Ekstraversiya və İntroversiya

Ekstraversiya və introversiya əsas şəxsiyyət göstəricilərindəndir və cəmiyyətlə, daxil olduğu qrup üzvləri ilə nə qədər yaxın münasibət qura biləcəyini müəyyən edir. Bu terminlər günümüzdə Karl Yunq tərəfindən məşhurlaşdırılmış və insan psixologiyasının anlaşılmasında böyük rol oynamışdır.

Ekstraversiya və introversiya, Böyük Beş şəxsiyyət göstəricisindən biridir.

Ümumiyyətlə insanlar, cəmiyyətə münasibətləri nöqteyi nəzərindən iki yerə bölünürlər: ekstravertlər və introvertlər.

Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Əsasən biznes və sosial təşkilatlar, iclaslar, siyasi qruplar kimi böyük ictimaiyyəti əhatə edən tədbirlərdə öz maraqlarını nümayiş etdirməyi çox sevirlər. Bundan əlavə, onlar qruplarla iş görməyi tək başına iş görməkdən üstün tuturlar və yalnız zaman keçirməyi sevmirlər. Bu tipə məxsus olan insanlar hərəkətlərini düşünmədən icra edirlər və riskə getməyi sevirlər.

Introvertlər cəmiyyətdən qaçan, adamlar arasında uzun müddət qaldıqda bundan yorğunluq keçirən, tək, müstəqil fəaliyyət göstərməyi xoşlayan insanlardır. Bu tipə məxsus olan insanlar, əsasən, sakit, təkliyi sevən, çox düşünən, yalnız özünə zaman ayırmağı sevən insanlardır. Onlar ictimai yerlərdə tex sıxılırlar, və fərdi fəaliyyət göstərməyi üstün tuturlar. İntrovertlər tanımadıqları insanlarla çox ünsıiyyətdə olmağı sevmir, buna görə onların ətrafında çox dostları olmur - sadəcə özlərinə yaxın bildikləri əsas insanlar olur. Bu insalar danışma əvəzinə yazmağa üstünlük verirlər və bu səbəbdən çox yaxşı dinləyici kimi tanınırlar.

Hesab olunur ki, həm qrup daxilində, həm də tək fəaliyyət göstərməyi eyni dərəcədə yaxşı bacaran şəxslər də var, onlar ambivert (ambi – hər iki, vert – dönmək, istiqamətlənmək) adlanırlar.

Yüksək faizli ekstrovertlər və introvertlər təbiətlərinə uyğun olmayan şəraitə çətinliklə dözür , bundan çox narahat olurlar. Bu qism adamlar azlıq təşkil edir. Əksər insanlar xüsusiyyətlərinə az uyğun olan şəraitə adaptasiya olmağı bacarırlar.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.