Ebru

Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar.

Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır.

Tarixi

Tarixən ebru ÇindəYaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı.[1] Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.[2] Başqa tədqiqatçıların fikrincə, ebru Çinə Yaponiyadan gəlmiş, harada ki, o həmçinin X əsrdən bəri suminaqaşi (yap. 墨 流 し - üzən mürəkkəb) adı altında mövcud idi.[1] Sonra isə o, Çağatay türklərində inkişaf edib. Onlar bu sənətlə əbrə adı ilə məşğul olublar. Digər tarixi məlumatlarda görünür ki, XVI əsrdə ebru sənəti İpək Yolu vasitəsilə Azərbaycana gəlib. Düzdür, tarixi mənbələrdə çox vaxt bu sənətin yarandığı yer İran göstərilir. Fars dilində abru (fars. اَبری) həm suyun üzü, həm də onun naxışları qaşa oxşadığından qaş mənasını verir. Çağatay türkcəsində isə bulud topalarına oxşadığı üçün "bulud topaları" mənasını verir.

Günümüzə çatan ən qədim ebru nümunəsi 1447-ci ildə hazırlanmışdır. O, İstanbulda Topqapı sarayında saxlanılır. Osmanlı imperiyası dövründə ebru üsulu ilə hazırlanan kağızlardan dövlət sənədləri, məktublar üçün istifadə edirdilər. Kağızın gözəlliyindən başqa digər bir xüsusiyyəti də onu qiymətli edirdi. Hər bir ebru təkrarolunmaz naxış və rənglərdən ibarət olduğundan, belə kağızı və həmçinin sənədi də saxtalaşdırmaq mümkün deylidi. Diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə XVII əsrdə ebru sənəti Avropada da tanınmağa başladı. Burada ona "türk mərmər kağızı" deyirdilər. Bu cür kağızdan kitab çapında və üzləməsində, hədiyyələrin tərtibatında istifadə edilirdi. Sonralar xüsusilə gözəl alınan ebruları haşiyəyə alıb rəsm əsəri kimi divardan asmağa başladılar.

Hazırlanması

Ebru sənəti tamamilə təbii materiallar əsasında həyata keçirilir. Bu əməliyyat qatılaşdırılmış su üzərində aparılır. Boyalar əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində əzilir. Proses təxminən 4–5 saat davam edir. Daha sonra içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də suyun üzərində qalmasına imkan verir. Həmçinin, boyalar göy qurşağı kimi bir-birinə qarışmır və onun yapışqanlıq xüsusiyyətini təmin edir.

Qatılaşdırılmış su astraqal (gəvən) ağacı adlanan təbii tikan otunun köməyi ilə alınır. Azərbaycanda bu, daha çox Naxçıvanda, İsmayıllıda yetişir. Gəvən otunun gövdəsindən nişastaya bənzər maddə çıxır ki, bu da suyu qatılaşdırır və nəticədə boyalar suyun üzərində dağılmır. Boyaları qatılaşdırılmış suyun üzərinə özü at quyruğundan, gövdəsi isə gül ağacından hazırlanan fırça vasitəsilə düzürlər. Bu fırçalar əllə düzəldilir. Əvvəlcə suyun üzərinə kiçik damcılar tökülür. Fırçanın bu şəkildə hazırlanmasının səbəbi odur ki, su üzərindəki ebrunun naxışlarını idarə etmək mümkün olsun.

Bunun da növləri var. Boyanı olduğu kimi suyun üzərinə töküb heç bir müdaxilə etməmək olar. Bu üsulu ilk dəfə işləyən sənətkarın adı ilə əlaqədar olaraq ona Battal adı verilib. Bunun da səbəbi yenə tarixi keçmişlə əlaqədardır: XVI əsrdə Şah İsmayılla Yavuz Sultan Səlim arasındakı müharibə nəticəsində Azərbaycan sənətkarlarının çoxunun İstanbula köçü yaranıb. Nəticədə ebru sənəti Azərbaycandan türklərin əlinə keçib. Hərb müdaxiləsindən sonra ebru sənətində də müəyyən üslub dəyişiklikləri baş verib. O vaxtlar bu üsul əsasən Quranın üz qabığına yapışıqlı forzas səhifələrində, xətt yazılarının fonunda, divarda asılan uluların, peyğəmbərlərin sözlərinin yazılışında istifadə olunurdu. Həmçinin bu sənətdən Quran səhifələrinin yan tərəfinin fonunda da istifadə olunurdu. Ebru sənətindən bu gün də həmin məqsədlə istifadə edilir.

Həmçinin bax

Xarici keçidlər

  1. "Arxivlənmiş surət". 2023-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-12.
  2. "Arxivlənmiş surət". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.