Dabanıyasdı Mehmed Paşa
Dabanıyasdı Mehmed Paşa (ö. 1639) — IV Murad dövründə ümumilikdə 4 il 8 ay 14 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
Dabanıyasdı Mehmed Paşa | |
---|---|
محمد باشا من القاعدة | |
18 may 1632 – 2 fevral 1637 | |
Əvvəlki | Topal Rəcəb Paşa |
Sonrakı | Bayram Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1589 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Albaniyanın Plyevlya kəndində dünyaya gəlmişdir. Darüssəadə ağası Hacı Mustafa ağanın xidmətinə alınmış, onun yanında saray tərbiyəsi almışdır. Onun xidmətindən miraxurluğa gətirilmiş, çox keçmədən vəzir rütbəsiylə Misir bəylərbəyi seçilmişdir.
18 may 1632 tarixində IV Muradın əmriylə edam olunan Topal Rəcəb Paşanın yerinə sədarətə gətirildi. Xəbəri aldıqdan sonra dərhal İstanbula gələn Mehmed Paşa ilk iş olaraq 10 iyun günü Sənan Paşa köşkündə ayaq divanı tərtiblədi. IV Muradın da iştirak etdiyi bu ayaq divanında divan vəzirləri, üləma, yeniçəri və sipahi ağaları Quran-i Kərimə and içərək padşaha bağlı olduqlarını və aralarındakı üsyançıları təslim edəcəklərinə söz verdilər. Nəticədə qısa zaman ərzində Saka Mehmed, Cin Əli və digər üsyan rəhbərləri təslim edildilər və şəhər mərkəzində edam olundular. Üsyanda iştirak edən ancaq ələ keçirilməyən sipahilərin adları ocaq dəftərlərindən silindi. Əyalətlərə fərman göndərilərək üsyankar sipahi və yeniçərilərin dərhal edamı əmr edildi.
Beləliklə, sədrəzəm Dabanıyasdı Mehmed Paşa qapıqulu üsyanını yatırmış, həm yeniçəri, həm də sipahi ocağında nizam-intizamı qurmuş, bütün ölkədə, xüsusilə də İstanbulda sakitlik təmin olunmuşdur.
Paytaxtdakı sakitliyi bərpa etdikdən sonra sədrəzəm Mehmed Paşa 22 oktyabr 1633 tarixində şərq səfərinə çıxmaq üçün Üsküdara irəlilədi. Sədarət naibi olaraq paytaxtda Bayram Paşa saxlanıldı. IV Murad isə bu səfərə 28 mart 1635 tarixində qatıldı. Bu səfərdə İrəvan qalası mühasirəyə alındı və yaxınlığındakı Maku, Xoy və Təbriz ələ keçirilərək buradakı qalalar dağıdıldı. Bu səfərdəki üstün xidmətləri səbəbilə sədrəzəmə əlavə olaraq Rumeli bəylərbəyliyi də verildi. Səfərin sonunda IV Murad paytaxta qayıtsa da, sədrəzəm Mehmed Paşa Diyarbəkirdə qaldı.
Səfərin ardından Səfəvi şahı I Səfi İrəvana hücum edib, Osmanlıların ələ keçirdiyi bütün əraziləri geri almağa başlamışdı. Diyarbəkirdə qalan sədrəzəm Mehmed Paşa isə qışın sərt keçməsi səbəbilə bu hücumların qarşısını ala bilmədi və nəticədə İrəvan qalası yenidən Səfəvilərin əlinə keçdi. Bu səbəblə Dabanıyasdı Mehmed Paşa Diyarbəkirdə ikən 2 fevral 1637 sədarətdən alındı və yerinə sədarət naibi olan Bayram Paşa gətirildi. 1637-ci ilin mayında İstanbula geri dönən Mehmed Paşa əvvəlcə Çinili köşkdə həbs olundu və edam olunacağı gözlənilirdi. Ancaq aparılan tədqiqatlar göstərdi ki, hava və iqlimin də bu məğlubiyyətdə önəmli rol oynadığı məlum oldu və 11 iyun 1637 tarixində Mehmed Paşa bağışlandı.
Bağışlandıqdan sonra Silistrə əyalətinin Özü sancaqbəyliyinə təyin olundu. Bu vəzifədə ikən Valaxiya və Boğdan hakimləri ilə münasibətləri korlandı və 1638-ci ilin yanvarında Budin bəylərbəyliyinə keçirildi.
IV Murad 1939-cu ilin yazında Bağdad səfərindən dönmüş və Mehmed Paşa dərhal paytaxta çağırılaraq sədarət naibliyinə gətirildi. Bu vəzifədə ikən əvvəllər düşmən olduğu Valaxiya və Boğdan hakimlərini vəzifədən aldı. Ancaq bu hakimlər yenicə kaptan-ı dərya olan və sədrəzəmlikdə gözü olan Silahdar Mustafa Paşaya qiymətli hədiyyələr göndərərək bu məsələni IV Murada çatdırdı. Bunun ardından Mehmed Paşa sədarət naibliyindən azad edildi və yerinə Dəli Hüseyn Paşa gətirildi. IV Murad isə müsahibi olan Silahdar Mustafa Paşanın da təşviqi ilə Mehmed Paşanı Yeddiqüllə zindanlarına həbs etdirdi və Mehmed Paşa dərhal edam olundu.
Mənbə
- Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.384-385
- Sakaoglu, Necedet (1999) Bu Mulkun Sultanlari, Istanbul:Oglak Yayinlari ISBN 975-329-2996 say. 241-244
- Danişmend, İsmail Hami, (2011), İzahlı Osmanlı Tarihi Kronolojisi 6 Cilt, İstanbul:Doğu Kütüphanesi, ISBN 9789944397681