Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır.[1]
Əfsanəsi
Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.[2] Əfsanə akupunktura və moksibasçının inkişafını Danqunun adına yazır.[3]
Pələng və ayı Hvanuna insan olmaları üçün yalvarırlar. Onların yalvarışlarını eşidən Hvanun 20 sarımsaq dilimini və bir yovşan buğumunu verir və onlara 100 gün ərzində yalnız bu müqəddəs qidanı yeməyi və Günəş işığından kənar durmağı əmr edir. Pələng iyirmi gündən sonra dözə bilmir və mağaranı tərk edir. Ayı dözür və qadına çevrilir. Ayı və pələngin səma şahzadəsinin köməyini əldə etmək istəyən iki qəbiləni təmsil etdiyi deyilir.[4]
Ayı-qadın (Unqnyeo; 웅녀/熊女) minnətdar olur və Hvanuna qurbanlar verir. Ancaq o, ərini itirir, qəmgin olur və müqəddəs tozağacının altında ona uşaq verilməsi üçün dua edir. Hvanun ayı-qadının yalvarışlarına görə onu arvadı eləyir və tezliklə onların Danqun Vanqqeom adlı oğulları olur.
Danqun taxta çıxır, Pxenyan yaxınlığında Asadal şəhərini tikdirir və hal-hazırda Kocoson adlandırılan Coson krallığını qurur. (sonra qurulan Coson krallığı ilə qarışdırılmamalıdır.) O, daha sonra paytaxtını Peqak dağı və ya Kunqol dağı yaxınlığındakı Asadala köçürür.
Dövrünün müəyyən edilməsi
Danqunun hakimiyyəti Donqquk Tonqqamdakı (1485) təsvirə əsaslanaraq, əfsanəvi Çin hökmdarı İmperator Yaonun 40-cı ili ilə müqayisədə, eramızdan əvvəl 2333-cü il olaraq hesablanır. Başqa mənbələr müəyyən qədər fərqlənir, ancaq onun hakimiyyətinin Yaonun hakimiyyət dövrünə uyğun gəldiyi qənaətindədirlər. Samquk Yusa Danqunun Yaonun hakimiyyətinin 50-ci ilində, Coson sülaləsinin salnamələri 1-ci ilində, Donqquk Tonqqam isə 25-ci ilində taxta çıxdığını deyir.
1961-ci ilə qədər Cənubi Koreyanın illəri nömrələmək üçün istifadə etdiyi dövr Danqi (Hanqul: 단기; hanca: 檀紀) idi. Danqi Danqunun hakimiyyətə gəldiyi eramızdan əvvəl 2333-cü illə başlayırdı. Deyonqizm tərəfdarları Koreya təqvimində 3 oktyabrı Kaçoncol (Hanqul: 개천절; hanca: 開天節 "Səmanın açılışı festivalı") hesab edirdilər.[6] Hal hazırda bu gün Cənubi Koreyada Qriqori təqviminə görə Milli Bünövrə günü kimi qeyd edilir. Şimali Koreya Danqunun Koçosonun əsasını qoymasını eramızdan əvvəl XXX əsrin əvvəlləri olaraq götürür.[7]
Danqun dövrünün 4340-cı ili 15 mart "Kral günü festivalı” (hanqul:어천절 hanca:御天節) adlanır. Bu gün Danqun səmalara geri qayıdıb.
Adının çəkildiyi yerlər
Danqun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır.[8] Bu ən yaxşı bilinən və tədqiq edilmiş versiyadır, ancaq oxşar versiyalar Koryö alimi Yi Seunqyunun (이승휴/李承休, 1224-1300) yazdığı "Cevanq Unqi"də, həmçinin Coson krallığının "Eunqce Sicu"sunda və "Seconq Sillok"unda rast gəlinir. Müasir dövrdə Danquna çondoizm və deyonqizm tərəfdarları tərəfindən sitayiş edilir.[9]
Taekvondoda
Danqun Koreya döyüş növü taekvondonun Beynəlxalq Taekvondo Federasiyası növündə ikinci model və ya hyonqdur. Bu hyonq "e.ə. 2333-cü ildə Koreyanın müqəddəs əfsanəvi banisi"ni təmsil edir.[10] Bu hyonqda bütün zərbələr yuxarı hissəyə (göz yüksəkliyi) aiddir və Danqun dağa dırmaşan kimi göstərilir.
Danqun mavzoleyi
Şimali Koreyadakı nəşrə görə Danqun mavzoleyi əfsanəvi Danqunun dəfn yeridir. Bu yer Kanqdonqdakı Tabek dağının yamacında təqribən 1.8 km² (.70 mi²) ərazidədir. (Cənubi Koreyadakı Tabek dağı ilə qarışdırılmamalıdır.)[11] Danqunun məzarı piramid şəkillidir, hündürlüyü təqribən 22 m (72 ft) və hər tərəfdən 50 m (164 ft) uzunluğundadır. Şimali Koreyadan kənardakı müxtəlif müşahidəçilər və tarixçilər üçün (cənubi koreyalılar daxil olmaqla) bu yerin həqiqətən Danquna aid olması mübahisəlidir.
Populyar mədəniyyətdə
Danqun Empire Earth II kompüter oyununda ilk kampaniyadakı xarakterlərdən biridir. Koreya kampaniyası erkən Koreya tarixi ilə bağlıdır, eramızdan əvvəl 2333-cü ildən eramızın 676-cı ilə qədər müddəti əhatə edir və 8 ssenariyə bölünür. İlk iki ssenari Kocoson dövlətinin qurulması və onun başqa Koreya dövlətləri və Çinlə əlaqələri haqqındadır. Sonrakı ssenarilər Koreyanın Çinlə və başqa Koreya dövlətlərilə ilk müharibələri haqqındadır.
Həmçinin bax
İstinadlar
- 한국 브리태니커 온라인 ‘단군’ Arxivləşdirilib 2015-02-04 at the Wayback Machine Encyclopedia Britannica online Korea ‘단군 Dangun’
- "The Story of Dan-gun". 2011-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
- Needham, J; Lu GD. Celestial lancets: a history and rationale of acupuncture and moxa. Routledge. 2002. 262. ISBN 0-7007-1458-8.
- "Arxivlənmiş surət". 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
- Lim, SK. Asia Civilizations: Ancient to 1800 AD. Asiapac Books Pte Ltd. 2011. səh. 76. ISBN 9812295941. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-03.
- "KCNA". 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-03.
- Hong, Sung-wook. Naming God in Korea: The Case of Protestant Christianity. OCMS. 2008. . ISBN 1870345665.
- Mason, David A. Spirit of the Mountains: Korea's San-Shin and Traditions of Mountain-worship. Hallim Publishing. 1999. . ISBN 1565911075.
- Kemerly, Tony; Steve Snyder. Taekwondo Grappling Techniques: Hone Your Competitive Edge for Mixed Martial Arts. Tuttle Publishing. 2013. . ISBN 1462909914.
- G. John, Ikenberry; Chung-in Moon. The United States and Northeast Asia: debates, issues, and new order Asia in world politics. Rowman & Littlefield. 2008. 204 . ISBN 0742556395.