakin bütün atıcı qurğular MAZ-543 özüyeriyən şassilərdə yerləşir. Ermənistan silahlı qüvvələrində S-300PT zenit raket sistemlərindən əlavə iki ədəd S-300PS zenit raket divizionu da var. Bu zenit raket divizionları Azərbaycanla sərhədə yaxın Gorus və Kamxut kəndlərinin yaxınlığındakı dağlıq ərazidə yerləşdirilib. Ermənistan hərbi rəhbərliyinin fikrincə, burada yerləşdirilən zenit raket sistemlərinin məhv etmə uzaqlığı, Qarabağı Ermənistanla birləşdirən dəhliz üzərində hava hücumundan müdafiə çətiri yaratmağa və Azərbaycan təyyarələrinin işğal altında olan ərazilərdə yerləşdirilmiş qüvvələrin mövqelərinə hava hücumlarının qarşısını almağa imkan verir. Ermənistandakı S300PT/PS hava hücumundan müdafiə sistemləri resurslarının bitməsi səbəbindən ömrünün sonuna yaxınlaşır. İstehsalçı tərəfindən yayımlanan məlumatlara görə, hazırda 5V55R/5V55RM zenit raketlərinin zəmanət müddətinin vaxtı çoxdan bitib. Aerokosmik Müdafiə Almaz-Antey Konserninin nümayəndələri ən yeni S-300PS hava hücumundan müdafiə sistemləri üçün təyin edilmiş resursun 2013-cü ildə başa çatdığı barədə məlumat verdilər. Bu da qaçılmaz olaraq döyüş növbəsində olan zenit raket sistemlərinin texniki etibarlılıq səviyyəsinə təsir etməkdədir. 2027-ci ilə qədər Ermənistanın hava hücumundan müdafiə sisteminin mövcud döyüş potensialını qorumaq üçün S-300PT/PS hava hücumundan müdafiə sistemlərini və köhnəlmiş radarları əvəz etmək lazımdır. Ermənistanın maddi vəziyyətinin müasir silahların genişmiqyaslı satın alınmasına imkan vermədiyini nəzərə alsaq, bu yükün Rusiya üzərinə düşəcəyi güman edilməlidir.[11]
- S-75 Dvina yüksək hündürlüklü, komanda idarə sisteminə malik, yer-hava tipli raket sistemi
- 9K33 Osa yüksək mobilliyə malik, aşağı hündürlüklü və qısa məsafəli taktiki yer-hava tipli raket sistemi. 178 ədəd yaxın məsafəli hava müdafiə raket sistemləri “Osa-AK/AKM” təkərli üzən şassi əsasında (MT-LB) var.[11]
- 9K35 Strela-10 yüksək mobilliyə malik, vizual nişangahlı, aşağı hündürlüklü, optik-infraqırmızı idarəolunan, qısa məsafəli taktiki yer-hava tipli raket sistemi. 48 ədəd “Strela-10” tırtıllı MT-LB baza əsasında var.[11]
- S-125 Neva/Peçora qısa məsafəli yer-hava tipli raket sistemi. 2016-cı ildən bəri Ermənistanda cəmi 5 ədəd S-125 zenit raket divizionu hazır vəziyyətə gətirilib. Bir sıra kütləvi informasiya vasitələrində deyilirdi ki, Ermənistan “yüz iyirmi beş”lərini “Peçora-2M” səviyyəsinə qədər modernləşdirməkdə maraqlıdır. Lakin iqtisadi çətinliklər ucbatından, ölkədə bunun üçün pul vəsaiti tapılmadığından layihə həyata keçrilmədi. Rusiyadan ehtiyat hissələrin tədarükü və yerli müəssisələrdə aparılan təmir işləri səbəbindən zenit raket sistemlərinin avadanlıqlarını işlək vəziyyətində saxlamaq çətinliklə mümkün olur. Ermənistanın mövcud S-125 hava hücumundan müdafiə sistemlərini modernləşdirmək niyyətində olduğuna dair dolayı dəlil, 2016-cı ilin sentyabr ayında üçoxlu tam ötürücü ”KamAZ” bazasında yeni nəqliyyat yükləmə avtomobillərinin nümayişidir.[11]
- 9K32 Strela-2 insan tərəfindən daşına bilən, çiyin üzərindən atılan, yüksək partlayışa malik döyüş başlığı və passiv infraqırmızı tuşlanması olan aşağı hündürlüklü yer-hava tipli raket sistemi
- 9K38 İqla-1 insan tərəfindən daşına bilən, infraqırmızı tuşlanması olan yer-hava tipli raket sistemi. Arsenalda 90 ədəd daşınan zenit raket kompleksi “İqla”, “İqla-S” və 400-ə qədər köhnə “Strela-2M” və “Strela-3” var.[11]
- 9K310 İqla-1E insan tərəfindən daşına bilən, çiyin üzərindən atılan, aşağı hündürlüklü yer-hava tipli raket sistemi[3]
“Krug-M1” və “Kub” havadan müdafiə sistemlərinin hazırda istismar vəziyyətində olub-olmadığı məlum deyil. Peyk çəklişindən Xankəndinin cənub-qərb və şərq istiqamətində S-125M1, “Kruq-M1” və “Kub” zenit raket komplekslərinin mövqelərini müşahidə etmək olar. Qısa mənzilli səyyar zenit-raket sistemləri və ZSU-23-4 “Şilka” da Dağlıq Qarabağda yerləşdirilib.[11]
Ermənistanın hava müdafiəsində yeniliklərdən biri də “Buk-M2” orta mənzilli mobil hava hücumundan müdafiə sistemidir. Təkərli nəqliyyat vasitələrinə yüklənmiş bir neçə döyüş maşını da 2016-cı ildə keçirilən hərbi paradda nümayiş olundu. S-300PT/PS hava hücumundan müdafiə sistemləri, həmçinin S-125M1 və “Buk-M2” hava hücumundan müdafiə sistemləri Hərbi Hava Qüvvələrinin bir hissəsi olaraq siyahıya alınıb.[11]
2016-cı ildə Rusiya ilə “İqla-S” və “Verba” portativ zenit sistemləri də daxil olmaqla, müasir silahların böyük bir dəstinin alınması üçün bağlanmış 200 milyon dollarlıq kreditin verilməsi barədə müqavilə əldə edildi. Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığının lazımi səviyyədə saxlanmasına Rusiyanın köməyi və yerli müəssisələrdə avadanlıq və silahların təmiri, bərpası təşkil edilir. Rusiyadakı mütəxəssislərin köməyi ilə mövcud hava hücumundan müdafiə sistemləri və sistemlərinin bərpası və “kiçik” modernləşdirilməsi təşkil edilir.
2019-cu ildə Rusiya tərəfində yeni istehsal olunan “Tor-M2KM” zenit-raket kompleksləri Ermənistan ordusunun silahlanmasına daxil olub, lakin onun miqdarı açıqlanmayıb.[12] İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana 2019-cu ildə 6 “Tor-M2KM” zenit-raket kompleksinin verildiyi açıqlandı, onların 4-nü Azərbaycan ordusu müharibənin ilk 2 həftəsində məhv etdi.[13] Ermənistan hərbi rəhbərliyi Rusiya istehsalı olan digər zenit raket sistemlərinin (“Tunquska-M1”, “Pantsir-S1”, “Sosna-PA”, MD-PS) alınmasını da nəzərdən keçirir.[11]
HHM strategiyası
Ermənistanın HHM sisteminin təşkili və mövqelərdə yerləşdirilməsini analiz etdikdə onun strategiyasını aşağıdakı kimi sinifləndirmək olar:
- Daha bahalı və yüksək məhvetmə xassələrinə malik olan zenit raket sistemlərini böyük şəhərlərin və iqtisadi obyektlərin müdafiəsinə yönəltmək;
- Yüksək məhvetmə xassələrinə malik olan zenit raket sistemlərinin və hədəf kəşfiyyat stansiyaların bir qismini Azərbaycanın Ermənistanla (əsasən Qarabağla) təmas xəttinə yaxın məsafələrdə yerləşdirməklə öz hava sərhədlərini qorumaqla yanaşı, orta və yüksək hündürlüklərdə Qarabağ üzərindəki hava məkanını da nəzarətə götürmək;
- Daha mobil və ucuz başa gələn (“Osa”, “İqla”, ZSU 23-4 “Şilka”, yeni alınan “Tor”) zenit raket sistemlərini isə əsasən işğal altında olan ərazilərdə yerləşdirməklə qəfil peyda olan hədəflərin uçuşlarının qarşısını almaq.[11]
İtkilər
- 12 noyabr 2014-cü il 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mil Mi-24 helikopterinin vurulması nəticəsində 3 erməni hərbçisi məhv edilib.
- 4 dekabr 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcı döyüş təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub. Təyyarə yerli vaxtla saat 10:06-da hərbi təlim uçuşu üçün Gümri aeroportundan havaya qalxdıqdan 14 dəqiqə sonra qəzaya uğrayıb.[14] Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar. Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb.[15]
İstinadlar
- Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunları ən azı üç divizion S-300ПТ-1 malikdir Arxivləşdirilib 2012-05-14 at the Wayback Machine Defence.az
- "Ohanyan nəyə güvənir? - ARAŞDIRMA". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- Armenia Country Study Guide Volume 1 Strategic Information and Developments. Int'l Business Publications. 1 sentyabr 2013. səh. 116. ISBN 1-4387-7382-X. İstifadə tarixi: 21 dekabr 2019.
- "Россия продала Армении истребители как себе". Коммерсантъ. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- "Arxivlənmiş surət". 2019-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- Ermənitan-Rusiya arasında imzalanan Su-25 təkmilləşdirilmiş qırıcıları müqaviləsindən nə gözləmək olar?
- "Ermənistan Rusiyadan 12 qırıcı almağı planlaşdırır". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
- "World Air Forces 2017". Flightglobal Insight. 2017. 29 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2017.
- "valka.cz 2009". valka.cz. 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
- "Armenia Government EK-RA01". airfleets.net. 20 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
- Ermənistanın Hava Hücumundan Müdafiə atəş sistemi və dəf edilmə prinsipləri
- "Rusiya Ermənistana "Tor" zenit-raket kompleksləri verdi". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
- ""Rusiyanın verdiyi 6 "Tor" kompleksinin 4-nü Azərbaycan ilk 2 həftədə məhv etdi..."". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
- "Ermənistanda hərbi təyyarə qəzaya uğrayıb". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
- "Ermənistan ordusunun qeyri-döyüş şəraitində 7 hərbçisi ölüb". 2020-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.