Dayanıqlı İnkişaf Məqsədləri
Dayanıqlı inkişaf məqsədləri (ing. Sustainable Development Goals) – Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər. "Qlobal Məqsədlər" kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.
Arxa plan
Minilliyin İnkişaf Məqsədlərinin nailiyyətlərini davam etdirəcək yeni qlobal inkişaf çərçivəsinin müəyyənləşdirilməsi üzrə danışıqlar 2012-ci ildən 2015-ci ilədək davam etdi. Yekun sənəd 2015-ci ilin sentyabrında ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Dayanıqlı İnkişaf Sammitində imzalandı.
25 sentyabr 2015-ci il tarixində BMT-nin Baş Assambleyasının üzvü olan 193 dövlət tərəfindən "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" qəbul edildi. Gündəlik 92 bənddən ibarətdir və 51-ci bənddə 17 Davamlı İnkişaf Məqsədi və əlaqəli 169 hədəf göstərilir.
17 Məqsəd
17 Dayanıqlı İnkişaf Məqsədi üçün 169 hədəf göstərilmişdir. Hər bir hədəf üçün irəliləyişi ölçmək məqsədilə bir neçə göstərici müəyyənləşdirilib. Ümumilikdə, 304 göstərici var.
Məqsəd 1: Yoxsulluğa son
"Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq"
1990-cı ildən bu günə qədər kəskin yoxsulluq səviyyəsi iki dəfədən çox azaldılıb. Bu, diqqətəlayiq bir nailiyyət olsa da, inkişaf etməkdə olan ölkələrdə hələ də hər beş nəfərdən biri gündəlik 1.90 ABŞ dollarından az gəlirlə yaşayır və milyonlarla insanın gündəlik gəliri bu məbləği cüzi üstələyir. Üstəlik, bir çox insanlar yenidən yoxsulluğa düçar olma riski ilə üzləşir. Yoxsulluq dedikdə, sadəcə dolanışığın dayanıqlılığını təmin etmək üçün tələb olunan gəlir və resursların olmaması nəzərdə tutulmur. Yoxsulluq həm də aclıq və zəif qidalanma, təhsilə və digər əsas xidmətlərə çıxışın məhdud olması, sosial ayrı-seçkilik və təcridolunma, eləcə də qərarların qəbul edilməsində iştirak edə bilməmə formalarında təzahür edir. Dayanıqlı iş yerlərinin təmin edilməsi və bərabərliyin təşviq edilməsi üçün iqtisadi artım inklüziv xarakter daşımalıdır.
Faktlar və rəqəmlər
• Dünyada 767 milyon nəfər beynəlxalq yoxsulluq həddindən, yəni gündəlik 1.90 ABŞ dollarından az gəlirlə yaşayır.
• Dünyada ailələri ilə yaşayan işçilərin 10%-dən azının adambaşına düşən gündəlik gəliri 1.90 ABŞ dollarından azdır.
• Müəyyən edilmiş yoxsulluq həddindən aşağı gəlirlə yaşayan insanların böyük əksəriyyəti iki regionun payına düşür: Cənubi Asiya və Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi.
• Yüksək yoxsulluq səviyyəsinə daha çox qeyri-stabil və münaqişələrdən əziyyət çəkən kiçik ölkələrdə rast gəlinir.
• Dünyada yaşı 5-dən aşağı olan hər 4 uşaqdan birinin boyu yaşına uyğun deyil.
• 2014-cü ildə hər gün 42 min nəfər insan münaqişələrə görə, sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Hədəflər
Hədəf 1.1: Hazırda gündəlik 1.25 ABŞ dollarından az gəlir həddində müəyyən edilən kəskin yoxsulluğa 2030-cu ilədək son qoymaq
Hədəf 1.2: Milli anlayışlara uyğun olaraq yoxsulluğun hər hansı forması ilə üzləşən bütün yaşlarda kişilərin, qadınların və uşaqların xüsusi payını 2030-cu ilədək ən azı iki dəfə azaltmaq
Hədəf 1.3: Hamı üçün milli səviyyədə məqsədəuyğun sosial müdafiə sistemlərini və tədbirlərini, o cümlədən sosial təminatın minimum səviyyələrini təmin etmək və 2030-cu ilədək yoxsul və digər həssas əhalinin böyük hissəsini əhatə etmək
Hədəf 1.4: 2030-cu ilədək, bütün kişilərin və qadınların, xüsusən də yoxsul və digər həssas əhali qruplarının iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, miras, təbii resurslar, müvafiq yeni texnologiyalar və maliyyə xidmətlərinə, o cümlədən mikro-maliyyə xidmətlərinə bərabər çıxış imkanlarına malik olmalarını təmin etmək
Hədəf 1.5: 2030-cu ilədək, yoxsul və həssas qrupları möhkəmləndirmək, onların iqlimlə bağlı hadisələrə, eləcə də digər iqtisadi, sosial və ekoloji şok və fəlakətlərə məruz qalma hallarını və bu hadisələrə qarşı davamsızlığını azaltmaq
Hədəf 1. A: Yoxsulluğun bütün formalarına son qoymağa yönələn proqramları və siyasətləri həyata keçirmək üçün inkişaf etməkdə olan ölkələri, xüsusən də ən az inkişaf etmiş ölkələri adekvat və qabaqcadan müəyyən oluna bilən vasitələrlə təmin etmək məqsədilə başqa vasitələrlə yanaşı, inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə müxtəlif mənbələrdən əhəmiyyətli həcmdə resursların səfərbər olunmasını təmin etmək
Hədəf 1. B: Yoxsulluğun aradan qaldırılması ilə bağlı tədbirlər üçün maliyyə vəsaitlərinin daha sürətli cəlb olunmasına dəstək göstərmək üçün yoxsullara yönələn və gender məsələlərini nəzərə alan inkişaf strategiyaları əsasında, milli, regional və beynəlxalq səviyyələrdə möhkəm əsaslı siyasi çərçivələr yaratmaq
Məqsəd 2: Aclığa son
"Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək"
Düzgün şəkildə həyata keçirilərsə, kənd, meşəçilik və balıqçılıq təsərrüfatları insanların yaşayışının yaxşılaşmasına yönələn aqrar inkişafa və ətraf mühitin mühafizəsinə dəstək göstərməklə yanaşı, hər kəs üçün qidalı elementlərlə zəngin ərzaq təmin edə və layiqli gəlir yarada bilər. Hal-hazırda torpaqlar, şirin sular, okeanlar, meşələr və bioloji müxtəliflik sürətlə azalmaqdadır. İqlim dəyişikliyi bizim asılı olduğumuz resurslara daha da çox təzyiq göstərərək, quraqlıq və daşqınlar kimi təbii fəlakətlərlə bir-birinə bağlı təhlükə risklərinin yüksəlməsinə səbəb olur. Kənd yerlərində yaşayan bir çox qadınlar və kişilər artıq öz torpaqlarında dolana bilmirlər və bu onları yeni imkanlar axtarmaq üçün şəhərlərə köçməyə məcbur edir. Bu gün aclıqdan əziyyət çəkən 795 milyon nəfər insanı və 2050-ci ilə qədər aclıqdan əziyyət çəkməsi gözlənilən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sisteminin əsaslı şəkildə dəyişdirilməsi tələb olunur. Ərzaq və kənd təsərrüfatı sahəsi inkişaf üçün əsas həll yollarını təşkil edir və aclıq və yoxsulluğun aradan qaldırılmasında əsas rol oynayır.
Faktlar və rəqəmlər
Aclıq
• Bu gün dünyada hər 9 nəfərdən biri (795 milyon nəfər) kifayət qədər qidalanmır.
• Dünyada aclıqla üzləşən insanların böyük əksəriyyəti əhalisinin 12.9 faizi aclıqdan əziyyət çəkən inkişaf etməkdə olan ölkələrdə yaşayır.
• Aclıqdan əziyyət çəkən insanların ən böyük hissəsi Asiya qitəsində yaşayır. Belə ki, dünyada aclıqdan əziyyət çəkən insanların üçdə ikisi Asiyanın payına düşür. Son illərdə bu göstəricidə Cənubi Asiyanın xüsusi çəkisi azalsa da, Qərbi Asiyanın xüsusi çəkisi cüzi artıb.
• Aclıqla üzləşən insanların sayının ən yüksək olduğu region Cənubi Asiyadır, burada təxminən 281 milyon nəfər aclıqdan əziyyət çəkir. 2014–2016-cı illər üzrə hesablamalar Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində əhalinin 23%-in aclıqdan əziyyət çəkdiyini göstərir.
• Zəif qidalanma hər il 5 yaşadək uşaqların təxminən yarısının (45 faizi) – 3.1 milyon uşağın ölümü ilə nəticələnir.
• Dünyada hər dörd uşaqdan biri bəstəboyluqdan əziyyət çəkir. inkişaf etməkdə olan ölkələrdə bu nisbət üçdə birə qədər qalxa bilir.
• İnkişaf etməkdə olan ölkələrdə ibtidai təhsil pilləsində təhsil alan 66 milyon uşaq dərs boyunca ac olur və bunun 23 milyonu təkcə Afrikanın payına düşür.
Ərzaq təhlükəsizliyi
• Kənd təsərrüfatı bu gün dünya əhalisinin 40 faizinin dolanışığını təmin etməklə, ən çox əmək ehtiyatlarından istifadə edən sahədir. Kənd təsərrüfatı kənd yerlərində yaşayan yoxsul ailələr üçün ən böyük gəlir mənbəyi və iş yeridir.
• Dünyada, əsasən, dəmyə əkinçiliyinə əsaslanan 500 milyon kiçik təsərrüfat inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyətində istehlak edilən ərzaqların 80 faizə qədərini təmin edir. Yoxsulların ərzaq təhlükəsizliyi və qidalanmasının, həmçinin yerli və qlobal bazarlar üçün ərzaq istehsalının artırılmasının əhəmiyyətli üsullarından biri kiçik təsərrüfatlara malik qadın və kişi sahibkarlara * sərmayə qoymaqdır.
• 1900-cü illərdən bəri fermer sahələrində bitki müxtəlifliyi 75% azalmışdır. Kənd təsərrüfatının bioloji müxtəlifliyindən daha yaxşı istifadə qida rasionunun qidalı elementlərlə daha zəngin olmasına, əkinçiliklə məşğul olan icmaların dolanışıq imkanlarının artırılmasına və əkin sistemlərinin daha davamlı və dayanıqlı olmasına töhfə verə bilər.
• Əgər qadın fermerlər də kişi fermerlər kimi resurslara bərabər çıxış imkanına malik olsa, dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 150 milyon nəfər azala bilər.
• Dünyada 1.4 milyard insanın elektrik enerjisinə çıxışı yoxdur. Onların əksəriyyəti inkişaf etməkdə olan ölkələrin kənd yerlərində yaşayır. Bir çox bölgələrdə enerji məhdudluğu aclığın azaldılmasına və ərzağa olan gələcək tələbatı ödəmək üçün dünyada kifayət qədər ərzağın istehsal edilməsinə əngəl yaradır.
Hədəflər
Hədəf 2.1: 2030-cu ilədək, aclığa son qoymaq və hamının, xüsusən də yoxsul və həssas qrupların, o cümlədən, körpələrin il boyu təhlükəsiz, qidalı elementlərlə zəngin və yetərli miqdarda ərzağa çıxışını təmin etmək
Hədəf 2.2: 2030-cu ilədək, zəif qidalanmanın bütün formalarına son qoymaq, o cümlədən 2025-ci ilədək, 5 yaşadək uşaqlarda bəstəboyluq və arıqlıq halları ilə bağlı beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə çatmaq və yeniyetmə qızların, hamilə və ya süd verən qadınların və yaşlı insanların qidalanma ilə bağlı ehtiyaclarını təmin etmək
Hədəf 2.3: 2030-cu ilədək, başqa vasitələrlə yanaşı, torpaqlara, digər səmərəli resurslara və materiallara, məlumatlara, maliyyə xidmətlərinə, bazarlara və əlavə dəyər yaradan fürsətlərə, eləcə də təsərrüfatdankənar məşğulluğa təhlükəsiz və bərabərhüquqlu çıxış imkanının təmin olunması vasitəsilə kənd təsərrüfatı sahəsində məhsuldarlığın və kiçik ölçülü ərzaq istehsalçılarının, xüsusilə qadınların, aborigen əhalinin, ailə təsərrüfatlarının, heyvandarlıqla və balıqçılıqla məşğul olan əhalinin gəlirlərini ikiqat artırmaq
Hədəf 2.4: 2030-cu ilədək, dayanıqlı ərzaq istehsalı sistemlərini təmin etmək, məhsuldarlığı və istehsalı yüksəldən, ekosistemlərin qorunub saxlanmasına kömək edən, iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və digər təbii fəlakətlərə uyğunlaşma potensialını gücləndirən, yerin və torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrini tətbiq etmək
Hədəf 2.5: 2020-ci ilədək, başqa vasitələrlə yanaşı, milli, regional və beynəlxalq səviyyələrdə düzgün idarə olunan və zəngin tərkibli toxum və bitki bankı vasitəsilə, toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhliləşdirilən heyvanların və onlarla bağlı yabanı növlərin genetik müxtəlifliyini qorumaq və beynəlxalq səviyyədə razılaşdırılmaqla genetik resurslardan və bununla bağlı ənənəvi biliklərdən istifadə nəticəsində meydana çıxan faydalardan yararlanmanı və onların ədalətli və bərabər şəkildə bölüşülməsini təmin etmək
Hədəf 2. A: İnkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən inkişafdan qalmış ölkələrdə kənd təsərrüfatının istehsal potensialını artırmaq məqsədilə, başqa üsullarla yanaşı, beynəlxalq əməkdaşlığı gücləndirməklə kənd infrastrukturuna, kənd təsərrüfatı sahəsində elmi tədqiqat və məsləhət xidmətlərinə, texnologiyaların inkişaf etdirilməsinə və bitki və mal-qara banklarına ayrılan maliyyə vəsaitli artırmaq
Hədəf 2. B: Doha İnkişaf Proqramının mandatına uyğun olaraq, başqa vasitələrlə yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı üzrə subsidiyaların bütün formalarını və eyni qüvvəyə malik olan bütün ixrac tədbirlərini eyni zamanda aradan qaldırmaqla, qlobal kənd təsərrüfatı bazarlarında ticarətlə bağlı məhdudiyyətləri və təhrifləri aradan qaldırmaq və onların qarşısını almaq
Hədəf 2. C: Ərzaq qiymətlərindəki kəskin enib-qalxmaları məhdudlaşdırmağa kömək etmək məqsədilə, ərzaq malları bazarlarının və onların törəmələrinin düzgün şəkildə fəaliyyət göstərməsini və bazara, o cümlədən ərzaq ehtiyatlarına dair məlumatlara vaxtlı-vaxtında çıxışı təmin etmək üçün tədbirlər görmək
Məqsəd 3: Yaxşı səhiyyə və rifah
"Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq"
Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq dayanıqlı inkişafın əsas faktorlarından biridir. Orta yaş həddinin artırılması, geniş yayılmış uşaq və ana ölümünə səbəb olan ölüm faktorlarının azaldılması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Təmiz su mənbələrinə və kanalizasiya xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, malyariya, vərəm, poliomielit və İİV/QİÇS xəstəliklərinin yayılmasının qarşısının alınması istiqamətində böyük irəliləyişlər əldə edilib. Bununla yanaşı, daha çox xəstəliklərin tam aradan qaldırılması və bir çox davamlı və yeni yaranmış sağlamlıq problemlərini həll etmək üçün daha çox səy göstərmək lazımdır.
Faktlar və rəqəmlər
Uşaq sağlamlığı
• Hər gün həyatını itirən uşaqların sayı 1990-cı illə müqayisədə 17000 nəfər azdır. Bununla belə, hər il altı milyondan çox uşaq 5 yaşına çatmadan dünyasını dəyişir.
• Qızılca peyvəndi 2000-ci ildən bəri təxminən 15.6 milyon uşaq ölümünün qarşısını alıb.
• Uşaq ölümü göstəricilərinin qlobal səviyyədə yaxşılaşmasına baxmayaraq, uşaq ölümlərinin getdikcə daha çox hissəsi Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi və Cənubi Asiyanın payına düşür. 5 yaşadək hər beş uşaq ölümündən dördü məhz bu regionlarda baş verir.
• Yoxsul ailələrdə doğulan uşaqların beş yaşa çatmadan ölmə ehtimalı daha yaxşı təminatlı ailələrdə doğulan uşaqlarla müqayisədə iki dəfə çoxdur.
• Təhsilli anaların, hətta təhsili yalnız ibtidai təhsillə məhdudlaşan anaların uşaqlarının sağqalma ehtimalı təhsilsiz anaların uşaqları ilə müqayisədə iki dəfə çoxdur.
Ana sağlamlığı
• 1990-cı ildən bəri, ana ölümü təxminən 50 faizə qədər azalıb.
• Şərqi Asiyada, Şimali Afrikada və Cənubi Asiyada ana ölümü göstəricisi təxminən üçdə iki dəfəyə qədər azalıb.
• Lakin inkişaf etməkdə olan ölkələrdə ana ölümü əmsalı (uşaq dünyaya gətirərkən ölən anaların sayının sağ qalan anaların sayına nisbəti) hələ də inkişaf etmiş ölkələrlə müqayisədə 14 dəfə yüksəkdir.
• Antenatal (doğuşqabağı) qulluqla təmin olunan qadınların sayı çoxalır. İnkişaf etməkdə olan ölkələrdə antenatal qulluqla təmin olunan qadınların xüsusi çəkisi 1990–2012-ci illərdə 65 faizdən 83 faizə qədər yüksəlib.
• İnkişaf etməkdə olan ölkələrdə qadınların yalnız yarısı lazım olan sağlamlıq xidmətlərindən tövsiyə olunan səviyyədə istifadə edə bilir.
• İnkişaf etməkdə olan əksər ölkələrdə uşaq dünyaya gətirən yeniyetmələrin sayı azalır, lakin bu sahədə irəliləyiş zəifləyib. 1990-cı illərdə kontraseptivlərdən istifadə ilə bağlı müşahidə olunan artım 2000-ci illərdə müşahidə olunan artımla üst-üstə düşmədi.
• Getdikcə daha çox qadının ailə planlamasına tələbatı tədricən qarşılanır, lakin tələbat sürətlə artır.
İİV / QİÇS, malyariya və digər xəstəliklər
• 2014-cü ilin sonunda retrovirus əleyhinə müalicə alan insanların sayı 13.6 milyon nəfər idi.
• 2013-cü ildə İİV-ə yeni yoluxmuş şəxslərin sayı təqribən 2.1 milyon nəfər olub. Bu göstərici 2001-ci illə müqayisədə 38 faiz azdır.
• 2013-cü ilin sonunda, təxminən 35 milyon nəfər İİV-lə yaşayırdı.
• 2013-cü ilin sonunda, İİV-ə yeni yoluxmuş uşaqların sayı 240 000 nəfər təşkil edib.
• 2001-ci ildən bəri, İİV-ə yeni yoluxmuş uşaqların sayı 58% azalıb.
• Dünyada yeniyetmə qızlar və gənc qadınlar gender bərabərsizliyi, təcrid olunma, ayrı-seçkilik və zorakılıqla üzləşirlər, bu isə onların İİV-ə yoluxma riskini yüksəldir.
• İİV – dünyada nəsilvermə yaşında olan qadın ölümünün başlıca səbəbidir.
• İİV ilə yaşayan insanların vərəm səbəbindən ölüm halları 2004-cü ildən bəri 36% azalıb.
• 2013-cü ildə İİV-ə yeni yoluxan yeniyetmələrin sayı 250 000 nəfər təşkil edib. Bu göstəricinin üçdə ikisi yeniyetmə qızların payına düşür.
• QİÇS hal-hazırda Afrikada yeniyetmələr (10–19 yaşlı) arasında başlıca ölüm səbəbi, dünyada isə yeniyetmələr arasında ən geniş yayılmış ikinci ölüm səbəbidir.
• Bir çox yerlərdə yeniyetmə qızların şəxsi həyatı və öz bədəni barədə qərar vermək hüququna hörmət olunmur və bir çoxlarının bildirdiyinə görə, onların ilk cinsi təcrübəsi məcburi olub.
• 2013-cü ildə İİV-lə yaşayan yeniyetmələrin sayı 2.1 milyon nəfər təşkil edib.
• 2000–2015-ci illər ərzində Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində malyariya ilə bağlı 6.2 milyondan çox ölüm halının qarşısı alınıb, bunun əsas hissəsi 5 yaşadək uşaqların payına düşür. Dünyada malyariyanın yayılma səviyyəsi təxminən 37 faiz, ölüm dərəcəsi isə 58% azalıb.
• 2000–2013-cü ilər ərzində vərəmin profilaktikası, diaqnostikası və müalicəsi təxminən 37 milyon insanın həyatını xilas edib. 1990–2013-cü illər ərzində vərəm səbəbindən ölüm halları 45 faiz, vərəm xəstəliyinin yayılma dərəcəsi isə 41 faiz azalıb.
Hədəflər
Hədəf 3.1: 2030-cu ilədək, dünyada ana ölümü göstəricisinin hər 100000 diri doğuşa 70-dən aşağı düşməsi
Hədəf 3.2: 2030-cu ilədək, bütün ölkələr tərəfindən neonatal ölüm hallarının ən azı hər 1000 diri doğuşa 12 və beş yaşadək uşaq ölümü hallarının ən azı hər 1000 diri doğuşa 25-ə qədər endirilməsi qarşıya məqsəd kimi qoyulmaqla, yenidoğulmuşların və 5 yaşadək uşaqların qarşısı alına bilən ölüm hallarına son qoymaq
Hədəf 3.3: 2030-cu ilədək, QİÇS-in, vərəmin, malyariyanın və "unudulmuş" tropik xəstəliklərin epidemiyasına son qoymaq, hepatitlə, su yolu ilə keçən xəstəliklərlə və digər yoluxucu xəstəliklərlə mübarizə aparmaq
Hədəf 3.4: 2030-cu ilədək, profilaktika və müalicə vasitəsilə qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını üçdə bir dəfə azaltmaq, psixi sağlamlığı və ümumi rifahı təşviq etmək
Hədəf 3.5: Narkotik maddələrdən sui-istifadə və alkoqoldan zərərli istifadənin qarşısının alınması və onlardan asılılığın müalicəsi işini gücləndirmək
Hədəf 3.6: 2020-ci ilədək, dünyada yol-qəza hadisələri nəticəsində baş verən ölüm və xəsarət hallarını yarıya qədər azaltmaq
Hədəf 3.7: 2030-cu ilədək, hər bir şəxsin cinsi və reproduktiv səhiyyə xidmətlərinə, o cümlədən ailə planlaşdırması, məlumat və maarifləndirmə ilə bağlı xidmətlərə çıxışının təmin olunması, reproduktiv sağlamlığın milli strategiyalara və proqramlara daxil edilməsi
Hədəf 3.8: Hər bir şəxsin səhiyyə xidmətləri ilə təmin olunmasına, o cümlədən həmin xidmətlərdən istifadəyə əngəl olan maliyyə riskindən qorunmasına, keyfiyyətli əsas səhiyyə xidmətlərinə, təhlükəsiz, effektli, keyfiyyətli və xərc baxımından münasib olan zəruri dərman və peyvəndləri əldə etməsinə nail olmaq
Hədəf 3.9: 2030-cu ilədək təhlükəli kimyəvi maddələr və havanın, suyun və torpağın çirklənməsi ilə bağlı ölüm və xəstəlik hallarının sayını əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 3. A: Ümumdünya Səhiyyə Təşkilatının "Tütünə qarşı mübarizə haqqında" Çərçivə Konvensiyasının bütün ölkələrdə icrasını zəruri səviyyədə gücləndirmək
Hədəf 3. B: "Əqli mülkiyyət hüquqlarının ticarətlə əlaqəli aspektləri üzrə Saziş (TRİPS) və İctimai Səhiyyə haqqında" Doha Bəyannaməsinə uyğun olaraq, əsasən inkişaf etməkdə olan ölkələrə təsir edən yoluxucu və qeyri-yoluxucu xəstəliklər üçün peyvənd və dərmanların hazırlanmasına, onlarla bağlı elmi tədqiqatların aparılmasına dəstək göstərmək, xərc baxımından münasib olan əsas dərmanlara və peyvəndlərə çıxışı təmin etmək. Doha Bəyannaməsi inkişaf etməkdə olan ölkələrin "TRİPS" sazişinin ictimai səhiyyənin qorunması xüsusilə hər bir şəxsin dərmanlara çıxışının təminatı üçün zəruri hallarda müqavilənin icrası prosesində sərbəstliyinə dair müddəalarından tam şəkildə istifadə etmək hüququnu təsdiq edir
Hədəf 3. C: İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərdə səhiyyə sahəsinin maliyyələşməsini və bu sahədə çalışan işçi qüvvəsinin işə götürülməsi, inkişaf etdirilməsi, təlim keçməsi və saxlanması işini əhəmiyyətli dərəcədə genişləndirmək
Məqsəd 4: Keyfiyyətli təhsil
"Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək"
İnsanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın özülündə keyfiyyətli təhsil dayanır. Təhsilin bütün səviyyələrinə çıxış imkanlarının genişləndirilməsi və xüsusilə də qız və qadınların məktəblərdə qeydiyyat səviyyəsinin yüksəldilməsi sahəsində nəzərəçarpan uğurlar əldə olunub. Əsas savadlılıq bacarıqları sahəsində böyük müvəffəqiyyətlər əldə olunsa da, universal təhsil məqsədlərinə nail olmaq üçün daha ciddi səylər göstərilməlidir. Məsələn, dünyada qız və oğlanlar arasında ibtidai təhsildə bərabərliyə nail olunsa da, yalnız bir neçə ölkə təhsilin bütün səviyyələrində bu hədəfə nail ola bilib.
Faktlar və rəqəmlər
• İnkişaf etməkdə olan ölkələrdə ibtidai təhsildə qeydiyyat səviyyəsi 91%-ə çatıb, lakin 57 milyon uşaq hələ də məktəbə gedə bilmir.
• Məktəblərə getməyən uşaqların yarıdan çoxu Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində yaşayır.
• Yaşı ibtidai təhsilə uyğun olan, lakin məktəbə getməyən uşaqların təxminən 50 faizi münaqişə zonalarında yaşayır.
• Dünyada 103 milyon gənc əsas savadlılıq bacarıqlarına malik deyil və onların 60 faizindən çoxunu qadınlar təşkil edir.
Hədəflər
Hədəf 4.1: 2030-cu ilədək, bütün qız və oğlanların müvafiq və 4-cü məqsədin effektli təlim nəticələrinə nail olmağa imkan verən pulsuz, bərabər və keyfiyyətli ibtidai və orta təhsil pillələrini bitirmələrini təmin etmək
Hədəf 4.2: 2030-cu ilədək, ibtidai təhsilə hazır olmaları üçün bütün qız və oğlanların keyfiyyətli erkən uşaq inkişafı, qayğı və məktəbəqədər təhsilə çıxış imkanlarını təmin etmək
Hədəf 4.3: 2030-cu ilədək, bütün qadınlar və kişilər üçün maliyyə baxımından münasib və keyfiyyətli texniki, peşə və ali təhsilə, o cümlədən universitet təhsilinə bərabər çıxış imkanını təmin etmək
Hədəf 4.4: 2030-cu ilədək, məşğulluq, layiqli iş imkanları və sahibkarlıq fəaliyyəti üçün müvafiq bacarıqlara, o cümlədən texniki və peşə vərdişlərinə malik olan gənclərin və yetkin insanların sayını əhəmiyyətli dərəcədə artırmaq
Hədəf 4.5: 2030-cu ilədək, təhsil sahəsində gender əsaslı bərabərsizlikləri aradan qaldırmaq və əhalinin həssas qrupları, əlillər, aborigen xalqların nümayəndələri və həssas qruplardan olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanını təmin etmək
Hədəf 4.6: 2030-cu ilədək, cinsindən asılı olmayaraq, bütün gənclərin və yetkin əhalinin əhəmiyyətli hissəsinin oxuma-yazma və hesablama bacarıqlarına malik olmasını təmin etmək
Hədəf 4.7: 2030-cu ilədək, bütün təhsil alanların başqa vasitələrlə yanaşı, dayanıqlı inkişaf və dayanıqlı həyat tərzləri, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılığın təşviq edilməsi, dünya vətəndaşlığı konsepsiyası və mədəni müxtəliflik dəyərlərinin başa düşülməsi və mədəniyyətin dayanıqlı inkişafa töhfəsi sahələrində maarifləndirmə vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün zəruri olan bilik və vərdişlərə yiyələnmələrini təmin etmək
Hədəf 4. A: Uşaq, əlillik və gender məsələlərinə həssas yanaşan və hamı üçün təhlükəsiz, zorakılığa yol verilməyən, inklüziv və effektiv təlim mühitini təmin edən təhsil müəssisələrini qurmaq və onları təkmilləşdirmək
Hədəf 4. B: 2020-ci ilədək, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən az inkişaf etmiş ölkələr, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlər və Afrika ölkələri üçün inkişaf etmiş ölkələrdə və digər inkişaf etməkdə olan ölkələrdə ali təhsil, o cümlədən peşə təlimi və informasiya və kommunikasiya texnologiyaları, texniki mühəndislik və elmi proqramlar üzrə təqaüdlərin sayını qlobal səviyyədə əhəmiyyətli dərəcədə artırmaq
Hədəf 4. C: 2030-cu ilədək inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan ölkələrdə müəllimlərin hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq vasitəsilə ixtisaslı müəllimlərin sayını əhəmiyyətli dərəcədə artırmaq
Məqsəd 5: Gender bərabərliyi
"Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək"
Minilliyin İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına (qızlar və oğlanların ibtidai təhsilə bərabər çıxış imkanları əldə etməsi daxil olmaqla) baxmayaraq, dünyanın hər yerində qız və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər. Gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Qız və qadınların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığına töhfə verə və ümumilikdə cəmiyyətə və bəşəriyyətə faydalı ola bilər.
Faktlar və rəqəmlər
• İnkişaf etməkdə olan ölkələrin təxminən üçdə ikisi ibtidai təhsildə gender bərabərliyinə nail olub.
• 1990-cı ildə Cənubi Asiyada hər 100 oğlana nisbətdə yalnız 74 qız ibtidai sinifə qəbul olub. 2012-ci ildə isə qız və oğlanların ibtidai təhsildə iştirak nisbəti eyni olub.
• Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi, Okeaniya və Qərbi Asiyada qızlar həm ibtidai, həm də orta məktəbə getməkdə çətinliklərlə üzləşirlər.
• Şimali Afrikada kənd təsərrüfatından kənar sektorlarda qadınlar ödənişli işlərin beşdə birindən azında çalışırlar. Kənd təsərrüfatından kənar sektorlarda ödənişli işlərdə çalışan qadınların xüsusi çəkisi 1990–2015-ci illərdə 35 faizdən 41 faizədək artıb.
• 46 ölkədə milli parlamentdə ən azı bir palatada yerlərin 30 faizdən çoxunu qadınlar tutur.
Hədəflər
Hədəf 5.1: Dünyanın hər yerinddə bütün qadınlara və qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoymaq
Hədəf 5.2: Dövlət və özəl sahələrdə bütün qadınlara və qızlara qarşı bütün formalarda zorakılığı, o cümlədən insan alveri, cinsi və digər növlərdə istismarı aradan qaldırmaq
Hədəf 5.3: Uşaq nikahı, erkən və məcburi nikah və qadın cinsi orqanının zədələnməsi (sünnəti) kimi bütün zərərli təcrübələri aradan qaldırmaq
Hədəf 5.4: Dövlət xidmətlərinin təmin edilməsi, infrastruktur və sosial müdafiə ilə bağlı siyasətlər vasitəsilə, eləcə də milli kontekstə uyğun olaraq, ev təsərrüfatında və ailədə öhdəliklərin ortaqlığının təşviqi vasitəsilə ödənişsiz qayğı və məişət işini qiymətləndirmək və önəmini təsdiq etmək
Hədəf 5.5: Siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbulu prosesinin bütün səviyyələrində qadınların tam və səmərəli iştirakını və bərabər rəhbərlik imkanlarını təmin etmək
Hədəf 5.6: Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı, Pekin Fəaliyyət Platforması və fəaliyyətlərin icrasının nəzərdən keçirilməsi ilə bağlı digər konfransların yekun sənədlərində razılaşdırıldığı kimi, hamı üçün cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı və reproduktiv hüquqları təmin etmək
Hədəf 5. A: Milli qanunvericiliyə uyğun olaraq qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, maliyyə xidmətləri, miras və təbii ehtiyatlara çıxışlarını təmin etmək
Hədəf 5. B: Qadınların səlahiyyətləndirilməsini təşviq etmək üçün, köməkçi texnologiyalardan, xüsusilə də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək
Hədəf 5. C: Gender bərabərliyinin təşviq olunması və bütün qadınların və qızların səlahiyyətlərinin bütün səviyyələrdə artırılması üzrə əsaslı siyasətlər və effektiv hüquqi normalar qəbul etmək və onları möhkəmləndirmək
Məqsəd 6: Təmiz su və sanitariya
Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək
Hamıya təmiz suyun əlçatanlığının təmin olunması arzu etdiyimiz dünyanın vacib elementlərindən biridir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin su ehtiyatı var. Lakin zəif iqtisadi idarəetmə və ya infrastruktur zəifliyi səbəbilə hər il əksəriyyəti uşaqlar olmaqla milyonlarla insan qeyri-adekvat su təchizatı, sanitariya və gigiyena ilə bağlı yaranan xəstəliklər nəticəsində həyatını itirir. Su qıtlığı, suyun keyfiyyətinin aşağı olması və kanalizasiya xidmətlərinin qeyri-adekvatlığı yoxsul ailələrin ərzaq təhlükəsizliyinə, dolanışıq imkanlarına və təhsil almaq imkanlarına mənfi təsir göstərir. Quraqlıq dünyanın ən yoxsul ölkələrindən bəzilərində aclığın və zəif qidalanmanın kəskinləşməsinə səbəb olur. 2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.
Faktlar və rəqəmlər
• 1990-cı ildən bəri, 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub, lakin 663 milyon insan hələ də əvvəlki kimi bu cür imkanlardan məhrumdur.
• Dünyada ən azı 1.8 milyard insan fekal çirklənməyə məruz qalmış içməli su mənbələrindən istifadə edir.
• 1990–2015-ci illərdə dünyada yaxşılaşdırılmış içməli su mənbəyindən istifadə edən əhalinin xüsusi çəkisi 76 faizdən 91 faizədək artıb.
• Lakin su qıtlığı dünya əhalisinin 40 faizindən çoxu üçün aktual olaraq qalır və bu göstəricinin artacağı proqnozlaşdırılır. Hazırda 1.7 milyarddan çox insan su istehlakı səviyyəsinin su ehtiyatlarının bərpası imkanlarını ötdüyü çay hövzələrində yaşayırlar.
• 2.4 milyard insan tualet kimi ilkin kanalizasiya xidmətlərindən istifadə edə bilmir.
• İnsan fəaliyyəti nəticəsində yaranan çirkab suların 80 faizindən çoxu təmizlənmədən çaylara və dənizə axıdılır.
• Hər gün təqribən 1000-ə yaxın uşaq su təchizatı və sanitariya ilə bağlı yaranan problemlərə görə, müalicə oluna biləcək ishal xəstəlikləri nəticəsində həyatını itirir.
• Hidroenerji ən əhəmiyyətli və geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir və 2011-ci ildə dünyada ümumi elektrik istehsalının 16 faizini təşkil edib.
• Çaylardan, göllərdən və sulu laylardan götürülən suyun təxminən 70 faizi suvarma üçün istifadə olunur.
• Təbii fəlakətlərlə bağlı baş verən bütün ölüm hallarının 70%-i daşqınların və su ilə əlaqəli digər təbii fəlakətlərin payına düşür.
Hədəflər
Hədəf 6.1: 2030-cu ilədək, hamı üçün təhlükəsiz və əlçatan olmaqla, hər yerdə və bərabər şəkildə içməli suya çıxış imkanına nail olmaq
Hədəf 6.2: 2030-cu ilədək, qız və qadınların, həssas qrupların ehtiyaclarına xüsusi diqqət yetirməklə, hamıya adekvat və bərabər şəkildə sanitar və gigiyena xidmətlərinə çıxış imkanına nail olmaq və açıq məkanlarda defekasiyaya son qoymaq
Hədəf 6.3: 2030-cu ilədək, çirklənməni azaltmaqla, tullantıların yığılıb qalması hallarını aradan qaldırmaqla və zərərli kimyəvi maddə və materialların atılmasını minimuma endirməklə, təmizlənməmiş çirkab suların xüsusi çəkisini yarıya qədər azaltmaqla, təkrar emal və təhlükəsiz təkrar istifadəni qlobal səviyyədə əhəmiyyətli dərəcədə artırmaqla suyun keyfiyyətini yaxşılaşdırmaq
Hədəf 6.4: 2030-cu ilədək, su çatışmazlığı problemini həll etmək və su çatışmazlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli şəkildə endirmək üçün bütün sahələrdə sudan səmərəli istifadəni əhəmiyyətli dərəcədə artırmaq, eləcə də su ehtiyatlarının dayanıqlı istifadəsini və təmiz su təchizatını təmin etmək
Hədəf 6.5: 2030-cu ilədək, bütün səviyyələrdə, o cümlədən zərurət olduqda transsərhəd əməkdaşlıq vasitəsilə su ehtiyatlarının kompleks idarəetməsini tətbiq etmək
Hədəf 6.6: 2020-ci ilədək, su ilə bağlı ekosistemləri, o cümlədən dağları, meşələri, bataqlıq əraziləri, çayları, sulu layları və gölləri qorumaq və bərpa etmək
Hədəf 6. A: 2030-cu ilədək, su və kanalizasiya xidmətləri, o cümlədən suyun yığılması, duzdan təmizləmə, sudan səmərəli istifadə, çirkab suların təmizlənməsi, təkrar emal və təkrar istifadə texnologiyaları ilə bağlı fəaliyyət və proqramların həyata keçirilməsində beynəlxalq əməkdaşlığı genişləndirmək və inkişaf etməkdə olan ölkələrin potensialının inkişaf etdirilməsinə dəstək göstərmək
Hədəf 6. B: Su və kanalizasiya xidmətlərinin idarə olunmasında yerli icmaların iştirakına dəstək vermək və bu iştirakı gücləndirmək
Məqsəd 7: Sərfəli və təmiz enerji
"Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək"
Bu gün dünyanın qarşılaşdığı istənilən önəmli problem və fürsətlərin mərkəzində enerji faktoru dayanır. İş yerləri, təhlükəsizlik, iqlim dəyişikliyi, ərzaq məhsullarının istehsalı və ya gəlirlərin artırılması üçün enerjiyə çıxış imkanının olması vacibdir. Dayanıqlı enerji həyatın, iqtisadiyyatın və planetin transformasiyasına şərait yaradan bir fürsətdir. BMT-nin keçmiş Baş Katibi Pan Gi Mun hər yerdə hamı üçün enerji xidmətlərinə çıxışın təmin edilməsi, səmərəliliyin artırılması və alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına yönələn "Hamı üçün Dayanıqlı Enerji" təşəbbüsünə rəhbərlik edir.
Faktlar və rəqəmlər
• Dünyada hər beş nəfərdən birinin hələ də müasir elektrik enerjisinə çıxışı yoxdur.
• 3 milyard insan yemək bişirmək və isinmək üçün odun, daş kömür, ağac kömürü və ya heyvan tullantıları kimi biokütlədən istifadə edir.
• Dünyada "istixana" effekti yaradan qazların emissiyasının 60%-i iqlim dəyişikliyinə səbəb olan əsas faktorlardan biri kimi enerjinin payına düşür.
• Enerji sektorunda karbon qazı emissiyasının azaldılması iqlimlə bağlı uzunmüddətli məqsədlərin əsas hədəflərindən biridir.
Hədəflər
Hədəf 7.1: 2030-cu ilədək, hamı üçün sərfəli, etibarlı, dayanıqlı və müasir enerji xidmətlərinə çıxış təmin etmək
Hədəf 7.2: 2030-cu ilədək, qlobal enerji təchizatında bərpa olunan enerjinin payını əhəmiyyətli dərəcədə artırmaq
Hədəf 7.3: 2030-cu ilədək, dünyada enerjidən istifadənin səmərəliliyinin artım göstəricisini iki dəfə artırmaq
Hədəf 7. A: 2030-cu ilədək, təmiz enerji ilə bağlı tədqiqat və texnologiyalara, o cümlədən bərpa olunan enerji, enerjidən səmərəli istifadə, qabaqcıl və daha təmiz mədən yanacağı texnologiyalarına çıxış imkanını yaxşılaşdırmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirmək və enerji infrastrukturuna və təmiz enerji texnologiyalarına investisiyanı təşviq etmək
Hədəf 7. B: 2030-cu ilədək, müvafiq yardım proqramlarına uyğun olaraq, bütün inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən az inkişaf etmiş ölkələrdə, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərdə və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə hamını müasir və dayanıqlı enerji xidmətləri ilə təchiz etmək üçün enerji infrastrukturunu genişləndirmək və texnologiyaları müasirləşdirmək
Məqsəd 8: Layiqli əmək və iqtisadi artım
"İnklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək"
Dünya əhalisinin təxminən yarısı hələ də gündəlik 2 ABŞ dolları məbləğində gəlirlə yaşayır. Bir çox yerlərdə iş yerinin olması yoxsulluqdan qurtulmaq üçün kifayət etmir. Hədəfə doğru belə yavaş və qeyri-bərabər irəliləyiş bizdən yoxsulluğun aradan qaldırılmasına yönələn iqtisadi və sosial siyasətimizi yenidən gözdən keçirməyi və yenidən formalaşdırmağı tələb edir. Layiqli iş imkanlarının davamlı çatışmazlığı, investisiyaların yetərli səviyyədə olmaması və qeyri-kafi istehlak səviyyəsi demokratik cəmiyyətlərin təməlini təşkil edən sosial həmrəyliyin aşınmasına gətirib çıxarır: tərəqqi hamı üçün ortaq olmalıdır. Keyfiyyətli iş yerlərinin yaradılması 2015-ci ildən sonra hələ uzun müddət demək olar ki, bütün ölkələrin iqtisadiyyatı üçün əsas problem olaraq qalacaqdır. Dayanıqlı iqtisadi artım cəmiyyətlərdən ətraf mühitə zərər verməməklə, insanların keyfiyyətli işlərə sahib olmasına imkan verərək iqtisadiyyatı stimullaşdıran şərtləri formalaşdırmağı tələb edir. Bunun üçün, həmçinin, bütün əmək qabiliyyətli əhali üçün iş imkanları və layiqli iş şəraiti də zəruridir.
Faktlar və rəqəmlər
• Qlobal işsizlik səviyyəsi 2007–2012-ci illərdə 170 milyondan 202 milyona yüksəlib. Bunun 75 milyonu gənc qadın və kişilərin payına düşür.
• Təxminən 2.2 milyard insan gündəlik 2 ABŞ dolları səviyyəsində müəyyən olunan yoxsulluq həddindən aşağı gəlirlə yaşayır. Yoxsulluq isə yalnız stabil və yaxşı maaşlı işlər hesabına aradan qaldırıla bilər.
• 2016–2030-cu illər arasında əmək bazarına yeni daxil olan işçi qüvvəsi üçün qlobal səviyyədə 470 milyon iş yeri tələb olunur.
Hədəflər
Hədəf 8.1: Adambaşına düşən iqtisadi artımı milli şəraitə uyğun səviyyədə saxlamaq, ən az inkişaf etmiş ölkələrdə isə ÜDM-in illik artım tempini ən azı 7 faiz səviyyəsində saxlamaq
Hədəf 8.2: Şaxələndirmə, texnoloji inkişaf və innovasiyalar vasitəsilə, o cümlədən başqa vasitələrlə yanaşı, yüksək əlavə dəyər yaradan və böyük işçi qüvvəsindən istifadə edən sahələrə xüsusi diqqət yetirməklə iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq
Hədəf 8.3: İstehsal fəaliyyətlərinə, layiqli iş yerlərinin yaradılmasına, sahibkarlığa, yaradıcılığa və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətləri təşviq etmək və başqa vasitələrlə yanaşı maliyyə xidmətlərinə çıxış yaratmaqla mikro, kiçik və orta ölçülü müəssisələrin formalaşdırılmasını və böyüməsini stimullaşdırmaq
Hədəf 8.4: 2030-cu ilədək, qlobal səviyyədə istehlak və istehsal proseslərində resurslardan səmərəli istifadəni proqressiv qaydada yaxşılaşdırmaq və inkişaf etmiş ölkələrin pionerliyi ilə, dayanıqlı istehlak və istehsal üzrə onillik proqramlar çərçivəsinə uyğun olaraq iqtisadi artımla ətraf mühitin deqradasiyası arasındakı əlaqəliliyi aradan qaldırmağa səy göstərmək
Hədəf 8.5: 2030-cu ilədək, bütün qadınlar və kişilər üçün, o cümlədən gənclər və əlilliyi olan insanlar üçün tam və səmərəli məşğulluq imkanlarının yaradılmasına və bərabər dəyərli əməyə görə bərabər ölçüdə ödənişə nail olmaq
Hədəf 8.6: 2020-ci ilədək, məşğulluq, təhsil və ya təlimdən kəndarda qalan gənclərin xüsusi çəkisini əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 8.7: Məcburi əməyə, müasir köləliyə və insan alverinə son qoymaq, uşaq əməyinin ən pis formalarının, o cümlədən hərb sahəsinə uşaqların cəlb olunması və istifadə olunmasının qadağan olunmasına və aradan qaldırılmasına nail olmaq üçün təxirəsalınmaz və effektiv tədbirlər görmək və 2025-ci ilədək uşaq əməyinin bütün formalarına son qoymaq
Hədəf 8.8: Bütün işçilərin, o cümlədən miqrant işçilərin, xüsusilə də qadın miqrantların və riskli şəraitlərdə işləyən işçilərin əmək hüquqlarını qorumaq və etibarlı və təhlükəsiz əmək şəraitini təşviq etmək
Hədəf 8.9: 2030-cu ilədək iş yerləri yaradan, yerli mədəniyyətin inkişafını və yerli məhsulların istehsalını təşviq edən dayanıqlı turizmi təşviq etmək üçün strategiyaları hazırlamaq və həyata keçirmək
Hədəf 8.10: Ölkədaxili maliyyə institutlarının hamı üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxışı stimullaşdırmaq və genişləndirmək potensialını gücləndirmək
Hədəf 8. A: Başqa vasitələrlə yanaşı, Ən Az İnkişaf Etmiş Ölkələrə Ticarətlə Bağlı Texniki Yardım üzrə Gücləndirilmiş Vahid Çərçivə vasitəsilə, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən az inkişaf etmiş ölkələrə "Ticarətə Yardım" təşəbbüsü çərçivəsində dəstəyi artırmaq
Hədəf 8. B: 2020-ci ilədək, gənclərin məşğulluğu üzrə qlobal strategiyanı işləyib hazırlamaq, həyata keçirmək və Beynəlxalq Əmək Təşkilatının Qlobal Məşğulluq Paktını icra etmək
Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur
"Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək"
İnfrastruktur, o cümlədən nəqliyyat, suvarma, enerji, informasiya və kommunikasiya texnologiyaları infrastrukturuna investisiya bir çox ölkələrdə dayanıqlı inkişafa nail olmaq və icmaları səlahiyyətləndirmək üçün zəruridir. Artıq təsdiq olunub ki, məhsuldarlıq və gəlirlərin artması, səhiyyə və təhsil göstəricilərinin yaxşılaşdırılması üçün infrastruktura investisiya tələb olunur. Sənayenin inklüziv və dayanıqlı inkişafı gəlirlərin yaranmasının əsas mənbəyi kimi hər kəsin həyat səviyyəsinin sürətli və davamlı yüksəlişinə imkan verir və ekoloji cəhətdən təhlükəsiz sənayeləşmə üçün texnoloji həlli təqdim edir. Texnoloji tərəqqi resurslardan və enerjidən istifadənin səmərəliliyinin artırılması kimi ekoloji məqsədlərə nail olmaq üçün göstərilən səylərin təməlini təşkil edir. Texnologiya və innovasiya olmadan sənayeləşmə baş verə bilməz, sənayeləşmə olmadan isə inkişaf ola bilməz.
Faktlar və rəqəmlər
• Bir çox inkişaf etməkdə olan ölkələrdə yol, informasiya və kommunikasiya texnologiyaları, kanalizasiya xidmətləri, elektrik enerjisi və su təchizatı kimi əsas infrastruktur hələ də kifayət qədər mövcud deyil.
• İnkişaf etməkdə olan ölkələrdə təxminən 2.6 milyard insan fasiləsiz elektrik enerjisinə çıxış imkanı əldə etməkdə çətinlik çəkir.
• Dünyada 2.5 milyard insanın ilkin kanalizasiya xidmətlərinə, təxminən 800 milyon insanın isə suya çıxışı yoxdur. Bunlardan yüz milyonlarla insan Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi və Cənubi Asiyada yaşayır.
• 1–1.5 milyard insanın etibarlı telefon xidmətlərinə çıxışı yoxdur.
• Keyfiyyətli infrastrukturun mövcudluğu sosial, iqtisadi və siyasi məqsədlərə nail olunmasına müsbət təsir göstərir.
• İnfrastrukturun qeyri-adekvat səviyyədə olması bazarlara, iş yerlərinə, informasiya və təlim imkanlarına çıxışın olmamasına gətirib çıxarır ki, bu da bizneslə məşğul olmaq üçün başlıca maneələrdən birini təşkil edir.
• İnfrastrukturun lazımi səviyyədə inkişaf etməməsi səhiyyə xidmətləri və təhsilə çıxışı məhdudlaşdırır.
• Bir çox Afrika ölkələrində, xüsusilə də aşağı gəlirli ölkələrdə, infrastrukturla bağlı mövcud məhdudiyyətlər şirkətlərin məhsuldarlığının təqribən 40% azalmasına səbəb olur.
• Emal sənayesi önəmli məşğulluq sahələrindən biridir. 2009-cu ildə dünya miqyasında təxminən 470 milyon iş yeri və ya dünyanın təxminən 2.9 milyard nəfərlik işçi qüvvəsinin 16 faizi bu sahənin payına düşür. 2013-cü ildə emal sənayesində təxminən yarım milyard iş yerinin olduğu hesablanıb.
• Sanayeləşmənin iş yerləri ilə bağlı multiplikasiya effekti cəmiyyətə müsbət təsir göstərir. Emal sənayesindəki hər bir iş yeri digər sektorlarda 2.2 iş yeri yaradır.
• Emal sənayesində və istehsalatda kiçik və orta ölçülü müəssisələrin mövcudluğu sənayeləşmənin erkən mərhələləri üçün çox vacibdir və adətən ən böyük iş yeri mənbəyidir. Dünyada biznes əməliyyatlarının 90 faizindən çoxu, məşğulluğun isə 50–60 faizi onların payına düşür.
• Müvafiq məlumatların mövcud olduğu ölkələrdə bərpa olunan enerji sektorunda çalışanların sayı hazırda 2.3 milyona yaxındır. Məlumatlardakı mövcud boşluqları nəzərə alsaq, şübhəsiz ki, bu çox mühafizəkar bir rəqəmdir. Alternativ enerjiyə marağın sürətlə artması səbəbilə, 2030-cu ilə qədər bərpa olunan enerji ehtiyatları sahəsində mümkün ümumi məşğulluq 20 milyon iş yeri səviyyəsində ola bilər.
• Ən az inkişaf etmiş ölkələr qida və içki (aqro-sənaye), toxuculuq və geyim məhsulları sahəsində böyük sənayeləşmə potensialına malikdir və burada dayanıqlı məşğulluğun yaradılması, daha yüksək məhsuldarlıq üçün yaxşı perspektivlər mövcuddur.
• Orta gəlirli ölkələr beynəlxalq miqyasda tələbatı sürətlə artan bir sıra məhsullar təklif edən əlvan metallar və metal məmulatları sənayelərinə daxil olaraq böyük fayda əldə edə bilər.
• İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı məhsullarının yalnız 30 faizi sənayedə emal olunur. Yüksək gəlirli ölkələrdə isə bu göstərici 98 faizdir. Bu onu göstərir ki, inkişaf etməkdə olan ölkələr üçün aqrobiznes sahəsində böyük imkanlar mövcuddur.
Hədəflər
Hədəf 9.1: Hamı üçün sərfəli və bərabər çıxış imkanını nəzərə almaqla, iqtisadi inkişafa və insan rifahına dəstək olmaq məqsədilə, keyfiyyətli, etibarlı, dayanıqlı və möhkəm infrastrukturu, o cümlədən regional və transsərhəd infrastrukturu inkişaf etdirmək
Hədəf 9.2: İnklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və 2030-cu ilədək, milli şəraitlərə uyğun olaraq məşğulluqda və ÜDM-də sənayenin payını ikiqat artırmaq
Hədəf 9.3: Xüsusilə inkişaf etməkdə olan ölkələrdə kiçik ölçülü sənaye və digər müəssisələrin maliyyə xidmətlərinə, o cümlədən münasib kredit imkanlarına çıxışını artırmaq və onların dəyər zəncirlərinə və bazarlara inteqrasiyasını gücləndirmək
Hədəf 9.4: 2030-cu ilədək, bütün ölkələrin öz potensiallarına uyğun şəkildə tədbirlər görməsi şərtilə, resurslardan səmərəli istifadəni artırmaqla, təmiz və ekoloji cəhətdən təhlükəsiz texnologiyaları daha geniş şəkildə tətbiq etməklə infrastrukturu yeniləmək və sənayeni dayanıqlı etmək üçün onları müasirləşdirmək
Hədəf 9.5: Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə elmi tədqiqatları genişləndirmək, sənaye sektorlarında texniki imkanları artırmaq, o cümlədən 2030-cu ilədək, innovasiyaları stimullaşdırılmaq və hər 1 milyon insana nisbətdə tədqiqat və inkişafla məşğul olanların sayını, dövlət və özəl tədqiqat və inkişaf xərclərini əhəmiyyətli şəkildə artırmaq
Hədəf 9. A: Afrika ölkələrinə, ən az inkişaf etmiş ölkələrə, dənizə çıxışı olmayan və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə maliyyə, texnoloji və texniki dəstəyi artırmaqla həmin ölkələrdə dayanıqlı və möhkəm infrastrukturun qurulmasına kömək etmək
Hədəf 9. B: Digər vasitələrlə yanaşı, sənayedə şaxələndirmə və mallara əlavə dəyər qazandırmaq üçün əlverişli siyasi mühiti təmin etməklə, inkişaf etməkdə olan ölkələrdə mövcud texnologiyaların inkişafına, tədqiqatlara və innovasiyalara dəstək göstərmək
Hədəf 9. C: 2020-ci ilə qədər informasiya və kommunikasiya texnologiyalarına çıxışı əhəmiyyətli dərəcədə artırmaq və ən az inkişaf etmiş ölkələrdə hamı üçün maliyyə baxımından münasib şəkildə internetə çıxışı təmin etmək.
Məqsəd 10: Bərabərsizliyin azaldılması
"Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq"
Beynəlxalq ictimaiyyət insanların yoxsulluqdan xilas edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyişə nail olub. Ən həssas vəziyyətdə olan ölkələr, o cümlədən ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlər yoxsulluğun azaldılması sahəsində irəliləyiş əldə etməyə davam edir. Ancaq bərabərsizlik hələ də qalmaqdadır, səhiyyə və təhsil xidmətlərinə, eləcə də digər xidmətlərə çıxış səviyyəsində böyük bərabərsizliklər hələ də mövcuddur. Bundan əlavə, ölkələr arasında gəlir bərabərsizliyi azalsa da, ölkələrdaxili bərabərsizlik artıb. İqtisadi inkişafın inklüziv olmadığı və dayanıqlı inkişafın üç aspektini – iqtisadi, sosial və ətraf mühit aspektlərini özündə birləşdirmədiyi təqdirdə yoxsulluğun azaldılması üçün yetərli olmadığına dair konsensus getdikcə güclənir. Bərabərsizliyi azaltmaq üçün əlverişsiz vəziyyətdə olan və təcrid olunmuş icmaların ehtiyaclarına diqqət yetirilməsi baxımından siyasətlər prinsip etibarilə universal xarakter daşımalıdır.
Faktlar və rəqəmlər
• İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayını nəzərə almaqla, 1990–2010-cu illərdə gəlir bərabərsizliyi orta hesabla 11 faiz artıb.
• İnkişaf etməkdə olan ölkələrdə ailələrin böyük əksəriyyəti – əhalinin 75 faizindən çoxu 1990-cı illərə nəzərən gəlirlərin daha qeyri-bərabər paylandığı cəmiyyətdə yaşayır.
• Elmi dəlillər göstərir ki, müəyyən bir həddi keçdikdən sonra, bərabərsizlik inkişafa və yoxsulluğun azaldılmasına, ictimai və siyasi sahələrdə münasibətlərin keyfiyyətinə və fərdlərin xoşbəxtlik və özünüqiymətləndirmə hissinə mənfi təsir göstərir.
• Gəlirlər üzrə bərabərsizliyinin artması heç də qaçılmaz deyil. Yüksək inkişaf göstəricilərinə nail olan bir neçə ölkə gəlir bərabərsizliyinin artımını dayandırmağa və ya onu azaltmağa müvəffəq olub.
• Gəlirlərin bərabərsizliyi yalnız o zaman effektli şəkildə aradan qaldırıla bilər ki, onun özülündə dayanan imkanların bərabərsizliyi faktoru aradan qaldırılsın.
• BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan qlobal sorğuda dünyanın müxtəlif ölkələrindən olan siyasətçilər ölkələrində bərabərsizliyin yüksək dərəcədə olduğunu və bunun uzunmüddətli perspektivdə sosial və iqtisadi inkişafa potensial təhlükə olduğunu təsdiq ediblər.
• İnkişaf etməkdə olan ölkələrə dair faktlar göstərir ki, əhalinin ən yoxsul 20 faizindən olan uşaqların 5 yaşadək ölmə ehtimalı ən zəngin təbəqədən olan uşaqlarla müqayisədə 3 dəfə yüksəkdir.
• Dünyada sosial müdafiənin əhatəsi əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Lakin əlilliyi olan insanların böyük sağlamlıq xərcləri ilə üzləşmə ehtimalı orta göstəricidən 5 dəfəyə qədər yüksəkdir.
• İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində ana ölümü göstəricisində ümumi azalmalara baxmayaraq, kənd yerlərində yaşayan qadınların doğum zamanı ölmə halları şəhərlərdə yaşayan qadınlarla müqayisədə hələ də 3 dəfə daha yüksəkdir.
Hədəflər
Hədəf 10.1: 2030-cu ilədək, əhalinin ən yoxsul 40 faizinin gəlir artımının ölkədəki orta səviyyədən daha yüksək olmasına tədricən nail olmaq və bu səviyyədə saxlamaq
Hədəf 10.2: 2030-cu ilədək, yaşından, cinsindən, əlilliyindən, irqindən, etnik mənsubiyyətindən, mənşəyindən, dinindən, iqtisadi və ya digər statusundan asılı olmayaraq, hamının sosial, iqtisadi və siyasi həyatda iştirakı üçün səlahiyyətləri artırmaq və bunu təşviq etmək
Hədəf 10.3: Digər vasitələrlə yanaşı, ayrı-seçkiliyə yol verən qanunları, siyasətləri və təcrübələri aradan qaldırmaqla və müvafiq qanunvericiliyi, siyasətləri və fəaliyyəti təşviq etməklə, bərabər imkanların yaradılmasını və nəticələrdəki bərabərsizliklərin azaldılmasını təmin etmək
Hədəf 10.4: Maliyyə, əməkhaqqı və sosial müdafiə məsələlərinə xüsusi diqqət ayıran siyasi sənədləri qəbul etmək və tədricən daha böyük bərabərliyə nail olmaq
Hədəf 10.5: Qlobal maliyyə bazarlarının və təsisatlarının tənzimlənməsini, monitorinqini, müvafiq normativ-hüquqi aktların icrasını gücləndirmək
Hədəf 10.6: Təsisatların səmərəliliyini, etibarlılığını, hesabatlılığını və legitimliyini yaxşılaşdırmaq məqsədilə qlobal beynəlxalq iqtisadi və maliyyə təsisatlarında qərarlar qəbul edilərkən inkişaf etməkdə olan ölkələrin daha geniş təmsil olunmasını və eşidilməsini təmin etmək
Hədəf 10.7: Başqa vasitələrlə yanaşı, planlaşdırılmış və düzgün idarə olunan miqrasiya siyasətini həyata keçirməklə, insanların nizamlı, təhlükəsiz, müntəzəm və məsuliyyətli miqrasiyasına və hərəkətliliyinə şərait yaratmaq
Hədəf 10. A: Ümumdünya Ticarət Təşkilatının sazişlərinə uyğun olaraq, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən az inkişaf etmiş ölkələr üçün xüsusi və differensial yanaşma prinsipini tətbiq etmək
Hədəf 10. B: Milli planlara və proqramlara uyğun olaraq, ən çox ehtiyac duyan dövlətlərə, xüsusilə də ən az inkişaf etmiş ölkələrə, Afrika ölkələrinə, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrə yönələn rəsmi inkişaf yardımı və maliyyə axınlarını, o cümlədən birbaşa xarici investisiyaları stimullaşdırmaq
Hədəf 10. C: 2030-cu ilədək, miqrantlar tərəfindən həyata keçirilən ölkələrarası pul köçürmələri ilə bağlı əməliyyat xərclərini köçürülən məbləğin 3%-dən aşağı səviyyəyə salmaq və 5%-dən baha başa gələn köçürmə xidmətlərini aradan qaldırmaq
Məqsəd 11: Dayanıqlı şəhərlər və icmalar
"Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək"
Şəhərlər intellektual fəallıq, ticarət, mədəniyyət, elm, əmək məhsuldarlığı, sosial inkişaf və bir çox digər proseslər üçün mərkəz kimi çıxış edir. Düzgün inkişaf etdiyi hallarda, şəhərlər insanların sosial və iqtisadi tərəqqisinə imkan verir. Bununla belə, şəhər təsərrüfatlarının idarə olunması zamanı torpaq və digər resursları tükətmədən yeni iş yerləri yaratmağa və rifahı təmin etməyə çalışarkən bir çox problemlər ortaya çıxır. Şəhərlərdə ən çox rast gəlinən problemlərə əhalinin sıxlığı, əsas xidmətlərin göstərilməsi üçün kifayət qədər vəsaitlərin olmaması, münasib mənzil təminatının yetərli səviyyədə olmaması və infrastrukturun deqradasiyası daxildir. Şəhərlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün resurslardan daha səmərəli istifadə, ətraf mühitin çirklənməsi və yoxsulluq səviyyəsinin azaldılması ilə yanaşı, onların inkişaf etməsinə və böyüməsinə imkan verən üsullardan istifadə oluna bilər. Hamı üçün imkanlar yaradan, o cümlədən əsas xidmətlərə, enerjiyə, mənzil təminatına, nəqliyyata və digər imkanlara çıxış imkanı yaradan şəhərlər arzu etdiyimiz gələcəyin bir parçasıdır.
Faktlar və rəqəmlər
• Bu gün, bəşəriyyətin yarısı – 3.5 milyard insan şəhərlərdə yaşayır.
• 2030-cu ilə qədər dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə yaşayacaq.
• Qarşıdakı onilliklərdə qlobal urbanizasiyanın 95 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
• Bu gün 828 milyon insan xarabalıqlarda yaşayır və bu göstərici artmaqda davam edir.
• Şəhərlərin ümumi sahəsi Yer kürəsinin quru ərazisinin yalnız 3 faizini təşkil etsə də, enerji istehlakının 60–80 faizi və karbon emissiyasının 75 faizi onların payına düşür.
• Sürətli urbanizasiya şirin su ehtiyatlarını, kanalizasiya sistemini, yaşayış mühitini və ictimai səhiyyəni təzyiq altında saxlayır.
• Lakin şəhərlərdə sıxlığın yüksək olması səmərəliliyin yüksəlməsinə və texnoloji innovasiyaların tətbiqinə gətirib çıxarmaqla, resurslardan istifadənin və enerji istehlakının azalmasına imkan verə bilər.
Hədəflər
Hədəf 11.1: 2030-cu ilədək hamı üçün adekvat, təhlükəsiz və sərfəli mənzil təminatına və əsas xidmətlərə çıxış təmin etmək və xarabalıqları abadlaşdırmaq
Hədəf 11.2: 2030-cu ilədək yol təhlükəsizliyini təmin etmək, xüsusilə həssas qrupa aid insanlara, qadınlara, uşaqlara, əlillərə və yetkin əhaliyə xüsusi diqqət yetirməklə ictimai nəqliyyatı genişləndirmək, bununla da hamıya təhlükəsiz, sərfəli, əlçatan və dayanıqlı nəqliyyat infrastrukturuna çıxış imkanı təmin etmək
Hədəf 11.3: 2030-cu ilədək bütün ölkələrdə inklüziv və dayanıqlı urbanizasiyanı genişləndirmək, yaşayış məntəqələrinin birgə, inteqrativ və dayanıqlı şəkildə planlaşdırılması və idarə olunması potensialını inkişaf etdirmək
Hədəf 11.4: Dünyada mədəni və təbii irsi qorumaq və mühafizə etmək üçün səyləri gücləndirmək
Hədəf 11.5: 2030-cu ilədək, əsas diqqəti yoxsul və həssas təbəqədən olan insanlara yetirməklə, təbii fəlakətlər, o cümlədən su ilə bağlı fəlakətlər nəticəsində baş verən ölüm hallarının və zərərçəkənlərin sayını nəzərəçarpacaq dərəcədə azaltmaq və qlobal ÜDM-ə nisbətdə birbaşa iqtisadi itkiləri əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 11.6: 2030-cu ilədək, havanın keyfiyyətinə, məişət və digər tullantıların idarə olunmasına xüsusi diqqət yetirməklə şəhərlərin adambaşına düşən mənfi ekoloji təsirini azaltmaq
Hədəf 11.7: 2030-cu ilədək, xüsusilə qadınlar və uşaqlar, yaşlı insanlar və əlillər üçün təhlükəsiz, inklüziv, əlçatan, yaşıllaşdırılmış və açıq sahələrə çıxış təmin etmək
Hədəf 11. A: Milli və regional səviyyələrdə inkişaf planlamasını gücləndirmək yolu ilə şəhər, şəhərətrafı və kənd əraziləri arasında müsbət iqtisadi, sosial və ekoloji əlaqəliliyə dəstək vermək
Hədəf 11. B: 2020-ci ilədək, inklüzivlik, resurslardan səmərəli istifadə, iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi və onlara uyğunlaşma, təbii fəlakətlərə qarşı davamlılığın gücləndirilməsinə yönələn siyasət və planların qəbul olunduğu və icra olunduğu şəhərlərin və yaşayış məntəqələrinin sayını əhəmiyyətli şəkildə artırmaq və 2015–2030-cu illərdə Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivəsinə uyğun olaraq, bütün səviyyələrdə təbii fəlakət risklərinin vahid idarəetmə sistemini işləyib hazırlamaq və həyata keçirmək
Hədəf 11. C: Ən az inkişaf etmiş ölkələrə yerli materiallardan istifadə etməklə dayanıqlı və möhkəm binaların inşasında digər vasitələrlə yanaşı, maliyyə və texniki yardım dəstəyi göstərmək.
Məqsəd 12: Məsuliyyətli istehlak və istehsal
"Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək"
Dayanıqlı istehlak və istehsal dedikdə, resurs və enerji istehlakının səmərəliliyinin təşviqi, dayanıqlı infrastrukturun qurulması, əsas xidmətlərə, hər kəs üçün ekoloji cəhətdən təhlükəsiz və layiqli əməyin və daha yüksək həyat keyfiyyətinin təmin olunması nəzərdə tutulur. Onun həyata keçirilməsi ümumi inkişaf planlarına nail olmağa, gələcək iqtisadi, ekoloji və sosial xərcləri azaltmağa, iqtisadi rəqabətliliyi gücləndirməyə və yoxsulluğun azaldılmasına kömək edir. Dayanıqlı istehlak və istehsalın məqsədi həyat keyfiyyətinin artırılması ilə eyni zamanda, resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunan xalis qazancları yüksəldərək "daha az resursla daha çox şeyə daha yaxşı şəkildə nail olmaq"dır. Bunun üçün müxtəlif maraqlı tərəflərin, o cümlədən sahibkarlar, istehlakçılar, siyasətçilər, tədqiqatçılar, alimlər, pərakəndə satıcılar, media və inkişaf sahəsində əməkdaşlıq edən qurumların və başqalarının iştirakı zəruridir. Bunun üçün həm də istehsalçıdan son istehlakçıya qədər tədarük zəncirində fəaliyyət göstərən bütün iştirakçılar arasında sistemli yanaşma və əməkdaşlıq da tələb olunur. Buraya istehlakçıların dayanıqlı istehlak və dayanıqlı həyat tərzləri ilə bağlı maarifləndirilmə tədbirləri və təlim vasitəsilə cəlb olunması, standartlaşdırma və etiketləmə ilə bağlı zəruri məlumatlarla təmin edilməsi və dayanıqlılıq prinsipini nəzərə alan dövlət satınalmalarının həyata keçirilməsi və digər tədbirlər daxildir.
Faktlar və rəqəmlər
• Hər il istehsal olunan bütün qida məhsullarının üçdə birinə yaxın – təqribən 1 trilyon dollar dəyərində 1.3 milyard ton ərzaq məhsulu istehlakçıların və pərakəndə satıcıların zibil qutularında çürüyür, ya da məsuliyyətsiz daşınma və məhsul yığımı səbəbindən korlanır.
• Dünyada insanlar enerjiyə qənaət edən edən lampalara keçsələr, hər il 120 milyard dollara qənaət olunardı.
• Əgər 2050-ci ilə qədər dünya əhalisi 9.6 milyard nəfərə çatsa, cari yaşayış tərzini davam etdirmək üçün zəruri olan təbii ehtiyatları təmin etməkdən ötrü demək olar ki, üç planetin ekvivalenti tələb oluna bilər.
Su
• Dünyada su ehtiyatlarının 3 faizindən azı şirindir (içməlidir), onlardan 2.5 faizi Antarktida, Arktika və dağ buzlaqlarında donmuş vəziyyətdədir. Buna görə də, bəşəriyyət bütün antropogen ekosistemlərin və özünün şirin suya olan tələbatını ödəmək üçün 0.5 faiz təşkil edən su mənbələrinə arxalanmalıdır.
• İnsanların suyu çirkləndirmə sürəti təbiətin çaylarda və göllərdə suyu təkrar dövr etdirmə və təmizləmə sürətindən yüksəkdir.
• 1 milyarddan çox insanın hələ də içməli suya çıxışı yoxdur.
• Sudan həddən artıq istifadə qlobal su defisitinə səbəb olur.
• Təbiət suyu pulsuz bəxş edir, lakin onun çatdırılması üçün lazım olan infrastruktur baha başa gəlir.
• Enerji səmərəliliyinin yüksəlməsinə gətirib çıxaran texnoloji nailiyyətlərə baxmayaraq, İƏİT-ə üzv olan ölkələrdə enerjidən istifadə 2020-ci ilədək daha 35 faiz artmaqda davam edəcək. Kommersiya və yaşayış sektorunda enerjidən istifadə nəqliyyatdan sonra qlobal səviyyədə enerji istehlakının ikinci ən sürətlə böyüyən sahəsidir.
• 2002-ci ildə İƏİT-ə üzv olan ölkələrdəki avtonəqliyyat vasitələrinin sayı 550 milyon təşkil edib (bunların 75%-ni şəxsi maşınlar təşkil edib). 2020-ci ilədək nəqliyyat vasitələrinin sahiblərinin sayında 32 faiz artım gözlənilir. Eyni zamanda, avtonəqliyyat vasitələri ilə səyahətin 40 faiz artması proqnozlaşdırılır və eyni dövrdə qlobal hava nəqliyyatı ilə səyahətin isə üç dəfə artması gözlənilir.
• Ev təsərrüfatları qlobal enerjinin 29 faizini istehlak edir və müvafiq olaraq nəticədə əmələ gələn CO2 emissiyasının 21 faizini təşkil edir.
• 2013-cü ildə dünyada enerjinin son istehlakının beşdə biri bərpaolunan enerji mənbələri hesabına təmin olunub.
Ərzaq
• Ərzaqların ətraf mühitə təsiri əsasən istehsal mərhələsində baş versə də (kənd təsərrüfatı, ərzaq emalı), ev təsərrüfatları da bu təsirlərə öz qida seçimləri və vərdişləri vasitəsilə təsir edir. Bunlar nəticə etibarilə qida ilə əlaqədar enerji istehlakı və tullantıların əmələgəlməsi vasitəsilə ətraf mühitə təsir göstərir.
• Təxminən 1 milyard insanın kifayət qədər qidalana bilməməsi və daha 1 milyard insanın ac qalmasına baxmayaraq, hər il 1.3 milyard ton ərzaq israf olunur.
• Həddən artıq qida istehlakı həm öz sağlamlığımız, həm də ətraf mühit üçün zərərlidir.
• Dünyada 2 milyard insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir.
• Torpaqların deqradasiyası və məhsuldarlığının azalması, suyun dayanıqlı şəkildə istifadə olunmaması, həddən artıq balıq ovu və dənizlərin deqradasiyası təbii resurs bazasının ərzaqla təminetmə qabiliyyətini azaldır.
• Dünyanın ümumi enerji istehlakının təxminən 30 faizi və "istixana" effekti yaradan qazların ümumi emissiyasının təxminən 22 faizi qida sektorunun payına düşür.
Hədəflər
Hədəf 12.1: Öndə inkişaf etmiş ölkələr olmaqla və inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsini və imkanlarını nəzərə alaraq, bütün ölkələrin cəlb olunması yolu ilə dayanıqlı istehlak və istehsal modellərinə keçid üzrə onillik fəaliyyət strategiyasını həyata keçirmək
Hədəf 12.2: 2030-cu ilədək, təbii resursların dayanıqlı şəkildə idarə olunmasına və onlardan səmərəli istifadəyə nail olmaq
Hədəf 12.3: 2030-cu ilədək, dünyada pərakəndə ticarət və istehlakçı səviyyələrində adambaşına düşən ərzaq tullantılarını yarıya qədər azaltmaq və məhsul yığımından sonrakı itkilər də daxil olmaqla, istehsal və təchizat zəncirləri boyu ərzaq itkilərini azaltmaq
Hədəf 12.4: 2020-ci ilədək, razılaşdırılmış beynəlxalq prinsiplərə uyğun olaraq, dövriyyəsi boyunca kimyəvi maddələrin və bütün tullantıların ekoloji baxımdan düzgün idarə olunmasına nail olmaq və onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərini minimuma endirmək məqsədilə havaya, suya və torpağa buraxılışını əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 12.5: 2030-cu ilədək, tullantıların önlənməsi, azaldılması, təkrar emala cəlb olunması və təkrar istifadəsi vasitəsilə tullantıların əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 12.6: Şirkətləri, xüsusən də iri və transmilli şirkətləri dayanıqlı istehsal təcrübələrini qəbul etməyə və dayanıqlılıqla bağlı məlumatları öz hesabatvermə prosesinə daxil etməyə həvəsləndirmək
Hədəf 12.7: Milli siyasətləri və prioritetləri nəzərə alaraq, dövlət satınalmaları üzrə dayanıqlı təcrübələri təşviq etmək
Hədəf 12.8: 2030-cu ilədək, hər yerdə insanların dayanıqlı inkişaf və təbiəti nəzərə alan həyat tərzləri ilə bağlı müvafiq məlumatlara malik olmasını və maariflənməsini təmin etmək
Hədəf 12. A: İnkişaf etməkdə olan ölkələrin daha dayanıqlı istehsal və istehlak modellərinə keçməsi üçün öz elmi və texnoloji potensiallarını gücləndirmələrinə dəstək vermək
Hədəf 12. B: İş yerləri yaradan və yerli mədəniyyətin inkişafını və yerli məhsulların istehsalını təşviq edən dayanıqlı turizmə nail olmaq məqsədilə dayanıqlı inkişafın təsirlərini izləmək üçün metodlar işləyib hazırlamaq və tətbiq etmək
Hədəf 12. C: İzafi istehlaka səbəb olan, mədən yanacaq növlərinə ayrılan subsidiyaları səmərəliləşdirmək, bunun üçün milli şəraiti nəzərə alaraq bazar təhrifilərini aradan qaldırmaq, o cümlədən vergitutma strukturunu yenidən müəyyən etmək və zərərli subsidiyaları mərhələli şəkildə aradan qaldırmaq (əgər varsa), onların ətraf mühitə təsirlərini nəzərə almaq, bu zaman ilk növbədə inkişaf etməkdə olan ölkələrin spesifik ehtiyaclarını və vəziyyətini diqqətə alaraq, eləcə də yoxsullar və təsirə məruz qalan icmaları qorumaq şərtilə onların inkişafına mümkün mənfi təsirləri minimallaşdırmaq
Məqsəd 13: İqlim dəyişikliyinə qarşı mübarizə
"İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək"
İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrini əhatə edir. O, ölkələrin iqtisadiyyatına zərbə vurur, insanların həyatına təsir edir, insanlara, icmalara və ölkələrə baha başa gəlir. İnsanlar artıq iqlim dəyişikliyinin, o cümlədən hava şəraitindəki dəyişikliklərin, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərini hiss edir. İnsan fəaliyyəti nəticəsində "istixana" effekti yaradan qazların emissiyası iqlim dəyişikliyinə təkan verir və artmaqda davam edir. İndi bu göstərici tarixdəki ən yüksək səviyyəyə çatmışdır. Heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta səth temperaturunun yüksələcəyi proqnoz olunur. Bu əsrdə temperaturun Selsi şkalası ilə 3 dərəcə artacağı ehtimal olunur, dünyanın bəzi ərazilərində isə daha kəskin istiləşmə gözlənilir. Ən çox təsirə məruz qalanlar məhz ən yoxsul və ən həssas qruplar olur. Ölkələrin ekoloji cəhətdən daha təmiz, daha möhkəm iqtisadiyyata keçməsini təmin etmək üçün xərc baxımından münasib, miqyası tənzimlənə bilən həll yolları artıq mövcuddur. Alternativ və bərpa olunan enerji mənbələrinə və bir sıra üsullara daha çox insanın yönəldiyinə görə iqlim dəyişikliyinin tempi sürətlənib. Bu isə emissiyaların azalmasına və uyğunlaşma səylərinin artmasına səbəb olacaqdır. Lakin iqlim dəyişikliyi sərhəd tanımayan qlobal problemdir. Bir yerdə baş verən emissiya istənilən yerdə yaşayan insanlara təsir göstərir. Bu, beynəlxalq səviyyədə əlaqələndirilməli tədbirlər tələb edən bir məsələdir və inkişaf etməkdə olan ölkələrin az karbonlu iqtisadiyyata keçmələrinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq tələb olunur. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr 2015-ci il dekabrın 12-də Parisdə Tərəflərin 21-ci Konfransında Paris Sazişini qəbul etdilər. Saziş qısa müddət sonra – 2016-cı ilin 4 noyabr tarixində qüvvəyə mindi. Müqavilədə bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin 2 dərəcə Selsini keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə Selsidən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəldilər. Saziş haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Paris Sazişinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına və iqlimin davamlılığının artırılmasına imkan verə biləcək iqlim tədbirləri üçün yol xəritəsi kimi çıxış edir.
Faktlar və rəqəmlər
• 1880-ci ildən 2012-ci ilə qədər orta qlobal temperatur 0,85 °C artıb. Bunun təsirini başa düşmək üçün aşağıdakı faktlara nəzər salaq: temperaturun hər 1 dərəcə artımı taxıl məhsuldarlığının təxminən 5 faiz azalmasına səbəb olur. 1981–2002-ci illər ərzində isti iqlim şəraitinə görə qarğıdalı, buğda və digər əsas məhsullarda qlobal səviyyədə hər il 40 meqatonadək əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
• Okeanlarda istiləşmə, qar və buzun miqdarının azalması nəticəsində dəniz səviyyəsi yüksəlmişdir. 1901-ci ildən 2010-cu ilədək buzların əriməsi və istiləşmə nəticəsində okeanlar genişlənmiş, qlobal orta dəniz səviyyəsi 19 sm-dək artmışdır. Şimal Buzlu okeanında buz səthi buzların əriməsi səbəbilə 1979-cu ildən etibarən hər onillikdə 1.07 milyon km² kiçilmişdir.
• "İstixana" effekti yaradan qazların mövcud səviyyəsini və davamlı emissiyalarını nəzərə alsaq, yeganə mümkün ssenaridən başqa bütün ssenarilərdə bu əsrin sonunadək qlobal temperaturun artımı 1850–1900-cü illərlə müqayisədə 1,5 °C-i ötə bilər. Dünya okeanlarının temperaturu yüksələcək və buzlar əriməyə davam edəcək. Orta dəniz səviyyəsinin 2065-ci ilə qədər 24–30 sm, 2100-cü ilədək isə 40–63 sm artacağı proqnozlaşdırılır. İqlim dəyişikliyinin nəticələrinin əksəriyyəti hətta qaz emissiyaları dayandırılsa belə, əsrlər boyu davam edəcəkdir.
• Karbon dioksid qazının (CO2) qlobal emissiyası 1990-cı ildən bəri, təxminən 50 faiz artmışdır.
• Emissiyalar 2000–2010-cu illər ərzində əvvəlki üç onilliyin hər biri ilə müqayisədə daha sürətlə artıb.
• Geniş spektrli texnoloji tədbirlərin tətbiqi və davranış modellərinin dəyişdirilməsi yolu ilə, qlobal orta temperatur artımını sənayeləşmə erasından öncəki göstəricidən 2 °C yüksək həddə saxlamaq hələ də mümkündür.
• Əsaslı institusional və texnoloji dəyişikliklər qlobal istiləşmənin bu həddi aşmaması üçün əvvəlki dövrlərlə müqayisədə daha yaxşı imkanlar təqdim edir.
Hədəflər
Hədəf 13.1: Bütün ölkələrdə iqlim təhlükələri və təbii fəlakətlərə qarşı davamlılığı və uyğunlaşma potensialını gücləndirmək
Hədəf 13.2: İqlim dəyişikliyi ilə bağlı tədbirləri milli siyasətlərə, strategiyalara və planlara daxil etmək
Hədəf 13.3: İqlim dəyişikliyi ilə bağlı tədbirləri milli siyasətlərə, strategiyalara və planlara daxil etmək
Hədəf 13. A: İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin yumşaldılması və icra şəffaflığı ilə bağlı əsaslı tədbirlərə olan ehtiyaclarını qarşılamaq, eləcə də mümkün qədər qısa müddətdə kapitallaşdırma yolu ilə Yaşıl İqlim Fondunun tam fəaliyyətini təmin etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçısı olan inkişaf etmiş ölkələrin bütün mənbələrdən 2020-ci ilədək hər il ümumilikdə 100 milyard ABŞ dolları məbləğdə vəsaitin toplanması hədəfi ilə bağlı götürdükləri öhdəliyin yerinə yetirilməsi
Hədəf 13. B: Qadınlara, gənclərə, yerli və təcrid olunmuş icmalara xüsusi diqqət yetirməklə, ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə bağlı effektiv planlaşdırma və idarəetmə potensialının artırılması mexanizmlərini təşviq etmək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası iqlim dəyişmələrinə qarşı qlobal tədbirlərin görülməsi ilə bağlı müzakirələr üçün başlıca beynəlxalq, hökumətlərarası forumdur.
Məqsəd 14: Dəniz ekosisteminin mühafizəsi
"Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək"
Okeanlar, onların temperaturu, kimyəvi xüsusiyyətləri, cərəyanları və onlarda mövcud olan həyat Yer kürəsini bəşəriyyətin yaşaması üçün yararlı edən qlobal sistemlərI formalaşdırır. Yağış suları, içməli sular, hava, iqlim, sahil xətləri, ərzaqlarımızın böyük bir hissəsi, hətta havadakı oksigen də nəticə etibarilə dəniz tərəfindən təmin edilir və tənzimlənir. Tarix boyunca okeanlar və dənizlər ticarət və daşınma üçün həyati əhəmiyyətli kanallar olub. Bu mühüm qlobal resursun diqqətlə idarə olunması dayanıqlı gələcəyin əsas xüsusiyyətlərindən biridir.
Faktlar və rəqəmlər
• Okeanlar Yer səthinin dörddə üç hissəsini əhatə edir. Yer kürəsinin su ehtiyatlarının 97 faizi okeanlardadır. Həcminə görə planetin yaşayış məkanının 99 faizi okeanların payına düşür.
• Üç milyarddan çox insanın dolanışığı dəniz və sahil biomüxtəlifliyindən asılıdır.
• Dünyada dəniz və sahilboyu resursların və sənaye sahələrinin bazar dəyəri təxminən il ərzində 3 trilyon dollar və ya qlobal ÜDM-in təxminən 5 faizi həcmində qiymətləndirilir.
• Okeanlar təxminən 200 000 müəyyən edilmiş bitki və heyvan növlərinə malikdir, lakin faktiki rəqəmlər milyonlar ola bilər.
• Okeanlar insan fəaliyyəti nəticəsində əmələ gələn karbon dioksid qazının təxminən 30 faizini udmaqla qlobal istiləşmənin təsirlərini neytrallaşdırır.
• Okeanlar dünyanın ən böyük zülal qaynağıdır və 3 milyarddan çox insanın əsas zülal mənbəyi okeanlardır.
• Dənizlərdə olan balıq ehtiyatları birbaşa və ya dolayısı ilə 200 milyondan çox insanı işlə təmin edir.
• Balıqçılığın subsidiyalaşdırılması bir çox balıq növlərinin sürətlə tükənməsinə səbəb olur və qlobal balıq ehtiyatlarının və balıqçılıqla bağlı iş yerlərlərinin qorunub saxlanması və bərpası ilə bağlı göstərilən səylərə əngəl olur. Nəticədə okean balıqçılığı sənayesi hər il 50 milyard ABŞ dolları daha az gəlir əldə edir.
• Dünya okeanlarının 40%-i antropogen fəaliyyətin ağır fəsadlarına, o cümlədən çirklənməyə, balıq populyasiyalarının tükənməsinə və sahilyanı yaşayış mühitinin itirilməsinə məruz qalır.
Hədəflər
Hədəf 14.1: 2025-ci ilədək, bütün növ dəniz çirklənmələrini, xüsusilə də quruda həyata keçirilən fəaliyyətlər, o cümlədən tullantıların dənizə axıdılması nəticəsində çirklənmə və biogen maddələrlə çirklənmə səviyyəsini əsaslı dərəcədə azaltmaq və onun qarşısını almaq
Hədəf 14.2: 2020-ci ilədək, başqa vasitələrlə yanaşı dayanıqlılığı artırmaqla ciddi mənfi təsirlərdən qorunmaq üçün dəniz və sahilyanı ekosistemləri dayanıqlı şəkildə idarə etmək və qorumaq, okeanların təmiz və məhsuldar olmasını təmin etmək məqsədilə bu ekosistemlərin bərpası üçün tədbirlər görmək
Hədəf 14.3: Digər vasitələrlə yanaşı, elmi əməkdaşlığı bütün səviyyələrdə genişləndirməklə okeanların turşulaşmasının təsirlərini minimuma endirmək və bu təsirlərin qarşısını almaq
Hədəf 14.4: 2020-ci ilədək, mümkün olan ən qısa müddətdə balıq ehtiyatlarını bərpa etmək, onları bioloji xüsusiyyətlərindən asılı olaraq, maksimum dayanıqlı məhsuldarlıq səviyyəsinə çatdırmaq məqsədilə, balıq hasilatını səmərəli şəkildə tənzimləmək və balıqların həddən artıq ovlanmasına, o cümlədən qanunsuz, qeydə alınmayan və tənzimlənməyən balıq ovuna və ziyanlı balıqçılıq ənənələrinə son qoymaq və təsərrüfat fəaliyyətinin elmi cəhətdən əsaslandırılmış idarəetmə planlarını icra etmək
Hədəf 14.5: 2020-ci ilədək, milli və beynəlxalq hüquqa uyğun olaraq və mövcud olan ən qabaqcıl elmi məlumatlara əsaslanaraq, sahilyanı və dəniz ərazilərinin ən azı 10 faizini təbiəti mühafizə tədbirləri ilə əhatə etmək
Hədəf 14.6: 2020-ci ilədək, balıqçılıq potensialının həddən çox olmasına və hədsiz balıq ovuna səbəb olan balıqçılıq subsidiyalarının müəyyən formalarını qadağan etmək, qanunsuz, qeydə alınmayan və tənzimlənməyən balıqçılığa şərait yaradan subsidiyaları aradan aldırmaq və bu növ yeni subsidiyaları tətbiq etməkdən çəkinmək, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə adekvat, səmərəli, xüsusi və differensial yanaşmanın Ümumdünya Ticarət Təşkilatının balıqçılıq subsidiyaları ilə bağlı müzakirələrinə daxil edilməli olmasını qəbul etmək
Hədəf 14.7: 2030-cu ilədək, digər vasitələrlə yanaşı, balıqçılıq, akvakultura və turizmin dayanıqlı şəkildə idarə olunması vasitəsilə, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlər və ən az inkişaf etmiş ölkələrin dəniz resurslarının dayanıqlı istifadəsindən daha çox iqtisadi fayda əldə etmələrini təmin etmək
Hədəf 14. A: Okeanların təmizliyini yaxşılaşdırmaq və dəniz biomüxtəlifliyinin inkişaf etməkdə olan ölkələrin, xüsusən də kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərin və ən az inkişaf etmiş ölkələrin inkişafına töhfəsini artırmaq məqsədilə, Hökumətlərarası Okeanoqrafiya Komissiyasının Meyarlarını və Dəniz Texnologiyalarının Ötürülməsi üzrə Rəhbər Prinsipləri nəzərə alaraq, elmi bilikləri artırmaq, elmi tədqiqat potensialını inkişaf etdirmək və dəniz texnologiyalarını paylaşmaq
Hədəf 14. B: Xırda fərdi balıqçılıq təsərrüfatlarının dəniz resurslarına və bazarlarına çıxışını təmin etmək
Hədəf 14. C: BMT-nin Dayanıqlı İnkişaf üzrə Konfransının yekun sənədi olan "Arzu etdiyimiz gələcək" adlı sənəddə qeyd olunduğu kimi, "Dəniz hüququ haqqında Konvensiya"ya uyğun olaraq, beynəlxalq hüququ tətbiq etməklə okeanların və onların ehtiyatlarının mühafizəsini və dayanıqlı istifadəsini gücləndirmək
Məqsəd 15: Torpaq ekosisteminin mühafizəsi
"Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq" Yer səthinin 30 faizini əhatə edən meşələr insanlar üçün ərzaq və sığınacaq təmin etməklə yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizə, biomüxtəlifliyin saxlanması və aborigen xalqların evlərinin qorunmasında mühüm rol oynayır. Hər il 13 milyon hektar meşə sahəsi itirilir. Quraq ərazilərin davamlı deqradasiyası 3.6 milyard hektar sahənin səhralaşmasına gətirib çıxarıb. İnsan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində meşələrin qırılması və səhralaşma dayanıqlı inkişafın qarşısında böyük əngəllər yaradır və yoxsulluğa qarşı mübarizədə milyonlarla insanın həyatına və dolanışığına təsir göstərir. Meşələri idarə etmək və səhralaşma ilə mübarizə aparmaq üçün səylər göstərilir.
Faktlar və rəqəmlər
• Təxminən 1.6 milyard insanın dolanışığı meşələrdən asılıdır. Buraya 70 milyona yaxın aborigen əhali də daxildir.
• Quruda yaşayan bütün heyvan, bitki və həşərat növlərinin 80 faizindən çoxu meşələrdə məskunlaşıb.
• 6 milyard insanın dolanışığı kənd təsərrüfatından birbaşa asılıdır. Lakin kənd təsərrüfatında istifadə olunan torpaqların 52 faizi yüngül və ya ağır dərəcədə deqradasiyaya məruz qalır.
• 2008-ci ilə olan məlumata görə, torpağın deqradasiyası bütün dünyada 1.5 milyard insana mənfi təsir göstərir.
• Əkinə yararlı sahələrin itkisi əvvəlki illərdə olduğundan təqribən 30–35 dəfə yüksəkdir.
• Quraqlıq və səhralaşma ilə əlaqədar olaraq, hər il 12 milyon hektar torpaq sahəsi itirilir (dəqiqədə 23 hektar). İtirilən bu torpaqlarda 20 milyon ton taxıl bitkiləri becərmək olar.
• Dünyada yoxsul insanların 74 faizi torpaqların deqradasiyasının birbaşa mənfi təsirinə məruz qalır
• 8300 məlum heyvan cinsinin 8 faizi tükənib, 22 faizi isə tükənmə riski altındadır.
• 80 mindən çox ağac növünün 1 faizindən azı potensial istifadə üçün öyrənilib.
• Balıqlar təqribən 3 milyard insanın heyvan mənşəli zülal istehlakının 20 faizini təmin edir. Dənizdən tutulan balıqların 30 faizini 10 növ təşkil edir və bu 10 növ balıq akvakultura vasitəsilə əldə olunan məhsulların 50%-ni təşkil edir.
• İnsanın qida rasionunun 80%-dən çoxunu bitkilər təşkil edir. Təkcə üç dənli bitki – düyü, qarğıdalı və buğda kalori qəbulunun 60 faizini təmin edir.
• İnkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yaşayan insanların 80 faizi sağlamlığının qayğısına qalmaq üçün ənənəvi bitki tərkibli dərmanlardan istifadə edir.
• Mikroorqanizmlər və onurğasızlar ekosistemlərin fəaliyyətində mühüm rol oynayır, lakin onların ekosistemlərə töhfələri hələ də az öyrənilib və nadir hallarda qəbul edilir.
Hədəflər
Hədəf 15.1: 2020-ci ilədək, yerüstü şirin su ekosistemlərinin və onların xidmətlərinin, xüsusilə meşələrin, bataqlaşmış ərazilərin, dağların və quraq ərazilərin beynəlxalq sazişlərə əsaslanan öhdəliklərə uyğun olaraq qorunması, bərpası və dayanıqlı istifadəsini təmin etmək
Hədəf 15.2: 2020-ci ilədək, bütün növ meşələrin dayanıqlı idarəetməsini təşviq etmək, səhralaşmanın qarşısını almaq, deqradasiyaya uğramış meşə sahələrini bərpa etmək və qlobal səviyyədə meşəsalma və meşəbərpa işlərini əhəmiyyətli şəkildə artırmaq
Hədəf 15.3: 2030-cu ilədək, səhralaşma ilə mübarizə aparmaq, deqradasiyaya uğramış yerləri və torpaqları, o cümlədən səhralaşmaya, quraqlığa və daşqınlara məruz qalmış yerləri bərpa etmək və torpaq deqradasiyasından azad dünyaya nail olmaq üçün səylər göstərmək
Hədəf 15.4: 2030-cu ilədək, dağ ekosistemlərinin dayanıqlı inkişaf üçün vacib olan nemətləri təmin etmə potensialını artırmaq məqsədilə, dağ ekosistemlərinin, o cümlədən onların biomüxtəlifliyinin qorunmasını təmin etmək
Hədəf 15.5: Təbii məskənlərin deqradasiyasını zəiflətmək, biomüxtəlifliyin itirilməsini azaltmaq üçün təxirəsalınmaz və əhəmiyyətli tədbirlər görmək və 2020-ci ilə qədər nəsli kəsilmə təhlükəsi ilə üzləşən bitki və heyvan növlərini qorumaq və onların nəslinin kəsilməsinin qarşısını almaq
Hədəf 15.6: Genetik ehtiyatların istifadəsi yolu ilə əldə edilən faydaların ədalətli və bərabər bölüşdürülməsini təşviq etmək və beynəlxalq səviyyədə razılaşdırıldığı kimi, bu cür ehtiyatlara çıxış imkanını yaxşılaşdırmaq
Hədəf 15.7: Qorunan flora və fauna növlərinin brakonyerliyinə və qanunsuz ticarətinə son qoymaq üçün təxirəsalınmaz tədbirlər görmək və qeyri-qanuni vəhşi təbiət məhsullarına olan tələb və təklifi aradan qaldırmaq
Hədəf 15.8: 2020-ci ilədək, torpaq və su ekosistemlərində invaziv yad növlərin qarşısını almaq və onların mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görmək, prioritet növlərə nəzarət etmək və ya onları aradan qaldırmaq
Hədəf 15.9: 2020-ci ilədək, ekosistem və biomüxtəliflik göstəricilərini milli və yerli planlara, inkişaf proseslərinə, yoxsulluğun azaldılmasına dair strategiyalara və uçot sistemlərinə daxil etmək
Hədəf 15. A: Biomüxtəlifliyi və ekosistemləri qorumaq və onlardan dayanıqlı şəkildə istifadə etmək üçün bütün mənbələrdən maliyyə vəsaitləri cəlb etmək və onları əhəmiyyətli dərəcədə artırmaq
Hədəf 15. B: Dayanıqlı meşə idarəetməsini maliyyələşdirmək üçün bütün mənbələrdən bütün səviyyələrdə əhəmiyyətli miqdarda resurslar cəlb etmək və inkişaf etməkdə olan ölkələri bu cür idarəetməni, o cümlədən meşələrin qorunması və meşəbərpa işini inkişaf etdirmək üçün adekvat dəstək mexanizmləri ilə təmin etmək
Hədəf 15. C: Digər vasitələrlə yanaşı, yerli icmaların dayanıqlı dolanışıq imkanları əldə etmək potensialını artırmaq yolu ilə, mühafizə olunan flora və fauna növlərinin brakonyerliyi və qanunsuz ticarəti ilə mübarizə səylərinə qlobal dəstəyi artırmaq
Məqsəd 16: Sülh, ədalət və səmərəli institutlar
"Ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək"
16-cı Dayanıqlı İnkişaf Məqsədi dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi və qurumların bütün səviyyələrdə səmərəliliyinin və hesabatlılığının təmin edilməsinə yönəlir.
Faktlar və rəqəmlər
• Korrupsiyanın ən çox yayıldığı təsisatlar məhkəmə və polis orqanlarıdır.
• Korrupsiya, rüşvətxorluq, oğurluq və vergidən yayınma hər il inkişaf etməkdə olan ölkələrə 1.26 trilyon ABŞ dolları məbləğində zərər vurur. Bu məbləğ günə 1.25 ABŞ dollarından az gəlirlə yaşayan insanların gəlirlərini ən azı altı il müddətinə 1.25 ABŞ dollarından yuxarı qaldırmaq üçün istifadə oluna bilərdi.
• 2011-ci ildə münaqişə zonalarında yerləşən ölkələrdə ibtidai təhsili dayandıran uşaqların xüsusi çəkisi 50 faizə çatmışdır ki, bu da 28.5 milyon uşaq deməkdir. Bu, qeyri-stabil cəmiyyətlərin 2015-ci ildən sonrakı dövr üzrə gündəliyin başlıca məqsədlərdən biri olan təhsilə necə təsir göstərdiyini əks etdirir.
• Qanunun aliliyi və inkişaf mühüm qarşılıqlı əlaqəyə malikdir və bir-birini qarşılıqlı surətdə gücləndirir. Bu isə milli və beynəlxalq səviyyədə dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.
Hədəflər
Hədəf 16.1: Hər yerdə zorakılığın bütün formalarını və onunla əlaqəli ölüm səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 16.2: Uşaqlarla pis rəftar, onların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın bütün formalarına və işgəncələrə son qoymaq
Hədəf 16.3: Milli və beynəlxalq səviyyələrdə qanunun aliliyini təşviq etmək və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanını təmin etmək
Hədəf 16.4: 2030-cu ilədək, qanunsuz maliyyə və silah axınlarını əhəmiyyətli dərəcədə azaltmaq, oğurlanmış aktivlərin aşkarlanması və qaytarılması işini gücləndirmək və mütəşəkkil cinayətkarlığın bütün formaları ilə mübarizə aparmaq
Hədəf 16.5: Bütün formalarda korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaltmaq
Hədəf 16.6: Bütün səviyyələrdə səmərəli, məsuliyyətli və şəffaf qurumlar yaratmaq
Hədəf 16.7: Bütün səviyyələrdə qərarların məsuliyyətli, inklüziv, birgə və reprezentativ qaydada verilməsini təmin etmək
Hədəf 16.8: Qlobal idarəetmə qurumlarında inkişaf etməkdə olan ölkələrin iştirakını genişləndirmək və gücləndirmək
Hədəf 16.9: 2030-cu ilədək, hamının şəxsiyyəti təsdiq edən hüquqi sənədə, o cümlədən doğum şəhadətnaməsinə malik olmasını təmin etmək
Hədəf 16.10: Milli qanunvericiliyə və beynəlxalq sazişlərə uyğun olaraq, informasiyaya açıq çıxış imkanını təmin etmək və əsas azadlıqları qorumaq
Hədəf 16. A: Bütün səviyyələrdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə zorakılığın qarşısını almaq, terrorçuluqla və cinayətkarlıqla mübarizə aparmaq potensialını yaratmaq üçün digər vasitələrlə yanaşı beynəlxalq əməkdaşlıq yolu ilə müvafiq milli qurumları gücləndirmək
Hədəf 16. B: Dayanıqlı inkişaf üçün ayrı-seçkiliyə yol verilməyən qanunları və siyasətləri təşviq etmək və həyata keçirmək
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq
"Dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq"
Dayanıqlı inkişaf gündəliyinin uğurlu icrası üçün hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətləri olmalıdır. Bu tərəfdaşlıq münasibətləri hamını əhatə etməli, qlobal, regional, milli və yerli səviyyələrdə olmalı, insanların və planetin maraqlarına cavab verən prinsip və dəyərlər, gələcəyə ortaq baxış və birgə məqsədlərə söykənməlidir. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün trilyonlarla dollar dəyərində özəl resursların transformativ gücünün səfərbər edilməsinə, yönləndirilməsinə və üzə çıxarılmasına yönələn təxirəsalınmaz tədbirlər görülməlidir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə vacib sektorlar üçün uzunmüddətli investisiyalar, o cümlədən birbaşa xarici investisiyalar tələb olunur. Bu sektorlara dayanıqlı enerji, infrastruktur və nəqliyyat, eləcə də informasiya və kommunikasiya texnologiyaları daxildir. Dövlət sektoru aydın istiqamət müəyyən etməlidir. İnvestisiya cəlb etmək və dayanıqlı inkişafı möhkəmləndirmək üçün investisiyaların qoyulmasına münbit şərait yaradan yoxlama və monitorinq çərçivələri, hüquqi normalar və güzəşt mexanizmləri müasirləşdirilməlidir. Ali audit təşkilatları və qanunvericilik orqanlarının nəzarət funksiyaları kimi milli nəzarət mexanizmləri gücləndirilməlidir.
Faktlar və rəqəmlər
• 2014-cü ildə inkişaf naminə rəsmi yardımın miqdarı 135.2 milyard dollar olub. Bu, indiyədək qeydə alınmış ən yüksək səviyyədir.
• İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların 79 faizi həmin ölkələrə rüsumsuz daxil olur.
• İnkişaf etməkdə olan ölkələrin borc yükü ixrac gəlirlərinin təxminən 3 faizi səviyyəsində olmaqla, sabit qalır.
• Son dörd ildə Afrikada internet istifadəçilərinin sayı iki dəfəyə yaxın artıb.
• Dünya gənclərinin 30%-i rəqəmsal dövrdə böyümüş gənclərdir və onlar ən azı beş ildir ki, internetdən aktiv istifadə edirlər.
• Lakin dörd milyarddan çox insan internetdən istifadə etmir və onlardan 90 faizi inkişaf etməkdə olan ölkələrdədir.
Hədəflər
Hədəf 17.1: Başqa vasitələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrin vergi və digər gəlirləri toplamaq üçün daxili potensialını artırmaqdan ötrü onlara beynəlxalq dəstəyin göstərilməsi yolu ilə, daxili mənbələrdən resursların səfərbər olunması işini gücləndirmək
Hədəf 17.2: İnkişaf etmiş ölkələrin rəsmi inkişaf yardımı ilə bağlı öhdəliklərinin, o cümlədən bir çox inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə Ümumi Milli Gəlirin 0,7%-i həddində, ən az inkişaf etmiş ölkələrə isə ÜMG-nin 0,15%-0.2%-i həddində rəsmi inkişaf yardımının ayrılması hədəfinə nail olmaq öhdəliyinin tam şəkildə yerinə yetirilməsi; Rəsmi inkişaf yardımı ayıran ölkələr ən az inkişaf etmiş ölkələrə ayrılan rəsmi inkişaf yardımının ÜMG-nin ən azı 0.20 faizi həddində təyin etməyi hədəf kimi qarşıya qoymaq məsələsini nəzərdən keçirməyə çağırılır.
Hədəf 17.3: Çoxsaylı mənbələrdən inkişaf etməkdə olan ölkələr üçün əlavə maliyyə resursları səfərbər etmək
Hədəf 17.4: Borc maliyyələşməsinə, zərurət olduqda borcların azaldılmasına və borcların restrukturizasiyasına yönələn əlaqələndirilmiş siyasətlər vasitəsilə uzunmüddətli borc dayanıqlığına nail olmaqda inkişaf etməkdə olan ölkələrə yardım etmək və borcla bağlı gərginliyi azaltmaq üçün yüksək həddə borcu olan yoxsul ölkələrin xarici borc probleminə diqqət yetirmək
Hədəf 17.5: Ən az inkişaf etmiş ölkələr üçün investisiyaların təşviqi modellərini qəbul etmək və həyata keçirmək
Hədəf 17.6: Digər vasitələrlə yanaşı, mövcud olan mexanizmlər arasında, xüsusən də BMT səviyyəsində əlaqələndirməni təkmilləşdirməklə və qlobal texnoloji yardım mexanizmləri vasitəsilə, Şimal-Cənub, Cənub-Cənub xətti üzrə əməkdaşlığı, eləcə də elm, texnologiya və innovasiyalar sahəsində üçtərəfli regional və beynəlxalq əməkdaşlığı genişləndirmək və qarşılıqlı şəkildə razılaşdırılmış şərtlərlə bilik mübadiləsini artırmaq
Hədəf 17.7: Ekoloji baxımdan təhlükəsiz texnologiyaların yaradılmasını, ötürülməsini, qarşılıqlı şəkildə razılaşdırılmış əlverişli şərtlərlə, o cümlədən güzəştli və imtiyazlı şərtlərlə inkişaf etməkdə olan ölkələrə yayılmasını və mənimsənilməsini təşviq etmək
Hədəf 17.8: 2017-ci ilədək ən az inkişaf etmiş ölkələrin texnologiyalar bankından və Elm, Texnologiya və İnnovasiyalar üzrə potensialın yaradılması mexanizmindən tam istifadə etməsini təmin etmək və imkanlar yaradan texnologiyalardan, xüsusilə informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək
Potensialın yaradılması
Hədəf 17.9: İnkişaf etməkdə olan ölkələrdə bütün Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına yönələn milli planlara dəstək göstərmək üçün effektiv və məqsədyönlü potensialın yaradılması işinin həyata keçirilməsinə Şimal-Cənub, Cənub-Cənub və üçtərəflli əməkdaşlıq vasitəsilə beynəlxalq dəstəyi genişləndirmək
Hədəf 17.10: Ümumdünya Ticarət Təşkilatı çərçivəsində, digər vasitələrlə yanaşı Doha İnkişaf Proqramı çərçivəsində sazişlər bağlamaqla ümumi, qaydalara əsaslanan, açıq, ayrı-seçkiliyə yol verilməyən və ədalətli çoxtərəfli ticarət sistemini təşviq etmək
Hədəf 17.11: 2020-ci ilədək inkişaf etməkdə olan ölkələrin ixracatını əhəmiyyətli dərəcədə yüksəltmək, xüsusən qlobal ixracatda ən az inkişaf etmiş ölkələrin payını iki dəfə artırmaq
Hədəf 17.12: Ümumdünya Ticarət Təşkilatının qərarlarına uyğun olaraq, bütün ən az inkişaf etmiş ölkələrin uzunmüddətli əsaslarla bazarlara rüsumsuz və kvotasız çıxışını vaxtında təmin etmək və bazarlara çıxışın asanlaşdırılmasına kömək etmək, bunun üçün başqa vasitələrlə yanaşı, ən az inkişaf etmiş ölkələrdən idxal olunan məhsullara tətbiq olunan mənşə ilə bağlı güzəştli qaydaların şəffaf və sadə olmasını təmin etmək
Sistem məsələləri
Siyasi və institusional uyğunluq
Hədəf 17.13: Başqa vasitələrlə yanaşı, siyasətlərin əlaqələndirilməsi və siyasətlərin uyğunluğunun təmin edilməsi vasitəsilə qlobal makroiqtisadi sabitliyi artırmaq
Hədəf 17.14: Siyasətləri dayanıqlı inkişaf üçün uyğunlaşdırmaq
Hədəf 17.15: Hər bir ölkənin siyasi məkanına və yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişaf sahəsində siyasətlərin hazırlanıb icra edilməsi işinə rəhbərlik etməsinə hörmətlə yanaşmaq
Çoxsaylı maraqlı tərəflərdən ibarət tərəfdaşlıq
Hədəf 17.16: Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa dəstək vermək üçün bilik, təcrübə, texnologiya və maliyyə resurslarını səfərbər edən və bölüşən çoxtərəfli tərəfdaşlıqlardan da istifadə etməklə, dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı artırmaq
Hədəf 17.17: Tərəfdaşlıq təcrübələrinə və resursların cəlb olunması strategiyalarına söykənərək, səmərəli dövlət, dövlət-özəl və vətəndaş cəmiyyəti tərəfdaşlıqlarını stimullaşdırmaq və təşviq etmək
Məlumatlar, monitorinq və hesabatlılıq
Hədəf 17.18: 2020-ci ilədək gəlir səviyyəsi, gender, yaş qrupu, irq, etnik mənsubiyyət, köçkün statusu, əlillik, coğrafi yerləşmə və milli kontekstdən asılı olaraq digər xüsusiyyətlər üzrə dezaqreqasiya olunmuş yüksək keyfiyyətli, vaxtlı-vaxtında verilən və etibarlı məlumatların mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrə, o cümlədən ən az inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə potensialın inkişaf etdirilməsi sahəsində dəstəyi artırmaq
Hədəf 17.19: 2030-cu ilədək mövcud təşəbbüslərə söykənərək, ümumi daxili məhsul göstəricisindən əlavə, dayanıqlı inkişafın icrasında əldə olunan irəliləyişin digər göstəricilərini işləyib hazırlamaq və inkişaf etməkdə olan ölkələrdə statistika sahəsində potensialın inkişaf etdirilməsinə dəstək göstərmək
İstinadlar
Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi Arxivləşdirilib 2018-10-26 at the Wayback Machine
BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri
Məqsəd 1: Yoxsulluğa son Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 2: Aclığa son Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 3: Yaxşı səhiyyə və rifah Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 4: Keyfiyyətli təhsil Arxivləşdirilib 2018-10-03 at the Wayback Machine
Məqsəd 5: Gender bərabərliyi Arxivləşdirilib 2018-10-02 at the Wayback Machine
Məqsəd 6: Təmiz su və sanitariya Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine
Məqsəd 7: Sərfəli və təmiz enerji Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine
Məqsəd 8: Layiqli əmək və iqtisadi artım Arxivləşdirilib 2018-10-04 at the Wayback Machine
Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 10: Bərabərsizliyin azaldılması Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 11: Dayanıqlı şəhərlər və icmalar Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 12: Məsuliyyətli istehlak və istehsal Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 13: İqlim dəyişikliyinə qarşı mübarizə Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 14: Dəniz ekosisteminin mühafizəsi Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 15: Torpaq ekosisteminin mühafizəsi Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 16: Sülh, ədalət və səmərəli institutlar Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine