Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir[1]
Dilbaz atı | |
---|---|
Dəliboz | |
Digər adları |
Dilbaz Qazax atı |
Cinsin istiqaməti | Əsasən minik, yük və yüngül qoşqu |
Ölçüləri | 137,3 sm, beli enlidir |
Əcdadı | Ərəb atı və yerli cins |
Yaranma tarixi | XVIII əsrin sonu, XIX əsrin əvvəlləri |
Yetişdirildiyi yer | Azərbaycan, Qazax mahalı |
Arealı | Azərbaycan, əsasən Ağstafa, Qazax |
Vikianbarda əlaqəli mediafayllar |
Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır.
Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər.
Tarixi
Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır. XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatırdı, lakin birinci və ikinci dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, atların sayının kəskin azalmasına səbəb olmuşdur.
Bu atlar "Ərəb" və "Qarabağ" yəhər tipli ayğırların vasitəsilə təkmilləşdirilmişdir. "Dilbaz" atları qərbi Azərbaycan boyu geniş yayılır. 1943-cü ildə respublikadakı at növlərinin genişləndirilməsi məqsədilə Dövlət Çoxaltma Kooperativi quruldu.
1950-ci illərdən bəri "Qarabağ" atlarının artıq ayrıca yetişdirilməyə başlanması ilə "Dilbaz" atları "Ərəb" və "Tersk" növlərindən istifadə edilməklə çoxaldılmağa başlanmışdır. "Dilbaz" atları çarpazlaşdırılır.
Dövlət qayğısı
Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2015-ci il tarixli Sərəncamına əsasən isə Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat ayrılmışdır[2].
Xüsusiyyəti
"Dilbaz" atları təmiz, geniş alın, qısa baş, dar burun ilə, ağır boynu, uzun kürəyi və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqlar təmiz və mükəmməl paylaşdırılandır və sümükləri digər atlardan qat-qat qalındır. Boyu 152 sm, döş qucumu 172 sm və top sümüyü qucumu 19.4 sm təşkil edir.
"Dilbaz" atları yaxşı işləmə bacarığı göstərirlər. Bu at cinsi bir gündə belində 115–130 kq yük ilə 45–55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.[3]
Cinsin yaxşı hissəsi keçmişdə Qazax atının lazımi qulluq şəraitində yetişdirilmiş görkəmli minik tipidir. Cinsin yaxşılaşdırılmasında şərq atlarından da (ərəb, Türkiyə) istifadə edilmişdir. Dilbaz atı minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla ilxı şəraitinə dözümlü olmaqla möhkəmdir. Cinsin əsas nöqsanı da Qarabağ atlarında olduğu kimi boyunun kiçik olmasıdır. Başı orta böyüklükdə, boynu düzdür. Süysünü alçaqdır, hündürlüyü 137,3 sm-dir. Beli enlidir.
Ayaqları nisbətən hündür, yerişi əsasən addım və dördayaqdır. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilbaz atını yaxşılaşdırmaq üçün 1944-cü ildə cinsin yaradıldığı yerdə — Ağstafada Dilbaz Atçılıq Dövlət Döllük Ocağı təşkil olunmuşdur. Bu cinsdən olan atlar təmizlikdə yetişdirilməklə bərabər, yerli madyanların "Ərəb" və "Terek" cinsindən olan ayğırlarla çarpazlaşdırılmasından müsbət nəticələr alınmışdır.
Dilboz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dözümlüyü etibarilə hətta Qarabağ atlarından da üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Qazax atları saatda 7–8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115–130 kq yük ilə 45–55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.[4]
İdmanda
Cinsin yüksək keyfiyyətləri cıdırda da özünü göstərmişdir. Bakı ippodromunda 1940–2000 illərdə keçirilən qaçışlarda Dilboz atları daim yüksək yerlər tuturdular. 1962–1990 illərdə Dilboz atları Ümumittifaq yarışlarda 39 dəfə iştirak etmiş və səkkiz dəfə birinci yerə layiq görülmüşdülər, 36 dəfə isə müxtəlif attestatlar almışlar.
Hazırda Dilboz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılıb.
İstinadlar
- "Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 255-IIIQ nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine (az.)
- "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2015-ci il tarixli Sərəncamı. president.az (az.)
- "Dilbaz atları". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-01.
- "Dilboz atları". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-11.