Envayromentalizm

Enváyromentalizm (ing. Environmentalism: çevrəçilik) — bəzi Avropa ölkələrində yayılmış və çevrəmizin (ətraf mühitin) qorunması tədbirlərin möhkəmləndirilməsinə yönəlmiş ekoloji hərəkat. Bunlardan bəziləri beynəlxalq xarakter almış hərəkatlara çevirilmişdirlər.

Çevrəmiz haqqında BMT proqramı

UNEP (ing. United Nations Environment Programme) 1972 ildə BMT sistemi çərçivəsində yaradılmış proqramdır. Bu qurumun vəzifəsi bugünkü və gələcək soyların rifahı naminə çevrəmizin yaxşılaşması və qorunmasına yönəlmiş tədbirlərin tətbiq edilməsi və təşkilindən ibarətdir. Proqramın şüarı "İnkişaf naminə çevrəmiz"dir.

UNEPin baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. Onun başqa ölkələrdə də altı böyük regional ofisləri vardır. Bu qurum qlobal və regional səviyyələrdə ekologiya problemləri ilə bağlı istənilən məsələlərə baxır.

Eyni zamanda UNEP yer atmosferi, dəniz və yerüstü ekosistemlərlə bağlı çeşidli layihələr həyata keçirir. Bundan başqa bu qurum ekologiya və çevrəmizin qorunması üzrə bağlanmış beynalxaq anlaşmaların bağlanmasına qatılır, ölkələr və qeyri-hökumət qurumları ilə işbirliyi qurur, çeşidli layihələri maliyələşdirir. UNEPin fəaliyyət dairəsinə təhlükəli kimyavi maddələr, hava və suların kirlənməsi üzrə tövsiyələrin verilməsi də daxildir.

1988-ci ildə Beynalxalq meteoroloji təşkilat UNEPlə birlikdə İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökümətlərarası Qrupunu (IPCC) yaratmışdır. Eləcə də UNEP Qlobal Ekoloji Fondunun (GEF) təsisçilərindən biridir.

UNEP tərəfindən hər il "Beynalxalq çevrəmiz günü" qeyd olunur.

UNEP günəş enerjisinin inkişafı proqramlarını maliyələşdirir, günəş panelləri alanlara giymətdə güzəştlərə gedir. Bununla da onların alıcılarını həvəsləndirir. Bu proqram Hindistan, Tunis, Mərakeş, İndoneziya, Meksika kimi ölkələrdə üğurla həyata keçirilir. 2004-cü ildən başlayaraq, UNEP Yaxın Şərqdə (özəlliklə də İraqda) bataqlıqların qorunması üzrə layihəni maliyələşdirir. Çünki 2001-ci ilin göstəricilərinə görə, oradakı bataqlıqların 90% məhv edilmişdir.

Çevrəmiz üzrə Avropa agentliyi

Çevrəmiz üzrə Avropa agentliyi (EEA; European Environment Agency) Avropa məkanında çevrəmiz haqqında informasiyaların yığımı və təhlilini həyata keçirən Avropa Birliyinin təsisatıdır. Fəaliyyəti 1993-cü ildən başlanmışdır. Baş qərargahı Kopenhagen şəhərində yerləşir.

EEA aşağıdakı vəzifələri yerinə yetirir:

  1. Avropa Birliyi (AB) ölkələri ekoloji durum haqqında informasiya ilə təmin etmək; çevrəmizin durumu haqqında informasiyaların tərtib edilməsi, dəyərləndirilməsi və mübadiləsi, çevrəmixin durumu və ekoloji araşdırmaların nəticələri haqqında etibarlı informasiyaların kütləvi yayımını təmin etmək;
  2. Avropa informasiya şəbəkəsinin koordinasiyası və çevrəmizə baxışların keçirilməsi; bunların çevrəmizin beynalxalq monitorinqlərinə daxil edilməsi, onun monitorinqlərin aparılması üçün ölkələrə yardım etmək və bu məsələlər üzrə məsləhətlər vermək;
  3. Dəyən ziyanın dəyərləndirmə metodlarının və bərpa işlərinin təkmilləşdirilməsi;
  4. Beynalxalq əməkdaşlıqda iştirak etmək.

EEA-nın işində təkcə AB ölkələri deyil, həmdə bu təşkilatın ideya və fəaliyyəti ilə razılaşan və bölüşən başqa ölkələr də iştirak edə bilər. Belə olarsa onlarla özəl anlaşmalar bağlanır. AB-də EEA ilə birlikdə Avropa çevrəyə baxış və informasiya şəbəkəsi adlanan çevrənin monitorinqi sistemi fəaliyyət göstərir.

İqlimin dəyişməsi üzrə ekspertlərin hökumətlərasrası qrup (IPCC)

Günümüzdə insan fəaliyyəti elə miqyasda genişlənib ki, o qlobal iqlim kimi təbiət sistemlərinə təsir edir. Bir çox bilginlərə görə iqlimin dəyişməsinin çox ağır və qarşısıalınmaz sonucları ola bilər. buna görə də tezliklə tədbirlər görülməlidir. Başqaları isə bu təhlükənin şişirdilmiş olmasını iddia edərək, təşvişlərin əsassız olduğunu deyirlər.

Buna görə iqlim dəyişmələri o qədər aktual problemdir ki, siyasətçilərə bu barədə obyektiv bilgilərin verilməli, bu prosesin səbəbləri açıqlanmalı; onun çevrəyə, toplumlara, iqtisadiyyata təsirinin miqyası bildirilməli; qarşısının alınması imkanları bilinməlidir.

Bu səbəblər üzündən Ümumdünya meteoroloji təşkilatıBMT-nin çevrə üzrə proqramı 1988-ci ildə İqlimin dəyişməsi üzrə ekspertlərin hökumətlərasrası qrupu (Intergovernmental Panel on Climate Change, IPCC)təsis etmişdirlər. Ekspertlər qrupunun vəzifəsi bütün dünyadan alınmış iqlim dəyişmələri haqqında elmi-texniki və ictimai-iqtisadi informasiyaları hərtərəfli, obyektiv, açıq dəyərləndirilməsindədir. Bu dəyərləndirmə bütün dünyanın ekspertləri tərəfindən yazılmış texniki və praktiki ədəbiyyatın əsasında verilir. IPCC-in məruzələri bu problem üzrə siyasət üçün aktual olan baxışların balanslandırılmış baxımdan ortalığa çıxarılmasıdır. Bunu edərkən təşkilatın özü siyasətə qarışmır. Yaranan gündən IPCC bir çox yayımlar yayımlamışdır. Onlardan siyasətçilər, alimlər, tələbələr və ekspertlər istifadə edirlər.

IPCC UNEPə daxil olan ölkələr üçün açıq olan hökumətlərarası bir qurumdur. Onun ekspertləri ildə bir kərə toplantılara yığılırlar. Burada IPCC-in strukturu, prinsipləri, iş prinsipi haqqında qərarlar çıxarılır. Eləcə də bu təşkilatın sədri və idarə heyəti seçilir.

IPCC-in üç işçi qrupu vardır. Birincisi iqlim sisteminin iqlim dəyişmələrini dəyərləndirir. İkincisi iqlim dəyişmələrinə təbii və sosial iqtisadi sistemlərin məruz qalmasını dəyərləndirir, iqlim dəyişmələrinin mənfi və müsbət təsirlərini və onlara adaptasiya imkanlarını araşdırır. Üçüncüsü isə ziyanlı qazların tullanmasının qarşısını alınma imkanlarını və iqlim dəyişmələrinin yumuşalmasının başqa yollarını dəyərləndirir.

Təşkilanın maliyyələşməsini hökumətlər könüllü olaraq edirlər. IPCC-in məruzələri bir neçə cilddən ibarətdir. Orada iqlim dəyişmələri haqqında hərtərəfli elmi-texniki və ictimai-iqtisadi informasiyalar, problemdən çıxış yollarının nəzəri aspektləri vardır. IPCC-in birinci məruzələri 1990-cı, ikincisi 1995-ci, üçüncüsü isə 2001-ci illərdə dərc olunmuşdur. Orada iqlim dəyişməsi ilə bağlı narahatlıq elmi cəhətdən əsaslandırılmışdır.

"Yaşıllar" hərəkatı

Yaşıllar hərəkatı çevrəmizin dağılmasına qarşı mübarizə aparan, insanla təbiət arasında münasibətlərdə daha çox ahəngin əldə olunmasına çalışan qeyri-hökumət təşkilatların, qrupların, cərəyanların ümumiləşmiş adıdır. Yaşıl rəng təbiətin, ümidin, yeniliyin rəmzi olduğu üçün onlar onu öz simvolu etmişdirlər.

Yaşıllar hərəkatını araşdıran araşdırmaçılar onların üç cərəyana bölündüyünü iddia edirlər. Birincisi təbiəti ənənəvi (qeyri-siyasi) yollarla qoruyan mühafizəkarlardır. İkincisi çevrəni praqmatik yanaşmalarla qorumağa çalışan envayromentalistlərdir. Üçüncüsü siyasi və ictimai ekologistlərdir. Envayromentalistlər mövcud qurumların imkanlarından istifadə edir və onları dəyişdirməyə can atmırlar. Siyasi və ictimai ekologistlər isə mövcud modellərin çeşidli üsullarla dəyişməsi üçün iş görürlər. Yaşıllar hərəkatı bugünkü görkəmdə 1970-ci illərdə formalaşmışdırlar.

1950–1960-cı illərdə olan çox surətli sənaye artımı siyasi (ölkələrin güclənməsi) ya da iqtisadi (gəlirin əldə edilməsi) maraqlar üzündən baş vermişdir. İstehsal istehsal, istehlak da istehlak naminə artırdı. Bu da insan sağlamlığı üçün təhlükə törədən hava, suların və torpaqların sənaye və məişət tüllantıları ilə kirlənməsinə, bir çox təbii ehtiyatların tükənməsinə, həyatın əsası olan bioloji və təbii çeşidliliyin pozulmasına, ekoloji müvazinəti pozan proseslərin ("istixana effekti", qlobal iqlimin dəyişməsi, ozon qatının azalması, torpaqların eroziyası və s.) dərinləşməsinə gətirib çıxartmışdır.

Ekoloji problemlərin artması əhalinin, daha çox maddi imkanları az olanların narazılığına gətirib çıxartmışdır. Artıq 1960-cı illərdən başlayaraq yazıçı və publisistlər bu sahədəki problemlərin olduğunu vurğulamış, bu barədə yazılar yazmışdırlar. Elə o zaman dünyanın ABŞ, Qərbi Avropa, Yaponiya kimi inkişaf etmiş ölkələrdə ekoloji məsələlər üzrə birləşən etirazçı qruplar yaranmışdır. Onlar Nüvə Elektrik Stansiyaların, sağlamlığa ziyan vuran müəssisələrin və bu kimi başqa obyektlərin tikilməsinə etiraz edirdilər. Ancaq müəssisələrin başçıları onların etirazlarına heç bir reaksiya vermədiyindən, ekologistlər toplumda təzyiq mexanizmlərinə əl atmaq qərarına gəlmişdirlər.

Ekoloji problemlərə "Avropa təbiətin qorunması ili" kompaniyası (1970), Stokqolmda keçirilən çevrə problemləri üzrə BMT-nin konfransı (1972) kimi tədbirlər diqqəti artırmışdır. Bundan başqa bu yöndə D. Forester, D. Meddouz, Donella kimi ayrı-ayrı alimlər də işlər görmüşdürlər. Onların fikrincə, sənayeləşmənin inkişaf surəti, çevrənin kirlənməsi, ehtiyatların tükənməsi, əhalinin artımı olduğu kimi davam edərsə, bu yüz ilin ərzində yer kürəsində mümkün olan artım həddinə gətirib çıxardacaqdır. Bunun qarşısının alınması üçün ekoloji və iqtisadi stabillik üçün şərait yaradalmalıdır. Alimlərin iddiasına görə, bu proseslərin qarşısını almaq, ekoloji və iqtisadi stabillik üçün şərait yaratmaq olar. Onların fikirlərinə görə, əldə edilən qlobal müvazinət hər bir indsana maddi və mənəvi ehtiyaclarını təmin etməlidir. Bu alimlər bu yöndə çıxış yollunu istehsalla istehlakın artımından imtina etməkdə, ekoloji baxımdan təmiz texnologiyalara keçməkdə görürdülər.

Ekoloji hərəkat inkişaf etdikcə, onun sıralarına çoxlu "yeni solçular" daxil olmuşdurlar. Onlar 1960–70-ci illərin dövlət bürokratiyasına, monopoliyalara, istehlakçılığa qarşı etiraz edən gənclər idilər. Ekologistlərin ideyaları onlara yaxın idi. Bir çox hallarda "yeni solçular" ekoloji qrupların və təşəbbüslərin yaradıcıları olmuşdurlar. Solçu düşünürlər ekoloji hərəkatların içində olarkən kiçik və orta istehsalat şəbəkəsinin yaradılması ideyası ilə çıxış edirdilər. Onlar istehsalçı və emalatçıların icmaları şəklində fəaliyyət göstərməli, özlərinin və əhalinin ehtiyaclarını ödəməli idilər.

Yaşılların yaranmasına və yayılmasına birbaşa təkan verən amil nüvə silahı və energetikası faktoru olmuşdur. Bilindiyi kimi, 1960-cı illərdə iqtisadi inkişaf atom energetikasının tətbiq olunması ilə müşayiət olunurdu. Nüvə energetikasına maraq 1973–1974-cü illərin neft böhranı zamanı daha da artmışdır. Bu sahə dövlət və hərbi əhəmiyyətli olduğuna görə ona yaxın düşmək olmurdu. Bu da sosial cəhətdən aktiv adamları buna qarşı çıxış etməyə sövq edirdi. O vaxtlat "Aktiv olmaq radioaktiv olmaqdan yaxşıdır" şüarı ortalığa atılmışdır.

Hakimiyyətlərlə qarşıdurmalar onları yerli miqyasdan çıxarmış, regional və milli səviyyələrdə çevrənin qorunması üzrə ekoloji birliklər yaranmağa başlamışdır. O zaman bu hərəkatın dünyagörüşü də formalaşmışdır. Bir çox hallarda ekoloji hərəkatlar uğur qazana bilməmişdirlər. Ancaq, buna baxmayaraq, etirazlar çoxalmışdır. Onminlər və yüzminlərlə adam Yaponiyada (1970-ci illərin sonu), Almaniyada (1980-ci illərin əvvəlləri), Fransa və İspaniyada (1990-cı illərdə) böyük nəqliyyat obyektlərinə qarşı nümayişlər keçirilmişdir. Ekologistlərin nüvə və nəqliyyat problemlərinə toxunması, onları həmdə antihərbi və antimilitarist hərəkata çevirmişdir. Onlar 1980-ci illərdə ABŞ, İngiltərədə, Almaniyada, Hollandiyada, Belçikada hərbi raketlərin yerləşdirilməsinə qarşı etiraz aksiyaları keçirmişdirlər.

Eyni zamanda 1970–1980-ci illərdə ekoloji hərəkatların "alternativ həyat tərzi"nin tərəfdarları ilə yaxınlaşması prosesi gedirdi. Onlar boşalmış yaşayış yerlərində yerləşib, orada öz toplumlarını (kommunalarını), özlərini idarə edən birliklərini, istehsalat kooperativlərini yaradırdılar. Bu kimi toplumlar arasında ekologistlərin ideyaları ilə üst-üstə düşən çevrə ilə harmoniyada yaşamaq, təmiz texnologiyaları istifadə etmək kimi ideyaları formalaşmışdır.

"Yaşıl" partiyalar

Öncə yaşılların çoxu hakimiyyətin strukturlarına etibar etmirdilər, onlara təzjiq obyekti kimi baxırdılar. Onlara elə gəlirdi ki, belə mövqe onlara xalq arasında daha çox populyarlıq gətirəcək. Ancaq sonra bu təşkilatlar çoxlu problemlərlə üzləşib, onları çözə bilməmişdirlər. Başqa tərəfdən yaşıllar çeşidli siyasi güclərdən də bir xeyir görmürdülər. Buna görə də onlar öz siyasi təşkilatlarını yaratmağa başladılar. Onların vasitəsi ilə də öz hərəkatlarına dəstək almaq istəmişdirlər.

Yeni yaranan siyasi qruplara çeşidli sağçı və solçu siyasətçilər qoşuldular. Onlar ekoloji şüarlarla özlərinə siyasi karyera qazanmaq istəmişdirlər. Beləliklə "yaşıl" partiyalar ortalığa çıxdılar. Onların ilki 1973-ildə ABŞ-də yaranmışdır. 1970-ci illərin sonunda isə belə partiyalar Almaniya, Belçika, Fransa, Hollandiya, İsveçrə, başqa Avropa ölkələrində, eləcə də Avstraliya, Yeni Zelandiya Kanada və başqa dünya ölkələrində yaranmışdır.

Bu partiyalar seçkilərdə uğur qazana bilmişdirlər. Onlar İtaliyada (1976), İsveçrədə (1979), Belçkada (1981), Qərbi Almaniya və Portuqaliyada (1983), Lyuksemburq və Avstraliyada (1984), Avstriya, İspaniya və Hollandiyada (1986), Finlandiya və Norveçdə (1987), İsveçdə (1988), Yunanıstan və İrlandiyada (1989), Yeni Zelandiyada (1993), Danimarkada (1994), Fransa və Kanadada (1997), İslandiya və Yaponiyada (1999) öz nümayəndələrini parlamentlərə keçirdə bilmişdirlər. Kommunist blokunun dağılmasından sonra yaşıllar partiyaları keçmiş SSRİ ölkələri və Şərqi Avropada da yaranmışdırlar.

Eyni zamanda yaşılların beynalxalq siyasi birliyi formalaşmağa başlamışdır. 1979-cu ildə keçirilmiş Avropa Parlamentinə seçkilərdən sonra Ekoloji və radikal partiyaların Avropa koordinasiyası təsis edilmişdir. 1983–1984-cü illərdə isə o Avropa yaşıllarının koordinasiyası adlanmışdır. 1993-cü ildə isə Yaşıllar partiyaların Avropa federasiyası yaranmışdır. Bu quruma Qərbi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ-də yaranan "yaşıllar" girmişdir.

Yaşılların milli partiyalarının öz yaranma tarixləri və bir çox hallarda onların beynalxalq ekoloji hərəkatlarla ziddiyətl münasibətləri olmuşdur. Onların arasında solçu sosialistlərdən mühafizəkarlara qədər bir çox güclər olmuşdur. Ümumiyyətlə yaşılların siyasi qanadında üç əsəs güclər olmuşdur. Bunlar "təməlçilər", "ekososialistlər""real siyasət" tərəfdarları idilər. Təməlçilər ekoloji prinsiplərin "təmizliyini" qorumuşdurlar. Onların fikrinccə "təbiət güzəştləri sevmir". Envayromentalistlər kimi, təməlçilər ictimai quruluşun deyil, çevrənin problemlərinə yönəlmişdirlər.

Ekososialistlərin arasında çoxlu keçmiş "yeni solçular" olmuşdurlar. Onlar kapitalizmə qarşı, çıxış edirdilər, Sovet tipli "real sosializm" ideyaları ilə çıxış edirdilər, əsl demokratiya özünü idarəetmə, insanların və onların təbiətlə harmoniyasının yaranması tərəfdarları idilər.

"Real siyatçilər" isə əsasən sosial-demokrat və sosial-liberal ideyalarının tərəfdarları idilər. Onlar mövcud bazar iqtisadiyyatı çərçivəsində ekoloji islahatların keçirilməsini istəmişdirlər.

Çeşidli partiyalar içində güvvələr münasibətləri fərqli idi. Öncə ekoloji, antihərbi, alternativ qruplar tələblər irəli sürmüşdürlər. Onlar ümumi və geniş xarakter daşıyırdılar. Sonra isə onlar proqramlarını təkmilləşdirmiş, dəqiqləşdirmişdirlər. Bir qayda olaraq, onlar nüvə energetikanın ləğv edilməsini, eləcə də çevrənin qorunmasına yönəlmiş tətbirlərin görülməsini, demokratik və vətəndaş hüquqların təmin edilməsini, mövcud siyasi institutların demokratikləşdirilməsini, alternativ iqtisadiyyatın tətbiq edilməsini, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiq edilməsini, sülh və tərkisilah siyasətinin yeridilməsini tələb edirdilər.

Ancaq sonra parlamentlərdəki fəaliyyət yaşılları mümkün olan siyasət aparmağa məcbur etdi. Buna görə də ekoloji partiyalarda "real siyasət" tərəfdarları qalib gəldilər. Oncə yaşıllar yeni bir güc, partiyasız hərəkat kimi fəaliyyət göstərirdilərsə, sonra başqaları kimi siyasətə qatıldılar.

Daha sonra yaşılların siyasi qanadı bəsi ölkələrin hökumətlərinə daxil oldular: Fransada (1992–1993, 1997–2002), Finlandiyada (1995–2002), İtaliyada (1996–2001), Almaniyada (1998-ci ildən sonra), Belçikada (1999-cu ildən sonra). Bir çox hallarda bunu sosial-demokratlarla və başqa solçularla ittifaqda etmişdirlər.

Yaşılların hakimiyyətdə olma təcrübələri çox ziddiyətli olmuşdur. Onlar çox yüksək vəzifələr tutmuş və dairələrə çıxmışdırlar. Ancaq bu uğurlar onları bir çox ideyalarından və hərəkatlərının prinsiplərindən yayındırmışdır. Örnək üçün, onlar heç yerdə atom enerjisindən istifadə edilməsinə son qoya bilməmişdirlər, NATO kimi hərbi bloklara qarşı dözümlü davranırlar, hətta xarici ölkələrdə hərbi əməliyyatların aparılmasını dəstəkləyirlər.

"Qrinpis" təşkilatı

1971-ci ildə Kanadanın Vankuver şəhərində Devid Maktaqqrt "Qrinpis" (ing. qreenpeace — yaşıl dünya) adlanan beynalxalq ictimai təbiətiqoruma təşkilatı yaratmışdır. "Qrinpisin" əsas məqsədi toplumun və hakimiyyətlərin diqqətini cəlb etməklə qlobal ekoloji problemlərin çözülməsindədir. Təşkilatın maliyələşməsi yalnız ona rəğbət bəsləyən adamlardan tərərindən edilir. "Qrinpis" prinsipial olaraq dövlətlərdən, biznes strukturlarından, siyasi partiyalardan pul və dəstək almır.

"Qrinpis" kütləvi informasiya vasitələrinin diqqətini ekoloji problemlərə yönəltmək məqsədi ilə gurultulu aksiyalar geçirir. Açıq aksiyalar göstərmək təşkilatın məqsədidir. Bununla onların fəalları ekoloji cinayətlər törədilən yerlərə gedib, oradan insanlara müstəqil və doğru informasiya verirlər.

1960-cı illərdə ABD hakimiyyəti Alyaskada zəlzələlər təhlükəsi olan yerlərdə nüvə partlayışları keçirmək qərarına gəlmişdir. Bu da ictimaiyyətinn narahatlığına səbəb olmuşdur, çünki zəlzələlər və sunami təhlükəsi var idi. Partlayışlara qarşı olanlar ABŞKanada sərhədində etiraz aksiyaları keçirtmişdirlər. Ancaq bu etirazlar bir nəticə verməmiş, nüvə partlayışları edilmişdir. Bu partlayışlardan sonra nə zəlzələ, nə də sunami olmadı.

Bundan sonra ABŞ hökuməti daha bir nüvə partlayışı keçirtmək qərarına gəldi. Bu dəfə nüvə başlığı öncəkindən 5 dəfə güclü idi. Bu da yeni etiraz dalğasına gətirib çıxartmışdır.

Beləliklə 1970-ci ildə Vankuverdə etirazçılar xeyriyyə konserti keçirdilər. Burada da Qrinpisin ilk aksiyaları üçün maddi baza yaradılmışdır.

Qrinpis fəalları netf məhzullarından istifadəyə qarşı çıxış edirlər, çünki bunun nəticəsində atmosferə çoxlu ziyanlı tullantıları çıxır. Təşkilatın radikal üzvləri nefti nəql edən gəmilərə və başqa nəqliyyat basitələrə keçmək cəhdləri edib orada etirazlarını sərgiləmək istəyirlər.

Qrinpisçilərin ən böyük qələbələrindən biri 1995-ci ildə İngiltərənin Shell şirkəti tərəfindən "Brent Spar" neft platformasını dənizdə batırmaq cəhdinin qarşısını almaq kompaniyası olmuşdur. Orada çoxlu ziyanlı maddələr olmuşdur. Bir neçə Qrinpis fəalları bu platformaya girə bilmiş, özlərini ona zəncirlə bağlamışdırlar. Bu xəbər KİV-lərdə yayılmasından sonra etirazlar başlamış və SHELL şirkətinə qarşı boykot kompaniyası başlanmışdır. Bundan sonra bu şirkət öz planlarından imtina etməli olmuşdu. Əvəzində onlar platformanı sahilə çıxardıb, orada onu hissələrə bölərək məhv etmişdirlər.

Yeni çağımızda envayromentalistlərin fəaliyyəti

Bugünkü dünya ekoloji hərəkatlarının çoxlu qolları vardır. 1970–1980-ci illərdə olan kütləvi vətəndaş aktivliyi iqtisadi və sosial problemlər üzündən sonrakı illərdə zəyifləmişdir. Buna baxmayaraq, günümüzdə də çox fəal qruplar, birliklər, qeyri-hökumət təşkilatları və asosiasiyaları çeşidli yönümlərdə çevrəmizin problemləri ilə məşğul olurlar. Bu hərəkatların aktuallığı Çernobıl NES-da olan qəzadan (1986) sonra təsdiqlənmişdir.

Günümüzdə yaşılların aktivliyi davam etməkdədir. Onların bəzi aksiyaları keçici və müvəqqəti xarakterli olur. Onlar hansısa bir təbiətə ziyan vuran obyektə ya da proqrama qarşı çıxış edirlər. Bəzən onların bağlanmasına nail olurlar, bəzən isə yox. Bundan sonra aksiyalar bu sahədə keçirilmir. Başqa hallarda isə etirazlar illərlə sürdürülür.

Örnək üçün, 1980-ci illərdən bəri Almaniyanın Horleben bölgəsindəki nüvə tullantılarının ətrafında qarşıdirmalar uzun müddət davam etmişdir. Ora nüvə tullantıları ilə dolu yeni nəqliyyat karvanları gələn kimi onminlərlə insan onların qarşısını almağa cəhd edirlər: ekoloji qurumlar orada nümayişlər, yürüşlər keçirirlər, fəallar öz bədənləri ilə avtomobil və dəmiryolları bağlayırlar. Hər zaman da polislə qarşıdurmalar oludu. Onların məqsədi bu obyektə, ona gələn yollara ziyan vurmaq, ora tullantıların gətirilməsini çox baha başa gələn etmək idi. Belə olardısa, hökumət bu obyektə yeni yüklərin gətirilməsini baha olduğuna görə dayandıra bilərdi.

Zamanımızda envayromentalist yönümlü "Qrinpis" kimi qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər. Onların mübarizə üsulları çeşidlidir: hökumətlərin lobbiçilik vasitəsilə özlərinə sərf edən qərarların alınmasından birbaşa aksiyalara qədər.

Bir çox ekologistlər "yaşıllar" partiyaların siyasətlərinin nəticələrindən məyus olmuşdurlar. Buna görə onlar insan toplumu ilə təbiət arasındakı münasibətlər məsələsində yeni yollara və üsullara əl atırlar. Bu yolda onlar yeni ideyalarla da çıxış edirlər. Məsələn, "ekoanarxistlər" cərəyanı formalaşmışdır. Onların ideoloqları amerikalı M. BukçinC. Bil'dir. Onların ideyalarına görə, çağdaş industrial toplumlara son qoyulmalı, təmiz texnologiyalarla yaşayan və özlərini idarə edən şəhər komunnaları yaradılmalıdır. Onlar beynalxalq şəbəkə yaratmış və bir sıra forumlar keçirə bilmişdirlər. Bir çox ölkələrdə bu qurumun "solçu yaşıllar" ya da "demokratik alternativ" adlanan təşkilatları yaranmışdır.

Yaşılların başqa qrupları "dərin ekologiya" adlanan konsepsiya irəli sürmüşdürlər. Bu konsepsiyaya görə çağdaş sivilizasiyaya son qoyulmalıdır. Onların fikrincə, planetar ekosistemdə insan yalnız canlılardan biridir. Buna görə onun dünyada özəl və ən uca varlıq olması inancına (antroposentrizmə) son qoyulmalıdır. "Dərin ekologistlərin" bəziləri cəmiyyəti bioloji qanunlara tabe etmək ideyası ilə çıxış edirlər. Başqaları isə iptidai icma quruluysuşuna, sivilizasiyalar öncəsi dönəmlərə qayıtmağa çağırırlar.

Mənbə

Həmdə bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.