Entamoeba
Entamoeba (lat. - Entamoeba) — ibtidailərin amöbozoylar tipinin fəsiləsidir.
Entamoeba | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Tip: Amoebozoa Yarımtip: Conosa İnfratip: Archamoebae Fəsilə: Entamoebidae Cins: Entamoeba |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ümumi xarakterik əlamətləri
Bədənin forması girdədir. Diametri 20 mkm-dan artıq olmur. Psevdopodiyaları enli və qısadır. Əksər növlərdə ekto və endo plazma arasında dəqiq sərhəd yoxdur. Nüvəsi iridir, ekssentrik yerləşmişdir. Entamoeba moschkovskii Ishalsia-dan başqa bütün cinslərin nümayəndələri obliqat parazitlərdir. Entamoeba moschkovskii arx sularında aşkar edilmişdir. İndiyə qədər bu növün sahibi tapılmayıb. 9-29 mkm diametrində ilbizşəkilli amöblərdir. Yetkin sistalar 4 nüvəli, ölçüsü isə 6,9-15,3 mkm-dir. İngiltərə və Rusiyanın çirkab sularında yayılmışdır. Azərbaycanda tapılmamışdır. Entamoebiade fəsiləsinin parazit amöbləri sahibin bağırsağında külli miqdarda mövcud olan bakteriya və üzvi hissəciklərlə qidalanırlar.[2]
Həyat tərzi
Parazit həyat tərzi keçirməklə bağlı olaraq bir çox növlərdə hüceyrə orqanoidləri zəif inkişaf etmiş, ya da heç yoxdur. Amöblər sista mərhələsində qida ilə birlikdə sahibin orqanizminə düşürlər. Bir mərhələdə bir çox amöblərin nüvəsi bir neçə dəfə bölünür. Bu zaman sitoplazmanın bölünməsi baş vermir. Bir çox amöblərin sistalarında nüvələrin miqdarı sabit olur ki, bu əlamət ondan diaqnostik məqsədlə istifadə etməyə imkan verir. [3]
Entamoebidae fəsiləsinə 4 cins daxildir:
- Entamoeba
- Lodamoeba
- Endamoeba
- Endolimax
Parazit-sahib münasibətləri
Parazit amöblərin sahibləri (qamçılılar, şirinsu hidraları, halqalı qurdlar, buğumayaqlılar və b.) onurğalılar (amfibilər, reptililət, quşlar və məməlilər), insanlardır. Məsələn, Entamoebidae fəsiləsindən olan bütöv bir sıra parazit amöblər həlqəli qurdlar və buğumayaqlılar üçün təsvir edilmişdir (Entamoeba apis).
Quyruqsuz amfibilərdə Entamoeba ranarum Grassi çox tez-tez aşkar edilir. Bəzən sahiblərində kəskin patoloji proseslər doğuran Entamoeba invandes Grassi tısbağa və ilanların bağırsağından tapılmışdır. Bu növdən fizioloji tədqiqatlarda, həmçinin parazit qurdların törətdiyi xəstəliklər zamanı patogenezin mexanizminin öyrənilməsində bir model obyekti kimi geniş istifadə olunur. Amöblərlə ən az yoluxan heyvanlar – quşlardır. Yalnız bir neçə toyuq növlərində Entamoeba gallinarum Tyzzer və ördəklərdə Ent. Anatus Fantham tapılmışdır.
Amöblər məməlilər arasında nisbətən geniş yayılmışdır. Amöblərin bir çox növləri dar uyğunlaşmaya malikdir və məhdud sayda sahibləri vardır. Məməlilərin parazitləri arasında ən yaxşı öyrənilənləri -iri və xırdabuynuzlu mal-qarada, donuzlarda, itlərdə və s. parazitlik edən amöblərdir. Trofozoitləri donuzların bağırsağının divarını zədələyən Entamoeba suis Hartmann praktik əhəmiyyətə malikdir. Kənd təsərrüfatı və başqa heyvanların amöbləri Azərbaycanda çox zəif öyrənilmişdir.
İnsanda 7 növ amöb parazitlik edir. Onların hamısı həzm sistemi ilə bağlıdır və bu systemin müxtəlif şöbələrində məskunlaşırlar. Entamoeba histolytica Zech çox ciddi xəstəlik olan amöb dizenteriyası və ya amöbiaz törədir. Entamoeba histolytica Schaudinn ilk dəfə F.Leş tərəfindən (1875) Arxangelsk quberniyasından olan bir xəstədən təsvir olunmuşdur. Amöb dizenteriyası çox ciddi və təhlükəli xəstəlikdir, daha çox isti iqlimli rayonlara aiddir. Bu xəstəlik şiddətli, bol qanaxmalar, selik ifrazı, qarın nahiyəsində kəskin ağrılarla müşayiət olunur. Azərbaycanda bu amöb insanda ilk dəfə P.D.Zdrodovski tərəfindən 1929-cu ildə, müayinə edilənlərin 32,3%-də aşkar edilmişdir. Kütləvi tədbirlərin keçirilməsindən sonra 1941-ci ildə xəstəliyə yoluxma halları xeyli azalmışdır [4].
Qalan amöb növləri patogen deyildirlər və onların bədəndə olması, görünür, sahib üçün əhəmiyyət daşımır. Patogen olmayan bağırsaq amöblərindən Entamoeba coli Loch, Ent. Hartamnni Prowasek, Iodamoeba butschlii Dobeii, Endolimax nana Wenyon et O’Connor insan orqanizmində daha geniş yayılmışdır. Bütün bu növlər Azərbaycanda qeydə alınmışdır (Popov, 1951). Bundan başqa, Azərbaycanda insan damağında bir amöb növü – Entamoeba gingivalis Gross qeyd olunmuşdur [5].
208 nəfərin müayinəsi zamanı ağız boşluğu (damaq) xəstəlikləri olmayan 58 nəfərdə (25,4%), diş və damaq xəstəlikləri olanların isə 70%-ində bu amöb aşkar edilmişdir. Parodontozlu xəstələrdə bütün hallarda ağız amöbü aşkar edilir.
İstinadlar
- Nomenclature I. C. O. Z. Opinion 312. Validation, under the Plenary Powers, of the name Amoeba coli as from Grassi, 1879, to be the name for the large non-dysenteric amoeba of Man and the designation of that species to be the type species of the genus Entamoeba Casagrandi & Barbagallo, 1895, and designation under the same powers of the name Entamoeba histolytica Schaudinn, 1903, to be the name for the dysenteric amoe.... // Opinions and declarations rendered by the International Commission on Zoological Nomenclature London: 1954. C. 9, burax. 1. S. 1–60.
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
- Popov, 1951
- Musayev, 1969
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.