Dayanıqlı inkişaf

Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf.

Əsas anlayışları

Ona iki əsas anlayış daxildir:

  • tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar;
  • məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən.

Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir.

KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur.[1]

Tarixi

XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur. Hələ 1984-cü ildə BMT Baş Katibinin təşəbbüsü ilə BMT nəzdində "Ətraf mühit və inkişaf" üzrə Beynəlxalq Komissiya yaradılmışdır. Bu komissiyaya Norveçin o vaxtkı baş naziri xanım Qro Xarlem Brutland başçılıq etmişdir. Komissiyanın əsas vəzifəsi ətraf mühit və inkişaf üzrə uzunmüddətli strateji proqram hazırlamaqdan ibarət idi. Bu strategiya 2000-ci ilə qədər və sonrakı dövr üçün müxtəlif dünya ölkələrinin davamlı inkişafını nəzərdə tuturdu. 1984-cü ildən başlayaraq dünya alimlərinin ətraf mühit və inkişaf üzrə təkliflərini toplayan xanım Q. X. Brutland 1987-ci ildə 23 ölkənin ekspertlərinin köməyi ilə hazırlanmış "Bizim ümumi gələcəyimiz" adlı əsas məruzəni BMT Baş Assambleyasına təqdim etmişdir. Bu konsepsiyanın əsas məğzi: "Gələcək nəsillərin həyatını təhlükə altına qoymadan, indiki nəsillərin tələbatının sosial, iqtisadi və ekoloji cəhətdən normal ödənilməsi"ndən ibarətdir. "Bizim ümumi gələcəyimiz" adlı məruzə BMT Baş Assambleyasının təşəbbüsü ilə müxtəlif ölkələrə yayılmış və bir çox dillərdə kitab şəkildə çap olunmuşdur.

1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində (qısa şəkildə — Rio) keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutan bütöv bir konsepsiyadır.

Konsepsiyanın adı beynəlxalq sənədlərdə və bəzi ədəbiyyatlarda müxtəlif şəkildə təqdim edilir. Məsələn, əvvəlcə bu konsepsiya "İnsan potensialının davamlı inkişafı", "Sivilizasiyanın davamlı inkişafı", "İnsan cəmiyyətinin davamlı inkişafı" adlanırdı. Lakin son illərdə bu konsepsiya sadəcə olaraq "Davamlı inkişaf" adı ilə daha geniş yayılmışdır. Əsasən insan və ətraf mühit arasında harmoniyanın təmin edilməsinə yönəlmiş bu konsepsiya təbiət, cəmiyyət və insan həyatının bütün sahələrini əhatə etdiyinə görə sadəcə olaraq "davamlı inkişaf" adlanır.

BMT-nin Rio-92 konfransında qəbul edilmiş və Davamlı inkişaf üzrə öz milli strategiyalarını hazırlamaq üçün dünya ölkələrinə tövsiyə edilmiş ən mühüm sənəd — "XXI əsrin gündəliyi" (Agenda 21) adlanan sənəddir. Bu sənəd XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən və hər bir ölkədə milli səviyyədə davamlı inkişaf konsepsiyası hazırlamaq üçün ümumi fəaliyyət proqramıdır.

BMT-nin Rio konfransının yekun sənədində göstərilmişdir ki, "Hökümətlər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davamlı inkişafın milli strategiyasını qəbul etməlidirlər". Rio-da irəli sürülən bu çağırışartıq BMT tərəfindən dünya ölkələri üçün sosial-iqtisadi və ekoloji proqram kimi təklif olunmuşdur. BMT-nin Rio konfransından sonra müasir cəmiyyətin davamlı inkişafa keçid konsepsiyası bir çox mötəbər beynəlxalq təşkilatların müzakirə obyektinə və bəzi dünya alimlərinin elmi-nəzəri tədqiqat işinə çevrilmişdir.

BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabrında "Minilliyin Forumu" keçirilmişdir. Bu Beynəlxalq Forumda iştirak edən dünyanın 147 ölkəsinin dövlət və hökumət rəhbərləri qlobal miqyasda davamlı inkişafa nail olmaq məqsədi ilə "Minilliyin Bəyannaməsi" sənədini qəbul etmişlər. Qeyd edək ki, o vaxt Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyev də bu Forumda çıxış edərək müzakirə olunan qlobal məsələlərə öz münasibətini bildirmişdir.

Davamlı inkişaf konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ətraf mühitin qorunub saxlanılması, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarət idi. Bununla yanaşı davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün saxlanılmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tuturdu.

"Minilliyin Bəyannaməsi"ndə XXI əsrdə dünya ölkələri üçün Minilliyin İnkişaf Məqsədləri (MİM) müəyyən edilmişdir. Forumda qəbul edilən Minilliyin İnkişaf Məqsədlərində 2015-ci ilədək dünya əhalisinin həyat şəraitinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılmasına yönəldilən problemlərin həlli əsas prioritet kimi nəzərdə tutulmuşdur. Bu məqsədlər aşağıdakı şəkildə qruplaşdırılmışdır: İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq; Ümumi ibtidai təhsilə nail olmaq; Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyətlər vermək; Uşaq ölümü hallarını azaltmaq; Ana sağlamlığını yaxşılaşdırmaq; HİV (AİDS, malyariya və digər) xəstəliklərə qarşı mübarizə aparmaq; Ətraf mühitin davamlılığını təmin etmək; Davamlı İnkişaf üçün qlobal tərəfdaşlığı genişləndirmək.

Bundan sonra Davamlı İnkişafa keçid prosesi dünya ölkələrində həm elmi-nəzəri, həm də praktiki istiqamətdə geniş yayılmağa başlamış və XXI əsrin əsas prioriteti kimi qəbul edilmişdir. BMT tərəfindən davamlı inkişafla bağlı həyata keçirilməsi zəruri olan uzunmüddətli yeni məqsədlər və hədəflər irəli sürülmüşdür. Bu məsələ ilə əlaqədar BMT Baş Asambleyasının 2015-ci il 25–27 sentyabr tarixində keçirilən 70-ci sessiyasında və həmin vaxtda təşkil edilmiş Dünya Sammitində mühüm qərarlar qəbul edilmişdir. BMT Baş Asambleyasının tövsiyəsi əsasında Dünya Sammiti 2015–2030-cu illər üzrə 17 məqsəd irəli sürmüş və 193 ölkə davamlı inkişafla bağlı irəli sürülən bu məqsədləri həyata keçirmək üçün öhdəlik götürmüşlər. 2030-cu ilə kimi Dünya ölkələri tərəfindən davamlı inkişafla bağlı həyata keçirilməsi nəzərdə tutulan bu məqsədlər aşağıdakılardır:

  • Planetimizdə yoxsulluğun bütün formalarına son qoymaq.
  • Bütün Dünyada aclığa və qida çatışmazlığına son qoymaq.
  • İnsan sağlamlığının təmin edilməsi.
  • Cəmiyyətdə əhalinin inklüziv və bərabər keyfiyyətli təhsillə təmin olunması
  • Gender bərabərliyinə nail olmaq
  • İnsanların təmiz içməli suya əlyetərliyini təmin etmək və sanitariya vəziyyətini yaxşılaşdırmaq.
  • Planetin əhalisini davamlı enerji sistemi ilə təmin etmək.
  • Dayanıqlı iqtisadi artım, layiqli əmək və işsizliyi aradan qaldırmaq.
  • Davamlı sənaye, innovasiya və infra strukturun təmin edilməsi.
  • Ayri-ayrı dünya ölkələr arasında getdikcə genişlənməkdə olan bərabərsizliyin azaldılması.
  • Yaşayış məskənlərinin davamlılığına nail olmaq. Davamlı şəhərlər və icmalar (Habitat-2).
  • Davamlı istehsal və məsuliyyətli istehlakı təmin etmək.
  • İqlim dəyişikliyinə qarşı mübarizə.
  • Dəniz ekosisteminin mühafizəsi.
  • Torpaq ekosisteminin mühafizəsi
  • Davamlı inkişafın təmin edilməsi üçün sülh və ədalətin təşviq edilməsi.
  • Davamlı inkişafa keçilməsi prosesində qarşıyaqoyulan məqsədlərin yerinə yetirilməsi üçün tərəfdaşlığın genişləndirilməsi.

Davamlı inkişaf konsepsiyasını – müasir cəmiyyətdə mövcud olan sosial-iqtisadi problemlər və ətraf mühitin mühafizəsi arasında dünyəvi balansı təmin etmək zərurətindən irəli gələn sivilizasiyanın inkişaf modeli haqqında yeni nəzəri konsepsiyadır.

Azərbaycanda davamlı inkişaf

BMT-nin təşəbbüsü ilə meydana çıxan Davamlı inkişaf konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır. Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intelektual potensiala malik olan Azərbaycan və bu kimi ölkələrdə Davamlı inkişafın fəlsəfəsinin araşdırılması mühüm aktuallıq kəsb edir. Digər tərəfdən XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycanda ictimai həyatın bir çox sahələrində geniş miqyasda baş verən mütərəqqi dəyişikliklərin əsas mahiyyətinin fəlsəfi cəhətdən araşdırılmasına zəruri ehtiyac vardır.

XX əsrin 90-cı illərinin ortalarında uzaqgörən siyasətçi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin Davamlı inkişaf yoluna keçməsi üçün bir çox zəruri tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyev BMT İnkişaf Proqramının tövsiyələrinə əsaslanaraq BMT-nin Rio-de Janeyro konfransında (1992), Minilliyin Forumunda (2000) Yohannesburq Sammitində (2002) Davamlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ölkəmizin inkişafı naminə bu istiqamətdə bir çox mühüm qərarlar qəbul etmişdir. Bu qərarlar aşağıdakılardır:

  • 1. Ümumimilli lider Heydər Əliyevin 2 mart 2001-ci il tarixli, 636 saylı sərəncamı ilə "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı" hazırlanmışdır.
  • 2. Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Kabineti "Azərbaycanda Davamlı İnsan inkişafı strategiyası"nın hazırlanması haqqında 30 oktyabr 2001-ci il tarixli, 198 saylı sərəncam imzalamışdır.
  • 3. Heydər Əliyevin 26 dekabr 2001-ci il tarixli 612 saylı Fərmanının 19-cu bəndinə əsasən Azərbaycanda Davamlı İnkişaf üzrə Milli hesabat hazırlanmışdır.
  • 4. Heydər Əliyevin göstərişi ilə 2002-ci il 18 iyul tarixində Davamlı İnkişaf üzrə Milli hesabatın ictimaiyyətə təqdimatı keçirilmişdir.
  • 5. Heydər Əliyevin 19 fevral 2003-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram" və "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram" təsdiq edilmişdir.

Azərbaycan BMT-yə üzv olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Bu İnkişaf Məqsədlərinin icrasının institutsional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alan Prezident İlham Əliyev 06 oktyabr 2016-cı il tarixində "Azərbaycan Respublikasının Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Yaradılması Haqqında" fərman imzalamışdır. Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Əhmədov Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri təyin edilmişdir. Bu fərmanın 2.2-ci bəndinə görə Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası öz fəaliyyətinə elmi müəssisələrin cəlb edilməsini məqsədəmüvafiq hesab etmişdir.

Bu baxımdan ölkəmizdə Davamlı inkişafın fəlsəfi problemlərinin araşdırılmasının elmi aktuallığını nəzərə alan AMEA Rəyasət Heyəti təşəbbüs göstərərək 2018-ci ilin əvvəlində AMEA-nın Fəlsəfə İnstitutun nəznində ilk dəfə olaraq "Davamlı inkişafın fəlsəfəsi" adlı elmi-tədqiqat şöbəsinin yaradılmasını məqsədəuyğun hesab etmişdir.

Davamlı inkişaf və davamlı insan inkişafının sosial-fəlsəfi problemlərinin araşdırılması ilə Azərbaycanda ilk dəfə f.ü.e.d. prof. Sakit Hüseynov məşğul olmuşdur. Sakit Hüseynovun 2002-ci il 18 mart tarixli "Respublika" qəzetində çap olunmuş. "Davamlı inkişaf Konsepsiyası: meydana gəlməsi, mahiyyəti, perspektivləri" adlı məqalədə ilk dəfə olaraq Davamlı inkişaf konsepsiyasının meydana gəlməsi, bu konsepsiyanın sosial-fəlsəfi mahiyyəti və insan inkişafının perspektivləri fəlsəfi aspektdə şərh edilmişdir. S. Hüseynovun bu məqaləsini davamlı inkişaf konsepsiyası ilə bağlı ilk elmi məqalə hesab etmək olar. Sakit Hüseynovun 2003-cü ildə nəşr etdirdiyi "Davamlı insan inkişafının strateji istiqamətləri" adlanan monoqrafiyası isə davamlı inkişafın sosial-fəlsəfi problemlərinə həsr edilmiş ilk kitab hesab olunur.

AMEA-nın Fəlsəfə İnstitutun nəznində fəaliyyət göstərən "Davamlı inkişafın fəlsəfəsi" adlı elmi-tədqiqat şöbəsinin müdiri professor Sakit Hüseynovdur.[2]

"Davamlı İnsan İnkişafının strateji istiqamətləri" kitabı

"Davamlı İnsan İnkişafının strateji istiqamətləri" (Bakı, Adiloğlu, 2003). Bu monoqrafiya davamlı insan inkişafının sosial-fəlsəfi mahiyyəti haqqında respublikamızda yazılmış ilk kitab hesab olunur. Kitabda beynəlxalq sənədlərin təhlili əsasında davamlı inkişaf konsepsiyası sosial-fəlsəfi baxımdan ilk dəfə olaraq araşdırılmış, bu konsepsiyanın meydana gəlməsi və mahiyyəti izah edilmiş, cəmiyyətin davamlı inkişaf modelinə keçməsinin konseptual istiqamətləri fəlsəfi cəhətdən şərh edilmiş və davamlı insan inkişafının sosioloji mahiyyəti təhlil edilmiş, onun ümumi-nəzəri prinsipləri tədqiq edilmişdir. Kitabın elmi məsləhətçiləri U. Ələkbərov və prof. F. Ramazanovdur.

"Davamlı İnsan İnkişafı" kitabı

"Davamlı İnsan İnkişafı" (Bakı, ADAU nəşriyyatı. Ali məktəblər üçün dərslik, 2009). Ali məktəblər üçün nəzərdə tutulan bu dərslikdə Davamlı İnsan İnkişafı konsepsiyasının meydana gəlməsi, mahiyyəti, əsas prinsipləri, cəmiyyətdə insan inkişafının göstəriciləri (indikatorları), bu göstəricilərin qiymətləndirilməsi şərh edilmişdir. Kitabda Dİİ-nı əhatə edən sosial-iqtisadi, təhsil, sağlamlıq, ətraf mühit ailə-məişət, gender, mənəvi-psixoloji, mədəniyyət və incəsənət, milli təhlükəsizlik və s. məsələlərin geniş şəkildə təhlil edilməsi öz ifadəsini tapmışdır. Dərsliyin elmi redaktoru ictimai elmlər doktoru, professor Mirdaməd Sadıqovdur.

"Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf" kitabı

"Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf" (Bakı, 2012) kitabında "Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyası" çərçivəsində milli iqtisadiyyatın modernləşdirilməsi və davamlı inkişaf problemləri araşdırılmışdır. Kitabda davamlı inkişaf və modernləşməyə dair çoxsaylı mənbələrdən, beynəlxalq sənədlərdən, ayrı-ayrı yerli və beynəlxalq təşkilatların hesabatlarından və s. istifadə edilərək ətraflı təhlillər aparılmışdır.

"Ekologiyanın fəlsəfi və hüquqi məsələləri" kitabı

"Ekologiyanın fəlsəfi və hüquqi məsələləri" (Bakı, Təknur, 2007) kitabı ekologiyanın fəlsəfi və hüquqi məsələlərinin araşdırılmasına həsr edilmişdir. Kitabda insan-təbiət münasibətlərinin tarixi təkamülü şərh edilir, ekoloji fəlsəfə və ekoloji hüququn predmeti izah edilir. "Ekologiyanın fəlsəfi və hüquqi məsələləri" kitabında respublikamızın ekoloji qanunvericiliyində ekoloji hüququn anlayış və terminləri fəlsəfi cəhətdən təhlil edilir, sovet dövründə ekoloji fəlsəfə və ekoloji hüququn inkişaf mərhələlərinə diqqət yetirilir. Azərbaycanda Davamlı insan inkişafının tədrisi və təbliği ilə məşğul olan alimlərimizdən biri də AMEA-nın akademiki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmlər doktoru, professor Urxan Ələkbərovdur. Akademik Urxan Ələkbərovun ali məktəblər üçün davamlı insan inkişafı ilə əlaqədar bir neçə dərsliyi nəşr edilmişdir:

  • 1. Davamlı insan inkişafı (Ali məktəblər üçün proqram və kursun qısa məzmunu) Bakı, "Təhsil", 2006, 88 səh.
  • 2. U. Ələkbərov. Davamlı İnsan inkişafı və ekoloji sivlizasiyanın əsasları. Ali məktəblər üçün dərslik. Bakı, "Təhsil" 2013, 224 səh.
  • 3. U. Ələkbərov . İnsan inkişafının əsasları. Ali məktəblər üçün dərslik. Bakı, "Azpoliqraf", 2016, 280s.
  • 4. U. Ələkbərov. Davamlı inkişaf və ekoloji sivlizasiyanın idarə edilməsinin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, "Təhsil", 2017, 176 s. Bu dərsliklərdə davamlı insan inkişafı və ekoloji sivlizasiyanın planlaşdırılması və idarə edilməsi. Bu istiqamətlərin sahələrarası elm kimi formalaşdırılması barədə diqqəti cəlb edən maraqlı məlumatlar verilmişdir. Bu dərsliklərdə müasir sivilizasiyanın çağırışları: qlobal, lokal, demokratik risklər, miqrasiya, yoxsulluq və qeyri bərabərlik, qlobal iqlim dəyişikləri və müasir idarəetmə texnologiyaları ilə bağlı müəyyən bilgilər verilmişdir.

İstinadlar

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  2. "Davamlı inkişafın fəlsəfəsi". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.