Diribaba türbəsi

Diribaba türbəsi — Qobustan rayonunun Qobustan şəhərində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.[1]

Diribaba türbəsi
40°31′57″ şm. e. 48°56′31″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qobustan
Yerləşir Qobustan
Memar Ustad Hacı oğlu
Tikilmə tarixi 1402
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
İstinad nöm.297
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Diribaba türbəsi (Azərbaycan)
Diribaba türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib."

Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər.

Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır.

Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparmışdır. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır. Türbədə dəfn olunan Müqəddəs Şəxsin kimliyi haqqında isə heç bir məlumat yoxdur.[2]

Abidənin adının mənşəyi

Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün “diri qalır”. Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir.

XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səhayət edərkən Diri Baba haqqında yazırdı:

"Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır...”

Abidənin planı

Qayanın içərisində yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən və yəqin ki, türbə xidmətçisi üçün ayrılmış otaqdan, ikinci mərtəbəsi isə salondan ibarətdir.

Birinci mərtəbə ilə ikinci mərtəbə arasında səliqə ilə düzəldilmiş daş pilləkən mövcuddur. Qayanın içərisində yonulub tikildiyinə görə binanın ancaq cənub tərəfə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı fərqli detallar da mövcuddur.

İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir. Onlar kvadrat ölçüdən günbəzə keçid təşkil edir. Tronpların səthləri nəbati ornamentlərlə örtülmüşdür.

Böyük otağın fasada açılan, eləcə də Şərq və Qərb tərəfə baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir.

Dağılmış bu daş kitabənin içərisindəki yazıdan məlum olur ki, türbə hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilmişdir. Türbəni günbəz sərdabələr növünə aid etmək olar. Bu qrupa aid tikintilərin bir ümumi xüsusiyyəti var ki, bu da günbəz zalın kvadratşəkilli divarının olmasıdır.

Memarlıq xüsusiyyətləri

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.

Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və sairəni göstərmək olar.

Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.

1965-ci ildə Misir Ərəb Respublikasının Prezidenti Camal Əbdül Nasir Azərbaycanda olarkən türbənin bərpasını sovet rəhbərlərindən xahiş etmişdir. Məhz həmin illərdə Diri baba türbəsi yenidən bərpa edilmişdir.

«Diri baba» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Qalereya

Xarici keçidlər

İstinadlar

  1. Zərbəliyev, Ceyhun. Mədəniyyət. 2012. səh. 13.
  2. "Diri baba". 2019-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.