Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı.
Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Mənbə
- Canard, Marius & Cahen, Claude (1965). "Diyār Bakr". In Lewis, B.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume II: C–G. Leiden: E. J. Brill. pp. 343–345. OCLC 495469475.
- Canard, Marius & Cahen, Claude (1965). "Diyār Rabī'a". In Lewis, B.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume II: C–G. Leiden: E. J. Brill. pp. 348–349. OCLC 495469475.