Eldar Mansurov

Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012).

Eldar Mansurov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Uşaqları
  • Ülvi Mansurov[d],
  • Anar Mansurov[d]
Atası Bəhram Mansurov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, tədqiqatçı
Fəaliyyət illəri 1981-ci ildən
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2012 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2005
"Şöhrət" ordeni  — 2022
eldarmansurov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.[1] 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib[2]

2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.[3]

2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. Ailəlidir, 2 oğlu var.

Yaradıcılığı

Eldar Mansurov, 1982-ci il.

Bayatılar

Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilmişdi. Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi Monica Salmaso və onu müşayiət edən "Orquestra Popular de Câmara" tərəfindən səsləndirilib. Sonralar "Bayatıları" məşhur Braziliya cazmeni, pianoçu Benjamim Taubkin və onun qrupu instrumental versiyada ifa etdilər. Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verdi. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. Levent Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. 1995-ci ildə yunan müğənnisi Petros Dourdumbakis Bayatıları "TAXIDIARIKO BIRD" adlı mahnı kimi ifa etdi. 1997-ci ildə isə digər yunan müğənnisi Dimitra Galani, şair Nikos Maraitisin "όσες φωτιές" (Bu yanğınlar) adlı mətni ilə "Bayatıları" bir daha ifa etdi. Bir neçə il sonra daha bir yunan müğənnisi Vasilis Lekkas Bayatıları – "TAXIDIARIKO BIRD" ifa etdi.

Artıq 30 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənir və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılır. Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.

Türkiyənin tanınmış DJ-ləri – Hüseyn KaradayıCem Nadiran "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa etdilər. Elə həmin il yunan DJ Pantelis də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa etdi. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa etmişdir. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başladılar. 2009-cu ildə italiyanın "Cantodiscanto" qrupu "Bayatıları" fərqli şəkildə ifa etdi. "Bayatılar" İsraildən də yan keçmədi. 2011-ci ildə İsrailin "Babbe Rabbe" qrupu "Bayatılar"ı orijinal versiyasında olduğu kimi ifa etdilər.

Elə həmin ildə rumıniyalı DJ Edward Maya "Bayatılar"dan öz "Stereo love" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə etdi. Elə həmin il "Stereo love" isveçli PJ feat Velvet, və kanadalı Mia Martina ifasında da səslənərək dünyanı dolaşdı. "Zalim" ilə məşhurlaşan Türkiyəli Levent Yüksel 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa etdi. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa etdi. 2005-ci ildə Nyu-Yorkda yaranmış "Brazilian girls" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə etdi. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "The Guzek Trio" üçlüyü ifa etdi. Elə həmin il "Bayatılar"ı DJ Brizi və Eusebio Belli ispan dilində səslənən "Moliendo Cafe" (extended version) kompozisiyasına daxil etdilər. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu oldu. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa etdilər.

2012-ci ilin əvvəllərində gənc türk müğənniləri Aydan Kaya, Haktan, Mustafa Eren, "SALTANATH" rok qrupu, 2013–2018-ci illərdə isə digər türk müğənniləri Selin Ataş, Bahtiyar Özdemir, Ayşe İnak EkizMustafa Demiroğlu, Bengü, Ferhat Göçer, Koray Çapanoğlu, Hediye Güven, Sevcan Orhan, Tuğba Uzun & Melis Aktaş, Mine Geçili, Fondip qrupu, Kanun Yıldırım, Edis, Yaraband qrupu və başqaları Bayatıların "Zalim" versiyasını özlərinə məxsus ifa etdilər. 2014-cü ildə İtaliyanın Leççe şəhərindən olan musiqiçilər — "Abash" rock qrupu "Bayatılar"ı çox orijinal şəkildə ifa etmişdir. Daha bir maraqlı fakt odur ki, son bir neçə ildə "O Ses Türkiye" mahnı müsabiqəsində "Zalim" bir çox müğənnilər tərəfindən daim ifa olunur. 2018-ci ilin sentyabrında Finlandiyanın Flat Earth rok qrupu "CYANİDE" kompozisiyasında Bayatılardan istifadə etmişdir. Onların ifa etdikləri bu kompozisiya rok-metal üslubundadır. Həmən bu ildə azərbaycanlı — Dj Roshka və Samir Cavadzadə "Feel the rhythm" adlı kompozisiyasında "Bayatılar" mahnısını yeni versiyada ifa etdilər. 2019 və 2020-ci və sonrakı illərdə "Bayatılar" daha bir neçə yeni versiyada müxtəlif ifaçılar tərəfindən oxundu. Almaniyada Why So Sad — Out Of Time, Drenchill-in ifasında "Never Never", İsrail kamança çalanı Mark Eliyahu — "Alegria" kompozisiyasında, və bir çox DJ-lər "Bayatılar"ı ifa etdilər. Hər zaman olduğu kimi "Bayatılar" Türkiyədə də "Zalim" adı ilə bir çox müğənnilər tərəfindən hələ də oxunmaqdadır. Belə ki, ən sonuncu versiyalar Bergüzar Korel və Tuğba Yurt tərəfindən oxunmuşdur.

Esena Mono

2003-cü ildə yunan müğənnisi Keti Qarbi tərəfindən ifa olunmuş "Esena Mono" mahnısı "Emmones Idees" albomunda Dimitris Kontopulosun bəstəsi kimi yer almışdır. Həmin dövrdən bu mahnı çox populyarlaşmış və bir çox ölkələrdə həm orijinal, həm də kaver versiyalarda ifa edilmişdir. 2008-ci ildə Eldar Mansurov "Bayatılar"ın musiqisini təkrarlayan "Esena Mono" mahnısı barədə məlumat əldə etmiş və bu səbəbdən yunan bəstəkarı Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən şirkətə məhkəməyəqədər iddia qaydasında bildirmişdir. İddiaya cavab olaraq Kontopulos bunun yanlış olduğunu, mahnının orijinal olduğunu və onun tərəfindən bəstələndiyini vurğulamışdır. 2011-ci ildə Eldar Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə Dimitris Kontopulos və yayımlama şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət etmişdir. 11 ildə üç instansiyadan keçmiş məhkəmə işi 2023-cü ildə yekunlaşmış və Yunanıstan Ali Məhkəməsinin qərarı ilə "Esena Mono"-nun "Bayatılar" mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyaraq Eldar Mansurovun xeyrinə qərar çıxarmışdır.[4][5]

Bəhramnamə

Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap etmişdi. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunurdu. İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verdi. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır. "Bəhramnamə" layihəsi əvvəlcə albom şəklində musiqisevərlərə təqdim olundu. Sonra layihənin efir ömrü başlandı: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səsləndi. Nəhayət, layihə nəhəng konsertlə tamamlandı. 2005-ci ilin dekabrın 1-də Heydər Əliyev adına Sarayda, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Bəhramnamə" layihəsinin təqdimatı keçirildi. Musiqiçilər tamaşaçıları yeni janrla tanış etdilər. Onun adı simfo-folk-rokdur. Burada simfoniya, rok, cazmuğam harmonik şəkildə vəhdət təşkil edir. Zala toplaşanlar Eldar Mansurovun yeni yaratdığı orkestrin müşayiətilə "Bəhramnamə"nin canlı ifasını ilk dəfə eşitdilər. Pianoçular Nazim Əhmədİlqar Bakıxanov, bas gitarada Ramiz Ağazadə, gitarada Rafiq Rəsulov, tarla çalan Yaşar Hüseynov və zərb alətləri ifaçısı Sergey Krasnyanskidən ibarət olan orkestr "Bəhramnamə"ni yüksək səviyyədə musiqisevərlərə təqdim etdilər. Bəstəkarın qardaşı – tarzən Elxan Mansurov orkestrin müşayiətilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılmış kompozisiyaları atasından yadigar qalmış tarda ifa etdi. Bu muğamlar, amma digər interpretasiyada – vokal-instrumental variantda populyar müğənni Manana və xanəndə Elbrus Abdulzadənin ifasında səsləndi. "Bəhramnamə"də Şərq və Qərb görüşüb. Hər iki sivilizasiyanın kəsiyində yerləşən Azərbaycan bu iki qütbü özündə birləşdirir. Eldar Mansurov orijinal sintez yaradıb: о, simfoniya, rok və muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib. "Bəhramnamə"də səslənən hər bir kompozisiya musiqiçilərin ifasında Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.

"Bəhramnamə-2" 2005-ci ildə ifa olunmuş "Bəhramnamə" layihəsinin davamıdır. Bəstəkar bu yeni layihədə həm səslənmə, həm də forma etibarilə yenilliklər etmişdir. Birinci layihədən fərqli olaraq Eldar Mansurov burada Azərbaycan milli musiqi aləti olan tardan və rok qrupundan başqa ilk dəfə böyük simfonik orkestrdən istifadə edir. Bu üç müxtəlif janrlara aid olan alətlər bir-biri ilə sintezdə çox gözəl və həmahəng səslənir. "Bəhramnamə-1" layihəsindən fərqli olaraq bu dəfə simfonik orkestr yeni layihəyə səslənmədə xüsusi gözəllik gətirir. Üç janrın sintezi, belə bir səslənmə "Bəhramnamə-2"ni ona bənzər layihələrdən öz orijinallığı ilə tam fərqləndirir. "Bəhramnamə-2" özündən əvvəlki layihə kimi 2 hissədən ibarətdir – instrumental və vokal. Layihənin vokal hissəsində solistlərdən başqa ilk dəfə olaraq kapella xorundan istifadə olunur. İnstrumental hissəsində isə Eldar Mansurov bir sıra yenilliklər edir. Belə ki, bu dəfə tardan başqa, Azərbaycan milli nəfəsli alətlərindən – ney, balaban, tütəkdən istifadə olunur. "Bəhramnamə-2"də "Rast" dəstgahından başqa bəstəkar çalğı praktikasında az ifa olunan "Qafqaz Humayunu", "Nəva-Nişabur", "Çoban bayatı", "Kürdü-Şahnaz" müğamlarına müraciət edir. Ümumiyyətlə, "Bəhramnamə-2" janr, forma və üslubuna görə orijinal və unikal bir layihədir.

Kitab, not və məqalələr

Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu tələbəlik illərində muğamların nəzəriyyəsi haqqında elmi məqalələr yazmağa başlayır. 1987-ci ildə Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam simpoziumunda "Muğam adlarının yaranma tarixi" elmi məqaləsi ilə çıxış edir. Sonralar bu yazıların bir çoxu müəllifin "Muğam düşüncələrim" adlı kitabında toplu şəklində çap olunur. Elmi məqalələrlə yanaşı Eldar Mansurov 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salmışdır. Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazmışdır.

Kitablar

  • "Eldar Mansurov. Muğam düşüncələrim" (Bakı, İrşad nəşriyyatı,1995-ci il).
  • "Məşədi Süleyman bəy Mansuov. Xatirələr" (Bakı, EQ nəşriyyatı,2005-ci il).
  • "Мансуровы. История рода" (Bakı, EQ nəşriyyatı, 2006-cı il).
  • "Mansurovlar" (Heydər Əliyev fondu, Bakı, "Çaşıoğlu" Elm-istehsalat firması, 2011-ci il).

Məqalələr (elmi və publisistik)

  • "Rast və Mahur-hindi muğamlarının müqayisəli təhlili" ("Qobustan" jurnalı, № 3, 1980-ci il, səh.71–74).
  • "Rast və Mahur-hindi muğamlarının keçmişi, bu günü və sabahı" ("Qobustan" jurnalı, № 4 (64), 1984-cü il, səh.18–20).
  • "Muğam adlarının yaranması haqqında" ("Qobustan" jurnalı, № 1, 1987-ci il, səh.66–68).
  • "Azərbaycan musiqisində Saqinamə janrı" (Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri, tom XLIII cild, № 8, 1987-ci il).
  • "Гусейн Гулу Хан Бакинский" ("İçərişəhər" jurnalı, № 3, зима’ 2008–2009, стр. 10–19).

Notlar

  • "Azərbaycan dəraməd və rəngləri" (Bakı, İşıq nəşriyyatı, 1984-cü il).
  • "Azərbaycan diringi və rəngləri" (Azad Kərimovla, Bakı, İşıq nəşriyyatı, 1986-cı il).
  • "Azərbaycan qədim el havaları" (Bakı, İşıq nəşriyyatı, 1990-cı il).

Əsərlərinin siyahısı

  • "12 prelüd" fortepiano üçün (1974)
  • "Sonatina" fortepiano üçün (1975)
  • "Poema" violin və fortepiano üçün (1976)
  • "Simli kvartet № 1" (1977)
  • "Konsert" violin ilə simfonik orkestr üçün (1978)
  • "Simfoniya № 1" (1979)
  • "Simli orkestr üçün pyeslər" (1979)
  • "Simli alətlər üçün musiqi" (1980)
  • "Pastoral" simli kvartet üçün (1981)
  • "Bayatılar" а`kapella xoru üçün (1981)
  • "Simfoniya № 2" kamera orkestri üçün (1981)
  • "2 romans" bariton səs və fortepiano üçün (1982)
  • "Adajio və skertso" fleyta və fortepiano üçün (1982)
  • "Simfoniya № 3" (1982)
  • "Uşaq xoru üçün 2 mahnı" (1982)
  • "Nəfəsli septet üçün 6 pyes" (1983)
  • "Saqinamə" tar və simli kvartet üçün (1983)
  • "Nəfəsli alətlər orkestri üçün marş" (1983)
  • "Kamera orkestri üçün Pastoral" (1984)
  • "Violin və fortepiano üçün sonata" (1985)
  • "Vətənim mənim" uşaq xoru üçün mahnılar silsiləsi (1985)
  • "Kantata – "Ölməzlik" B. Vəziroğlunun sözlərinə (1985)
  • "Uşaqlar üçün fortepiano pyesləri" silsiləsi (1986)
  • "14 prelüd" fortepiano üçün (1986)
  • "Simli kvartet № 2" (1986)
  • "6 prelüd" fortepiano üçün (1986)
  • "Rubato" klavesin, çelesta və fortepiano üçün (1986)
  • "Rübai" Ö. Xəyyam, M. Gəncəvi və S. Şirazinin sözlərinə а`kapella xoru üçün (1987)
  • "2 kontrabas üçün pyeslər" (1988)
  • "Muğam-dəstgah" orqan üçün (1989)
  • "Mahur-Hundi" simfonik muğamı (1990–1991)
  • "Simfoniya № 4" (1991)
  • "Freskalar" kamera orkestri üçün (1991)
  • "Adajio" violin və simfonik orkestr üçün (1991)
  • "Passakaliya" simfonik orkestr üçün (1991)
  • "Estrada-simfonik orkestri üçün pyeslər" (müxtəlif illər)
  • "3000-dən çox mahnılar və instrumental musiqi" (müxtəlif illər)
  • "Kleopatra" rok-balet (1998)
  • "Olimp" 1 pərdəli rok-balet (2004)
  • "Bəhramnamə" tar, simfonik orkestr və rok qrupu üçün musiqi (2004)
  • "Yeddi gözəl" rok-opera (2005)
  • "Simfonik rəqslər" (2010)
  • "Odlar yurdu" simfonik orkestr üçün süita (2012)
  • "Bahar oğlu", oratoriya (2013)
  • "Simfonik qravürlər - 1" (2017)
  • "Simfonik qravürlər - 2" (2023)

Filmoqrafiya

Teatr tamaşalarına yazılmış musiqilər

  • "Canlı musiqi" (1982)
  • "Dar ağacı" (1986)
  • "Dərviş və ölüm" (1986)
  • "Kürən at" (Divar) (1988)
  • "Gecə döyülən qapılar" (1989)
  • "Sevgilimin anası" (1989)
  • "Çələbi xan" (1990)
  • "Bal çəlləyi" (1991)
  • "Nəhəng qurbağa balası" (1991)
  • "Mənim ağ şəhərim" (1991)
  • "Dişi canavar" (1991)
  • "Məşuqələr" (1992)
  • "Pul dəlisi" (1992)
  • "Ah qadınlar qadınlar" (1992)
  • "Nəğməli, təbəssümlü səyahət" (1992)
  • "Evlənmək istəyirəm" (1993)
  • "Aktyor" (1994)
  • "Kələkbaz qızlar" (1994)
  • "Bu dünyanın adamları" (2000)
  • "Misir gecələri" (2004)
  • "Şeyda" (2008)
  • "Vicdansız" (2009)
  • "Bəylik dərsi" (2009)
  • "Sonuncu seriya" (2010)
  • "Xanışın toyu" (2014)
  • "Təzə ilin köhnə nağılları" (2015)
  • "Çarəsiz evlənmə" (2015)
  • "Şuşada ürəyim qaldı" (2022)

Şəcərəsi

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Video

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.