Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır[1]. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır.
Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir:
- Çimli – torflu dağ-çəmən
- Çimli dağ – çəmən
- Qarımtıl dağ – çəmən.
Çimli – torflu dağ-çəmən yarımtipi
Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsada respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur.
Çimli dağ – çəmən torpaqları yarımtipi
Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır. Baş Qafqaz silsiləsində şimala isə bu torpaqlar vahid zona təşkil edir. Çimli dağ – çəmən torpaqları Talış və Zəngəzur silsilələrinin suayrıcı hissələrində bir növ bozqırlaşma şəraitində inkişaf edir. Kiçik Qafqaz dağlarında çimli dağ – çəmən torpaqları vahid zona yaradır. Azərbaycanın subalp çəmənlərinin bitki örtüyünün ümumi biokütləsi 285–349 s/ha olub, bundan 32–56 s/ha yerüstü 263 – 293 s/ha isə yer altı hissəni təşkil edir.
Qaramtıl dağ – çəmən torpaqları yarımtipi
Bu torpaqlar subalp çəmənləri torpaqlarının aşağı sərhədı ərazinin oroqrafiyası, geomorfoloji və iqlim şəraitindən aslı olaraq böyük intervalda tərəddüd edir. Böyük Qafqaz vilayətində bu sərhəd dəniz səviyyəsində 1800–2000 m yüksəklikdə (meşə çəmən torpaqları ilə təmasda), Kiçik Qafqaz silsiləsinin şərq qurtaracağında (Şamaxı yaylası) meşələrin qırıldığı və iqlimin daha quraq olduğu ərazilərdə qaramtıl dağ- çəmən torpaqlarına dağ – bozqır torpaqları ilə təmas sahələrindədə rast gəlmək olur (Atacay, Gilgilçay, və Pirsaatçay hövzələri arasında) Qaramtıl dağ – çəmən torpaqları müxtəlif genetik horizontların aydın seçildiyi tam inkişaf etmiş profilə malik olması ilə səciyyələnir.
İstinadlar
- Quliyev İ. Ə Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası, Bakı 2014, 240 s.