Dadaloğlu
Dadaloğlu (1785, Tomarza, Kayseri ili – 1868) — türk aşığı.[1]
Dadaloğlu | |
---|---|
Doğum tarixi | 1785 |
Doğum yeri | |
Vəfat tarixi | 1868 |
Fəaliyyəti | şair |
Dadaloğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XIX əsr aşıqlarından biri də Aşıq Dadaloğludur. Aşıq Dadaloğlu haqqında da demək olar ki, ətraflı bilgi azdır. Doğum və ölüm tarixləri dəqiq bilinmədiyi kimi, harada anadan olduğu və öldüyai də bilinmir. Bizə bəlli olan odur ki, bu aşıq Toros dağlan ətrafındakı bölgələrdə köçəri halda yaşayan əfşarlardandır. Atası da şer yazmışdır. Adı da Aşıq Musa Dadaloğludur (Atası bəzi şerlərini Qul Mustafa imzası ilə də yazmışdır). Dadaloğlunun əsl adı Vəlidir. O da atası kimi "Dada-loğlu" təxəllüsü ilə yazmışdır. Ən çox göründüyü yer Kozan, Ərzin, Payas tərəfləri olubdur. Orta Anadolunu gəzib-dolaşmışdır. Belə rəvayət edirlər ki, Dadaloğlu az-çox savad əhli olduğundan əfşar bəylərinə katiblik etmiş və yeri gəldikcə mollalıqla da məşğul olmuşdur. Tarixi sənədlərdə qeyd olunur ki, Anadolunun güney bölgələrində yaşayan əfşarlar köçərilik həyatı sürür, dövlətə vergi ödəməkdən, uşaqlarını orduya göndərməkdən boyun qaçırdıqlarından həmişə hökumət nümayəndələri ilə aralarında anlaşmazlıqlar çıxmışdır. Erməniləri, kürdləri, lazlar və başqa etnik xalqları həmişə olduğu kimi, türklərin üzərinə qaldıran ingilislər, hətta, əfşarların da hökumətdən narazılıqlarından istifadə edərək, onları da qızışdıraraq bölgədə müstəqil bir dövlət qurmağa təhrik etmişlər. Buna görə də əfşar bəyləri və onların tərəfdarları dağlara çəkilərək mübarizəyə qoşulsalar da, ancaq hökumət onları ram eləyə bilmiş, bəylərdən bəzilərini İstanbulda yaşamağa məcbur etmiş, bəzilərinin də yaşayış yerini dəyişmişlər. Aşıq Dadaloğlu məhz onların hökumətə qarşı baş qal-dırmalarını şeirlərində göstərmişdir.
Dadaloğlu nəinki, Kərkük, Bayır-Bucaq, Anadolunun, ümumiyyətlə, türk dünyasının ən böyük ozan şairlərindən biridir.[2]
Əfşar bəylərindən Küçük Alioğlu Dədə bəy, onun oğlu Mistik Paşa ilə Kozanoğlu Əhməd bəyin adlarına onun şerlərində rast gəlmək olar. Aşıq oturaq həyata keçmək istəməyən əfşarları müdafiə edirdi: "Fərman padşahın, dağlar bizimdir" deyən Dadaloğlu özünü də dönməz, qorxmaz, mərd bir qəhrəman kimi təqdim edir. Sultan hökumətinin fərmanına belə əməl etmək haqqında düşünmür. Bunları əfşarların adından söyləsə də, özünü onlardan ayırmır və onların sırasında olduğunu açıq büruzə verir. Hökumət Dərviş Paşanın başçılığı altında "Firqəi-islahiyə" (Qaydaya salan, düzəldən, yaxşılaşdıran bölük, dəstə, tümən, qoşun hissəsi) adlı bir ordu hissəsini oturaq həyata keçmək istəməyən və qiyam qaldıran əfşarların üstünə göndərmişdi. Şairin hökumətin bu hərəkətinə etiraz etdiyini bir sıra şerlərində açıq şəkildə görürük. Ordunun camaatla rəftarı, zorakılıq halları onun əsərlərinin başlıca mövzusu kimi diqqəti çəkməyə bilmir
Yaradıcılığı
Aşıq Dadaloğlunun yaradıcılığında bu tayfaların arasındakı didişmə və çəkişmələr, feodallarla camaatın münasibətləri, onların yaşam tərzi, sosial-ictimai əhvalatlar, mübarizələr də xüsusi yer tutur. Bəzi rəvayətlərə görə Aşıq Dadaloğlu ömrünün axırlarında ağ saqqallı bir qoca ikən Çuxurovaya qayıtmış, Adana şəhərində bazarda saz çalaraq şerlər söyləmiş, daha sonra da uşaqlıq və gənclik xatirələrini təzələmək üçün dağlara çıxmış, oralarda da ölmüşdür. Dadaloğlunun şerlərində dağlar bir qorunma, sığınma, bir azadlıq, qurtuluş məskəni kimi təqdim olunur. Təxminən yüzə qədər şeiri gəlib bizə çatmışdır. Sevgi şerləri ilə Qaracaoğlanı, qəhrəmanlıq şerlərilə isə Koroğlunu xatırladan Dadaloğlunun əsərləri sırf aşıq tərzində, lirik biçimdə, heca ölçüsü ilə yazılmışdır. Şerlərinin dili son dərəcə aydın, rəvan, təmiz türkcədir. Aşıq xalq dilinin incəliklərindən məharətlə yararlanmışdır.
Mövzusuna görə onun şerlərində Toros dağları ətrafında yaşayan köçəri tayfaların həyat tərzi, yaşam şərtləri, həyat və yaşamaq uğrundakı mübarizələri, ələm və kədərləri öz əksini tapsa da, sevgi, təbiət təsvirlərinin də özəl yeri vardır. Qoçaqlamaları onu üsyankar şair kimi tanıtsa da, onun səmai, qoşma, varsağı, türküləri onu lirik bir şair, incə ruhlu bir xalq aşığı zirvəsinə qaldırır.
İstinadlar
- "Dadaloğlu (1785 ? – 1868 ?)". 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
- "Əfqanıstanda 100 illərdir "Azərbaycan sərhədini" qoruyan tayfa". 2016-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
Mənbə
- 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.26.