Donanma
Donanma — mülki və hərbi məqsədlər üçün, çoxlu müxtəlif üzən (Dəniz donanması) və uçan (Hava donanması) obyektdən təşkil olunaraq, suda (dənizdə və ya çayda) yaxud havada istifadə olunmaq üçün nəzərdə tutulur.
Tarixçə
Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar[1]. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir. Şirvanşah III Fəribürzun vaxtında Bakı adaların birində hərbi baza kimi istifadə edilən Səbayıl qalası tikilir.[2]
Orta Çağ səyyahlarının qeydlərindən Şirvan gəmilərinin görünüşü haqqda əldə etmək olur: "görkəmcə qaleraya oxşayırlar, amma ölçüləri tartanınkı kimidir". Beləliklə, Şirvan gəmisi uzunburun, hündürdallı, əyik dirəkləri və qıyqacı yelkənləri olan iki dorlu, qaleraya oxşayan və tartana ölçülü, 30 tonnadək yükü qaldıra biləcək gəmi olmalı idi.[3].
XV əsrdə dəniz tərəfdən güclü rəqibin olmaması Şirvan donanmasının az qala yox olmasına gətirib çıxraır. Venesiyalı elçi Ambrocio Kontarini (XV əsr), habelə Oruc bəy Bayat, Pyetro della Valle, Yan Streys qeyd edirdilər ki, Xəzər gəmiləri Avropanınkılərdən geri qalırdı, çünki köhnə idi. XV əsrin ortalarından etibarən Bakının beynəlxalq ticarətdə aparıcı rol oynadığı və Osmanlı imperiyasının, Ağqoyunlu və Səfəvi dövlətlərinin yaranması ilə bağlı bölgənin hərbi-strateji durumu dəyişir. Başqa ölkələrə əsasən ipək, duz, neft, zəfəran ixrac olunur. Bakı nefti Manqışlaq yolu ilə Orta Asiyaya və Həştərxan vasitəsiylə Avropaya daşınırdı. Böyük fəthlər yolunda olan Osmanlı imperiyası Şərqlə Qərbi birləşdirən Aralıq dənizinin mühim limanlarını ələ keçirərək Xəzər dənizdə möhkəmlənmək istəyirdi. Bu, ona Orta Asiyadakı sünnü dövlətlərlə birləşib şiə Səfəvilərə qarşı çıxmağa və Asiya-Avropa ticarətini tam nəzarətə almağa imkan verə bilərdi. Osmanlı-Səfəvi savaşları məhz bunu hədəfləmişdi. 1578–1590-cı illərdə Osmanlı türkləri Xəzərin qərbi sahilini və Bakını ələ keçirirlər, burada öz donanmalarını qurmaq istəyirdilər.
Digər önəmli geosiyasi amil Rusiyanın Kazan (1552) və Həştərxan (1556) xanlıqlarını işğal edib Xəzər dənizinə çıxış qazanması idi. Bu dönəmdə Volqa-Xəzər su yolu Rusiyanın tam nəzarəti altında idi, bu da osmanlıları narahat etməyə bilməzdi.
İstinadlar
- Thor Heyerdahl — Scandinavian Ancestry. Tracing Roots to Azerbaijan. Arxivləşdirilib 2010-02-02 at the Wayback Machine "Azerbaijan International" jurnalı.
- Нурулла Алиев, доктор ист. наук, капитан 1 ранга. — Азербайджан и военно-морские события на Каспии в средние века. Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine Журнал İRS, № 1(61), 2013.
- Нурулла Алиев, доктор ист. наук, капитан 1 ранга. — Военные суда на Каспии в средние века Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine. Журнал İRS, № 3(63), 2013.
Xarici keçidlər
- Azərbaycan Dövlət Dəniz Akademiyası Arxivləşdirilib 2014-02-19 at the Wayback Machine