Datolit

Datolit – CaB [SiO4] (OH) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Datolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaB(SiO₄)(OH)[1]
Strunz təsnifatı VIII/B.29
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri

Rəng – rəngsiz, çox vaxt yaşılımtıl çalarlı ağ, zeytunu - yaşıl, açıq- və bal kimi -sarı, bəzən qırmızımtıl, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ, açıq-boz; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,9-3,0; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: üzlərlə zəngin qısaprizmatik, lövhə- və pazvari, izometrik; Mineral aqreqatları: aydındənəvər və gizlikristallik bütöv kütlələr, salxım şəkilli radial-şüalı əmələgəlmələr–botriolitlər, kiçik kristal druzaları, fırçalar, qaysaqlar.

Mənşəyi və yayılması

Mineralın ən böyük yığınları skarn və skarnoidlərlə əlaqədar olub, vollastonitin hidrotermal əvəzlənməsi nəticəsində yaranan gec əmələgəlmələrdir. Çox vaxt badamdaş effuziv süxurların boşluqlarında müşahidə edilir. Bəzi intruziv süxurlarda (qabbro, diorit və b.), hidrotermal filiz yataqlarında, duz yataqlarının gips papaqlarında, çökmə və metamorfik (kalsifirlər, şistlər və s.) əmələgəlmələrdə damarcıq və püruzlar şəklində iştirak edir. Birlikdə rast gəldiyi minerallar: prenit, seolitlər, kalsit, danburit, vezuvian, aksinit, vollastonit, hedenbergit, anhidrit, xalsedon və b. Mineralın tapıldığı yerlər: Arendal (Norveç); Sankt-Andreasberq (Almaniya); Trentino vilayəti (İtaliya); Bağçasaray rayonu və Qaradağ dağı (Krım); Turyin mədənləri, Tetyuxe, Aldan rayonu (Rusiya); Orta Asiya; Akatame, Şişibu (Yaponiya); Kivenaç, Meriden, Xourvel (ABŞ) və b. Azərbaycanda Naxçıvan MR-nın Culfa rayonunda yerləşən bir sıra bor təzahürlərində (Berdıq-Qazançı, Əlincəçay və b.), həmçinin Tutqunçay hövzəsində və s. qeyd edilmişdir.

Tətbiqi

Mineralın iri yığınlarından bor və onun birləşmələrinin mənbəyi kimi istifadə edilir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.