Dəyişkənlik (biologiya)

Dəyişkənlik- müxtəlif qohumluq dərəcələrində olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə və əlamət müxtəlifliyinin meydana çıxması. Dəyişkənliyin əsas səbəbi orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. Dəyişkənliyin irsi və qeyri-irsi, fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, istiqamətli və istiqamətsiz, adaptiv və qeyri-adaptiv və s. formalarına təsadüf edilir.[1]

Böyük yolkənarı Limax maximus ilbizinin rəng dəyişkənliyi
Böyük yolkənarı Limax maximus ilbizinin rəng dəyişkənliyi

İrsi dəyişkənlik adətən müxtəlif mutasiyaların baş verməsi və çarpazlaşması nəticəsində meydana çıxır. Qeyri-irsi dəyişkənlik dedikdə, fərdin və ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsiri ilə (qida, temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifikasiya dəyişkənliyi adlanan qeyri irsi dəyişkənlik yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs., bataqlıq, bozqır, səhra, meşə və s.) yaşaması onlarda ekoloji dəyişkənliyin meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur.

İrsi və qeyri irsi dəyişkənlik arasında sıx əlaqə vardır. Qeyri-irsi dəyişkənliyin özü xarici mühit amillərinin təsirinə orqanizmin irsi əlamət və xassələrinin dəyişilməsi ilə cavab vermək qabiliyyətidir. Təbiətdə növəmələgəlmə prosesində dəyişkənliyin əhəmiyyəti vardır. Daha məhsuldar bitki sortları və heyvan cinsləri yaratmaq məqsədi ilə dəyişkənlikdən istifadə edilir.

Bioloji dəyişkənlik

Bioloji dəyişkənlik canlı orqanizmin mühüm xassəsidir. O orqanizmlərin ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı yaranır və virus, bakteriya, göbələk, bitki, heyvan və insanın mövcud formalarının adaptiv müxtəlifliyini təmin edir. Bioloji dəyişkənliyin müxtəlif formaları arasında təkamül prosesləri üçün sort, cins və növəmələgəlmə üçün ilkin mexanizm kimi nəsli dəyişkənlik birinci rol oynayır. Onlar sonrakı nəsillərdə də möhkəmlənir.

Genotipik dəyişkənlik, autogen dəyişkənlik

Fərqli genetik dəyişkənliyə sahib olan qozlar
Fərqli genetik dəyişkənliklərə sahib olan qozlar

Genotipik dəyişkənlik genetik əsası olan dəyişkənlikdir. Bu dəyişkənliyə genetik müxtəliflik kimi baxılır və o, hər hansı bir növün populyasiyasını səciyyələndirir.

Korrelyativ dəyişkənlik

Korrelyativ dəyişkənlik Çarlz Darvinə (1859) görə, nisbi dəyişkənlik olub, orqanizmin bir hissəsinin struktur və funksiyasının dəyişməsi çox vaxt digər hissəsinin və ya hissələrinin dəyişməsinə səbəb olur. Məs., heyvanların dəriyununun rəngini dəyişməsi, bataqlıq quşlarının boyunayaqlarının, dimdik və dillərinin uzunluğunun dəyişməsi və s.[2]

Fenotipik dəyişkənlik

Fenotipik dəyişkənlik ayri-ayrı fərdlərin və ya populyasiyaların fenotipik əlamətlərinin dəyişkənliyidir.

Qeyri-müəyyən fərdi dəyişkənlik

Qeyri-müəyyən dəyişkənlik formasını Ç.Darvin (1859) eyni növ, çeşid və cinsli fərdlərdə müxtəlif fərqlərin olması kimi başa düşür; oxşar şəraitdə mövcud olan bir fərd digərindən fərqlənir. Məs., bir qozanın içindəki toxumlardan oxşar olmayan bitkilər inkişaf edir; bir cüt heyvanın nəsilləri eyni şəraitdə böyüməsinə baxmayaraq bir-birinə o qədər də bənzəmir. Darvinin fikrincə, belə dəyişkənlik yalnız ətraf mühitin şəraiti ilə deyil, həm də orqanizmin bütün xüsusiyyətləri və vəziyyəti ilə müəyyən edilir. Orqanizmin bütün xüsusiyyətlərinin qeyri-müəyyən dəyişkənliyi geniş şəkildə yayılmışdır. Fərdi nəsli dəyişkənlik nəticəsində fərdlərin böyük dəyişkənliyi təkamül prosesləri üçün mühüm material hesab olunur.

İstinadlar

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 
  2. Чарльз Дарвин. О происхождении видов путем естественного отбора или сохранении благоприятствуемых пород в борьбе за жизнь. Москва. 1859.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.