Drezden qəsri

Dezden qəsri və ya Kral sarayı (alm. Dresdner Residenzschloss və ya Dresdner Schloss) — Drezden şəhərində yerləşən ən qədim binalardan biridir. Dörd yüz il ərzində bu qəsr Vettin sülaləsinin Albertinlər xəttindən olan Saksoniya seçiciləri (1547–1806) və krallarının (1806–1918) iqamətgahı olmuşdur. Qəsr həm də Barokkodan-Neointibah memarlığına kimi müxtəlif üslubların bir binadan cəmlənməsi ilə məşhurdur.

Drezden qəsri
alm. Residenzschloss Dresden
51°03′10″ şm. e. 13°44′12″ ş. u.
Ölkə  Almaniya
Şəhər Drezden
Yerləşir Saksoniya
Əsas tarixlər 1533–1535 (Georq qapısı)
1565–1567 (Dəftərxana)
1586–1591 (Müzakirə zalı)
1589–1594 (Qəsr həyəti)
1705–1708 (Taschenbergpalais)
1945 (Mühafizə)
1991 II DM sonra bərpa işlərinə başlanması] (Qüllə)
2004 (Muzey)
2013 (Yenidənqurma)
Üslubu Neointibah
Barokko
Vəziyyəti restavrasiya olunur
Rəsmi sayt skd.museum/besuch/reside…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu gün qəsr binasından muzey kimi istifadə olunur və binada Tarixi və yeni Yaşıl otaq, Numizmatika kabineti, Estamp, Rəsm və Foto Kolleksiyası, Türk Ticarət Zalı ilə Cəbhəxana yerləşir. Həmçinin qəsrdə sənət kitabxansı və Drezden Dövlət Sənət Kolleksiyasının idarə ofisləri yerləşir.

Tarixi

Qəsr 1550-ci ildə.
1980-ci ildə qəsrin xarabalıqları

Orijinalda Roman donjonu olan qəsr təxminən 1200-cü illərdə inşa edilmişdi. Hausmannsturm XV əsrin əvvəllərində inşa edilmişdi. 1468–1480-ci illərdə ustad memar Arnold fon Vestfalen tərəfindən əlavə edilmiş dörd qanad-bina ilə donjon qapalı konstruksiyaya çevrilmişdir. XVI əsrin ortalarında binaya edilmiş əlavələr intibah memarlığı üslubunda olmuşdu.

1701-ci ildə baş vermiş yanğından sonra, Güclü Avqustun sifarişi ilə qəsr Barokko üslubunda bərpa edilmişdir.[1] Həmin dövrdə qəsrin qərb qanadında kolleksiya otaqları yaradılmışdı. Gümüş otaq, Heraldika otağı və Pretiosensaal 1723–1726-cı illərdə, Kaminzimmer, Juwelenzimmer (Zinət əşyaları otağı), Fil sümüyü otağı və Bürünc otağı isə 1727–1729-cu illərdə inşa olunmuşdu.[1]

Saksoniyanı idarə edən Vettin sülaləsinin 800 illik yubileyi 1889–1901-ci illərdə bir çox yenidənqurmalara təkan vermişdir. Bu zaman qəsrə neo-intibah üslubunda əlavələr edilmiş, həmçinin döşəmə qızdırıcısı və elektrik enerjisi kimi bir çox texniki yeniliklər (1914) qəsrə tətbiq edilmişdi.[1] Qəsri qonşu Yohanneum binası ilə birləşdirən Stallhof (Köşk həyəti) xaricində "Şahzadələr alayı" təsviri rəssam Vilhelm Valter tərəfindən yaradılmışdı. 102 metr uzunluğu olan bu divar rəsmi Vettin sülaləsinin tarixini əks etdirir. Lakin tezliklə boya solğunlaşmağa başladığına görə, təsvir 23.000 parçadan ibarət Meissen farforu üzərinə köçürülmüş və 1904–1907-ci illərdə divarda quraşdırılmışdır.

İkinci dünya müharibəsi zamanı, 13 fevral 1945-ci ildə Drezdenin bombalanması zamanı qəsrin damı tamamilə və divarlarının bir hissəsi dağıdılmışdı. Zinət əşyaları otağı, Heraldika, Gümüş və Bürünc otaqları tamamilə məhv edilmişdi. Lakin, müharibənin başladığı ilkin dövrlərdə qəsrin kolleksiyaları Köniqştayn qalasına köçürüldüyündən dəyərli əşyaları xilas etmək mümkün olmuşdur.[1]

1946-cı ildə müvəqqəti damın quraşdırılması xaric, İkinci dünya müharibəsinin başa çatmasından 15 il sonra qəsrin bərpa olunması üçün heç bir addım atılmamışdır. Qəsrin retstavrasiyasına 1960-cı illərdə yeni pəncərələrin qoyulması ilə başlanılmış və bundan sonra işlər davam etdirilmişdir. Qəsrin restavrasiyası 2013-cü ildə tamamlanmışdır.[2][3]

Muzeylər

Qəsrin gecə görüntüsü

Drezden qəsri beş muzeyə ev sahibliyi edir: Tarixi və Müasir Yaşıl Otaq, Numizmatika kabineti, , Estamp, Rəsm və Foto Kolleksiyası, Türk zalı ilə Cəbhəxana.

Həmçinin qəsrdə 260,000 cild nadir sənət tarixi kitablarının qorunduğu sənət kitabxanası (Kunstbibliothek) fəaliyyət göstərir.[3] Binada yerləşən bütün qurumların fəaliyyəti bir-biri ilə əlaqələndirilib.

Bundan başqa qəsrə gələnlər Seçicilər qalereyası və drezden qəsrinin ən böyük qülləsi olan Hausmannsturmu da ziyarət edə bilirlər.

Tarixi və Yeni Yaşıl Otaq

Yaşıl otaq (Grünes Gewölbe) Avropanın ən böyük zinət əşyaları kolleksiyalarından birinin saxlandığı muzeydir. Əsası 1723-cü ildə II Güclü Avqust tərəfindən qoyulmuş muzeydə barokkodan klassisizmə kimi müxtəlif dövrlərə aid dəyərli eksponatlar nümayiş etdirilir. Muzey Tarixi Yaşıl Otaq (Historisches Grünes Gewölbe) və Yeni Yaşıl Otaqdan (Neues Grünes Gewölbe) ibarətdir.[4]

Özü də barokko üslubunda dizayn edilmiş Tarixi Yaşıl Otaqda daha qədim zinət əşyaları saxlanılır. Yeni Yaşıl Otaq isə daha moderndir. Tarixi Yaşıl Otaq qəsrin birinci mərtəbəsində yerləşir və ziyarət əvvəlcədən sifariş edilməlidi; əksinə, ikinci mərtəbədə yerləşən Yeni Yaşıl Otağı ziyarətə heç bir limit qoyulmur.

Numizmatika kabineti

300.000-dən çox eksponatın saxlandığı Numizmatika kabineti (Münzkabinett) Drezdenin ən qədim muzeylərindən biri olmaqla əsası XVI əsrin əvvəllərində qoyulmuşdu. Muzeyin kolleksiyası Avropanın ən böyük universal kolleksiyalarından biridir. Kolleksiyada antik dövrdən müasir dövrümüzə kimi olan müxtəlif ölkələrin sikkələri saxlanılır. Onlardan 30.000-i Saksoniya tarixinin müxtəlif dövrlərini əhatə edən sikkələrdir. Eyni zamanda, muzey kolleksiyasına müxtəlif orden və simvollar, bank biletləri, tarixi lotereya biletləri, sikkə modelləri və qəlibləri daxildir.[5]

Muzeyin ekspozisiyası aprel ayından oktyabr ayına kimi açıq olur. Daimi ekspozisiyada 300-dən artıq eksponat nümayiş olunur. Həm də elmi tədqiqatlar üçün böyük mənbə olan Numizmatika kolleksiyasının özünəməxsus 30.000 cildlik kitabxanası vardır.

Estamp, Rəsm və Foto Kolleksiyası

Estamp, Rəsm və Foto Kolleksiyasında (Kupferstich-Kabinett) müxtəlif ölkələrdən olan sənətkarların müvafiq əsərləri saxlanılır. Kolleksiyaya səkkiz əsri əhatə edən 20.000-dən çox sənətkarın 515.000-dən çox əsəri daxildir. Kolleksiyada Albrext Dürer, Rembrandt, MikelanceloKaspar David Fridrix kimi qədim ustadlarla yanaşı, daha sonrakı dövrə aid Anri de Tuluz-LotrekPablo Pikasso kimi sənətkarların rəsmləri və estampları daxildir. Martin Şonhauerin qravürləri və Böyük Lukas Karnaxın taxta üzərində oyma işləri də kolleksiyada nümayiş olunur.[6] Həmçinin Kete Kolviçin rəsm və qrafika işlərini də bu kolleksiyada görmək mümkündür.

Türk Ticarət Zalı ilə Cəbhəxana

Sakson hersoqları və seçicilərinin silahlarının toplandığı Drezden cəbhəxanası (Rüstkammer) dünyanın ən bahalı və zəngin silah kolleksiyalarından biridir. Kolleksiyaya dəbilqələr, qalxanlar, qılınclar, xəncərlər, toppuzlar, tapançalar, tüfənglər, at ləvazimatı və mərasim geyimləri daxildir.

Türk zalında (Türckische Cammer) Drezden cəbhəxanasına daxil olan Osmanlı silahları nümayiş etdirilir. 600-dən çox eksponatın saxlandığı bu kolleksiya Türkiyə xaricində türk sənət əsərlərinin saxlandığı ən böyük və qədim kolleksiyalardan biridir. XVI–XIX əsrlər arasında Saksoniya seçiciləri turkua dəbinə uyaraq zəngin kolleksiya yaratmışdılar.[7]

İstinadlar

  1. Fritz Löffler: Das alte Dresden — Geschichte seiner Bauten. 16th ed. Leipzig: Seemann, 2006, ISBN 978-3-86502-000-0 (German)
  2. "Dresden Residential Castle". Schlösserland Sachsen. 2011. 21 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2014.
  3. "Residenzschloss (Royal Palace)". Drezden Dövlət Sənət Kolleksiyası. 2011. 2 November 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2014.
  4. "Grünes Gewölbe (Green Vault)". Dresden State Art Collections. 2011. 30 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2014.
  5. "Münzkabinett (Coin Cabinet)". Dresden State Art Collections. 2011. 15 November 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2014.
  6. "Kupferstich-Kabinett (Collection of Prints, Drawings and Photographs)". Dresden State Art Collections. 2011. 2 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2014.
  7. "The Türckische Cammer – a feast for the eyes". Dresden State Art Collections. 2011. 7 November 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2014.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.