Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[1][2][…], Kirmanşah – 17 noyabr 2013[3][2][…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir.
Doris Lessinq | |
---|---|
ing. Doris May Lessing | |
Doğum adı | Doris May Tayler |
Doğum tarixi | 22 oktyabr 1919[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 noyabr 2013[3][2][…] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşları |
|
Fəaliyyəti | yazıçı, şairə, roman yazıçısı, dramaturq, avtobioqraf[d], ssenarist, esseist, fantastika yazıçısı[d], nasir |
Fəaliyyət illəri | 1950-ci ildən |
İstiqamət | ədəbi realizm |
Janr | elmi fantastika |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Mükafatları | |
dorislessing.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi.
Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı. Sonrakı biliklərini mütaliə və şəxsi təhsil yolu ilə təkmilləşdirmişdi. Erkən yaşlarında iş həyatına başlamış, xəstə baxıcısı, telefon stansiyasının operatoru olmuşdu. 1949-cu ildə Cənubi Rodeziyanı həmişəlik tərk edib Londona köçmüşdü. Rodeziyada yaşadığı dövrdə Doris Lessinq iki dəfə ərə gedib boşanmış, dünyaya iki atadan üç övlad gətirmişdi. Yazıçı kimi tanındığı Lessinq soyadı ona milliyyətcə alman olan ikinci ərindən qalmışdı. Keçmiş Almaniya Demokratik Respublikasının Uqandada səfiri olan Qotfrid Lessinq 1979-cu ildə bu ölkənin diktatoru Aminə qarşı üsyan zamanı öldürülmüşdü.
Yazmağa 30-cu illərin sonlarından başlasa da, "Otlar oxuyur" adlı ilk romanını yalnız 1950-ci ildə çap etdirmişdi. Aparteid dövrünün Rodeziya həyatından bəhs edən əsər müsbət qarşılanmışdı.
Daha sonra yazıçı "Zorakılıq övladları" adlandırdığı beş romandan ibarət silsiləsini tamamlamışdı. Silsiləyə "Marta Kvest" (1952), "Sərfəli nikah" (1954), "Tufandan sonra sürüşmə" (1958), "Qurunun əhatəsində" (1966) və "Dörd qapılı şəhər" (1969) romanları daxil idi. Tədqiqatçılarının yekdil fikrinə görə müəllifi məşhurlaşdıran ilk əsəri isə "Qızıl gündəlik" (1962) romanı olmuşdu. "Qızıl gündəliyi" bəzən feminist ədəbiyyatın klassikası adlandırsalar da, Lessinq özü bu fikirlə heç zaman razılaşmamışdır. Yazıçıya görə söhbət sadəcə qadının deyil, şəxsiyyətin cəmiyyətdəki hüquqlarından gedir.
Müəllif özü yaradıcılığını mövzu baxımından üç dövrə ayırmışdır. Bunlar "Solçu kitab klubu"nun üzvü olduğu və əsərlərində sosial tənqidə mühüm yer ayırdığı sosialistlik (1944-1956), psixologizm (1956-1969) və daha çox elmi fantastika ilə səciyyələnən sufilik dövrüdür. Sonuncu dövrdə Lessinq "Cəhənnəmə enmək üçün təlimat" (1971), "Qürub çağından əvvəlki yay" (1973), "Üçüncü, dördüncü və beşinci zonalar arasında nikahlar" (1980), "Sirius ulduzunda təcrübələr" (1981), ""Səkkiz planeti" üçün nümayəndələr komitəsinin yaradılması" (1982) kimi fantastik romanlarını yazmışdır. ""Səkkiz" planeti..." romanının motivləri əsasında Filip Qlass opera bəstələmişdir.
Yaxın dostu, pakistanlı teoloq İdris Şahın yardımı ilə Doris Lessinq sufi islamın doktrinaları ilə dərindən tanış olmuşdu. Çox güman ki, sufiliyə bu ciddi maraq onun uşaqlıq illərini islam dünyasının bir parçası olan İranda keçirməsi ilə müəyyən dərəcədə əlaqəlidir. İngilis yazıçısının islam və Şərq motivləri ilə zəngin "Şikəstə" (1979) romanını da həmin təsirin aradan illər keçəndən sonra meydana çıxan əks-sədası kimi qəbul etmək mümkündür.
Doris Lessinq Londonun inqilabi əhvali-ruhiyyəli gəncliyinin həyatından bəhs edən "Yaxşı terrorçu" (1985), əqli cəhətdən zəif uşaq haqqındakı "Beşinci övlad" (1988) romanlarının da müəllifidir. Yaradıcılığında yaranmış səkkiz illik fasilədən sonra yazıçının "Yenə məhəbbət" (1996), "Mara və Den" (1999), habelə "Beşinci övlad"ın davamı kimi düşünülmüş "Atılmış Ben" (2000) romanlarını çap olunmuşdur. 80-ci illərdə yazdığı iki romanı müəllif nədənsə oxuculara Ceyn Comers təxəllüsü ilə təqdim etməyi daha münasib saymışdır.
Mövzu və janr baxımından Doris Lessinqin yaradıcılığı rəngarəngdir. O, çoxsaylı romanlarla yanaşı dörd səhnə əsərinin, bir neçə hekayələr kitabı və publisist yazılar toplusunun müəllifidir. Gənclik xatirələrini "Evə gedərkən" (1957) və "İngilislik axtarışında" (1960) kitablarında toplamışdır.
Yazıçının Britaniya mədəniyyəti qarşısındakı xidmətləri vətənində yüksək qiymətləndirilmişdir. O, "Millətə xüsusi xidmətlərinə görə" ən yüksək Britaniya mükafatına - Şərəf Cəngavəri ordeninə (1999) layiq görülmüşdü. Doris Lessinq bu ordeni XX yüzillikdə alan sonuncu britaniyalıdır. O, Harvard universitetinin fəxri doktorudur (1995), portreti Britaniya tarixinin ən görkəmli simaları ilə birlikdə Londondakı Milli Qalareyanı bəzəyir.
Uzun və məhsuldar yaradıcılığı nəticəsində Avropanın bütün əsas ədəbi mükafatlarını qazanan Doris Lessinq 2007-ci ildə "epik əsərlərinin qadın təcrübəsindən doğan ehtiras, şübhə və və gələcəyi görmə xüsusiyyətlərinə görə" öz zəngin kolleksiyasına Nobel mükafatını da əlavə etmişdi.
Yaşının ötkün dövrünə qədəm qoymasına baxmayaraq Doris Lessinq yeni əsərlər üzərində işləyir. "Nənələr" adlandırdığı sonuncu hekayələr kitabını 2003-cü ildə Londonda çap etdirən müəllif BBC radiosuna verdiyi müsahibədə əslində gərgin zəhməti ilə qazandığı Nobel mükafatının onu arzu edilməyəcək dərəcədə məşhurlaşdırmasından və nəticədə yaradıcılığına az vaxt qalmasından şikayətlənmişdir.
İstinadlar
- Николюкин А. Н. Лессинг Д. М. // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 4. С. 167.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Doris Lessing dies aged 94.
- Almanca Vikipediya (alm.). 2001.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.