Damdabacalar
Damdabacalar — Azərbaycan mifologiyasında şər ruhların bir növü.
Damdabacalar | |
---|---|
| |
Yaşadığı yer | məscidlərin, köhnə evlərin, dəyirmanların xarabalıqları, evlərin həyəti |
Musiqi aləti | Zurna |
Sehrli gücləri |
|
Zəif cəhətləri |
|
Məlumat | |
Növü |
|
Əlaqələri |
|
Fəaliyyəti
Damdabacalar bütün evlərin həyətlərində yaşaya bilər. Ancaq onlar sürü şəklində məscidlərin, köhnə evlərin, dəyirmanların xarabalıqlarında yaşayırlar. Axşamdan sonra həyətə isti su tökülməməlidir. Çünki isti su damdabacaların uşaqlarını yandırır və bu mifik varlıqlar yanmış uşaqlarının intiqamını almağa başlayır.[1]
Damdabacalar insanların yeni doğulmuş sağlam uşağını özlərinin zəif doğulmuş körpələrinin hər hansı biri ilə dəyişdirmək, və ya həm ananı, həm uşağı boğmaq üçün Hal anası ilə oxşar bir şəkildə doğuşun olduğu otaqda hazır şəkildə gözləyirlər. İnsanlar qadını qorumaq üçün zahıya papaq geydirir ki, damdabaca yataqda yatanın qadın yox, xəstə kişi olduğuna inansın. Bəzən isə doğum edən qadının başının üstünə xəncər və ya qılınc asılır. Həmçinin Məryəm olaraq səsləyərək damdabacanı qadının adının Məryəm olduğuna inandırmağa çalışırlar. Belə düşünülür ki, damdabacalar Məryəm adına görə qadına yaxınlaşmır.[2]
Uşaqlar dəcəllik eləməsin deyə, valideynlər uşaqlarının yanında həmişə damdabacalardan danışırlar: "Onlar uşaqlara "görünürlər", lakin heç vaxt uşaqlara ziyan vurmurlar"[2] Uşaqları qorxutmaq üçün deyərlər ki, "danışsaz, damdabaca gəlib sizi aparar".[3]
Şamaxı bölgəsinə aid bir hekayəyə görə, gecə dəyirmanda qalan bir kəndli bura adamların gəldiyini görmüşdür. Bu adamlar zurna çalıb rəqs edir, əylənir və cürbəcür meyvələr yeyirdilər. Onlar kəndliyə öz meyvələrindən vermiş və kəndlinin pişiyi insan cildində dəyirmana gəlmişdir. Səhərisi bu adamlar yoxa çıxmış və evə qayıdan kəndli pişiyini həmin adamlarla əyləndiyinə görə məzəmmət etdikdən sonra heyvan yoxa çıxmışdır. Digər bir versiyada isə pişik məclis zamanı dövrün məşhur aşığına çevrilir və oxumağa başlayır. Bu hekayə də yolçunun səhər evə gələrək pişiyi qovması ilə nəticələnir.[1]
Klassifikasiyası
Haşım bəy Vəzirovıun "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nda qeyd etdiyinə görə, azərbaycanlıların əfsanələrində damdabacalar suadamları, qulyabanılar və digərləri ilə bir yerdə cinlərdən hesab edilir. Burada cinlər insana əqli və fiziki olaraq ziyan verən şər ruhlar olaraq təsvir edilir.[4]
İstinadlar
- SMOMPK: Azərbaycan folkloru materialları, 2-ci cild, 2019. səh. 98-100
- SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh. 210
- Naxçıvan folkloru antologiyası. I cild. Naxçıvan, 2009.
- SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh. 203