Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu - Azərbaycan alimi, biologiya elmlər doktoru [1]
Həyatı
9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E.Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir.
E.Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun “ Fiziki – kimyəvi biologiya” sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E.Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur.
Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır.
Əsas elmi fəaliyyəti
E.Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur.
Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
E.Cəfərov 140-a yaxın elmi əsərin, 2 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir.
E.Cəfərov “Radiasiyanın müasir problemləri” üzrə Beynəlxalq Şurasının üzvü və Sumqayıt Dövlət Universitetinin professorudur.
Mükafatları
2005-ci ildə biologiya elmləri sahəsində xidmətinə görə AMEA –nın Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
İstinadlar
- "Arxivlənmiş surət". 2019-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.