Eme de Riveri

Eme de Riveri(Aimée Du Buc de Rivéry; d. 4 dekabr 1776, La Rober, Martinka) — Fransalı plantatorun qızı, Jozefina Boharnenin uzaq qohumu.

Həyatı

O, 4 dekabr 1776-cı ildə Dominika adasında, Latın Amerikasındakı Fransa kaloniyalarının birində doğuldu. Əlbəttə ki, söhbət Eme de Riveridən gedir və özü də gələcəkdə "Baş xanım əfəndi" olacaq Emenin atası varlı-hallı bir insan, xeyli sayda qul sahibi olan plantator idi.

Emeni digər doğulan qız uşaqlarından fərqləndirən əsas cəhət onun az qala qızılı xatırladan saçlarıydı və bu diri möcüzəni görənlər heç cürə inanmaq istəmirdilər ki, bu qızılı tel dənələri qız uşağının başında bitən adi saçlardı, qızıl-zad deyil. Emenin hansısa qeyri-adu cəhətləri yoxuydu və təbii ki, onun gələcəyi də az qala müəyyənləşdirilmiş şəkildə görünürdü. Yəni ən aşağısı o, təhsil alacaqdı və sonra günlərin bir günü varlı bir plantator oğluna, yaxud da bir markizə ərə gedəcəkdi. Əslində elə belə də olmalıydı, amma… Bir dəfə rəfiqəsi, həm də əmisi qızı Jozefina Taşe ilə Eme fallarına baxdırmaq qərarına gəlirlər və adı dillər əzbəri olan baxıcı Kare qarının yanına yollanırlar. Qarı onları görən ilk andaca özünü itirmiş vəziyyətə düşür və onların falına baxmaqdan imtina edir. Qızların hay-küyündən və yalvarışlarından sonra falçı qarı onların falına baxır və gələcəkdə onların hər ikisinin imperator xanımı olacaqlarını söyləyir. Falçı Kare bəri başdan bildirir ki, onların biri Qərbdə, biri isə Şərqdə bu ada sahiblənəcəklər və onların indiki yersiz gülüşləri isə gərək deyil.

Eme və Jozefina isə belə hesab edirlər ki, bu falçı qarı yəqin yanına gələn bütün qızları bu cür sözlərlə yola salır və indi onun dilindən eşitdikləri isə sadəcə olaraq aldadıcı, boş sözlərdi. Amma Kare qarı heç kimi aldatmırdı və onsuz da artıq göylər qərarını vermişdi, necə deyərlər, bu "yazıya da pozu" olmayacaqdı… Eme 10 yaşına çatanda Fransaya — qadın pansionuna yola salınır. Dominikonun Nant şəhərindəki bu monastrda yalnız əsilzadə ailələrdən çıxmış xanımcığazlar təhsil almaq səlahiyyətinə malik idilər. Burada gələcəkdə ciddi səlahiyyətlərə malik, eyni zamanda cəmiyyət arasında nüfuz sahibi olacaq şəxslərin xanımları nəyi bilməliydilərsə, həmin tərzdə tədris üsulu seçilərək tətbiq olunurdu. Oxumaq, yazmaq bacarığı və riyazi biliklər (!), mətbəx, rəqs etmək, lazım gələrsə, ifaçılıq qabiliyyətini göstərmək Nant şəhərindəki qadınlar monastrındakı bu pansionda ciddi şəkildə tədris edilirdi və buradakı nizam-intizamı heç kim poza bilməzdi. Əlbəttə ki, burada "İncil"i — müqəddəs "Bibliya"nı da öyrənmək, onun qanunlarına əməl etmək mütləqlik əmsalı daşıyırdı. Əxlaqi məsələlərə əməl etməmək isə burada sadəcə mümkün deyildi. Əlbəttə ki, burada yaşamaq hüququ əldə etmiş kiçik xanımlar müəyyən həddə qədər burada hökm sürən qanunlara əməl edirdilər, ancaq fürsət düşəndə "əxlaqsız" Volteri də oxumaqdan imtina etmirdilər, hər halda Eme üçün burada günlər pis keçmirdi desək, daha doğru olar. Hər şey sanki yaxşı görünürdü və hər halda, 1784-cü ilin iyun ayında Fransanı tərk edərək gəmiyə oturan 20 yaşlı Eme de Riveri də məhz belə fikirləşirdi ki, artıq onun həyatının axarını dəyişəcək ciddi nəsə baş verə bilməz. Bir xəyalınıza gətirin: — günəşli iyun günü, mavi sular, briz küləyi altında yellənən dəniz və tələsmədən "yoluyla" gedən gəmi… Bu gəmidə xüsusi kayutların birində 20 yaşlı gənc qız Riveri doğma sahildə enəcək anları gözləyirdi. Gəmidəki gənc zabitlər də Fransanın bu kaloniyasında keçəcək günlərinin qayğısını sanki unutmağa çalışırdılar. Hər halda gənc əsilzadə xanım Eme onlara sanki göy üzündən enmiş bir lütfkarlıq kimi görünürdü…

Şərqin qorxulu nağılı

Bu valehedici mənzərə, bu dəniz qoxulu sakit günlər isə yalnız sən demə bir neçə gündən sonra bitəcəkmiş və hər şey bir anın içində dəyişəcəkmiş, özü də qorxulu bir yuxu kimi… Hə, budur qana bulanmış zabit mundirləri və dənizçi köynəkləri, hay-küy içərisində qruplara zorla bölünən sərnişinlər olur bu səfərin sonluğu. Bunun səbəbkarı isə Əlcəzairdən olan piratlar — dəniz quldurlarıydı: — onlar kişiləri və qadınları xüsusi dəstələrə bölürlər — satlıq olanlar satılacaqdı, işlək mal olanlar isə işlədiləcəkdi. Burada baş verənlər doğrudan-doğru qorxulu bir nağılı xatırladır və bu qorxulu nağılın içində olan Eme əvvəldən-sonadək sanki heç nəyi anlaya bilmir. Bəlkə də onu da başqaları kimi sürüsəydilər, döyüb-zorlasaydılar, o nəyin baş verdiyinin fərqinə varardı, amma ona toxunmurdular. Sadəcə olaraq bu əlcəzairli piratların rəhbəri mümkün olacaq qədər "nəvazişlə" onun qolundan bərk-bərk tutaraq xüsusi bir kayuta itələyir. Eme baş verənlərin sanki bir yuxu olduğuna inanmaq istəyir, ancaq onu Əlcəzair sahillərində yerə düşürüb baş bəyin malikanəsinə aparanda hər şeyin bitdiyinin fərqinə varır. Qışqırmaq, bağırmaq isə geciydi, sonrası da artıq bunun nə əhəmiyyəti olacaqdı ki? Eme burada xüsusi keşikçi dəstənin nəzarəti altına alınır və ona göstərilən xüsusi qayğıdan özü də belə hiss edir ki, deyəsən onu məhz sahibin — baş bəyin özü üçün hazırlayırlar. Ancaq Eme bu fikrində yanılmışdı, yox, onu baş bəyin özünə hədiyyə etməyəcəkdilər, o, nə az-nə çox Türkiyə sultanına ənam şəklində təqdim ediləcəkdi. Bax elə bu üzdən ona xüsusi bir qayğıyla yanaşırdılar, keşikçilər onun suallarına cavab vermək vaxtı yetəndə gözlərini yerə dikirdilər… Yox, onu — bu gözəl xanımı Türk sultanına hədiyyə etməyi nə piratların başçısı, nə "baş bəy" — bəylərbəyi planlaşdırmamışdı, bu planın müəllifi "Dar-üs Səda"nın baş hərəmi, sahibəsi, milliyyətcə gürcü olan Lunolikanın — Mehri-şah xanım idi.

Baş xanım əfəndiyə — Mehri şah xanıma bu canlı və gözəl, üstəlik bakirə olan hədiyyə niyə, nə üçün lazım idi? Əlbəttə, bunun üçün yetərli səbəblər var idi, özü də çox ciddi səbəblər… O vaxtlar Topqapıda baş verənlərə diqqət yetirdikcə bu ciddi səbəblər bir-bir aydınlaşacaq, odur ki, bir az səbirli olmaq lazımdır.

İntriqalar yuvası…

Əsas məsələ ondan ibarət idi ki, həmin vaxtlar — yəni 1784-cü ildə Topqapı sarayında o vaxtlar üçün əcaib görünən bir şərait yaranmışdı. Türkiyə sultanı III Mustafa artıq 10 il idi ki, dünyasını dəyişmişdi. Baş hərəm — Baş xanım əfəndi olan Lunolika — Mehri şah xanım ya oğlu Səlimlə bir ana olaraq ayrılmalı, heç nəyin iddiasına düşməməli, ya da Əbdülhəmidin yatağına girməliydi. Əslində, Şahzadə Əbdülhəmid xaraktercə zəif bir adamıydı, Lunolika haçan istəsəydi, onu öz yatağına çəkə bilərdi, amma söhbət ondaydı ki, Əbdül Həmidin özünün hansısa qadından uşağı doğula bilərdi. Onda 13 yaşlı Səlim vəliəhdlikdən məhrum edilərdi, hər halda bu qorxu, bu vahimə ciddi şəkildə Lunolikanı — Mehri şahı haqqına narahat edirdi. Əbdül Həmiddən uşaq doğmaq məsələsi isə baş tutan deyildi, çünki Lunolika bilirdi ki, onun yenidən ana olmağı mümkün deyil. Səlim doğulandan Lunolika yenidən ana ola bilmək qabiliyyətini itirmişdi, hər halda mamaça qulluqçular bunu ondan gizlətməmişdilər. Elə belədə isə dediyimiz kimi, Əbdülhəmid ona və oğlu Səlimə mərhəmətlə yanaşırdı. O, unutmurdu ki, Mehri şah vaxtıyla bir neçə dəfə onu sultan qardaşının qəzəbindən qoruyub — bu bir. İkincisi də, 60 yaşlı Əbdül Həmid də az qala ata olmaq ümidini itirmiş bir vəziyyətdəydi. Odur ki, Əbdülhəmidin ağlına heç nə gəlmirdi, o, heç sabahkı gün haqqında belə fikirləşmirdi. Lunolika isə çox şeyi fikirləşirdi və baş vəzirin ondan o qədər də xoşlanmadığını gözəl bilirdi. Elə bu lənətə gəlmiş baş vəzir onun əri Sultan III Mustafanı kürd qızı Ayişə ilə evləndirmədimi?

Qara mirvari ləqəbini almış Ayişə ondan oğul doğmadımı? Bunların hər ikisi olmuşdu və indi Ayişənin Mustafa adlı oğlu da vəliəhd sayılırdı.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.