Darmştadt Texniki Universiteti

Darmştadt Texniki Universiteti (alm. Technische Universität Darmstadt, TU Darmstadt) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.

Darmştadt Texniki Universiteti
49°52′30″ şm. e. 8°39′23″ ş. u.
Şüar "Biz öz nailiyyətlərimiz və məzunların köməyi ilə dünyanı dəyişdirdik"
Əsası qoyulub 1877
Tip dövlət universiteti
Tələbə sayı 25.840[1][2], 15.603[2], 16.042[2], 16.403[2], 17.412[2], 18.590[2], 20.588[2], 17.626[2], 16.926[2], 16.358[2], 15.490[2], 18.175[2], 20.252[2], 22.333[2], 24.180[2], 24.305[2], 25.114[2], 25.939[2], 26.503[2], 26.362[2], 25.889[2], 25.170[2], 25.355[2], 24.969[2]
Ölkə
Ünvan Almaniya, Darmştadt şəhəri
Sayt tu-darmstadt.de
tu-darmstadt.de/index.en…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şüarı

"Biz öz nailiyyətlərimiz və məzunların köməyi ilə dünyanı dəyişdirdik" - universitet özünü məhz belə xarakterizə edir.

Tarixi

Darmştadt Texniki Universitetinin əsası 1877-ci ildə qoyulub. Ali təhsil ocağı 1882-1883-cü illərdə elektrotexnika sahəsində təhsil təklif edən ilk universitet olub.

Ali məktəb Almaniyanın Hessen vilayətinin cənubundakı Darmştadt şəhərində yerləşir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.

Fakültələr və tədris istiqamətləri

Universitetdə 13 fakültə və tədris istiqamətləri adlandırılan üç fakültəarası struktur var.

Fakultələri bunlardır:

  • elektrotexnika və informasiya texnikası,
  • informatika,
  • hüquq və iqtisadiyyat,
  • sosiologiya və tarix,
  • humanitar elmlər,
  • riyaziyyat,
  • fizika,
  • kimya,
  • biologiya,
  • Yer elmləri və materialşünaslıq,
  • inşaat və geodeziya,
  • arxitektura,
  • maşınqayırma.

Tədris istiqamətləri: hesablama mühəndisliyi, informasiya sistemləri texnikası və mexanika.

Tədris prosesi

Dartşmadt Texniki Universiteti dünyanın yüksək təhsil və təcrübəyə zəmanət verən ali təhsil ocaqlarından biridir. Ali məktəbdə həyata keçirilən tədris prosesində təlimin ən yeni metodları istifadə olunur. Artıq birinci semestrdən müəllimlər və tələbələrdən ibarət olan qrup kompleks layihə tapşırıqlarını yerinə yetirir. Tələbələr yalnız sənəd işlərində iştirak etmir, həm də kollektivdə işləmə, təşkilatçılıq və işin lazımi qaydada təqdimatı kimi bacarıqları mənimsəyirlər.

Ali təhsilin yeni ümumavropa sisteminə əsasən təlim 3 pilləli keçirilir: birinci, altı semestr davam edən bakalavr dərəcəsinin alınması ilə bitir. Onu da qeyd edək ki, Almaniyada orta təhsil 12 il müddətini əhatə edir. Bu baxımdan da məsələn, Azərbaycanda orta məktəbi bitirib birbaşa Almaniya universitetlərinin bakalavr pilləsinə qəbul olmaq mümkün deyil. Bunun üçün Azərbaycanda ən azı iki il bakalavr təhsili almaq lazımdır.

Bundan sonra məzun bakalavr təhsili ilə mütəxəssis kimi işə başlaya və ya növbəti pillə - magistratura üzrə təhsilini davam etdirə bilər. Bu təhsil pillələrinin uğurla başa vuran tələbələr doktorantura pilləsi üzrə təhsil ala bilərlər.

Ümumilikdə Almaniya ali təhsilinin əsas prinsipi "akademik sərbəstlik" sistemidir. Bu sistem hər bir tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.

Ali təhsil müəssisəsində həmçinin distant təhsil sistemi tətbiq olunur. Bu da təhsilin yeni keyfiyyətdə təqdim olunmasını, yeni tədris metodları əsasında qurulmasına imkan yaradır.

Tələbə həyatı

Ali məktəbdə xarici tələbələri hər cür dəstək göstərilir. Onlar üçün müxtəlif proqramlar çərçivəsində universitet şəhərciyi ilə "tanışlıq günləri" təşkil edilir, mənzil axtarışına və imtahanlara hazırlığa kömək edilir. Texniki universitet 2008-ci ildə International Generations Meeting (IGM) layihəsinə görə Almaniya Xarici İşlər NazirliyiDAAD akademik mübadilələr Xidməti tərəfindən mükafata layiq görülüb.

Bundan başqa, bütün fakültələrdə tələbələr üçün konsultativ kömək təşkil edilib. Belə ki, bu məqsədlə rəhbər (bu işə yuxarı kurs tələbələri cəlb edilirlər) seçilir, ona istənilən məsələlərlə bağlı müraciət etmək olar. Universitet müvəffəqiyyətlə bitirən tələbələrin sayı təxminən 80% təşkil edir ki, bu da ölkə üzrə yüksək göstərici hesab edilir.

Darmştadt Texniki Universitetində tələbə təşəbbüslərinə diqqətlə yanaşılır. Artıq 20 ildir ki, ali məktəbin tələbələri "Konaktiva" adlı üçgünlük yarmarka təşkil edirlər. Yarmarkada region müəssisələri öz məhsullarını təqdim edir, tələbələr isə təcrübə keçmə məqsədilə potensial işə götürənlər və iş yerlərinin axtarışı ilə məşğul ola bilirlər. Yarmarkanı müşayiət edən məruzələr, nümayişlər və seminarlar bu tədbiri daha da maraqlı edir.

Elmi-tədqiqat fəaliyyəti

Darmştadt Texniki Universiteti təkcə ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi-tədqiqat mərkəzidir. Ölkə daxilində və xaricdə elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır.

2010-cu ildən universitetin rəhbərliyinin qərarına əsasən ali məktəbdə 5 istiqamət üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi müəyyən olunub:

  • internet, müasir və yüksəktexnologiyalı materiallar, nüvə fizikası və radiasiya, termodinamika, yanma nəzəriyyəsi və texnologiyaları, kompleks istehsalat texnikaları

Əcnəbi vətəndaşlar üçün

Bu ali məktəbə qəbul olmaq üçün alman dilini yüksək səviyyədə bilmək lazımdır.

Bəzi texniki ixtisaslar və magistraturaya qəbul üçün təkcə alman dilini bilmək kifayət etmir, həm də ingilis dili bilikləri tələb olunur. Belə ki, bununla əlaqədar aşağıda göstərilən sertifikatlardan birini təqdim etmək lazımdır:

  • TOEFL (550/213/79-un minimal nəticəsi);
  • IELTS-Academics (minalar. 6.5 bal);
  • Cambridge Certificate of Proficiency in English;
  • Cambridge Certificate in Advanced English;
  • telc English C1;
  • UNIcert English level III.

Qeyd edək ki, universitetdə dillər üzrə tədris mərkəzi fəaliyyət göstərir.

Xarici əlaqələri

Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.[3]

Universitetin Bolonya prosesində iştirakı beynəlxalq elmi əməkdaşlıq və tələbə mübadiləsi üçün geniş imkanlar təqdim edir. Bu sistem vasitəsilə müvafiq olaraq diplomların qarşılıqlı tanınması təmin edilir. Universitet dünyanın müxtəlif ölkələrində 108 universitet ilə əməkdaşlıq edir və bir çox Avropa təşkilatlarının üzvüdür. Hazırda ali məktəbdə təhsil alan tələbələrin 20 faizini əcnəbilər təşkil edir. Xarici universitetlərlə tələbə mübadiləsi proqramı uğurla həyata keçirilir, bununla bağlı çox sayda ikitərəfli müqavilələr bağlanıb.

Mənbə

  • Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti.  (az.)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.