Demokratik Cəmiyyət uğrunda Hərəkat

Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM,[3] ərəb. حركة المجتمع الديمقراطي, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir.

2012-ci ildən TEV-DEM tərəfindən istifadə edilən üç rəngli bayraq. Bu həmçinin, Rojava bayrağı olaraq da tanınır.[1][2]

Tarixi

Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi. Buna baxmayaraq, PYD yenə də xaricdən müdaxiləni və Suriya müxalifəti ilə birləşməni rədd etmişdir. Suriya münaqişəsində üçüncü bir yol təklif etdiyini iddia edən PYD müharibəyə özünümüdafiəyə əsaslanan və zorakılıq tətbiq edilməyəck həlləri təklif etmişdir. Nə rejimi, nə də müxalifəti dəstəkləməyən PYD öz məqsədinin cəmiyyətin təşkili və "insanlar üçün özünüidarəetmə" əldə etmək üçün mədəni, sosial, iqtisadi və siyasi institutların formalaşması üzərində qurduğunu bildirmişdir.[4]

Bu rəqabətə baxmayaraq, ENKS və PYD 2012-ci ildə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərində qurulan Kürd Ali Komitəsi (DBK) daxilində birlikdə çalışmağı qəbul etmişdir, lakin yerli xalqın dəstəyi PYD-yə doğru çoxaldıqca ENKS buradakı iştirakını geri çəkmişdir. Təşkilat PYD-ni qərar vermə inhisarında və siyasi fəallarını sıxışdırmaqda günahlandırmışdır. PYD cavab olaraq ENKS-ni rəqabət aparan paralel qüvvə qurmaq və təsir zonalarına bölmək cəhdində günahlandırmışdır. PYD-yə görə, bu, kürdlər arasında daxili çəkişmə riski yaradırdı. PYD 2013-cü ilin noyabr ayında TEV-DEM çətiri altında birtərəfli olaraq bölgə üçün müvəqqəti bir idarə yaradıldığını elan etmişdir.[4]

İdeologiya

TEV-DEM 2013-cü ilin dekabrında yeni bir idarəetmə modelinə keçmişdir. Təşkilat PYD-nin demokratik konfederalist ideologiyası ilə daha güclü əlaqələri olan bu modeli "demokratik özünüidarə layihəsi" adlandırmışdır.[4]

Uzun müddətdir ÖcalanPKK ideologiyasına bağlı olan PYD-nin radikal solçu köklərinə baxmayaraq, konstitusiyanın çoxmillətli və sekulyar komponentləri Suriya rejiminə qarşı çıxan Qərb beynəlxalq dəstəkçilərinin bəzi əsas tələblərinə cavab vermişdir. Bölgədəki yerli idarəetmə modeli fərdi şəxsi azadlıqlara diqqət yetirmək kimi bir çox inkişafa təkan vermişdir. Yerli idarəetmə Əsəd qüvvələrinin Suriyanın şimalından çəkilməsinin boşluğunu doldurmaqla Suriyanın şimalında vətəndaş müharibəsinin nəticələrini azaltmağa kömək etmişdir.[4]

İstinadlar

  1. Enzinna, Wes. "Dream of Secular Utopia in ISIS' Backyard". The New York Times. 24 noyabr 2015. 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
  2. "TEV-DEM coalition elects new co-chairs as Kurds enter Damascus talks". Rudaw. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2021.
  3. "The Project of a Democratic Syria: Movement for a Democratic Society, Rojava". 17 fevral 2015. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2021.
  4. Sarı, Qadi. "Kurdish Self-governance in Syria: Survival and Ambition" (PDF). Chatham House. sentyabr 2016. səh. 11. 2017-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 sentyabr 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.