Daşkənd İnformasiya Texnologiyaları Universiteti
Daşkənd İnformasiya Texnologiyaları Universiteti (özb. Toshkent axborot texnologiyalari universiteti) — Özbəkistanın Daşkənd şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Universitet telekommunikasiya və informasiya sistemləri sahəsində Mərkəzi Asiyada ən böyük ali təhsil müəssisəsidir.
Daşkənd İnformasiya Texnologiyaları Universiteti ТЭИС, ТУИТ | |
---|---|
41°20′27″ şm. e. 69°17′12″ ş. u. | |
Əsası qoyulub | 1955 |
Tip | dövlət universiteti |
Ölkə | |
Ünvan | Özbəkistan, Daşkənd şəhəri |
Sayt | tuit.uz |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və fəaliyyəti
2005-ci ildə "İnformasiya texnologiyaları sahəsində kadrların hazırlanmasının sisteminin təkmilləşdirilməsi Haqqında" Özbəkistan Respublikası Prezidentinin sərəncamına əsasən universitet informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mütəxəssislərin hazırlığı üzrə əsas ali məktəb elan edilib.
Universitetdə orta (2 lisey), bakalavriatura (25 istiqamət), magistratura (24 ixtisas), aspirantura və doktorantura təhsil pillələri üzrə tədris həyata keçirilir.
Professor-müəllim heyəti təqribən 400 insandan ibarət olan ali təhsil ocağında 4 akademik, 21 professor, 24 elmlər doktoru, 87 elmlər namizədi və dosent çalışır, 8500-dən çox tələbə universitetdə və filiallarda təhsil alırlar. Hazırda ali təhsil ocağında 28 kafedra və 37 tədris laboratoriyası, 10 tədqiqat laboratoriya və şəxsi şəbəkəyə malik, 18 mindən artıq müasir kompüterlərlə təchiz edilmiş kompüter mərkəzi, 20-dən çox multimedia sinifləri və 400 mindən kitabın daxil olduğu informasiya-resurs mərkəzi (kitabxana) fəaliyyət göstərir.
Son 10 il ərzində universitetdə köklü dəyişikliklər baş verib. Universitetin binası, auditoriyalar və kabinetlər, yataqxana əsaslı surətdə təmir edilib, yeni müasir tədris korpusu, 700 yerlik yeməkxana, eləcə də 400 nəfərlik idman kompleksi inşa edilib.
Universitetin 5 şəhərdə filialı fəaliyyət göstərir.
2005-ci ildən sonra universitetin Karşi, Nukus, Səmərqənd, Urgənç və Fərqanə şəhərlərində regional filialları inşa edilib. Filiallarda təhsil informatika və informasiya texnologiyaları, peşə təhsili (informatika və İT), telekommunikasiya, texnika və texnologiya xidmətlərinin göstərilməsi (elektron və kompüter texnikası üzrə) ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir. Magistratura pilləsi üzrə ixtisaslara isə kompüter sistemləri və onların proqram təminatı və peşə təhsili (informasiya-multimedia texnologiyaları üzrə) istiqamətləri daxildir.
Ali məktəbdə 7 fakültə mütəxəssis hazırlığı ilə məşğul olur.
Daşkənd İnformasiya Texnologiyaları Universitetinin informasiya texnologiyaları fakültəsi 2003-cü ildə təşkil edilib və Özbəkistanda informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə kadrların yenidən hazırlanması üzrə aparıcı mərkəzlərdən biridir. Fakültədə informatika, informasiya texnologiyaları, kompüter sistemləri, informasiya texnologiyalarının proqram təminatı, elektron ticarət, informasiya təhlükəsizliyi, multimedia texnologiyaları kafedraları fəaliyyət göstərir.
Ali məktəbin istifadəyə verilən ilk fakültəsi telefon-teleqraf rabitəsi fakültəsi olub, nəticədə bir sıra ad dəyişikliklərindən sonra fakültə telekommunikasiya texnologiyaları adlandırılıb. Fakültə optik lifli, peyk, radiorele və kabel rabitə xətləri, rəqəmli və analoq telekommunikasiya sistemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə mütəxəssislər hazırlayır. Burada ali riyaziyyat, elektrik zəncirləri nəzəriyyəsi, telekommunikasiya ötürmə sistemləri, telekommunikasiya şəbəkələri və kommutasiya sistemləri, şəbəkələr və məlumatların ötürülməsi sistemləri kafedraları yaradılıb.
Radio rabitə və radioyayımı fakültəsi 1957-ci ildə təşkil edilib. Hazırda fakültədə elektronika, radiotexnika və radiorabitə, radio rabitə sistemləri və qurğuları, televiziya və radioyayım, rabitə qurğularının enerji təchizatı ixtisasları üzrə tədris həyata keçirilir.
Əsası 1996-cı ildə qoyulan iqtisadiyyat və idarəetmə fakültəsinin məzunları əsasən iqtisadi planlaşdırma bölmələrində, rabitə sahəsi üzrə istehsal-texniki xidmətlərdə, səhmdar və özəl müəssisələrdə, layihə təşkilatları və sosial sferada çalışırlar. Fakültədə iqtisadiyyat, idarəetmə və marketinq, poçt xidmətinin avtomatlaşdırılması, iqtisadi nəzəriyyə, fəlsəfə kafedraları yaradılıb.
Universitetin televiziya texnologiyaları fakültəsi 2009-cu ildə istifadəyə verilib. Fakültədə teleoperator, mühəndis-videomontajçı və kompüter qrafikası, səsyazma üzrə mütəxəssislər hazırlanır.
2011-ci ildə yaradılan peşəkar təhsil fakültəsində informatika və informasiya texnologiyaları sahəsində peşəkar pedaqoqların hazırlanması və yenidən hazırlanması həyata keçirilir. Fakultə sözügedən sahə üzrə ali təhsil müəssisələri, peşəkar kolleclər və akademik liseylər, həmçinin məktəblər üçün müəllimlər hazırlayır.
Xüsusi fakültə rabitəçi zabitlərin hazırlığı üçün 1993-cü ildə təşkil edilib.Fakültə tərkibində 8 xüsusi kafedra var. Kafedralar müasir telekommunikasiya və radiotexnika vasitələri ilə təchiz edilib, multimedia vasitələri əsasında kompüter sinifləri yaradılıb.
Universitet akademik distant təhsil formalarını tələbələrin ixtiyarına verib.
Daşkənd İnformasiya Texnologiyaları Universitetində distant təhsilin təşkili prioritet məsələlər sırasında yer alır. Ali məktəbin MOODLE platformasında hazırlanan virtual maarifləndirici portalı 493 bölmədən ibarətdir. Hər bölmə tədris-normativ sənədlər, mühazirə materialları, praktik məşğələlər üçün metodik göstərişlər, terminlər, ədəbiyyat siyahısı, test sualları, qiymətləndirmə meyarları və s. predmetlər üzrə məlumatları özündə əks etdirir.
Ali məktəbdə tətbiq edilən “Virtual University” (http://e.tuit.uz/) distant təhsil sistemi tələbələrə distant formada kurslarda iştirak etmək imkanı verir: bu sistemdə qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet alır, onun vasitəsilə materialları əldə edir, attestasiyadan keçir və müəllimlərlə ünsiyyət saxlayır. Eyni zamanda semestr ərzində tələbə mühazirə materiallarını alır, onları mənimsəyir, laboratoriya işini əldə edir və nəticələri müəllim tərəfindən yoxlanılması üçün sistemə yükləyir.
"Estudy" (http://estudy.uz/) distant təhsil sistemi isə akademik liseylərin və orta məktəblərin şagirdləri, həmçinin peşəkar kolleclərin və ali təhsil müəssisələrinin tələbələri üçün fizika və riyaziyyat fənləri üzrə interaktiv distant kursların təşkili üçün nəzərdə tutulub.
Beynəlxalq əlaqələri
Ali təhsil müəssisəsi geniş beynəlxalq əlaqələrə malikdir.
Daşkənd İnformasiya Texnologiyaları Universiteti 26 ölkənin (Azərbaycan, Türkiyə, Cənubi Koreya, Rusiya, Malayziya, Belçika, Niderland, İspaniya, İsveç, Fransa, İtaliya, Almaniya, ABŞ, Böyük Britaniya, Avstriya, Hindistan, Çin, Misir, Yaponiya, Ukrayna, Belarus, Qazaxıstan, Latviya, Litva, Ermənistan, Gürcüstan) 57 universiteti, 10 elmi-tədqiqat mərkəzi, 15 təşkilat və şirkəti ilə əməkdaşlıq edir. Xarici partnyorlar ilə birgə universitetdə 5 mərkəz təşkil edilib:
- Özbək-Hind mərkəzi (2006);
- Özbək-Koreya İT mərkəzi (2007);
- Özbək-Koreya internet plaza mərkəzi (2007);
- "Cisco" internet tədris mərkəzi (2002);
- "TATU-ASA" tədris-məsləhət mərkəzi (2012).
Həmçinin bax
Mənbə
- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. (az.)