Emmi mükafatı
Emmi mükafatı və ya sadəcə Emmi — Amerikada televiziya sahəsində təqdim edilən mükafat. Emmi Oskar (kino sahəsində) Qremmi (musiqi sahəsində) və Toni (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.
Emmi mükafatı | |
---|---|
Emmy | |
Ümumi məlumatlar | |
Təsis olunub | 1949 |
Mükafatlar | |
Sonuncu qalib | 2012 |
emmys.tv | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Emmi mükafatlarını amerika televiziya sənayesinin müxtəlif sektorları təqdim edir və mükafatların təqdimetmə mərasimləri hər il keçirilir, lakin hər sahə üzrə müxtəlif aylarda verilir. Onların arasında ən məşhurları, mətbuatda geniş işıqlandırılan və nüfuzlu hesab edilən "Emmi" mükafatları Praymtaym və Gündüz mükafatlarıdır.
Mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir, lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmi" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmi" mükafatından fərqləndirmək məqsədi ilə adı dəyişdirilərək praymtaym "Emmi" mükafatı adlandırılıb.
Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika milli televiziya akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq televiziya akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.
İlk heykəlcik 1949-cu ildə yanvarın 25-də Hollivudun idman klubunda təqdim edilib, lakin mükafat yalnız Los-Ancelesdə yayımlanan proqramları əhatə edirdi. "Emmi" adı "immy" sözündən əmələ gəlib. Belə ki, ilk televiziya kameralarında katod borusu belə adlanırdı yəni "immy". Qadın heykəlciyin əlində saxladığı atom televiziyanı bir elm kimi simvolizə edir, lakin onun kürəyindəki qanadlar isə televiziyanı incəsənət kimi xarakterizə edir. 1950-ci ildə "Emmi" milli status əldə edərək ölkə boyunca bütün layihələri əhatə etdi.
Əvvəlcə yalnız bir "Emmi" mövcud idi, hansı ki, hər il yeni televiziya mövsümünə start verilməzdən əvvəl təqdim edilirdi. Hər şey 1974-cü ildən dəyişdi. Çünki həmin ildən etibarən ən yaxşı gündüz proqramları üzrə "Emminin Gündüz mükafatı" təsis edildi. Bundan sonra "Emmi" mükafatlar seriyasının ümumi adına çevrildi. Ən yaxşı praymtaym seriallar və şəxslərə təqdim edilən mükafatlar isə "Praymtaym Emmi mükafatı" adlandırılmağa başladı. Bundan başqa, ötən əsrin 70-ci illərinin əvvəllərində " Beynəlxalq Emmi mükafatı" təsis edildi. Hansının ki, yaradılmasında əsas məqsəd akademiklərin fikrincə ən yaxşı televiziya proqramlarına dəstək olub.
Əlində atom saxlayan qanadlı qadın, yəni "Emmi" heykəlciyini, televiziya mühəndisi Lui Makmanus hazırlayıb. Model kimi isə o, öz xanımının obrazından istifadə edib. Televiziya akademiyası 1948-ci ildə Lui Makmanusun təklif etdiyi dizaynın üzərində dayanmazdan əvvəl, ümumilikdə qırx yeddi təklifi rədd edib.
Mis, nikel, gümüş və qızıl ərintisindən hazırlanan hər bir heykəlciyin çəkisi 3,08 kiloqram, hündürlüyü isə 39 santimetrdir. "Emmi" regional mükafat heykəlciklərinin hündürlüyü isə 29 santimetrdir. "Emmi" heykəlciklərini, "Oskar" və "Qızıl Qlobus" mükafatlarını hazırlayan Nyu-Yorkda yerləşən şirkət hazırlayır. Mükafatın sahibləri heykəlciklərin təsvirinə ciddi tələblər irəli sürür. Belə ki, heykəlciyi yalnız sol tərəfdən təsvir etmək olar.