Elizabet Vudvil
Elizabet Woodville (d. 28 aprel 1437 – ö. 8 iyun 1492) — İngiltərə kralı IV Eduardın xanımı, İngiltərə kraliçası.
Elizabet Vudvil | |
---|---|
ing. Elizabeth Woodville | |
4 mart 1461 – 3 oktyabr 1470 | |
Əvvəlki | Anjulu Marqarit |
Sonrakı | Anjulu Marqarit |
11 aprel 1471 – 9 aprel 1483 | |
Əvvəlki | Anjulu Marqarit |
Sonrakı | Anna Nevil |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 28 aprel 1437 |
Vəfat tarixi | 8 iyun 1492 (55 yaşında) və ya 1492[1] |
Dəfn yeri |
|
Fəaliyyəti | consort[d], Əsilzadəlik |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | York sülaləsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dünyaya gəldiyi əsnada Elizabetin ailəsi İngiltərə sosial iyerarxiyasında orta təbəqədə idi. Anası Lüksemburqlu Jakettanın ilk evliliyi İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutmuşdu. Ancaq 2 il davam edən bu evlilikdən övladı olmamış, daha sonra Elizabetin və digər 13 uşağının atası olan Riçard Vudvillə evlənmişdi. Elizabetin də ilk evliliyi Lankaster ailəsinin dəstəkçilərindən olan Con Qrey ilə baş tutdu. Ancaq 9 il davam edən bu evlilik Con Qreyin İkinci Alban döyüşündə həlak olması ilə sonlandı və Elizabet Vudvil 2 oğlu ilə birlikdə dul qaldı.
Onun IV Eduardla olan ikinci evliliyinə səbəb isə Elizabetin möhtəşəm gözəlliyi və ailəsinin böyük mülk sahibi olmaması idi. IV Eduard Normanların işğalından bu yana öz təbəəsindən biriylə evlənən ilk kral oldu.[3][4] Bu evlilik Elizabetin ailəsini bir anda zənginləşdirdi. Buna baxmayaraq onların saraydakı bu yüksəlişi kralın ən yaxın adamı olan Vorvik lordunun düşmənliyinə və onun getdikcə bölünən kral ailəsinin fərqli üzvləriylə çirkin ittifaqlar qurmasına səbəb olmuşdu. Bu düşmənlik IV Eduard və Vorvik lordu arasında açıq mübarizəyə çevrildi və Elizabetin atası Riçard Vudvilin 1469-cu ildə edam edilməsi, eləcə də Vorvik lordunun tərəf dəyişərək Lankasterləri dəstəkləməsi ilə nəticələndi.
1483-cü ildə əri IV Eduardın ölümünün ardından, Elizabet öz siyasi gücünü qorumağa davam etdi. Hətta oğlu V Eduardın bir neçə ay davam edən səltənəti və əmisi III Riçard tərəfindən devrilməsinin ardından belə saraydakı yerini qorumağı bacardı. Taxtdan devrilən Eduard və kiçik qardaşı Riçard isə əvvəlcə London qalasına həbs edildilər və qısa müddət sonra müəmmalı şəkildə yoxa çıxdılar. Bir çox mənbədə onların əmisi tərəfindən gizlicə öldürülərək qalanın zirzəmisinə dəfn olunduğu iddia edilir. Bu səbəblə III Riçarda düşmən olan Elizabet 1485-ci ildə VII Henrinin taxta çıxarılmasında mühüm rol oynadı. İttifaqın şərti kimi yeni kral onun qızlarından Yorklu Elizabetlə evləndi və nəticədə Al qızılgül-ağ qızılgül müharibələri başa çataraq Tüdor sülaləsi iqtidarı ələ aldı. Beləcə saraydakı nüfuzunu davam etdirən Elizabet Vudvil sarayda yalnız kralın anası Marqarita Byuforta əyilməyə məcbur oldu. Bundan sonrakı həyatı və saraydan nə vaxt ayrılması barədə isə heç bir məlumat yoxdur.[5][6]
Həyatı
İlk illəri
Elizabet Vudvil təxminən 1437-ci ildə (ehtimal ki oktyabrda[7]) Northempton şəhərinə bağlı Qrafton qəsəbəsində dünyaya gəlmişdir. O, sosial olaraq fərqli təbəqələrə mənsub olan Riçard Vudvil və Lüksemburqlu Jakettanın, kral-sarayını alt-üst edən nikahlarının ilk övladı idi. Vudvil ailəsi qədim və nüfuzlu bir ailə olsa da, sarayda güc sahibi deyildilər. Bu ailənin mənsubları daha çox torpaq sahibkarları kimi tanınırdı. Elizabetin anası isə əksinə, VI Henrinin əmisi olan Bedford hersoqu Conun dul xanımı idi.
1452-ci ildə Elizabet Vudvil Qrobi baronunun varisi olan Con Qreylə evləndirildi. Bu nikahdan onun 2 oğlu — Tomas Qrey və Riçard Qrey dünyaya gəldi. Ancaq ölkədə davam edən Al qızılgül-Ağ qızılgül mübarizəsində Lankasterləri dəstəklədi və nəticədə 1461-ci ildə baş tutan İkinci Alban döyüşündə həlak oldu. Təsadüfdür ki, məhz bu müharibə Elizabetin ikinci əri olan IV Eduarda taxt yolunu açmışdır.
Kraliça oluşu
IV Eduardın bir çox məşuqəsi vardı və heç də sədaqətli ər olaraq tanınmırdı. Bu məşuqələrindən ən məşhuru isə Ceyn Şour idi. Eduardın dul Elizabetlə olan nikahı isə ailənin Northemptondakı mülklərindən birində 1 may 1464[8]-cü ildə gizlicə bağlandı. Belə ki, nikah mərasimində sadəcə gəlinin anası və 2 xadimə şahid olaraq iştirak etdi. Rəsmi nikah isə Eduard VI Henrini devirərək taxta çıxdıqdan 3 il sonra baş tutdu. Tacqoyma mərasimi isə Məsihin göyə yüksəlişi günündən sonrakı ilk bazar günü — 26 may 1465-ci ildə keçirildi və o, bütün İngiltərənin kraliçası elan olundu.
IV Eduardın səltənətinin ilk illərində hakimiyyət Vorvik lordu olan dayısı oğlu Riçard Nevilin rəhbərlik etdiyi saray əyanlarının əlində idi. Belə ki, Eduard gizli nikah bağladığı ərəfədə Vorvik lordu da əzəli düşməni olan sabiq kralın xanımı Anjulu Marqaritə qarşı Fransa ilə diplomatik əlaqələr qurmağa çalışırdı. Plan isə yeni kralın hansısa Fransız şahzadəsi evlənməsi idi. Kralın Lankaster tərəfdarı sadə bir ailədən gələn Elizabet Vudvillə olan nikahı xalqa elan ediləndə isə Vorvik lordu pərt oldu və kralla olan münasibətləri heç vaxt düzəlmədi. Üstəlik bu cütlüyün nikahına Ali məclis də etiraz etmişdi.
Yeni kraliçanın saraya gəlişi ilə bütün ailəsi sarayda güc qazanmağa başladı.[9] Elizabetin saraya gələn 3 bacısı da qısa zamanda Kent, Esseks və Pembrukşir lordlarının oğulları ilə evləndirildi. Digər bacısı Ketrin Vudvil isə kraliçanın himayəsindəki 11 yaşlı Bukingem hersoqu Henri Staffordla evləndirildi. Buna baxmayaraq IV Eduardın ölümündən sonra Henri Stafford Vudvillərə qarşı III Riçardı dəstəklədi. Elizabetin 20 yaşlı qardaşı Con Vudvil isə Norfolk hersoqinası Ketrinlə evləndirildi. Hersoqina təqribən 60 yaşlarında idi və bundan öncə 3 dəfə dul qalmışdı. Bu səbəblə evlilik sarayda böyük əks-səda doğurdu.Kraliçanın ilk evliliyindən olan böyük oğlu Tomas Qrey isə Harrinqton şahzadəsi Sesilya Bonvillə evləndi.
Elizabet Vudvilin qohumlar, xüsusilə də qardaşı Antoni Vudvil Vorvik lorduna qarşı siyasi mübarizəyə başladığı vaxt, Vorvik lordu da eyni zamanda kürəkəni də olan kralın kiçik qardaşı Corcla birləşdi. Əvvəlcə kraliçanın anasını cadugərliklə ittiham edərək ölüm hökmü ilə həbs etsə də, 1 il sonra Lüksembrqlu Jaketta bəraət qazandı.[10] Ardından IV Eduarda qarşı 2 dəfə üsyan çıxaran Vorvik lordu və Corc Plantagenet Fransaya qaçdılar. Onlar Londonda həbs tutulan sabiq kral VI Henrinin xanımı Anjulu Marqaritlə birləşdilər və Lankaster ordusunu da alaraq İngiltərəyə hücum etdilər. Nəticədə 1470-ci ildə VI Henri həbsdən azad edildi və yenidən taxta çıxarıldı. Ancaq 1 il sonra IV Eduard sürgündən geri döndü və Barnet döyüşündə Vorvik lordunu, Qlosterşir döyüşündə isə Lankaster ordularını darmadağın etdi. Yenidən həbs olunan VI Henri çox keçmədən burada qətlə yetirildi.
Kralın iqtidardan uzaq qaldığı bir il ərzində Elizabet Vudvil Vestminster abbatlığına sığındı və ilk oğlu Eduardı (sonradan V Eduard) məhz burada dünyaya gətirdi.[11] IV Eduardla olan nikahından 3 oğlan və 7 qız olmaqla, ümumilikdə 10 övladı dünyaya gəldi.[7]
Dul kraliça
IV Eduardın pnevmoniya səbəbilə ani ölümünün ardından (aprel 1483) Elizabet Vudvil dul kraliça elan edildi. 13 yaşlı oğlu Eduard isə əmisi Qloster hersoqu Riçardın naibliyi ilə kral elan edildi. Artıq illərdir sarayda möhkəmlənən Vudvil ailəsinin iqtidarı ələ almaq cəhdləri isə uğursuz nəticələndi. Belə ki, Riçard dərhal gənc kralı nəzarət altına aldı və dayısı Antoni Vudvillə ögey qardaşı Riçard Qreyi həbs etdi. Gənc kral isə tacqoyma mərasiminə qədər saxlanılması üçün London qalasına aparıldı. Elizabet Vudvil kiçik oğlu və qızları ilə birlikdə yenidən sığınacaq axtarmağa başladı. Mərhum kralın Londondakı ən güclü dəstəkçilərindən olan Vilyam Hastinqs Riçardın apardığı sərt siyasəti dəstəkləsə də, çox keçmədən dul kraliça ilə ittifaq qurma və kral naibinə sui-qəsd ittihamları ilə ələ keçirilərək edam olundu. Ancaq bu iddia heç vaxt sübut oluna bilmədi.[12][13]
25 iyun 1483-cü ildə kral naibi Riçard dul kraliçanın həb tutulan oğlunu və qardaşını Pontefrakt qalasında edam etdirdi. Parlament qərarı ilə, IV Eduardın daha öncə Elyanor Butler adlı bir zadəganla gizli nikahının olduğu və bu səbəblə Elizabet Vudvillə olan nikahının keçərsiz sayıldığı və cütlüyün dünyaya gələn 10 uşağının da qeyri-məşru olduğu elan edildi. Dövrün burqundiyalı tarixçisi Filip de Komnesin yazdığına görə, Somerset rahiblərindən Robert Stillinqton mərhum kralla leydi Elyanorun nişan mərasimini keçirmişdi.[14] Bundan başqa bu qərarda dəlil göstərilməsə də, Elizabet Vudvil haqqında cadugərlik ittihamları da irəli sürüldü. Nəticədə Qloster hersoqu və kral naibi olan Riçard taxta namizəd göstərildi və III Riçard adı ilə taxta çıxdı. Cəmi bir neçə ay taxtda qalan V Eduard isə kiçik qardaşı ilə birlikdə London qalasına həbs olundu. Məhz bu tarixdən sonra bu 2 uşaq müəmmalı şəkildə yoxa çıxdı.
III Riçard dönəmi
Artıq ilk ərinin soyadı ilə anılan Elizabet Qrey özünə yeni müttəfiqlər axtarmağa başladı.[7] Bu müttəfiqləri isə III Riçardın yaxın adamlarından olan Bukingem hersoqu Henri Stafford və Marqarit Stanley oldu. Belə ki Marqaritin atası İngiltərə krallarından III Eduardın nəticəsi idi[15] və həyatdakı yeganə oğlu olan Henri Tüdor Lankaster qanı daşıyan yeganə oğlan uşağı idi. Bu səbəblə onun taxtdakı iddiasını gücləndirmək üçün, Elizabet qardaşları öldüyü üçün ailənin mirasını daşıyan böyük qızı Yorklu Elizabetlə yeni kral namizədini evləndirməyə qərar verdi. Beləcə, York və Lankaster ailəsi birləşəcək və illərdir davam edən taxt mübarizəsi başa çatacaqdı. Bukingem hersoqunun Henri Tüdor naminə çıxardığı üsyanın yatırılmasınıın ardından 1483-cü ilin dekabrında cütlüyün Ren şəhərindəki kafedralda qiyabi nişan mərasimi keçirildi.
III Riçardın 1484-cü ilin yanvarında topladığı ilk parlament iclasında Elizabetə IV Eduard dönəmində verilən bütün mülklər əlindən alındı.[16] Kral mərhum qardaşının xanımına və qızlarına zərər verməyəcəyinə, onları həbs etməyəcəyinə və yaşları gəldikdən onları zadəgan ailəsindən biriylə evlədirəcəyinə söz verdi və bu andın ardından həmin ilin 1 mart tarixində Elizabet və qızları Vestminster sığınacağından çıxdılar. Görünüşə görə, kral artıq sabitliyi təmin etmək üçün Vudvil ailəsiylə münasibətlərini yaxşılaşdırmağa çalışırdı. Nəticədə Elizabet ailə mülkü olan Northemptona qayıtdı və qızları saraya alınaraq kraliçanın nədiməliyinə gətirildilər. Ancaq III Riçardın xanımı Anna Nevilin 1485-ci ilin martında vəfatından sonra, sarayda daha yenicə dul qalan kralın nişanlı olan qardaşı qızı Yorklu Elizabetlə eşq yaşadığı şayələri yayılmağa başladı.[17]
VII Henri dönəmi
1485-ci ildə Henri Tüdor İngiltərəni işğal etdi və Bosvort döyüşündə həlak olan III Riçardın yerinə taxta çıxdı. Ardından nişanlısı olan Yorklu Elizabetlə evlənərək parlamentin onun və ailəsinin haqqında verdiyi qərarı ləğv edərək bütün nüsxələrini məhv etdi.[18] Elizabet Vudvil isə dul kraliça ünvanını və əlindən alınmış mülklərini geri aldı.[19]
12 fevral 1487-ci ildə Elizabet Vudvil saraydan təqaüdə ayrıldı və ömürünün son 5 ilini London yaxınlığındakı Bermondsey monastırında keçirdi.[20] Ancaq bunun səbəbini bilmək çətindir. Bir çox tarixçilər bunun yaşıyla bağlı öz istəyilə olduğunu qeyd etsələr də, bəziləri bunu saraydakı nüfuzunu azaltmaq məqsədilə VII Henrinin əmriylə olduğunu iddia edir. Əlbəttə ki, bu qərarın verilməsində 1487-ci ildə baş tutan York üsyanının da payı var. Üsyanda iştirak etməsə də, üsyançılar üçün Elizabet Vudvil potensial müttəfiq hesab olunurdu.[21]
Bermondsey monastırında dul kraliça ünvanıyla olduqca hörmət edilən Elizabet Vudvil burdakı vaxtını dualarla keçirirdi. Saraydan onun adına ayrılan aylıq 400 sterlinq təqaüdlə dəbdəbə içində yaşayırdı və hətta arabir kraldan hədiyyələr də qəbul edirdi.[22] 1489-cu ilin noyabrında nəvəsi Marqaritin və 1491-ci ilin iyununda digər nəvəsi Henrinin (gələcəkdə VIII Henri) xaç suyuna salınma mərasimlərində iştirak etdi. Qızları Yorklu Elizabet və Sesilya tez-tez analarına baş çəkirdilər.
VII Henri Şotlandiya ilə münasibətlərini yaxşılaşdırmaq üçün 1486-cı ildə dul qalan Şotlandiya kralı III Ceymslə qaynanasını evləndirməyi planlaşdırsa da,[23] kral 1488-ci ildə müharibədə həlak oldu və toy planı təxirə düşdü.
Elizabet Vudvil 8 iyun 1492-ci ildə Bermondsey monastırında vəfat etdi.[7] Dördüncü övladına hamilə olan Yorklu Elizabet və bacısı Yoklu Sesilya istisna olmaqla, digər 3 qızı Vindzor sarayındakı cənazə mərasimində iştirak etdi. 12 iyun tarixində baş tutan cənazə mərasimi bir kraliçaya yaraşmayacaq dərəcədə sadə və göstərişsiz keçirildi.[24] 2019-cu ildə ortaya çıxarılan və Venesiya elçisi Andreya Badora aid 1511 tarixli bir yazışmada kraliçanın vəbadan vəfat etdiyi aşkarlandı.[25] Bu isə cənazə mərasiminin bu qədər sakit və göstərişsiz olmasını açıqlayır. Mərhum kraliçanın cənazəsi Vindzor sarayındakı Müqəddəs Corc Şapelində ərinin yanında dəfn olundu.
Övladları
Con Qreylə olan evlilikdən
- Tomas Qrey (d. 1455 — ö. 20 sentyabr 1501) — İlk evliliyi Anna Hollandla oldu ancaq övladı olmadan vəfat etdi. İkinci evliliyi 18 iyul 1474-cü ildə Harrinqton hersoqinası Sesilya Bonvillə baş tutdu və bu nikahdan 14 övladı oldu. Ceyn Qrey məhz bu ailədən gəlməkdədir.[26]
- Riçard Qrey (d. 1457 — ö. 25 iyun 1483) — Dayısı ilə birlikdə Pontefrakt qalasında edam edildi.
IV Eduardla olan evlilikdən
- Yorklu Elizabet
- Yorklu Mariya (d. 11 avqust 1467 — ö. 24 avqust 1482) — Vindzor sarayındakı Müqəddəs Corc Şapelində dəfn olunub.
- Yorklu Sesilya (d. 20 mart 1469 — ö. 24 avqust 1507)
- V Eduard
- Yorklu Marqarit (d. 10 aprel 1472 — ö. 11 dekabr 1472) — Vestminster abbatlığında dəfn olunub.
- Riçard (d. 17 avqust 1473 — ö. 1483)
- Yorklu Anna (d. 2 noyabr 1475 — ö. 23 noyabr 1511)
- Corc (d. mart 1477 — ö. mart 1479) — Vindzor sarayındakı Müqəddəs Corc Şapelində dəfn olunub.
- Yorklu Ketrin (d. 14 avqust 1479 — ö. 15 noyabr 1527)
- Yorklu Bridget (d. 10 noyabr 1480 — ö. 1507)
İstinadlar
- A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 463. ISBN 978-1-85743-228-2
- Kindred Britain.
- A Complete History of England with the Lives of all the Kings and Queens thereof; London, 1706. p486
- Kennett, White; Hughes, John; Strype, John; Adams, John; John Adams Library (Boston Public Library) BRL (16 June 2019). "A complete history of England: with the lives of all the kings and queens thereof; from the earliest account of time, to the death of His late Majesty King William III. Containing a faithful relation of all affairs of state, ecclesiastical and civil". London: Printed for Brab. Aylmer ... – via Internet Archive.
- Jewell, Helen M. (1996). Women in Medieval England Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. ISBN 9780719040177.
- Baldwin, David, Elizabeth Woodville: Mother of the Princes in the Tower
- Hicks, Michael (2004). "Elizabeth (c.1437–1492)" Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/8634. Retrieved 25 September 2010.
- Robert Fabian, The New Chronicles of England and France, ed. Henry Ellis (London: Rivington, 1811), 654; "Hearne’s Fragment of an Old Chronicle, from 1460–1470," The Chronicles of the White Rose of York. (London: James Bohn, 1845), 15–16.
- Ralph A. Griffiths, "The Court during the Wars of the Roses". In Princes Patronage and the Nobility: The Court at the Beginning of the Modern Age, cc. 1450–1650. Edited by Ronald G. Asch and Adolf M. Birke. New York: Oxford University Press, 1991. ISBN 0-19-920502-7. 59–61.
- Calendar of Patent Rolls, 1467–77, pg. 190.
- Sutton and Visser-Fuchs, "A 'Most Benevolent Queen;'"Laynesmith, pp. 111, 118–19.
- C. T. Wood, "Richard III, William, Lord Hastings and Friday the Thirteenth", in R. A. Griffiths and J. Sherborne (eds.), Kings and Nobles in the Later Middle Ages, New York, 1986, 156–61.
- Charles Ross, Richard III, University of California Press, 1981 p81.
- Philipe de Commines, The memoirs of Philip de Commines, lord of Argenton, Volume 1, H.G. Bohn, 1855, pp.396–7.
- Genealogical Tables in Morgan, (1988), p. 709.
- "Parliamentary Rolls Richard III". Rotuli Parliamentorum A.D. 1483 1 Richard III Cap XV. Archived from the original on 1 September 2013. Retrieved 1 July 2013.
- Richard III and Yorkist History Server Archived 9 July 2006 at the Wayback Machine
- "Rotuli Parliamentorum A.D. 1485 1 Henry VII – Annullment of Richard III's Titulus Regius". Archived from the original on 2 September 2013. Retrieved 1 July 2013.
- "Rotuli Parliamentorum A.D. 1485 1 Henry VII – Restitution of Elizabeth Queen of Edward IV". Archived from the original on 2 September 2013. Retrieved 1 July 2013.
- Arlene Okerlund, Elizabeth: England's Slandered Queen. Stroud: Tempus, 2006, 245.
- Bennett, Michael, Lambert Simnel and the Battle of Stoke, New York, St. Martin's Press, 1987, pp.42; 51; Elston, Timothy, "Widowed Princess or Neglected Queen" in Levin & Bucholz (eds), Queens and Power in Medieval and Early Modern England, University of Nebraska Press, 2009, p.19.
- Breverton, Terry (15 may 2016). Henry VII: The Maligned Tudor King. Amberley Publishing Limited. ISBN 9781445646060.
- "Margaret of Denmark Facts, information, pictures". Encyclopedia.com. Retrieved 5 September 2016.
- J. L. Laynesmith, The Last Medieval Queens: English Queenship 1445–1503, Oxford University Press, New York, 2004, pp.127–8.
- Alison Flood (25 April 2019). "'White Queen' died of plague, claims letter found in National Archives". The Guardian.
- Richardson, Douglas (2011). Magna Carta Ancestry: A Study in Colonial and Medieval Families, ed. Kimball G. Everingham II (2nd ed.). Salt Lake City. ISBN 1449966381, pp 304–7
Mənbə
- Philip Butterworth and Michael Spence, 'William Parnell, supplier of staging and ingenious devices, and his role in the visit of Elizabeth Woodville to Norwich in 1469', Medieval English Theatre 40 (2019) [1]
- David Baldwin, Elizabeth Woodville (Stroud, 2002) [2]
- Christine Carpenter, The Wars of the Roses (Cambridge, 1997) [3]
- Philippa Gregory, David Baldwin, Michael Jones, The Women of the Cousins' War (Simon & Schuster, 2011)
- Michael Hicks, Edward V (Stroud, 2003) [4]
- Rosemary Horrox, Richard III: A Study of Service (Cambridge, 1989) [5]
- J.L. Laynesmith, The Last Medieval Queens (Oxford, 2004) [6]
- A. R. Myers, Crown, Household and Parliament in Fifteenth-Century England (London and Ronceverte: Hambledon Press, 1985)
- Arlene Okerlund, Elizabeth Wydeville: The Slandered Queen (Stroud, 2005); Elizabeth: England's Slandered Queen (paper, Stroud, 2006) [7]
- Charles Ross, Edward IV (Berkeley, 1974) [8]
- George Smith, The Coronation of Elizabeth Wydeville (Gloucester: Gloucester Reprints, 1975; originally published 1935)
- Anne Sutton and Livia Visser-Fuchs, "'A Most Benevolent Queen': Queen Elizabeth Woodville's Reputation, Her Piety, and Her Books", The Ricardian, X:129, June 1995. PP. 214–245.