Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru.
Emil Axundov | |
---|---|
Axundov Emil Əhməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | Texnika elmləri namizədi |
Təhsili |
Həyatı
Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb.[1]
1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib. Bu dövrdə fəal elmi iş aparıb, Ümumittifaq konfranslarında məruzələrlə iştirak edib, ixtiraçılıq fəaliyyəti üzrə seminarlar keçirib, 25-dən çox elmi məqalə dərc etdirib.
1982-ci ildə E.Axundov Moskvada “Vladimir İliç Zavodu” Moskva Elektromexanika Birliyinin Xüsusi Konstruktor Bürosunun (MPO ZVİ) baş layihə konstruktoru vəzifəsinə təyin olunub, 1991-ci ilədək burada çalışıb. Birlikdə işlədiyi dövrdə MPO ZVİ-nin Elmi-texniki mərkəzinin baş texnoloqu, baş konstruktorun müavini, rəis müavini vəzifələrində işləyib.
E.Axundovun rəhbərliyi ilə MPO ZVİ-nin yenidən qurulması layihəsi hazırlanıb ki, buna əsasən ekoloji normalara uyğun olmayan zərərli istehsal, çuquntökmə, elektrik qaynaq və qalvanik sexləri Moskvadan kənara çıxarılıb. Yeni kütləvi tələbat məmulatları - Fransanın “Tomson” şirkətinin məişət elektrik pilətələri və xüsusi istehsal olan paltaryuyan maşınlar mənimsənilib. Bu məmulatların buraxılışı Fransa, İtaliya, Almaniya və Yuqoslaviya şirkətlərinin ekologiyanın tələblərinə tam uyğun olan avtomatik xətləri üzrə qurulub. Moskvanın yeni binaları indiyədək ZVİ məişət elektrik qızdırıcıları ilə komplektləşdirilir.
“Yenidənqurma”nın sənayeyə ayaq açması ilə istehsalın iqtisadi istiqamətləri kəskin dəyişilib. Ali məktəbdə tədris edilən hərtərəfli biliklər yada düşüb. 1991-1994-cü illərdə E.Axundov İ.Lixaçyev adına Moskva Avtomobil Zavodunun bazasında təşkil olunmuş “ZiL & Ştal” Rusiya-Almaniya birgə müəssisəsinin istehsal üzrə direktoru işləyib. Burada Minsk Soyuducular Zavodu və MDB-nin digər müəssisələri üçün anbar avtomatlaşdırılmış kompleksləri hazırlanırdı. Daha sonra Avstraliyanın “Goldvar International pty Ltd.” şirkətinin nümayəndəliyində fəaliyyət göstərib.
E.Axundov 1995-ci ildən indiyədək “Daşınmalarda yeni texnologiyalar” Elm-istehsalat şirkətinin texniki direktoru işləyir.
1998-ci ildə E.Axundov unikal işə - 14 ton yükgötürmə qabiliyyətinə zəmanət verilən, çoxdəfəli tətbiq olunan yumşaq ağır yük daşıyan konteynerin işlənilməsinə görə Rusiya Federasiyasının patentini alıb. Konteynerin konstruksiyasına görə sonralar Rusiyanın daha iki patentini əldə edib. Bu konteynerin dünyada analoqu yoxdur. O, Almaniya və Ukraynada patentləşdirilib, digər ölkələrdə isə patentlər baxılma mərhələsindədir. Ağır yük daşıyan yumşaq konteynerlər şirkətdə təkbaşına istehsal olunur. Bu konteynerlər vasitəsilə beynəlxalq marşrutlar üzrə dəniz və çay gəmilərində, dəmir yolu və avtomobil nəqliyyatı ilə “Russkiy alyuminiy”, “Norilskiy nikel” və başqa dağ-metallurgiya şirkətləri üçün 1 milyon tondan çox tökülmə yük daşınıb. Ağır yük daşıyan yumşaq konteynerlər “Lloyd’s Register” tərəfindən sertifikatlaşdırılıb və yüklərin geniş diapazonda - həm ərzaq məhsullarının, həm də təhlükəli yüklərin daşınmasına icazə verilib. Konteynerlərin istifadəsinin temperatur diapazonu +60 dərəcədən –50 dərəcəyədək dəyişir.
E.Axundov beynəlxalq təşkilatlarda yumşaq ağır yük daşıyan konteynerin irəliləməsi üzrə böyük məqsədyönlü iş aparır. Bu konteynerin beynəlxalq multimodal nəqliyyat sxemlərində kommersiya dövriyyəsinə daxil edilməsi ətraf mühitin çirklənməsinin aradan qaldırılmasına imkan verəcək, böyük həcmdə tökülmə yüklərin daşınmasını ucuzlaşdıracaq, insan ekologiyasının tələblərinə uyğun olaraq nəqliyyatçıların işini sabitləşdirəcək. Belə ki, Rostexrequlirovaniyanın 246 “Konteyner” Texniki Komitəsinin üzvü olan E.Axundov ISO beynəlxalq standartlarının tələblərinə uyğun konteynerlərin yeni Dövlət standartlarının hazırlanmasına təşəbbüs göstərir və bu işdə iştirak edir.
O, təhlükəli yüklər və konteynerlər üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür. Bu qurumun illik konfranslarında quru, hava və su vasitəsilə nəqliyyatın bütün növlərində təhlükəli yüklərin daşınmasının beynəlxalq qaydalarının harmonizasiyası üzrə təkliflər verilir və müzakirə olunur.
E.Axundov ağır yük daşıyan konteynerin istismar xarakteristikalarının tədqiqatlarını aparır, konteynerlərin modifikasiyasının resurslarını müəyyənləşdirir, onların istehsalında yeni müasir materialların seçimini həyata keçirir, araşdırmaların nəticələrinin beynəlxalq mətbuatda, o cümlədən “Dangerous goods & containers” jurnalında dərc olunmasında iştirak edir.
E.Axundov Rusiya nümayəndə heyətinin tərkibinə daxil edilib və 2009-cu ildə Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertlərinin təhlükəli yüklərin daşınması üzrə Alt Komitəsinin 35-ci sessiyasında məruzə ilə çıxış edib.
İstinadlar
- Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.