Elmira Süleymanova

Elmira Süleymanova (tam adı: Süleymanova Elmira Teymur qızı; 17 iyul 1937, Bakı) — Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Alim, dövlət və ictimai xadim[1]

Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova
Doğum tarixi 17 iyul 1937(1937-07-17) (86 yaş)
Doğum yeri
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Elmi dərəcələri kimya elmləri doktoru, (1980)
Elmi adı professor (1981)
İş yeri
Təhsili
Mükafatları "Şərəf" ordeni"Şöhrət" ordeni"Əmək veteranı" medalı
"Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi almışdır.

1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür.

Elmi nailiyyətləri

Alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır.

O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.

E.Süleymanova Azərbaycan Elmlər Akademiyası Kimya elmləri bölməsinin elmi katibi (1967–1971), "Neft kimyası" problemi üzrə Əlaqələndirmə Şurasının sədr müavini (1970–1995), həmin problem üzrə SSRİ Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının üzvü və Ümumittifaq "Neft kimyası" elmi jurnalının redaksiya heyətinin üzvü (1986–1990), "Kimya" problemi üzrə respublika "Bilik" Cəmiyyəti idarə heyətinin sədr müavini və Bakı şəhər bölməsinin sədri (1980–1992), Respublika Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvü (1998–2000) kimi fəaliyyət göstərmişdir.

200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

Neft kimyası, üzvi kimya və incə üzvi sintez üzrə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumda elmi məruzələrlə çıxış etmişdir.

Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı — Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak etmişdir.

Dövlət və ictimai fəaliyyəti

Elmira Süleymanova 1980-ci ildən etibarən Azərbaycanda qadın hərəkatının inkişafında mühüm xidmətlər göstərmişdir. O, 1996-cı ildə Tailandın paytaxtı Banqkok şəhərində, Çulalonqkorn Universitetində Qadın liderliyi üzrə hazırlıq keçmişdir. 1990–1994-cü illərdə Ümumrespublika Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olmuşdur.

E.Süleymanovanın qurucusu və prezidenti, 2002-ci ildən isə Fəxri prezidenti olduğu qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almışdır. 1994-cü ildə yaradılmış, 1995-ci ildə dövlət qeydiyyatından keçmiş mərkəz Azərbaycanda bu statusa layiq görülmüş yeganə qadın qeyri-hökumət təşkilatıdır. E.Süleymanova AQİM-in prezidenti olduğu illərdə 15-dən çox nüfuzlu beynəlxalq qurumun üzvü olmuş, BMT-nın müxtəlif qurumları – UNDP, UNHCHR, UNİCEF, UNHCR, UNFPA, UNİFEM (hazırda UNW), UNDPİ və digərləri ilə sıx əməkdaşlıq etmişdir.

Müəllifi və rəhbəri olduğu bir sıra layihələri – qaçqın və məcburi köçkünlərin problemləri, Azərbaycanın şəhər və kənd rayonlarında yerli əhalinin miqrasiyası, qadınların ailədə istismarı, qaçqın uşaqların reabilitasiyası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması və b. çoxsaylı layihələri həyata keçirmişdir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini (AUGSŞ) (2000) və onun nəzdində Liderlik Məktəbini (2001), Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını (2000) yaratmış, müntəzəm fəaliyyət göstərən bu qurumlara o zaman rəhbərlik etmişdir.[2]

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan AUGSŞ-in Liderlik Məktəbinin minlərlə məzunu Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, öz hüquqlarının öyrənilməsi və yaşıdlarına öyrədilməsi üzrə hazırlıq kursu keçmişdir. Bu fəaliyyətin uğurlu nəticəsi kimi, E.Süleymanova 2000–2002-ci illərdə UNICEF-in nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilmişdir.[3]

E.Süleymanova 2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzi yaratmışdır ki, bu qurum da Ombudsmanın resurs mərkəzi kimi müntəzəm fəaliyyət göstərir. Dünya qadın hərəkatı liderlərindədir. Amerika Roçester Universiteti tərəfindən Qadın və qızların hüquqlarının müdafiəçisi və onlar üçün örnək olan 100 Qəhrəman qadınından biri kimi şərəfləndirilmişdir (1998).

BMT Baş Assambleyasının İnsan haqları üzrə (Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994 və Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq hüquqları üzrə (Nyu-York, 2002) Xüsusi sessiyalarında və konfranslarında dövlət və ya QHT nümayəndəsi, habelə koordinatoru kimi məruzələr və çıxışlar etmiş, regional qurumlarda fəaliyyət göstərmişdir.

  • 2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) secilmişdir.
  • 5 mart 2010-cu ildə təkrarən yeni müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) secilmişdir.

Azərbaycan Ombudsmanı Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının, Avropa MPM-lər Şəbəkəsinin, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin MPM-lər qrupunun, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür.

2015-ci ilin noyabr ayında Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.

2 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununu ilə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyası Müvəkkilə həvalə edilmişdir.

Pedaqoji fəaliyyəti

E.Süleymanova Bakı Dövlət Universitetində özünün təşəbbüsü ilə yaradılmış "İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO" kafedrasında bakalavr və magistr pilləsində insan hüquqları üzrə yüksək ixtisaslı kadr hazırlığı aparılır, həmçinin həmmüəllifliyi ilə hazırlanmış "İnsan hüquqları" və "Genderə giriş" fənləri üzrə mühazirələr toplusu əsasında Hüquq fakültəsində tələbələr üçün mühazirələr oxuyur.

E.Süleymanova həm də Rusiya Federasiyasının Ural Dövlət Hüquq Akademiyasında (2007), ABŞ-nin Corctaun Universitetində (2008), Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (2008), Rusiya Dövlət Humanitar Universitetində (2010), Türkiyənin Ondokuz Mayıs Universitetində (2012) mühazirələr oxumuşdur.

Beynəlxalq təşkilatlarla əlaqəli işlər

Müvəkkilin təşəbbüsü ilə fəaliyyəti dövründə bir çox xarici ölkələrin Ombudsmanları ilə əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Elmira Süleymanova elmi fəaliyyəti ilə bağlı 45, ictimai fəaliyyəti ilə əlaqədar 130-dan çox konfrans, simpozium və forumda iştirak etmişdir. Ombudsman vəzifəsində çalışarkən isə 150-dən çox beynəlxalq konfransın iştirakçısı olmuş, burada müzakirə olunmuş mövzulara uyğun çıxışlar etmiş, təkliflər vermişlər. Bu müddət ərzində o, 80-dək ölkədə – ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, İspaniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Norveç, Belçika, Çin, Cənubi Afrika Respublikası, Yeni Zelandiya, Nepal, İndoneziya, Lüksemburq, Niderland, Yaponiya, Polşa, Rumıniya və digər ölkələrdə keçirilmiş mötəbər məclislərdə vətənimizi layiqincə təmsil etmişdir.

Müvəkkil ümumilikdə 100-dən çox bəyanat, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart 1918-ci il Azərbaycanlıların Soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı və digər bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlamışdır.[4]

14 may 2011-ci ildən BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da ölkəmizdə Ombudsmana həvalə edilmişdir.

Ombudsmanın tövsiyəsi də nəzərə alınmaqla, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir. Ölkə Prezidentinin Sərəncamı ilə E.Süleymanova bu sənədlərin həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbərlik etmişdir.

  • 2015-ci ilin mart ayından YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvüdür.
  • 2016-cı ildə Beynəlxalq Bioqrafiya Mərkəzinin Fəxri Baş Direktoru seçilmişdir.
  • 2016-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilmişdir.

Mükafatları

  • 1998-ci ildə "100 qəhrəman qadın" siyahısına düşmüşdür. Haqqında beynəlxalq "Kim kimdir" (İngiltərə, Kembric) kitabında məlumat verilmişdir.
  • SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən, "Şərəf nişanı" (1986) ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir.
  • Kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasındakı nailiyyətlərinə görə istedadlı alim 1979-cu ildə SSRİ-nin "Fəxri kimyaçısı", ətriyyat, qida və lak-boya sənayesində tətbiq olunmuş ixtiralara görə "SSRİ ixtiraçısı" fəxri adlarına layiq görülmüşdür.
  • 1997-ci ildə Aərbaycanda kimya elminin tərəqqisi və dünya səviyyəsində inteqrasiyası sahəsində xidmətlərinə görə akademik Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüş və medalla təltif olunmuşdur.[5]
  • "Şərəf" (2017) ordeni ilə təltif edilmişdir.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
  • Akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır.
  • Dinlərarası və Beynəlxalq Dünya Sülh Federasiyası tərəfindən 2005-ci ildə "Sülh məramlı səfir" fəxri adı verilmişdir. Bu mükafat dinlərarası əməkdaşlığa, beynəlxalq mənəvi dəyərlərə, BMT-nin gücləndirilməsinə, sülh mədəniyyətinin yaradılmasına yardımçı olan şəxslərə təqdim edilir.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunmuşdur.[6]
  • 16 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[7]

ABŞ-də təqdim edilən mükafatlar

  • 2003-cü ildə ABŞ-nin Mədəni Konvensiya qurumu tərəfindən Beynəlxalq Sülh Mükafatı ilə təltif olunmuşdur. Ombudsman bu mükafata insan haqqlarının qorunması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə, insanlıq harmoniyasının yaradılmasında xidmətlərinə görə layiq görülmüşdür.[8]
  • Amerika Bioqrafik İnstitutunun 1999-cu ildə nəşr etdiyi Beynəlxalq "Kim kimdir?" toplusunun 7-ci buraxılışı "Mütəxəssis və biznes qadınları", 2011-ci ildə 10-cu buraxılışı "Peşəkar və işgüzar qadınlar" kitabına çoxşaxəli fəaliyyətinə və xidmətlərinə görə Elmira xanımın adı daxil edilmişdir.
  • 2011-ci ildə Amerika Bioqrafik İnstitutunun "Beynəlxalq səfir" ordeni ilə təltif edilmişdir.
  • Beynəlxalq Sülh mükafatına layiq görülmüşdür (2003).
  • Oslodakı Nobel Sülh Mükafatları Komitəsinin beynəlxalq koordinatorlar qrupu tərəfindən "1000 qadın — 2005-ci ilin Nobel Sülh mükafatına" adlı layihəsinin nominantları sırasına Azərbaycan Ombudsmanı E.Süleymanovanın adı da daxil edilmiş və Komitə tərəfindən qeydə alınmış "Dünyanın 1000 qadınından biri" kitabına daxil olunub.

Türkiyədə təqdim edilən mükafatlar

  • 2017-ci ildə İLESAM (Türkiye İlim ve Edebiyyat Eseri Sahipleri Meslek Birligi) təşkilatı tərəfindən Türk Dünyası Onur Medalı ilə təltif edilmişdir.
  • 2019-cu ildə Türkiyə Böyük Millət Məclisinin sədri tərəfindən Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin və Azərbaycan Milli Məclisinin yaranmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə pul nişanı Elmira xanıma hədiyyə edilmişdir.[9]
  • 2019-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalına layiq görülüb.[10]

Almaniyada təqdim edilən mükafatlar

  • 2019-cu ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi (akademik) üzvü seçilmiş, döş nişanı və mantiya (cübbə) verilmişdir.

Polşada təqdim edilən mükafatlar

  • 2008-ci ildə Polşa Prezidenti tərəfindən Polşa Respublikasının Zabit dərəcəli "Böyük Qızıl Xaç Ordeni" ilə təltif edilmişdir.[11]

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən mükafatlar

  • "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı
  • "Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı
  • Dövlət Gömrük Komitəsinin 20 illiyi yubiley medalı
  • Dövlət Miqrasiya Xidmətinin 10 illiyi yubiley medalı.

Həmçinin bax

İstinadlar

  1. "Müvəkkil". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  2. "Elmira Süleymanova: "Avropa Şurasının Qarabağla bağlı daha konkret addımlarını görmək istərdik"". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  3. ""AZƏRBAYCAN RESPUBLİKASINDA OMBUDSMAN TƏSİSATI VƏ İNSAN HÜQUQLARININ İNKİŞAFI" elmi-praktiki konfransın materialları" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-12.
  4. "Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar Bakıda konfrans keçirilib". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  5. BİR ÖMÜRDƏ YAŞANAN ÜÇ HƏYAT
  6. "E.T.Süleymanovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  7. President.Az. "E.T.Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 16.07.2020. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-19.
  8. "Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi". 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  9. "Milli Məclisin 2012-ci il 7 mart tarixli iclasından". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  10. "Elmira Süleymanova təltif olundu". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  11. "Azərbaycan Ombudsmanı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.