Elmar Abdullayev

Abdullayev Elmar Şahmar oğluAzərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru.[1]

Elmar Abdullayev
Elmar Şahmar oğlu Abdullayev
Elmar Abdullayev şəxsi səhifəsi üçün
Doğum tarixi
Doğum yeri Şəfəq, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi adı Texnika elmləri üzrə fəlsəfə doktoru
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi
Mükafatları Əməkdar mühəndis

Həyatı

Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır. 2014-cü ildən Neftin emalı texnologiyası ixtisası üzrə ekspert şurasının sədridir. Hal-hazırda işlədiyi institutda Ali Attestasiya Komitəsinin Neft-Kimyası ixtisası üzrə müdafiə Şurasının üzvüdür.

Ailəlidir, 2 oğlu və 4 nəvəsi var.

Əsas elmi nailiyyətləri

1970-1985-ci illərdə apardığı elmi-tədqiqat işlərinin əsas istiqaməti neft məhsullarından karbamidin iştirakı ilə normal parafinləri ayırmaqla mənfi 60 °C-də donmayan yanacaqların alınması prosesi olmuşdur. Yaradılmış proses 1976-cı ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Sonralar E.Abdullayevin rəhbərliyi altında təkminləşdirilən bu prosesdə eyni zamanda yüksək təmizliyə malik (99,7%) normal parafinlərin alınmasına nail olunmuşdur. Təkminləşdirilmiş proses keçmiş SSRİ-nin XTN Sərgisinin medalına layiq görülmüş və Bakı, Ufa, Volqoqrad, Kuybışev, Novokuybışevsk, Sızran, Quryev şəhərlərinin neftayırma zavodlarında sənaye qurğuları tikilərək işə buraxılmışdır.

1988-ci ildən bu günə kimi E.Abdullayev öz elmi-tədqiqat istiqamətini dəyişərək neftçıxarma və emal prosesləri üçün respublikamızda böyük ehtiyac duyulan kimyəvi reagentlərin yaradılması və alınma texnologiyasının işlənib hazırlanması və sənaedə tətbiqi ilə məşğul olmuşdur.

Müəlliflərindən biri olduğu "Azəri" korroziya inhibitoru MDB məkanında sənayedə geniş tədbiq olunmuşdur. 1999-cu ildə Rusiyanın Meleuz kimya zavodunda tikilmiş məhsuldarlığı 20 min ton olan qurğuda istehsal olunan "Azəri" inhibitoru Tümen Neft-Qaz çıxarma sənayesinin korroziyadan qorumaq üçün geniş miqyasda istifadə olunmağa başlanmışdır. Respublikamızda istehsal olunan "Azəri" inhibitoru isə Ukrayna, Azərbaycan və Türkmənistan neft-qaz çıxarma sənayesində istifadə olunur.

E.Abdullayev rəhbərlik etdiyi laboratoriyada Respublikamızda ilk dəfə olaraq yanğınsöndürən köpükəmələgətirici tərkib yaradılmış ("NKPİ-34-2") və istehsalı təşkil edilərək yanğınsöndürmə məntəqələrinə istifadəyə verilmişdir.

Respublikanın neft emalı zavodlarında istifadə olunan qurğuları korroziyadan qorumaq üçün "Kaspi-X" və "Kaspi-XM" korroziya inhibitorları yaradılmış və 1996-cı ildən sənayedə müvəffəqiyyətlə tətbiq olunur.

Təkcə "Kaspi-X" inhibitorunun 1995-2002-ci illərdə istehsalından 1.400.107.755 manat mənfəət əldə edilmişdir. Bu inhibitor bu günə kimi neft emalı zavodlarında tətbiq olunur.

Yaradılmış "Bakı" ərptəmizləyicisi sənayemizdə geniş tətbiq olunur.

Sadə texnologiya ilə yüksək təmizlikli "Naftalan yağı" alınmasında böyük əməyi olmuşdur.

Neft emalı və neftçıxarma sənayeləri üçün yüksək keyfiyyətli "Xəzər" və "Xəzər-24" deemulqatorlarının yaradılmasında, istehsalının təşkili və sənayedə praktiki tətbiqində müəllif kimi iştirak etməkdədir

O, Respublikada ilk dəfə olaraq yerli xammal əsasında yüksək yanğınsöndürmə qabiliyyətinə malik köpükəmələgətirici tərkib yaratmışdır. "Naftapen" adlanan bu tərkib, yüksək yanğınsöndürmə qabiliyyətinə malikdir. Bu məhsulun istehsalı üçün lisenziya alındıqdan sonra 500 tondan artıq istehsal olunaraq Respublikamızın yanğınsöndürmə məntəqələrinə istifadəyə verilmişdir.

Elmi əsərlərin təsnifati

  • Elmi əsərlərin ümumi sayı: 149,
  • Xaricdə çıxmış elmi əsərlərin sayı: 46,
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 25-dir.

Onlardan 15-i sənayedə tətbiq olunub. İki dərslik və bir monoqrafiyanın müəllifidir.

Təltif və mükafatlar

  • Əməkdar mühəndis (2019) [2]

Əsas elmi əsərlərin adları

  1. Е.Ш.Абдуллаев. Научные основы и технология процесса депарафинизации нефтепродуктов раствором карбамида в изопропиловом спирте. //Монография, Баку, Изд-полигр. объединение "Азерб. энциклопедия", 2000, с. 234.
  2. А.Г.Исмайлов, Е.Ш.Абдуллаев, А.Ш.Гаджиев, Ф.Н.Новрузов. Комплексообразование н-алканов с карбамидом при депарафинизации дизельных дистиллятов. //Химия и технология топлив и масел, 1983, № 6, с.14-46
  3. В.М.Аббасов,Е.Ш.Абдуллаев, А.М.Самедов. Новое поколение химических реагентов. // Азерб. нефтяное хозяйство, 1998, № 4, с.43-45.
  4. Е.Ш.Абдуллаев. Ингибитор "Азери" и его применение в нефтедобывающей промышленности стран СНГ. // Процессы нефтехимии и нефтепереработки, 2000, № 3, с. 36-40.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  2. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.