Edrien Broudi

Edrien Broudi (ing. Adrien Nicholas Brody (14 aprel 1973, Nyu-York, ABŞ) — ABŞ aktyoru, Oskar mükafatı laureatı.

Edrien Broudi
ing. Adrien Brody
Doğum adı Adrien Nicholas Brody
Digər adı Edrian Brodi
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vətəndaşlığı
Partnyorları
Fəaliyyəti aktyor
prodüser
Fəaliyyət illəri 1988-indiyə qədər
Təhsili
  • Kuins Kolleci[d],
  • Amerika Dramatik İncəsənət Akademiyası[d] (–1993)[1]
Boyu 188 sm
Mükafatları "Oskar" (2003)
"Sezar" (2003)
IMDb ID0004778
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusilə, "Pianoçu" filmindəki polyak-yəhudi pianoçu Şpilman rolu ilə bütün dünyada böyük şöhrət qazanmışdır.

Həyatı

Edrien Broudi tarix elmləri professoru və rəssam Eliyot Broudi və məşhur fotoqraf-jurnalist Silvia Plaşi cütlüyünün 14 aprel 1973-cü ildə Nyu-York şəhərində dünyaya göz açan övladıdır. Edrianın ata tərəfdən nənəsi yəhudi, anası isə Macarıstan doğumlu bir katolik idi. Anasının çəkdiyi şəkillərdə tez-tez yer alaraq artıq kamera qarşısında rahat olmağa öyrəşən və hələ uşaq ikən aktyor olmağı arzulayan Edrian Broudi 12 yaşı olarkən dostlarının ad günü şənliklərində "Möcüzəli Edrian" adı ilə müxtəlif sehrbaz tamaşaları göstərərdi. Bu istedadı onu izləyən anasının diqqətini çəkir və beləliklə, onun aktyorluq dərsləri keçməsinə qərar verir. Əvvəl "American Academy of Dramatic Arts"da uşaqlar üçün təşkil olunan həftəsonu proqramlarında iştirak edir, bundan sonra Nyu-Yorkda "Fiorello H. LaGuardia High School of Music & Art and Performing Arts"da aktyorluq üzrə təhsil almağa başlayır. 1980-ci illərdə Broadvey tamaşalarında və qısa bir müddət Meri Tayler Morla birlikdə "Annie McGuire" adlı televiziya serialında rol alır. Edrian 1989-cu il istehsalı, Vudi Allenin "Nyu-York hekayələri" ("New York Stories") adlı filmində kiçik rol alır. Bundan sonra 1993-cü ildə Stiven Soderberqin "Yüksəklik kralı" filmində Lester rolunda çəkilir.

1998-ci il istehsalı "Restaurant" adlı filmdəki rolu ilə "Independent Spirit" mükafatına namizəd göstərilir. Buna kimi aktyor bir çox filmlərdə, televiziya seriallarında çəkilir, lakin bu filmlər aktyorun istedadının Hollivudda kəşf edilməsi üçün kifayət etmirdi. Elə həmin il Terrens Malikin "İncə qırmızı xətt" ("The Thin Red Line") filmində rol alır. Növbəti il isə 3 filmə; Spik Linin rejissorluğu ilə "Samın yayı" ("Summer of Sam"), Riçard Şepardın triller janrında çəkdiyi "Oxygen" və Barri Levinsonun "Azadlıq zirvələri" ("Liberty Heights") filmlərində çəkilir. 2000-ci ildə Edrian iki filmə çəkilir. Bunlardan biri "Harrisonun gülləri" ("Harrison's Flowers"), digəri isə "Çörək və qızılgüllər" ("Bread and Roses") olur. İngiltərəli aktyor Ken Loaçın rejissorluğu ilə çəkilən "Çörək və qızılgüllər" filmindəki Sam Şaprio rolundan sonra aktyor artıq beynəlxalq arenada tanınmağa başlayır. Bundan sonra bir neçə filmdə rol alan amerikalı aktyora dünya miqyasında şöhrət gətirən və bir çox mükafat qazandıran film isə Roman Polanskinin 2002-ci ildə lentə aldığı "Pianoçu" ("The Pianist") filmi olur. İkinci Dünya Müharibəsi illərində Vladislav Şpilman adında çox istedadlı polşalı, yəhudi bir pianistin Varşavanın arxa küçələrindəki həyat mübarizəsini müvəffəqiyyətlə canlandırdığı bu rol üçün aktyor qaldığı evdən və maşınından imtina edərək aylarla içinə qapanıq bir həyat yaşayan, pianinoda Şopenin musiqilərini ifa etməyi öyrənən, 13 kilo arıqlayan və yaşadığı stress nəticəsində uzun müddət birlikdə olduğu sevgilisindən ayrılan birinə çevrilir. Bu filmdəki roluna görə 2002-ci ildə "Ən yaxşı aktyor" nominasiyasında Oskara namizəd göstərilir və qalib olur. Mükafat mərasimində mükafatı vermək üçün onu səhnəyə çağıran Hel Berrini öpərək zaldakı bütün insanları təəccübləndirən məşhur aktyorun yarışdığı digər namizədlərin hamısı öncədən Oskarı qazanmış aktyor idi (Nikolas Keyc, Mişel Keyn, Deniel Dey-Lüis, Cek Nikolson). Həmçinin o, "National Society of Film Critics" və "Boston Society of Film Critics" mükafatlarına da sahib olur. 2003-cü və 2004-cü ildə ard-arda "Oxuyan detektiv" ("The Singing Detective"), "Kənd" ("The Village") filmlərində rol alır. 2005-ci ildə "Dəri" ("The Jacket") adlı filmdə canlandırdığı Cek Starks və Piter Ceksonun rejissorluğunu etdiyi "Kinq Konq" filmindəki Cek Driskoll obrazları ilə aktyor uğurlu karyerasına davam edir, həmçinin aktyor bu il Tori Amosun musiqili video oyununun səsləndirməsində iştirak edir. Aktyorun 2008-ci ildə çəkildiyi 3 filmdən- "Bloom qardaşları" ("The Brothers Bloom"), "Kadillak Rekords" ("Cadillac Records"), "Matadorun ev sahibəsi" ("A Matador's Mistress") "Kadillak rekords" filmindəki rolu daha uğurlu olur. Növbəti il aktyor "Xülya" ("Splice") və "Giallo" filmlərində rol alır.

2010-cu ildə 4 filmə çəkilən aktyorun bu filmlər arasında triller janrında çəkilən "Sınaq" ("The Experiment") filmindəki rolu daha çox diqqət çəkir. 2011-ci ildə aktyor iki filmdə rol alır. Rollardan biri Vudi Allenin Oskarı əldə etmiş "Gecə yarı Parisdə" ("Midnight in Paris)" filmində məşhur sürreal rəssam Salvador Dali obrazı olur. Digər rolu isə Toni Keyin rejissorluğu ilə çəkilən "Dəstə" ("Detachment") filmində Henri Bartes adlı bir müəllim obrazı olur. Uşaq vaxtı aktyor divarlar üzərində sərgilədiyi kiçik şoulardan birində yıxılaraq burnunu sındırıb. 1992-ci ildə isə motosiklet qəzası keçirib. Qəzada bir maşının üzərindən havada uçaraq asfalta çaxılıb və təkrarən burnunu sındırıb. Bu sınığın sağalması uzun bir müddət aparıb.

Aktyor 2004-cü ildə "Esquire" jurnalı tərəfindən Amerikanın ən yaxşı geyinən adamı seçilib. Hal-hazırda Skay Nellor ilə birlikdə yaşayır.

Filmoqrafiya

Xarici keçidlər

  1. Notable Alumni (ing.). American Academy of Dramatic Arts.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.