Distant təhsil

Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır[1]. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

COVID-19 Pandemiyası zamanı məsafədən təhsil alan Meksikalı tələbə.

Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.

Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

Tarix

Distant təhsil ilk illərindən başlayaraq 1970-ci illərə qədər əsasən çap materiallarına əsaslanırdı. Radio, audiokasset, faks, kinotelefon kimi rabitə vasitələrindən istifadə etməklə müəyyən təcrübələr aparılsa da, televiziya yayımı sahəsinin inkişafına qədər çap materiallarından əsas tədris vasitəsi kimi istifadə edilmişdir. Distant təhsil termini ilk dəfə Viskonsin Universitetinin 1892-ci il kataloqunda meydana çıxmışdır. Növbəti dövrdə distant təhsil konsepsiyasının əsasını qoyacaq müəyyən inkişaflar müşahidə olunmuşdur. Bu termin 1960-cı ildən etibarən geniş tətbiq sahəsinə malik olmuşdur. “Distant təhsil” termini daha sonra Almaniyada 1960-1970-ci illərdə alman pedaqoq Otto Peters tərəfindən təqdim edilmiş və Fransadakı distant təhsil müəssisələrinin adı (teleenseignement) kimi istifadə edilmişdir.[2]

Xarici keçidlər

UZAKTAN EĞİTİM VE UYGULAMALARI

İstinadlar

  1. "Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli Qanunu Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine  (az.)
  2. “Qloballaşma şəraitində müəllim şəxsiyyətinin formalaşdırılmasında pedaqogika və psixologiya elmlərinin yeri və rolu” mövzusunda respublika elmi konfransın materialları. 28-29 aprel 2022, 371 s. s.243-246
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.