Eliya Kapitolina
Eliya Kapitolina (lat. COLONIA ÆLIA CAPITOLINA) — 130-325-ci illər arasında İmperator Adrian tərəfindən 70-ci ildən bəri xaraba qalmış[1] Qüds şəhərinin yerində salınmış Roma koloniyası.
Qurulması
Koloniyanın Roma legionlarının istifadəsi üçün qurulması planlaşdırılmışdı.[2] Bar-Koxba üsyanından sonra Adrian qəzəblənmiş, İudeyanın adını Suriya Fələstin olaraq dəyişərək yəhudilərin şəhərə girişini qadağan etmişdi.
Adı
Qüds şəhərinin adı Eliya Kapitolinaya dəyişdirilmişdi. "Eliya" imperator Adrianın mənsub olduğu Eli adlı plebey ailəsini bildirir, "Kapitolina" isə Yupiter Kapitoli şərəfinə idi. Yupiterin yeni məbədi isə Məbəd dağında yerləşirdi.[1] İslamın ilk illərində şəhərin İliya (ərəb. إلياء) adlanmasının səbəbi də budur.
Şəhər planı
Şəhər divarsız idi və X legion tərəfindən mühafizə olunurdu. Legion əsasən yəhudilərin şəhərə girişinə mane olmaq vəzifəsi güdürdü. Bu hal IV əsrədək davam etdi. Bütün Roma şəhərləri kimi Eliya Kapitolinanın mərkəzində də bir Forum vardı. Hazırda həmin ərazidə Qüdsün xristian məhəlləsi yerləşir. Adrianın əmri ilə foruma bitişik Venera məbədi ucaldılmış, daha sonra bu məbəd Müqəddəs Qəbir kilsəsinə çevrilmişdir. Küçələr ilk öncə 22 metr genişliyində olub, zamanla daralıb.
İstinadlar
- Hugh Chisholm, ed. (1911). "Aelia Capitolina". Encyclopædia Britannica 1 (11th ed.). Cambridge University Press].
- Benjamin Isaac, The Near East under Roman Rule: Selected Papers (Leiden: Brill 1998)