Dağkəsəmən xalçaları

Dağkəsəmən xalçalarıQazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Xalça
Dağkəsəmən xalçaları
Dağkəsəmən xalçası, XVIII əsr, Türk və İslam əsərləri muzeyi, İstanbul
Dağkəsəmən xalçası, XVIII əsr, Türk və İslam əsərləri muzeyi, İstanbul
Xalça haqqında məlumatlar
Məktəbi Qazax xalçaçılıq məktəbi
Ölkə Azərbaycan Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Qazax xalçaçılıq məktəbi[1]

Ümumi məlumat

Bu xalçaların adı Qazaxdan 2 km məsafədə yerləşən Dağkəsəmən kəndi ilə bağlıdır. Onlar təkcə Dağkəsəməndə yox, Qarapapaq, Tatlı, Ağstafa, Qıraq Kəsəmən, Ağköynək kəndlərində, Qazax xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində, o cümlədən Ermənistanda Sevan gölünün şimalında və şərqində 1989-cu ilə qədər etnik azərbaycanlıların məskunlaşdığı ərazilərdəki xalçaçılıq məntəqələrində də istehsal olunurdu və hal — hazırda istehsal olunur. XX əsrin ikinci rübündən başlayaraq bu xalça əvvəllər Karavansaray adlanan İncivanda (Ermənistan) istehsal olunur. Ona görə də bəzi sənətşünaslar və xalçaçılar onu "Karavansaray" və ya "İncivan" adlandırırlar.

Bədii analiz

"Dağkəsəmən" xalçalarının kompozisiyası əsas etibarilə, bir halda Təbriz qrupundan "Ləçəkturunc" elementlərini, digər halda isə Qarabağın "Açma-yumma" xalça kompozisiyasını xatırladan elementlərdən ibarətdir. Bu xalçalar əsasən iki üsulla toxunmuşdur:

I üsul

Birinci üsul "Açma-yumma" tipli xalçalarla təmsil olunur. Bu variantlı xalçaların kompozisiyası üçün iri, bir-birinə keçən rombşəkilli göllər xarakterikdir. Bu rombların konturu tonuna görə bir — birindən fərqlənən bir neçə rəngli zolaqdan ibarətdir. Zolaqların kənarları dişlidir, ona görə yaranan daxili sahədə iri bir mərkəzi medalyon və onun yuxarı, aşağı cinahında simmetrik duran bir neçə kvadrat element yerləşir. Bütün bu formalar daxili sahədə sərbəst yerləşərək kompozisiyaya sabitlik və tarazlıq gətirir.

II üsul

Bu üsulla toxunmuş xalçaların quruluşu sadə, fonu eyni rəngli, ara sahəsi naxışsızdır. Mürəkkəb kompozisiyalı xalçalarda isə ara sahə naxışlı olur. Həm sadə, həm də mürəkkəb formalı kompozisiyada yerləşmiş uzunsov formalar və göl quruluş etibarilə daha çox "Balıq" xalçasının elementləri ilə oxşardır. Sadə kompozisiyalı xalçaların küncləri (ara sahənin ön planı) və mürəkkəb kompozisiyalı xalçaların əsas sahəsi xırda simmetrik şəbəkədən ibarətdir.

Texniki xüsusiyyətlər

"Dağkəsəmən xalçaları" müxtəlif keyfiyyətdə, müxtəlif növdə toxunduğundan bu xalçaların ölçüləri, hər kvadrat desimetrdə və eləcə də hər kvadrat metrdə vurulan ilmələrin sıxlığı, həmçinin bu xalçaların xovunun uzunluğu müxtəlif ölçülərdədir.

Xarici keçidlər

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 10–13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.