Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri.
Edil Eyvazov | |
---|---|
Eyvazov Edil Əli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Tarovlu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyatı
9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır.
Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir.
O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Yüksək omlu maqnit yarımkeçiricilərdə yükdaşıyıcıların enerji spektrinin təcrübi tədqiqi və bu maddələrdə kinetik hadisələrin və maqnit nizamlılığının yaranma mexanizmlərinin aşkarlanması professor Eyvazovun bərk cisimlər fizikası sahəsində əldə etdiyi vacib elmi nəticələrdəndir. Edil Eyvazov SSRİ EA-nın məruzə və xəbərlərində, Almaniyada nəşr olunan Phys. Stat Solidi, Ukrayna EA-nın xəbərləri, Bərk cisimlər fizikası və s. jurnallarda çap olunmuş 150-dən çox elmi məqalənin və fizikanın təbliği və tədrisi ilə bağlı 16 kitabın müəllifidir.
Professor Edil Eyvazovun rəhbərliyi ilə 10-a yaxın namizədlik dissertasiyası yerinə yetirilmişdir. O, uzun illər namizədlik və doktorluq müdafiə şuralarına rəhbərlik etmiş, çoxsaylı elmi, elmi-pedaqoji və pedaqoji kadrların hazırlanmasında bilavasitə iştirak etmişdir. Edil Eyvazov onlarla Beynəlxalq elmi toplantının iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir. O, müxtəlif dövrlərdə Pedaqoji Universitetin elmi-tədqiqat sektorunun rəhbəri, Fizika fakultəsinin dekanı və Universitetin Elmi İşlər üzrə prorektoru vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiridir.
Əsərləri
- “Yarımkeçiricilər fizikasından xüsusi kurs” (1981);
- “Bərk cisimlər fizikası və elektronikanın əsasları” (1993);
- “Bərk cisimlər fizikası” (2003);
- “Fizikadan məlumat kitabı” (2004);
- “Statistik paylanmalar və onların bəzi tətbiqləri” (2005);
- “Bərk cisimlər fizikasının məsələlərlə şərhi” (2006);
- “Yarımkeçiricilər fizikasına giriş” (2007);
- “Molekulyar fizika və termodinamikaya giriş” (2010) və s.