Damğa

Damğalar və ya Tamğalar — türk və monqol tarixi baxımından son dərəcə önəmli bəlgələrdir.

Türk damğaları

Tarixi

Damgalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib.Ayrıca bu damgaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim bəlgə olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları damgalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb.

Damğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir.[1]

Elmə məlum olan ən qədim damğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir. Neolit dövrünün mədəniyyətlərində onlar yeni formalar, fərqli işlənmə texnikası və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai dini inanclarla bağlılıqlarını daha da möhkəmləndirmişlər.[2]

Türk xalqlarında damğa işarələrinin təyinatı və funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür. Bunlara aşağıdakı misalları göstərə bilərik.

  • döyüş bayraqlarında və hökmdar sancaqlarının başlıqlarında;
  • zireh, dəbilqə və qalxanlarda, kəsici silahların tiyəsi üzərində;
  • yasaq ərazilərin və şəxsi sahələrin sərhədlərində;
  • xalça və xalça məmulatlarında, keçələrdə, ipək parçalarda;
  • bəzək əşyalarında;
  • bədənin əl, qol, bilək, alın hissələrinə vurulan döymə naxışlarda (tatu);
  • dulusçuluq və zərgərlik məmulatlarında;
  • baş geyimlərində (papaq və yağmurluqların/araqçınların) üst hissəsində,
  • gəlinlik geyimlərinin, uşaq paltarlarının, yapıncıların üzərində;
  • ev, alaçıq və çadırların divarlarında, qapı çatılarında;
  • məzar daşlarında;
  • dini inanc yerlərində;
  • nəzərlik xarakterli əşyalarda;
  • iri və xırda buynuzlu ev heyvanlarının, atların və dəvələrin bud, alın, qulaq
  • və quyruq hissələrində;
  • qoşqu vasitələrində (araba, qazalaq və s.);
  • anbar və tövlələrin giriş hissəsində və s.[2]

Qədim türk kitabələrində xalqların, hökmdarların damğasından bəhs edilir. Uyğur xaqanı Moyon Çur xaqana aid kitabədə deyilir: "Ağ çadırımı taxtım ilə birlikdə çay kənarında qurub, Tanrıya dua edib, qurban kəsdim. Damğalarımı və yazımı daşa həkk etmələri üçün əmr verdim. Dovşan ilində (751) tatarları müqavilə bağlamağa dəvət etdim. Min, on min il qalacaq damğalarımı daş üzərində yazmaları üçün əmr verdim." [3]

Bu damgaların bir özəlliyi də Amerika hindlilərinin Berinq boğazından keçərək Amerikaya köç edən ilk türklər və ya asyalılar olduqlarını müdafiə edən elm adamların qənaətinə görə ən önəmli sübut olaraq ortaya çıxarılır. Gerçəkdən də qızıldərililərin adət-ənənələri və işlətdikləri damgalar əski türk mədəniyyəti ilə önəmli ölçüdə çarpazlaşır, üst-üstə düşür. Simvollar xalqların mədəniyyətində çox önəmli olan nişanlardır. Xüsusilə türklər üçün simvollar, həm bir müstəqillik, həm də bir bəzək və sənət əşyası olmasının fövqündə duran mifoloji özəlliklərə sahibdir.

Müxtəlif damğalar

Oğuz damğaları

Türklərin yaradılış dəstanlarından olan "Oğuz xaqan dastanı"nda da türklərin 24 boydan meydana gəldiyi anladılır. Ayrıca 24 Oğuz boyunun damgaları ya olduğu kimi ya da qismən dəyişərək başqa türk xalqları tərəfindən işlədilib.

İstinadlar

  1. T. Gülensoy. Orhon'dan Anadolu'ya Türk Damgaları, İstanbul. 1989
  2. Araz Qurbanov. Damğalar, rəmzlər...mənimsəmələr
  3. Əkbər Nəcəf. İnanc Yaddaşı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.