Elman Həbib

Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999).[1]

Elman Həbib
Elman Həbib oğlu Hacıyev
Doğum tarixi 4 may 1949(1949-05-04)
Doğum yeri
Vəfat tarixi 18 sentyabr 2009(2009-09-18) (60 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir.

1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var.

Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.

Yaradıcılığı

Elman Həbib bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamışdır. 1981-ci ildə ilk kitabı – "Günəş qatarı" işıq üzü görmüşdür. Sonralar "Duzlu uşaqlar", "Yoluma çıx", "Nar və gilənar", "Ömrümün göy qurşağı", "Ömrüm-günüm mənim", "Sevən ömrü", "Allah salamı", "Yerlə göy arasında", "Heydərnamə", "Naxçıvannamə", "İlham – xalqın İlhamı", "Həqiqət günəşi", "Sənli, sənziz günlərim", "Hərənin öz işi", "85 ilin 15 ili", "Bu mən görən şəhər deyil" və s. kitabları oxuculara təqdim edilmişdir.

Elman Həbibin yaradıcılığının məhsuldar dövrü 2000-2009-cu illəri əhatə edir. Onun 30-a yaxın şeirlər kitabı çapdan çıxıb. "Sahilsiz çaylar" adlı dram əsəri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, "Ağ ölümün ölümü" əsəri əsasında Naxçıvan televiziyasında ikihissəli televiziya tamaşası hazırlanmışdır. Azərbaycan dövlət televiziyası tərəfindən Elman Həbibin yaradıcılığı ilə bağlı 2009-cu ildə "Bir ovuc torpağın poeziyası" adlı film çəkilmişdir. Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Həqiqət günəşi", "Heydərnamə" şeirlər kitabının əsasında telefilm hazırlanıb. Şairin 100-ə yaxın publisistik yazıları bu və ya digər mətbu orqanlarda dərc olunub.

Əsərləri

  1. Günəş qatarı. Bakı: Yazıçı, 1981, 48 səh.
  2. Duzlu uşaqlar. Bakı: Gənclik, 1983, 32 səh.
  3. Yoluma çıx. Bakı: Yazıçı, 1985, 50 səh.
  4. Nar və gilənar. Bakı: Gənclik, 1988, 46 səh.
  5. Ömrumun göy qurşağı. Bakı: Qorqud, 1998, 304 səh.
  6. Həqiqət günəşi. Bakı: Qeyrət, 1998, 64 səh.
  7. Ömrüm günüm mənim. Bakı: Elm, 1999, 320 səh.
  8. Hərənin öz işi. Bakı: Yurd, 1999, 188 səh.
  9. Sevən ömrü. Bakı: Elm, 2000, 392 səh.
  10. Nehrəm və nehrəmlilər. Bakı: Elm, 2000, 220 səh.
  11. Sənli sənsiz günlərim. Bakı: Sabah, 2001, 476 səh.
  12. Allah salamı. Bakı: Sabah, 2002, 562 səh.
  13. Günəşin vətəni. Naxçıvan: Əcəmi, 2004, 72 səh.
  14. Bu mən görən şəhər deyil. Bakı: Şirvannəşr, 2006, 392 səh.
  15. Məmləkətim, məhəbbətim. Bakı: Sabah, 2006, 376 səh.
  16. Yerlə göy arasında. Bakı: Şirvannəşr, 2007, 474 səh.
  17. Mənəmliyin süqutu. Bakı: Şirvannəşr, 2007, 240 səh.
  18. Hər sözün öz vədəsi. Naxçıvan: Əcəmi, 2007, 96 səh.
  19. Naxçıvannamə. Bakı: Şirvannəşr, 2008, 196 səh.
  20. Heydərnamə. Bakı: Şirvannəşr, 2008, 190 səh.
  21. İlham – xalqın ilhamı. Naxçıvan: Qızıl Dağ, 2008, 44 səh.
  22. Seçilmiş əsərləri – (5 cilddə). I cild. Bakı: Şirvannəşr, 2009, 440 səh.
  23. Seçilmiş əsərləri – (5 cilddə). II cild. Bakı: Şirvannəşr, 2009, 440 səh.
  24. 85 ilin 15 ili. Bakı: Şirvannəşr, 2009, 408 səh.
  25. Sənətin kəsə yolu – poeziya. Bakı: Şirvannəşr, 2009, 244 səh.
  26. Dilimizdə danışmağa utanmayaq. Bakı: E.L., 2009, 108 səh.

Haqqında olan ədəbiyyat

  1. Vaqif Yusifli. Şair dünyası (Elman Həbib-60). Bakı: Şirvannəşr, 2009, ? səh.

Şəkillər

İstinadlar

  1. Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.